Məhərrəm Zülfüqarlı
Azərbaycana ermənilərin köçürülməsi siyasətinin müəllifi
XIX əsrin əvvəllərində baş vermiş I və II Rus–İran müharibələri zamanı Rusiyanın işğalçı siyasətinin həyata keçirilməsində ordu ilə yanaşı, diplomatlar da yaxından iştirak etmişlər ki, bunlardan da biri A.S.Qirboyedov idi. O, «Türkmənçay» müqaviləsinin hazırlanmasında, təsdiqində və həyata keçirilməsində mühüm rol oynamışdı. Tanınmış rus yazıçısı və diplomatı olan bu şəxs Azərbaycan xalqının ikiyə bölünməsində, etmənilərin Azərbaycan ərazisinə köçürülməsində aparıcı rol oynamaqla yerli müsəlman əhalisinin nifrətini qazanaraq, nəticədə öz cinayətkar əməllərinin qurbanı oldu.
Qribayedov 1828-ci ilin avqustunda özünün yol xatirələrində «bədbəxt həmvətənlərinin, yəni ermənilərin yolunda başını qoymağa hazır olduğunu» yazmışdı. Tiflisdəki mənzili erməni bazarında yerləşən, erməni general Mədətovla dostluq edən Qirbayedov ömrünün son iki ilində 30-dan artıq erməni ilə yaxın təmasda olmuş, müsəlman əhaliyə qarşı müxtəlif planlar hazırlamışdı. Bəzi rus diplomatları «Türkmənçay» müqaviləsindən sonra İrandan müharibə xərclərinin alınmasını prioritet məsələ hesab etsələr də, Qirbayedov, onlardan fərqli olaraq, ermənilərin Şimali Azərbaycan torpaqlarında yerləşdirilməsini daha vacib hesab edirdi. Erməniləri İranla həmsərhəd əyalətlərə köçürülməklə Rusiya bu ərazilərdə özünə etibarlı dayaqlar yaratmaq və etibar etmədiyi Azərbaycan əhalisi yaşayan Naxçıvan, İrəvan və Qarabağda etnik vəziyyəti kökündən dəyişmək istəyirdi.
1827-ci ilə qədər Şimali Azərbaycana 80 min rus kazakının köçürülməsi planı var idi. Lakin Qirbayedov Tiflisdə diplomatik şöbəyə rəhbərlik etdiyi dövrdə bu planı rədd edərək, ermənilərin köçürülməsi ideyasını vermiş və bu fikrin rəsmi dairələrdə təsdiqinə nail olmuşdu. Bu proses İrəvanda milliyətcə erməni olan polkovnik Lazarevin rəhbərliyi ilə həyata keçirilirdi. Qısa müddətə 8 min erməni ailəsi (40 min nəfər) Şimali Azərbaycan torpaqlarında yerləşdirildi. Köçürülən ermənilərə Rusiya xəzinəsi və İrandan alınmış müharibə xərcləri hesabına maliyyə yardımı da edilirdi. Ümumiyyətlə, 1828-ci ildən 1913-cü ilə kimi mərhələ-mərhələ Şimali Azərbaycan ərazisinə 1 milyon nəfər erməni köçürülmüşdür.
1828-ci ildə çar qoşunları Təbrizi işğal etdikdən sonra məhz Qriboyedovun təşəbbüsü ilə «Tutulmuş əyalətin (yəni Cənubi Azərbaycanın) idarə edilməsi haqqında əsasnamə» tərtib edilmişdi.
A.S.Qirboyedov təkcə Cənubi Qafqazda və İranda deyil, Yaxın və Orta Şərqdə Rusiyanın mövqelərinin möhkəmlətmək üçün dəridən qabıqdan çıxırdı. Onun tərtib etdiyi «Təlimat layihəsi» də bu məqsədlərə xidmət edirdi. A.S.Qirboyedov Cənubi Qafqazın, o cümlədən Şimali Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətlərini Rusiya müstəmləkiçilərinin malı etmək məqsədilə 1827-ci ildə Tiflisdə Rusiya – Zaqafqaziya kompaniyası yaradılması haqqında təkliflər vermiş və bu işə rusiyanın tanınmış iş adamlarını, sahibkarları cəlb etmişdi. Gələcəkdə tanınmış gürcü və erməni iş adamlarının da bura cəlb olunması nəzərdə tutulmuşdu. Onun bu layihəsində yerli müsəlman iş adamlarının nəzərə alınmaması bu əhaliyə qarşı düşmən mövqeyindən irəli gəlirdi.
Rusiya İranla Türkiyə arasında olan ziddiyyətləri qızışdıraraq, bundan öz mənafeyi üçün istifadə etməyə çalışır, iki müsəlman dövlətini bir-birinə qarşı qoymaqla hər ikisini zəiflətmək və işğalçı niyyətlərini reallaşdırmaq istəyirdi. Bu təcavüzkar siyasətin də həyata keçirilməsinin əsas ideoloqlarında biri A.S.Qirboyedov idi. 1828-ci ilin yazında başlamış Rusiya – Türkiyə müharibəsində çar ordusunun qələbəsini təmin etmək üçün «Türkmənçay» müqaviləsinin şərtlərinin yerinə yetirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Bu zaman Cənubi Azərbaycan ərazisində yerləşdirilmiş 25 minlik rus ordusudan Türkiyəyə qarşı istifadə etmək üçün A.S.Qirboyedov öz fəaliyyətini daha da genişləndirirdi.
Rusiyanın əksinə olaraq, İngiltərə isə İranla Türkiyə arasında ziddiyyətlərin aradan qaldırılmasına çalışır və bu dövlətlərin gücündən Rusiyaya qarşı istifadə etməyi planlaşdırırdı.
Tükmənçay sazişi bağlandıqdan sonra I Nikolayın göstərişi ilə Senat 1828-ci il aprelin 25-də Tehranda «səlahiyyətli nazir», Təbrizdə baş konsulluq açılması barədə qərar verdi. Elə həmin vaxt A.S.Qirboyedovun İrana səlahiyyətli səfir təyin edilməsi çarın və Rusiyanın yüksək diplomatik dairələrinin bu şəxsə necə yüksək etimad göstərdiklərinin sübut edir. O, özündən əvvəl və özündən sonra İranda səfir olmuş bütün rus diplomatlarından yerli əhaliyə düşmən münasibəti və ermənipərəstliyinin qızğınlığı ilə fərqlənmişdi. Lakin rus və sovet tarixşünaslığında, həmçinin müasir rus tarixşünaslığında akademik M.Neçkinanın belə bir yanlış fikri müdafiə olunur ki, guya A.S.Qirboyedov dekabristlərin tərəfdarı olduğu üçün çar onu Peterburqdan uzaqlaşdırmaq üçün bu vəzifəyə təyin etmişdi. Lakin faktlar bu fikirləri təkzib edir. Onun İrana səfir təyin edilməsinin əsas səbəbi çara sədaqətlə qulluq etməsi və işğalçılıq siyasətinin həyata keçirilməsində bir diplomat kimi canfəşanlıq göstərməsi idi.
A.S.Qirboyedova öz ölkəsində müsbət yanaşılması həm bir diplomat kimi çar Rusiyası hüdudlarının genişləndirilməsindəki rolu, həm də yazıçı olması ilə əlaqədardır. İndinin özündə də çox az rus ziyalısı tapılar ki, Rusiyanın tarixən yeritdiyi işğalçı siyasətə mənfi münasibət bəsləsin. Deməli, Qirboyedova Rusiya vətəndaşlarının gözü ilə deyil, işğala məruz qalmış, təcavüz nəticəsində faciələrə düçar olmuş xalqların gözü ilə baxmaq daha düzgün olardı.
Səfir təyin olunan kimi A.S.Qirboyedov səlahiyyətlərindən sui – istifadə etmək, özünü mütləq hakimi kimi aparmağı başlamışdı ki, bu da onun və köməkçilərinin faciəsi ilə nəticələnmişdi. «Səlahiyyətli nazir» təyin olunan kimi o, 40 nəfərlə əvvəl Təbrizə Azərbaycan hakimi Abbas Mirzənin sarayına, daha sonra isə Tehrana yollandı. Onun bilavasitə göstərişləri ilə «böyük elçiliyin əməkdaşları» Türkmənçay müqaviləsinin 13 və 15-ci maddələrinə istinad edərək, xristian əsirləri qurtarmaq, erməniləri yubanmadan Şimali Azərbaycana köçürmək bəhanəsi ilə İran vətəndaşlarının daxili işlərinə qarışır, istədikləri evə girərək vəhşiliklər edirdilər. Qəzvin şəhərində ruslar bir seyidin evinə soxularaq, onun islam dinini qəbul etmiş milliyyətcə alman olan kəbinli arvadını zorla özləri ilə aparmaq istəmişlər. Qadının kəskin etirazından və əhalinin qəzəbindən çəkinərək sonradan onu öz evinə buraxmağa məcbur olmuşlar.
A.S.Qirboyedov ermənipərəst siyasət yeritməklə Azərbaycan əhalisinə həm maddi, həm də mənəvi zərbələr vurmuşdu. Orta Şərqdə çox zəngin kitabxana sayılan, Şah İsmayılın oğlu Şah Təhmasibin və xüsusilə nəvəsi Şah Abbasın qayğısı ilə qədim dövrün bütün qiymətli əlyazmalarının toplandığı Ərdəbil Darülirşad («Haqq evi»), Şeyx Səfiəddin kitabxanası Qribayedovun başçılığı ilə qarət edilərək, üzünü çıxarmaq bəhanəsi ilə Rusiyaya göndərilmişdi. Burada toplanmış əlyazmaların bir hissəsi parqament üzərində, digərləri kağız üzərində miniatür boya sənətinin inciləri olan şəkillərlə bəzənmiş nadir sənət əsərləri idi. Tiflisdə Abbasqulu Ağa Bakıxanov çox böyük dəyəri olan 166 əlyazmanın ilk kataloqunu hazırladıqdan sonra bu sənət inciləri Peterburqa göndərilmiş və indi də orada saxlanılmaqdadır. Bundan başqa qənimət kimi Peterburqa göndərilən əşyalar içərisində Abbas Mirzənin taxtı, iranlı ustaların əli ilə tökülmüş 7 top və Abbas Mirzənin döyüş şücaətlərini təsvir edən iki rəngkarlıq əsəri də var idi.
1829-cu il yanvarın 12-də Tehrana yetişən A.S.Qirboyedov və köməkçiləri burada da özlərini ləyaqətsiz aparmış, diplomatik normaları kobud surətdə pozmuşlar. Onlar kazaklarla birlikdə sərxoş vəziyyətdə bazar və küçələrdə hay-küyü salır, «xristian əsiri» axtarmaq bəhanəsi ilə evlərə soxulurdular. Bundan başqa Qirbayedovun şaha qarşı saymazyana, dikbaş davranması, şah hərəmxanasının başçısı erməni Mirzə Yaqubu (Markaryanı) öz himayəsinə götürməsi, baş vəzir Allahyar xanın evindən iki erməni qadınını sorğu aparmaq adı ilə səfirliyə gətirərək hətta şahın da xahişini rədd edərək geri qaytarmaması və digər hərəkətlər şəhər əhalisinin hiddətinə səbəb olmuşdur.
Tehranın ruhani başçısının çağrışı ilə yüz mindən artıq əhali Qirbayodov və onun dəstəsinin gizləndiyi səfirlik binası qarşısına toplaşdı. Qibayedovun əmri ilə gözətçilər dinc əhaliyə atəş açdı və bunun nəticəsində çoxlu sayda insan yaralandı. Rusların atəşi ilə 14 yaşlı bir uşağın ölümü isə əhalinin səbr kasasını daşdırdı. Onlar binaya daxil olaraq Qribayedovu və 53 nəfər səfarətxan sakinin (onların 15 nəfəri erməni idi) öldürdülər. Qirbayedovun və digər iki rusun cəsədi üç gün paytaxt küçələrində atlara bağlyayaraq sürüdüldü və yalnız dördüncü günü bir neçə erməni şəhərin kənarına tullanmış cəsədləri xəlvətcə dəfn etdilər.
Beləliklə, Rusiyaın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda təcavüzkar siyasətin ideolqu olan A.S.Qirboyedov öz cinayətkar əməllərinin qurbanı oldu. Azərbaycan xalqına qarşı cinayətlər etmiş şəxslər gec-tez öz layiq olduqları cəzalarını alırlar. XIX əsrin əvvəllərində Qribayedovun, XX əsrin axırlarında Polyaniçkonun, Strovoytova və başqalarının faciəsi çoxları üçün ibrət dərsi olmalıdır.