Məryəm Oruclu
Ermənistan – Azərbaycan münaqişəsi və
böyük dövlətlərin maraqları
ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ problemi ilə əlaqədar vasitəçilik missiyası və apardığı danışıqlar prosesi uzandıqca həm onun fəaliyyətinin səmərəsinə, həm də problemin həllinə müxtəlif səviyyələrdə bəslənilən ümidlər də getdikcə azalır. Qeyd edək ki, konkret situasiyalarda ATƏT-in Minsk Qrupunun həmsədrlik edən dövlətlər üçün Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar aparılması aktuallaşır. Onların fəallağı cəmiyyətdə Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar ciddi addımlar atılacağı barədə fikir formalaşdırır və xalq innanmağa başlayır ki, bu münaqişənin sülh yolu ilə həll edilməsinin mümkünlüyünə xalqda inam oyadır.
Digər situasiyada isə problemin həllinin həmsədr dövlətləri üçün o qədər aktual olmadığı fikri formalaşır və proseslə bağlı süstlük hökm sürür. Bu daha çox Azərbaycan cəmiyyətini narahat edir və münaqişənin həllinin yalnız müharibə yolu ilə mümkünlüyünü diqqət mərkəzinə çəkir. Bu amil cəmiyyətdə müharibə ovqatının güclənməsinə ciddi şəkildə təsir edir.
Vaxtaşırı olaraq bu iki halın bir-birini əvəz etməsi prosesi davam edir və problemin həlli ilə əlaqədar sonuc görünməz olur.
Müşahidələr göstərir ki, 2001-ci ilədək Azərbaycan cəmiyyətinin böyük bir hissəsi münaqişənin sülh yolu ilə həlli prosesinə müəyyən dərəcədə inam və ümidlə yanaşırdı. Lakin 2001-ci ilin ortalarında Azərbaycanın rəsmi dairələri ermərilərin hər hansı güzəştə hazır olmadıgını bəyan edən zaman Qarabağla bağlı aparılan danışıqlar mövzusu yenidən aktuallıq qazandı. Belə ki, ATƏT-in Minsk qurupunun Ermənistan – Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair irəli sürdüyü 3 təklif lahiyəsi ilk dəfə olaraq kütləvi informasiya vasitələrində dərc edildi və lahiyələrin geniş ictimayyətin, siyasi partiyaların və mütəxəssislərin müzakirəsinə verildiyi elan edildi.
Digər tərəfdən Qarabağa dair Azərbaycan Milli Məclisində aparılan müzakirələr də Ermənistandan həqiqətən nə isə gözləməyin çətin olduğunu bir daha cəmiyyətə aşıladı. Eyni zamanda o da etiraf olundu ki, beynəlxalq birliklər, fövqəldövlətlər işğalçıya təzyiq etmək fikrində deyillər. 2001-ci ilin əvvəllərində Ermənistanın hakimiyyətdə və müxalifətdə olan siyasi qüvvələri Ermənistan – Azərbaycan münaqişəsinin «həlli» üzrə birgə hazırladıqları prinsipləri bəyan etdilər. Həmin sənədə ultimativ şəkildə aşağıdakılar tələb edilirdi:
1) Dağlıq Qarabağın Azərbaycana heç bir şaquli tabeçiliyi olmasın;
2) Dağlıq Qarabağ anklav şəklində qalmasın;
3) Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın təhlükəsizliyinə təminat yaratsın.
Əlbəttə, bu şərtlər Azərbaycanın milli və dövlət maraqlarına zidd olduğuna görə onun tərəfindən qəbul edilə bilməzdi. Təbii olaraq münaqişəsinin həlli üzrə Azərbaycan cəmiyyətində hamının rəsmən təsdiq etdiyi ümumi və yekdil rəyin ortaya qoyulmasına ehtiyacı yarandı. «Ermənistan – Azərbaycan münaqişəsinin həlli üzrə ümummilli Xartiya» da bu zərurətdən meydana çıxdı.
Xartiya münaqişənin həlli üçün ümumilli səciyyə daşıyan aşağıdakı prinsipləri əsas tutur:
1. Azərbaycan Respublikasının işğal altındakı bütün əraziləri azad edilməli, dövlətin ərazi bütövlüyü bərpa olunmalıdır.
2. Məcburi köçkünlər öz daimi yaşayış yerlərinə (Şuşa, Xocalı və Dağlıq Qarabağdakı digər məntəqələr də daxil olmaqla) qaytarılmalı və onların təhlükəsizliyinə təminat yaradılmalıdır.
3. Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinə özünüidarə hüququ verilə bilər, lakin Azərbaycan Respublikasının dövlət suverenliyini təmin edən səlahiyyətlər ali dövlət hakimiyyət orqanlarının icraatında saxlanılmalıdır. Problemin sülh danışıqları yolu ilə həlli mümkün olmadığı təqdirdə Azərbaycan Respublikasının Konstitusiyasına, BMT-nin Nizamnaməsinə və onun Təhlükəsizlik Şurasının müvafiq qərarlarna uyğun olaraq, güc tətbiq etməklə təcavüzkar Azərbaycan ərazisindən çıxarılmalıdır.
Bu göstərirdi ki, cəmiyyətdə artıq Qarabağ məsələsi ilə əlaqədar yekdil rəy formalaşmağa başlayıb və məsələnin həlli üçün güc tətbiq edilməsi heç də istisna olunmur. Əlbəttə cəmiyyətdə müharibə ovqatının vaxtaşırı güclənməsi regionda öz nüfuzunun zəiflətməsi üçün rəqabət aparan fövqəldövlətlərin narahatlığına səbəb olur. Bu vəziyyət xüsusilə ABŞ və Rusiya arasındakı rəqabəti tamamilə yeni müstəviyə keçirir.
Ümumiyyətlə, 11 sentyabr hadisələrindən sonra ABŞ hərbi qüvvələrini dünyanın müxtəlif ölkələrinə, o cümlədən postsovet məkanına yaymaqdadır. Rusiyanın sərt ehtirazına baxmayaraq, Amerika Yuqoslaviya, Əfqanıstan, İraq məsələlərində müəyyən etdiyi kursu həyata keçirdi və postsovet məkanında (Ukrayna, Gürcüstan və s.) demokratik qüvvələrə ciddi dəstək verməkdə davam edir. Belə vəziyyətdə Rusiya hesab edir ki, itirilmiş mövqelerini xüsusilə Qafqazda qaytarmaq onun üçün vacibdir. Tarixən Qafqazda möhkəmlənmək üçün ermənilər Rusiyanın əlində alət olub. Rusiya kənardan təsir vasitələri ilə Dağlıq Qarabağla bağlı prosesləri Ermənistan vasitəsilə idarə edir. Digər tərəfdən, Rusiyanın Ermənistanla hərbi müqaviləsi var və əgər hərbi əməliyyatlar başlayarsa, Rusiya təbii olaraq öz müttəfiqinin tərəfində olacaq. Müşahidələr göstərir ki, Qafqaz regio-nunda qarışıqlıq və qeyri-sabitliyin yaranmasında ən maraqlı dövlət Rusiyadır. Çünki belə olan təqdirdə Rusiya həm neftin qiymətinin yüksək həddə çatmasından, silah alverindən yararlanacaq, həm də Bakı-Ceyhan neft kəmərinin reallaşmaması ehtimalı artacaq. Ona görə də Rusiya Dağlıq Qarabağ probleminin həllində də bir o qədər maraqlı ola bilməz. Rusiya yalnız vəziyyətdən istifadə edib iqtisadi maraqlarını təmin etməyə çalışır. Bütün bu hadisələr fonunda cəmiyyətdə getdikcə daha çox belə bir fikir formalaşır ki, Rusiya, ümumiyyətlə, Dağlıq Qarabağ məsələsinin həllinin əleyhinədir. Çünki Ermənistan–Azərbaycan münaqişəsi ilə əlaqədar hər hansı həll modelinin reallaşması Ermənistan və Azərbaycanın Rusiyanın əlindən çıxması demək olardı. İndiyə qədər münaqişənin həlli üçün üç həll planı hazırlanıb. Rusiyanın fəal iştirakı ilə hazırlanan bu həll variantları elə hazırlanıb ki, tərəflər bunu qəbul etməsinlər və problem həll olunmamış qalsın. Münaqişənin sülh yolu ilə həlli barədə həqiqət ondan ibarətdir ki, aparıcı dövlətlər konfiliktin həllinə obyektiv və konstruktiv yanaşsalar, problemi qısa zamanda çözmək və nizamlamaq mümkündür. Hətta təkcə ABŞ-nın obyektiv mövqeyi kifayətdir ki, münaqişəni ədalətli şəkildə nizamlamaq mümkün olsun. Bunun üçün isə ABŞ təcavüzkar Ermənistanı təcavüzkar kimi tanıtması yetərlidir.
Hazırda Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar aparılan sülh danışıqları yolunda əsas maneə olaraq Rusiya başa düşülür. Hesab edilir ki, Rusiya bu məsələdə vasitəçi olduqca problem çözülməmiş qalacaq. Lakin Rusiyanın çöküş prosesinin dərinləşməsi problemin həlli istiqamətində müsbət addımlar atılmasına kömək edə bilər.