Rəna Baxışova
XIX əsrin sonlarında Azərbaycanın Qarabağ bölgəsində
maarifin inkişaf istiqamətləri
XIX yüzilliyin sonlarında kapitalizmin inkişafı nəticəsində müxtəlif sahələrdə baş verən dəyişikliklər Azərbaycanın mədəniyyətinə də ciddi təsir göstərmiş və xalqın mədəni inkişaf sferasına istiqamətlənməsinə şərait yaranmışdı. Bu dövrdə çarizmin riyakar siyasətinə baxmayaraq, rus mədəniyyətinin nümayəndələrinin təsiri nəticəsində Azərbaycanda maarifçilik inkişaf edirdi. Maarifçiliyin inkişafı nəticəsində dini təhsil sistemindən dünyəvi təhsil sisteminə keçid gücləndi.
XIX əsrdə Azərbaycanda yeni tipli məktəblər meydana gəldi və inkişaf yoluna qədəm qoydu. Məktəblərin təsiri və maarifin inkişafına cəhd baxımından Azərbaycanın Qarabağ bölgəsi, nəinki Azərbaycanda, eləcə də, Cənubi Qafqazda, demək olar ki, ən ilkin yeri tuturdu. Bu ənənə XIX əsrin sonlarında daha da güclənmişdi.
Yeni tipli məktəblərdən başqa, bölgədə hələ də dini məktəb və mədrəsələr qalmaqda idi. Orada fars dili, şəriət, Azərbaycan dili tədris olunurdu. Lakin Azərbaycanın Rusiyaya zorakı birləşdirilməsindən meydana gələn rus dilinə ehtiyac amili valideynlərin öz uşaqlarını dövlət məktəblərində oxutmağa can atması ilə nəticələnirdi. 1861-ci il fevralın 19-da Rusiyada təhkimçilik hüququnun ləğvindən sonra baş verən dəyişikliklər maarif və məktəb sahəsində də özünü göstərdi.
Rusiyada 60-cı illər islahatları nəticəsində şəhər məktəbləri meydana gəldi. Məktəblərin 1872-ci il Nizamnaməsinə görə həm dövlət hesabına, həm icmalar, həm də xüsusi şəxslər tərəfindən açılan şəhər məktəbləri, professor Hüseyn Əhmədovun tədqiqatlarına görə, qəza məktəblərinin əsasında yaranmışdır. Yuxarıda qeyd olunan fikri təsdiqləyək ki, şəhər məktəbi, nəinki Azərbaycanda, hətta bütün Zaqafqaziyada, ilk olaraq, 1874-cü ildə Şuşada təsis edilmişdir. Belə ki, 1830-cu ildə əsası qoyulan Şuşa qəza məktəbi əvvəlcə üçsinifli, 1878-ci ildən isə dördsinifli şəhər məktəbinə çevrildi.
Üçsinifli şəhər məktəbində təhsil müddəti hər sinifdə 2 il idi. 1878/79-cu tədris ilindən (dörd sinifli olduqdan) sonra isə 3 və 4-cü siniflərdə bu müddət bir il oldu. Məzmununa görə qəza məktəblərini xeyli geridə qoymuş Şuşa şəhər məktəbində şəriət, oxu, yazı, rus dili, hesab, təcrübi həndəsə, coğrafiya, tarix, fizika, rəsm, rəsmxətt, nəğmə, gimnastika və s. tədris edilirdi. Şuşa qəza məktəbində, əsasən, ana dili, rus dili və fransız dilinin tədrisi üstünlük təşkil edirdi. Şuşa sakinləri məktəblərdə ana dilinin öyrənil-məsinə xüsusi diqqət yetirirdi. Bu baxımdan, Şuşa məktəbinin müəllimləri Mirzə Həsən və Aslan bəy Əmirovlar ana dilinin müvəffəqiyyətli təlimi sahəsində çox məşhur idilər. Fransız dili bölgə tacirlərinin Fransa ilə ticarət əlaqələri yaratması üçün zəruri amil idi və əhalinin əlavə vəsaiti hesabına tədris olunurdu.
Şəhər məktəbində təhsil pullu idi. Şuşada şəhər məktəbi açılarkən hər şagirddən alınan illik təhsil haqqı 5 manat idisə, bu məbləğ 1876-cı ildə 8, 1878-ci ildə isə 12 manat olmuşdu. Pedaqoci şuranın qərarı ilə kasıbların təhsil haqqından azad edilməsinə baxmayaraq, şagirdlərin böyük əksəriyyətindən təhsil haqqı alınırdı. Lakin buna baxmayaraq, şəhər məktəbində şagirdlərin sayı ilbəil artırdı. Təsis edildiyi ilk illərdə Şuşa şəhər məktəbində 375 nəfər şagird təhsil alırdı. Bu, Rusiyada dövrünün ən çox şagird kontingenti olan məktəbi idi.
Şuşa şəhər məktəbində 1875-ci il mayın 6-da kasıb zadəganların və digər varlı təbəqələrin təhsil aldıqları konvinkt təşkil edildi. Onlar dövlət hesabına pansionda yaşayıb təhsil alırdılar.
Şəhər məktəblərinin nəzdində kitabxanalar təşkil edilirdi. Şagird kitabxanasının zənginliyi ilə fərqlənən Şuşa məktəbi tədris vəsaiti və fənn kabinetləri ilə çox yaxşı təchiz olunmuşdu.
1880-ci ildə Şuşa şəhər məktəbinin nəzdində xüsusi musiqi sinifləri açıldı. Bu siniflərin Şuşada professional musiqi hazırlığı olan musiqiçilər nəsli yetişməsində rolu əhəmiyyətli və danılmazdır.
Elə həmin il məktəbin tədris planında ipəkçilik peşəsi də yer aldı.
Həm təhsilin, həm də peşə öyrədilməsinin köməyi ilə öz həyat səviyyəsini və siyasi dünya görüşlərini artıranlara qibtə ilə yanaşan tacir və sənətkarların da arzularını təmin etməkdən ötrü Şuşa şəhər məktəbinin nəzdində bazar günü məktəbləri təşkil edildi.
Daim birinciliyinə görə diqqət mərkəzində duran Şuşa şəhər məktəbi əsrin sonlarına doğru mövqeyini itirməyə başladı. Təhsilin keyfiyyəti şəhər ictimaiyyətini razı salmadığından onların təkidi ilə 1881-ci il sentyabrın 20-də Şuşada 6-sinifli realnı məktəbin əsası qoyuldu.
XIX əsrin 80-cı illərində kəndli uşaqlarında təhsil meylinin güclənməsi Şuşa şəhər məktəbi nəzdində kənd məktəblərinin yaradılmasına gətirib çıxartdı. Təşkil edilmiş kənd məktəblərində təlim pedaqoci kursların məzunları və ZMS-in Azərbaycan şöbəsinin məzunları tərəfindən həyata keçirilməyə başladı. Qarabağda ilk kənd məktəbi Cəbrayıl qəzasının Cəbrayıl kəndində 1876-cı ildə açılmışdı. 1882-ci ildə Zəngəzur qəzasının Qarakilsə, Arsevan və Qubadlı /12.IX/ kəndlərində də kənd məktəbləri fəaliyyətə başladı.
1883-ci ildən başlayaraq, bölgədə kənd məktəblərinin genişlənməsi müşahidə olunurdu. Bu, Qori Müəllimlər Seminariyasının məzunlarının artması ilə əlaqədar idi. 1883-cü ildə Şuşa qəzasının Ağdam /12.IX/, Lənbəran /18.IX/, Ağcabədi, Cəbrayıl qəzasının Qarğabazar /17.X/; Cavanşir qəzasının Alpout /25.X/, Bərdə /25.X/, Kasapet /26.X/; 1884-cü ildə Şuşa qəzasının Hindarx; 1885-ci ildə Cəbrayıl qəzasının Hadrud, Şuşa qəzasının Tuğ və Gulablı, Cavanşir qəzasının Sarov; 1890-cı ildə Zəngəzur qəzasının Minkənd; 1891-ci ildə Cavanşir qəzasının Vəng /15.XII/; 1897-ci ildə isə Şuşa qəzasının Xankəndi və Tağ, Cəbrayıl qəzasının Qarabulaq, Zəngəzur qəzasının Dığ kəndlərində kəndli uşaqlarının təhsil alması üçün kənd məktəbləri fəaliyyətə başlamışdı. Ağdam məktəbi 10, Ləmbəran 20, Qarğabazar 12, Alpout 6, Bərdə 4, Kasapet 17 şagirdlə ilk tədrisilinə başlamışdı.
Qarabağ kənd məktəblərinin təminatına gəldikdə isə deyə bilərik ki, Qubadlı məktəbinə Sadıq bəy Məlik Aslanov və müəllim Həşimbəy Nərimanbəyov, Tuğ və Qubadlı məktəblərinə Mehdi bəy Məlik Aslanov, Ləmbəran kənd məktəbinə isə Şükür Ləmbəranski tədris vəsaiti və maddi vəsaitlə kömək edirdilər.
Əsrin sonlarına doğru Şuşada rus-Azərbaycan məktəbləri geniş yayılmağa başladı. ZMS-nı bitirən Şuşa şəhər məktəbinin məzunu C.Fətəlibəyovun təşəbbüsü ilə 1893-cü ildə Şuşada açılan III dərəcəli rus-Azərbaycan məktəbinə ilk dəfə 25 şagird qəbul olundu. Bunlardan biri gələcək maarifçi və pedaqoq F.Ağazadə idi. 1896-cı ildə isə şagirdlərin sayı 70-ə çatdı. Rəsmi mənbələrə görə, ibtidai məktəb müəllimi hüququnda olan Muxtar Məmmədov bu tipli məktəb açmağa cəhd etmiş və ona 1893-cü ildə Şuşada rus-Azərbaycan məktəbi açmağa icazə verildi. İrəvan müəllimlər seminariyasını bitirən Hüseynəlibəy Rüstəmbəyov da 1895-ci il sentyabrın 19-da Şuşada III dərəcəli xüsusi məktəb açmışdı, lakin məktəb cəmi bir ilə fəaliyyət göstərdi. İki sinifdən ibarət olan bu tipli məktəblərdə təhsil alan şagirdlər iki il ərzində, mükəmməl olaraq, Azərbaycan və rus dillərinə yiyələnirdilər. Şagirdlərin tərkibi, əsasən, kasıb və orta təbəqənin nümayəndələrinin övladlarından ibarət idi.
XIX əsrin sonlarına doğru Şuşada genişlənən rus-Azərbaycan məktəblərindən ruhlanan Şuşa ziyalıları bu tip yeni məktəblər açmağa cəhd edirdilər. Demək olar ki, birincilik estafetini hər zaman əlində saxlayan Şuşa şəhər ictimaiyyəti bu dəfə də Azərbaycanda ilk olaraq məscidin nəzdində rus-Azərbaycan məktəbi açmaq ideyasını irəli sürdülər ki, bu da əhali tərəfindən rəğbətlə qarşılandı. Bu tədbirlərin nəticəsi olaraq Həşim bəy Vəzirovun müdirliyi ilə 1896-cı il oktyabrın 6-da Şuşada iki sinifli rus-Azərbaycan məktəbi açıldı və məktəbə ilk dəfə 210 şagird qəbul edildi.
Məktəbdə təhsil almaq istəyənlərin çoxluğunu nəzərə alaraq təhsil haqqı hər şagirdə ildə 10 manat müəyyən edilmişdi, lakin şagirdlərin yalnız 20%-i təhsil haqqından azad edilirdi.
Dördnəfərlik heyətdən – müdir – H.Vəzirov, fənn müəllimləri – Rasim bəy Tahirov və Mirzə Baxış Yusifzadə, şəriət müəllimi – Molla Mehdi Sarıcalinskidən ibarət Şuşa rus-Azərbaycan məktəbinin tədris planına Azərbaycan dili, rus dili hesab və yeni təlim üsulu ilə tədris edilən ana dili fənnləri daxil idi. 1898-ci ildə şəhər müsəlman cəmiyyətinin xahişi ilə məktəbin müəllimlərinə dövlət qulluqçusu hüququ və çarın tacqoyması münasibətilə məktəbə «Şuşa Nikolayevsk rus-tatar məktəbi» adı verildi.
XIX əsrin 70-ci illərində qız məktəbi açmaq cəhdi genişləndi. Bu cəhd Şuşada daha çox hiss edilirdi. O vaxta qədər qızlar təhsili yalnız ruhani məktəbində və valideyinlərindən alırdılar. Qadın təhsilinə xüsusi əhəmiyyət verilən Şuşada 1875-ci il oktyabrın 26-da xeyriyyə cəmiyyəti vasitəsilə xüsusi qız məktəbinin əsası qoyuldu. Amanevlərin iki mərtəbəli evində yerləşən məktəbin tədris planına təcrübə əhəmiyyəti olan fənnlər, o cümlədən, rus dili, ana dilində oxu və yazı, hesab, hüsnxət, rəsm və rəsmxət, ümumi coğrafiya, tarix, musiqi və s. daxil idi. 1894-cü ildən məktəb dördsinifli Marinski qız məktəbinə çevrildi.
Əsrin son ilində (1900-cü ildə) bu məktəbin nəzdində yaşlılar üçün təşkil edilən axşam kurslarında şəhər sakinləri hər iki dildə təhsilə yiyələnməyə səy göstərirdilər.
Göründüyü kimi, 60-cı illər islahatlarından sonra məktəblər nizamnamələrlə idarə olunur, maarif sistemi əvvəllər olduğu kimi, yerli şəraitə deyil, Rusiya imperiyasındakı sistemə uyğunlaşdırılırdı.