Təvəkkül Əliyev
Qarabağ Azərbaycanın qədim sivilizasiya mərkəzi kimi
PROLOQ ƏVƏZİ. Gözəl çağlar idi… Çürümüş beyinlərdən yaranan qurdlar hərəkətsizdi. Qara buludlar ulu Qarabağ dağlarının şiş zirvələrinə toxunmaqdan ehtiyat edib uzaq qaçırdı. Yaşıl yamaclar, şəffaf sulu bulaqlar, ahəstə axan çaylar göz oxşayır, mavi göylərə dikilən gümüş qayalar günəşin gur şəfəqlərindən bərq bururdu. El adətincə dağa qalxan, doğma yollara öyrəncəli sürülər, Laçın, Kəlbəcər yaylaqlarına gözüyumulu gedirdi.
İl yaman quraqlıq keçdi… Dağların yaşıl örtüyü saraldı, soldu, gül-çiçəklər torpağa qısındı, tikanlı kol-kossa artdı, çoxaldı. Yollar keçilməz oldu, yağış yağmadı, qar düşmədi, köhnə qarınsa barmaq boyda qurdları ayaq açdı, yala-yamaca yayıldı. Qara buludların qovhaqovu başlandı. Qurumuş bulaqların gözündən irinçirik qaynadı, çaylara axdı, çaylar bulandı. Eşq-məhəbbət, sevgi-səadət mahnıları ah-zar burulğanında eşidilməz oldu.
1989-cu il. On gündür payız girib. Ağır-ağır gəlib, onsuz da yarpaqlar çoxdan tökülüb. Bu gün Qubadlıdan Laçına gedib qayıtmışam. Qubadlı-Laçın yolu mən tanıyan yol deyildi. Bütün yol boyunca getdiyim maşının sürəti piyada yerişindən artıq olmadı: maşınlar saysız-hesabsız vaqonları olan qatar kimi uzanırdı. El dağdan arana qayıdırdı, sürülər bir-birinin ardınca gedir, sanki güclü yağışdan sonra suyu bulanıb sarıya çalan Həkərinin yanınca başqa bir Həkəri də qıvrıla-qıvrıla axırdı. Ensiz, qurtarmaq bilməyən yollar darısqallıq edirdi naşı sürülərə. Sürüyə tanış deyildi bu Həkəri boyu yollar. Mildəki qışlaq yataqlarına çatmaq üçün 50-60 km əvəzinə 180-200 km yol qət etməli idi bu dilsiz-ağılsızlar, ağlını itirmişlərin ucbatından. Çoban atının yəhərindən yenicə doğulmuş bir quzu əllərindən asılmışdı, yellənirdi. Görəsən hələ neçə gün bu nabələd yollarda yellənəcəkdi o körpə quzu?!
Qubadlı-Laçın yolu necə tab gətirir bu axına, bu döyəcə? Adamlar da, maşınlar da, sürülər də azıb yolu. Axın Ələm ağacının - Qarabağ dağlarının başına dolanırdı. Bunları seyr etdikcə fikrimdə Qarabağın uzaq keçmişinə, ulu başlanğıca, müqəddəs kökə gedib çıxdım. Milyon yaşlı qibləgahım Tuğ çökəyinin, Quruçay vadisinin yaraşığı Azıx mağarasına üz tutdum.
Azıx dünyaya açılan pəncərəmdi. İlk dəfə burada ocaq qalamış, göylərə can atan alov dilimlərinin sehrini, qüdrətini görmüş, günəş hərarətinin oxşarını duymuşam. Bu od, bu ocaq sönməsin deyə əsrlərlə onun keşiyini çəkmişəm. Məni əhatə edən aləmin sonsuz möcüzələri qarşısında çox aciz qalmışam. Mənasını bilmədiyim, səbəbini dərk etmədiyim hadisələrlə üz-üzə dayanmışam. Yerə işıq saçarlar, bulud, yağış, qar, aşıb-daşan çaylar, od-ocaq, gah boz, gah yaşıl, gah da sarı don geyinən, hərdən qorxunc uğultu ilə ayaqlarım altından qaçan torpaq… Hər biri bir inam, bir etiqad dayağım olub. Azığımın divarlarını oyub xüsusi taxçalar düzəltmişəm. Bu taxçalara düzdüyüm ayı kəllələrinə - totemlərə inanmışam. Rəqəm, say haqqında ilk təsəvvürümü həmin kəllə sümükləri üzərində çəkdiyim çərtiklərlə bildirmişəm. Daşları yan-yana düzüb bir nəfərin, bir ailənin, bir kəndin - azəri yurdunun ilk sığınacağını, ilk evini qurmuşam. Quruçaydan yığdığım daşları parçalamaqla düzəltdiyim alətlər kobud da olsa karıma gəlib. Bir gün Azıxdan çıxıb ətrafa boylandım, nabələd, lakin beşik qoxulu səmtlərə yönəldim. Dörd bir yanı gəzdikcə gördüm ki, dünya təkcə dağdan, dərədən ibarət deyilmiş, ucu-bucağı bilinməyən düzənlər də varmış: mənim beşiyim Qarabağsa üzük qaşıymış.
İllər keçdi, əsirlər ötdü. Doğma yurda, torpağa təpinən qanbirlərim çoxaldı, artdı. Beşiyimin dörd bir yanında ocaq qalandı. Quruçay, Köndələnçay vadilərindən yüksələn hay-haray sədaları aləmə yayıldı. Azıxda, Tağlarda yaşayanların nəsilləri yeni-yeni məskənlər saldılar: Torağaytəpə, Qaraköpəktəpə, Leylatəpə, Günəştəpə, Xantəpə, Zərgərtəpə, Kültəpə, Üzərliktəpə, Govurqala…
TARİXİMİZİ YAŞADAN ABİDƏLƏR. Füzuli şəhərinin girəcəyində, Köndələnçayın sağ sahilində yerləşən Qaraköpəktəpə Qarabağın ən möhtəşəm abidələrindəndir. Professor Qüdrət İsmayılovun on beş ilə yaxın apardığı arxeolci qazıntılar bu qədim məskən haqqında bitkin məlumat vermişdir.
Qaraköpəktəpə 10 minillik uzun bir dövrü əhatə edən yaşayış yerinin qalığıdır. O öz mədəni təbəqələrinin müxtəlifliyinə və qalınlığına görə ölkəmizdə ən nadir maddi-mədəniyyət abidələrindən biridir. Əsrlərin tufanı neçə-neçə dövləti, şəhəri, yurdu tarix səhnəsindən silib atmışdır, Qaraköpəktəpədə isə həyat öz axarını itirməmişdir. O, Şərq ölkələrinə gedən yol ayrıcında yerləşdiyindən minilliklər boyu mühüm ictimai-siyasi hadisələrin şahidi olmuşdur. Qazıntılar zamanı buradan əldə olunmuş əmək aləti və silahlar, təsərrüfat və məişət qabları, geyim və bəzək əşyaları, tikinti və memarlıq elementləri tarixi keçmişimizin qaranlıq səhifələrini vərəqləməyə, istehsal təsərrüfatının yaranmasını, oturaq həyata keçilməsini, əkinçi-maldar təsərrüfatın formalaşmasını, ilk metalın – misin, daha sonra isə tuncun kəşfi və istehsal olunmasını, Şərq ölkələrii ilə mədəni-iqtisadi əlaqələri, yeni ictimai münasibətlərin və dini baxışların təşəkkülünü izləməyə imkan verir. Eramızdan öncə II minilliyin əvvəllərində Qaraköpəktəpə yaşayış yerinin ətrafına iri qaya parçalarından 3 metr enində nəhəng divar çəkilmişdir ki, bu da onu alınmaz qalaya çevirmişdi. Maraqlıdır ki, Qarabağda başqa bir yaşayış yerinin – Üzərliktəpənin də sədd vasitəsilə möhkəmləndirilməsi həmin dövrə təsadüf edir.
Qaraköpəktəpədə üç qanad mis ox ucluqlarına tez-tez rast gəlinməsi göstərir ki, e.ə. VII əsrdə Ön Asiyanın siyasi həyatında mühüm rol oynamış skif tayfaları Şərq yürüşləri zamanı bu təpə sakinlərini də dinc buraxmamışlar. Skif hücumlarından sonra bir müddət - e.ə. IV əsrin ortalarınadək Qaraköpəktəpədə əmin-amanlıq olmuşdur. Bu dinclik həmin yüzilliyin II yarısında gözlənilmədən pozulmuş, yaşayış məskəni dəhşətli yanğından dağılıb bütünlüklə kül və kömür qatının altında qalmışdır. Antik müəlliflərin qeydlərini arxeoloi materiallarla müqayisə edən Q. İsmayılovun ehtimalına görə, o vaxt Qaraköpəktəpə yunan-makedon əskərləri tərəfindən talan olunaraq yandırılmışdır.
III-VI əsrlərdə Qaraköpəktəpə sasani şahlarının strateci məntəqəsinə, Elədəgizlər zamanında iqtsadi və mədəni mərkəzə, xeyli əhali yaşayan böyük bir feodal qəsrinə çevrilmişdi. Monqol yürüşlərinin ağır zərbəsinə məruz qalan bu yaşayış yeri bir müddət tənəzzül dövrü keçirdikdən sonra Hülakülər dövründə yenidən dirçəlmişdi. Teymurilər, Qaraqoyunlu və Ağqoyunlu hökmdarları dövründə də Qaraköpəktəpədə gur həyat davam etmişdi.
Qarabağın qəbir abidələri arasında Xocalının qədim qəbiristanlığı xüsusi yer tutur. Bu abidənin elm aləmində tanınmasında alman alimi, pedaqoq və arxeoloqu, 1891-1899-cu illərdə Şuşa realnı məktəbində müəllimlik etmiş Emil Reslerin xidmətləri təqdirəlayiqdir. Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid bir çox abidələrin (Xocalı, Ballıqaya, Balçılı, Quşçu və s.) tədqiqi onun adı ilə bağlıdır. E.Resler 1893-1894-cü illərdə Xaçınçay dərəsində nəhəng bir kurqan açmış, 1 saylı bu kurqanın altındakı daş qutu qəbirdə 4 skelet olduğunu aşkarlamışdı. Onlardan biri başı şərqə tərəf olmaqla uzadılmış, üçü isə oturulmuş vəziyyətdə idi. Qəbir avadanlığı zəngindir: tunc qılınc, ox ucluqları, xəncər, təbərzin balta, dəbilqə, müxtəlif biçimli qablar.
Az sonra – 1895-ci ildə E.Resler qədim Xocalı qəbiristanlığında tədqiqat aparmışdı. Onun açdığı qəbirlər arasında 11 saylı qəbir daha çox maraq doğurur. Yaşlı bir adamın dəfn olunduğu bu daş qutu qəbirdən tariximiz üçün əhəmiyyətli olan xeyli maddi-mədəniyyət nümunəsi toplanmışdır. Qəbir avadvnlığı arasında gil qablarla yanaşı tuncdan quş fiquru, bıçaq, bir cüt üzük, qızıldan muncuq, üzəri naxışlı lövhə və əqiqdən muncuq vardır. Əqiq muncuğun üzərində mixi yazı ilə Assur çarı Adadninarinin adı həkk olunmuşdu. İlk baxışdan E.Resler belə hesab etmişdi ki, muncuğun üzərindəki yazı deyil, sadəcə moabit və ya nəbati yazını xatırladan işarələrdir. Az sonra akademik İ.Meşşaninov bu fikrin səhv olduğunu göstərmiş və həmin yazı haqqında xüsusi məqalələrlə çıxış etmişdi. R.Virxov, T.Passek, B.Latınin, İ.Cəfərzadə, İ.Dyakonov və başqa alimlər də Xocalı muncuğu ilə bağlı tədqiqat aparmışlar.
Assuriyada e.ə. XIV əsrin sonlarından VIII əsrin ortalarınadək Adadnirari adlı 4 hökmdar olmuşdur: I, II, III, IV Adadnirari. Haqqında danışdığımız muncuq Xocalıya hansı yolla gəlib düşmüş və neçənci Adadnirariyə məxsus imiş? Bu suallara alimlərin yekdil cavabı yoxdur. Çoxları muncuğun I və ya IV Adadnirariyə aid olmasnı israr edir. İ.Dyakonov isə belə hesab edir ki, Xocalı muncuğu hələ uşaq ikən taxta çıxmış III Adadnirariyə məxsusdur. Onun hakimiyyəti dövründə (e.ə.811-781) assur qoşunları Urmiya ətrafında yaşayan mannalıların və midiyalıların üzərinə yürüşlər etmiş, hətta «günəşin doğduğu dənizə», yəni Xəzərədək gedib çıxmışdı. Çox güman ki, məhz elə bu yürüş zamanı əqiq muncuq qədim Xocalının qəhrəman sakinlərinin əlinə keçmişdir.
Xocalıda 20-yə yaxın kurqan qazmış E.Resler belə qənaətə gəlmişdi ki, qədim Xocalı qəbiristanlığı təqribən 600 ilə yaxın bir müddətdə (e.ə.XIV-VIII əsrlər) fəaliyyətdə olmuşdur. O, Xocalı kurqanlarını 5 qrupa ayırmışdır ki, sonralar – 1926-cı ildə həmin yerdə bir neçə kurqan tədqiq etmiş İ.Meşşaninov və İ.Cəfərzadə də bu fikirlə razılaşmışlar. Erməni-rus hərbi birləşmələri tərəfindən Xocalı işğal olumazdan bir neçə il əvvəl arxeoloq H.Cəfərovun burada apardığı qazıntılar da deyilənləri təsdiq etmiş, Azərbaycanın Ön Asiya ölkələri ilə mədəni-iqtisadi əlaqələrinə dair yeni materiallar aşkara çıxarmışdı.
Xocalı kurqanlarında tez-tez rast gəlinən silah nümunələri: xəncər, bıçaq, nizə ucluğu və s. göstərir ki, qeyd olunan dövrdə əkinçilik, maldarlıq və sənətkarlıq sahələri ilə yanaşı, hərb sənəti də Qarabağ əhalisinin əsas məşğuliyyəti olmuşdur. Qarabağın əlverişli təbii-coğrafi şəraiti, zəngin nemətləri qonşu tayfaları tamahlandırmış və buna görə də yerli əhali əsrlər boyu səksəkəli vəziyyətdə əlində silah öz yurd-yuvasını qorumaq məcburiyyətində qalmışdır.
Qarabağın ilk orta əsrlərə aid şəhər tipli ən möhtəşəm yaşayış məskəni Ağdam rayonunun Boyəhmədli kəndi yaxınlığında xarabalığı olan Govurqaladır. Burada memarlıq sənətinin gözəl nümunələrinə rast gəlinmişdir. Axtarışlar zamanı ağ daşdan xristian məbədi açılmış və onun içərisindəki daş sənduqədə Alban hökmdarı Hamamanın qardaşının dəfn edildiyi müəyyən edilmişdir. Govurqalanın «Xırman yeri» adlanan hissəsində antik dövrün sonlarına aid geniş salonlu məbəd kompleksi üzə çıxarılmışdır. Əldə edilən arxeoloji tapıntılar (nəfis düzəldilmiş şüşə qablar, bəzək əşyaları, pullar və s.) qədim şəhər sakinlərinin Suriya, Bizans, İran və digər qonşu ölkələrlə əlaqəsindən xəbər verir. Hökmdar nəslinə aid qəbiristanlığın olmasına və bəzi tarixi məlumatlara əsaslanan professor R.Göyüşov Govurqalanı Alban hökmdarlarının yay iqamətgahı kimi şöhrət qazanmış, Bərdə – Dəbil (Dvin) ticarət yolunun üzərində yerləşən Aluen şəhərinin qalıqları hesab edir. Qeyd edək ki, Qarabağın dağlıq hissəsindəki bir neçə xristian məbədi də (Amaras, müqəddəs Yelisey və b.) uzun müddət R.Göyüşovun tədqiqat obyekti olmuşdur.
1979-cu ildə Moskvada nəşr olunmuş «Azərbaycan SSR-in atlası» adlı tədris məlumat vəsaitinin sonuncu səhifəsində verilən arxeoloji xəritədə Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisi «ağ ləkə» kimi göstərilmişdir. Halbuki həmin nəşrdən on il sonra bu rayonlarda aparılan arxeoloji kəşfiyyat işləri zamanı onlarla abidə aşkara çıxarılmışdır. Hətta Cəbrayıl rayonu ərazisində mağara tipli ən qədim insan düşərgələrinə («Divlər sarayı») rast gəlinmişdir. Digər qərb rayonlarımız kimi Cəbrayılda da bütün tarixi dövrlərə aid abidələr vardır. Karxulu, Torağaytəpə, Qışlaq, Abbashələkən yaşayış yerləri, Niftalı kurqanları, Sirik və Qız qalaları, Xubyarlı və Çələbilər son orta əsr memarlıq kompleksləri belə abidələrdəndir.
Qəbirüstü qoç fiqurlarına Qarabağda, eləcə də Qərbi Azərbaycanda (indi «Ermənistan» adlanan torpaqlarda) tez-tez rast gəlinir. Epiqrafik abidələrin tanınmış tədqiqatçısı, AMEA-nın müxbir üzvü professor Məşədixanım Nemət həmin fiqurları paleoqrafik xüsusiyyətlərinə və hazırlanma texnikasına görə XIV-XV əsrlərin yadigarları hesab edir. Xəzər dənizinin cənub qərb sahillərindən tutmuş Göyçə gölünün ətrafınadək geniş bir sahədə təsadüf olunan qoç fiqurları yalnız bizim xalqımıza məxsusdur, maldar Azərbaycan tayfalarının mədəni irsinin bariz nümunələridir. Hər biri oricinal heykəltəraşlıq əsəri olan daş qoç fiqurları azərbaycanlıların əsrlərlə yaşadığı torpağa hüququnu təsdiq edən əbədi paspotlardır. Sisyan rayonunun Urud kəndinin qəbiristanlığındakı XV yüzilliyin ikinci yarısına aid daş qoç fiquru üzərində həkk olunmuş «Ağvan nəslindən olan İbrahim» kəlməsinin tariximiz üçün əhəmiyyətindən geniş danışmağa ehtiyac yoxdur. Erməni vandalları Türkmənçaydan üzü bəri Urmiyadan Göyçəyədək uzanan ərazilərdə səpələnmiş bu nadir sənət incilərini – tarixi köklərimizi sındırıb dağıtmaq, yox etmək üçün nə qədər səy göstərmişlər! Cəfəng fikirlərlə qidalanan bəzi erməni «ziyalıları» tarixi həqiqətləri ört-basdır etmək, saxtalaşdırmaq üçün nə qədər sərsəmləyirlər! Qarabağın cənubunda, Araz çayı üzərindəki 11-aşırımlı və 15-aşırımlı Xudafərin körpülərinin salınma tarixi, son min ildə bu körpülərin hər iki tərəfində azəri türklərinin yaşaması tarixçi olmayan şəxslərə belə məlumdur. 1989-cu ilin yazında erməni «Kommunist» qəzetində çıxış edən S.Xanzadyan «erməni körpüsalma sənətinin ən qədim və möhtəşəm nümunəsi, şimali Ermənistanı cənubi Ermənistanın Atropat vilayəti ilə birləşdirən Xudapirin körpüsü» kimi sərsəm uydurmalarla «tarixi həqiqəti kəşf edirdi».
Qarabağda və Qərbi Azərbaycanda rast gəlinən, yuxarıda bəhs etdiyimiz və bu məqalədə adını çəkə bilmədiyimiz yüzlərlə abidə, bütün II minilliyi əhatə edən minlərlə ərəb qrafikalı, müqəddəs Quran kəlməli daş kitabələr, erkən orta əsrlərə aid yerli yazı nümunələri xalqımızın maddi mədəniyyətindəki, təsərrüfat və məişət həyatındakı ənənə və varisliyi nümayiş etdirir. Qarabağda Azıxdan başlanan, qədim və orta əsrlər boyu davam edən həyat göstərir ki, bu bölgə Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən biridir.
EPİLOQ ƏVƏZİ. Qarabağda işğal altında qalan, vandal əllərə tuş gələn abidələrimiz onları yaşadan və yağı düşmən tapdağında inləyən torpaqlarımızla birgə xilas gününü gözləyir. Qəlbində Vətən məhəbbəti yaşadan milyonlarla soydaşımız Qarabağı azad etmək arzusundan və əzmindən heç zaman dönməyəcək. Qarabağa çökmüş duman tezliklə dağılacaq, yala-yamaca yayılmış qar qurdları al şəfəqlərdən əriyib yox olacaq, sıxılmış dodaqlara təbəssüm qayıdacaq, ulu Tanrının ulu Beşiyində dinclik, əmin-amanlıq yaranacaqdır.