Yunis Hüseynov
Qarabağ xanlığının iqtisadi həyatı (1747-1822-ci illər)
Qarabağ xanlığının iqtisadi həyatı tarix ədəbiyyatında istənilən səviyyədə işlənilməmişdir. Müəllif bu məqalədə həmin məsələdən qısaca bəhs edir. Qarabağ xanlığının iqtisadi həyatında kənd təsərrüfatı əsas yer tuturdu. Onun aparıcı sahələri əkinçilik və maldarlıq idi. Məlumdur ki, orta əsrlərdə kənddə əsas istehsal vasitəsi torpaq idi. Təəssüflə demək lazımdır ki, Qarabağ xanlığının torpaq fondu xanlığın Rusiya imperiyası tərəfindən işğalından sonrakı dövrlə müəyyənləşdirilmişdi. Xanlığın torpaq fondu təxminən «1.354.000 desyatin» olmuşdu. Qarabağ xanlığında hər adambaşına orta hesabla 1,1 desyatinə qədər şumluq torpaq düşürdü. Əkinçilikdə suvarma sistemindən geniş istifadə edilirdi. Bu sahədə suvarma kanalları mühüm rol oynayırdı.
Qarabağ xanlığında torpağın şumlanmasında xış və kotandan istifadə olunurdu. Taxılın biçilməsində çin və oraqdan, bəzən də dəryazdan istifadə edilirdi. Taxılı xırmanda döymək üçün altına çaxmaq daşları bərkidilmiş vəllərdən istifadə olunurdu. Vələ öküz və ya at qoşulurdu.
Rus istilasından sonra aparılan hesablamalar göstərir ki, Qarabağ xanlığında 4000 xış və kotan, 20.546 ev var idi. Kənd təsərrüfatında aqranomiya xidməti primitiv idi. Torpağa yalnız üzvi gübrələr: kül və peyin verilirdi. Əkin sahələri növbəli idi. Əkinçilikdə buğda, arpa, çəltik, darı, pərinc, pambıq, kətan, küncüt və başqa bitkilər mühüm yer tuturdu. Xanlığın iqtisadiyyatında texniki bitkilər, o cümlədən də tütün də əsas yer tuturdu. Buğda, arpa, pərinc və kətan, xanlığın iqlim şəraiti nəzərə alınaraq, ən çox dağlıq yerlərdə, aranda isə yüksək məhsul verən çəltik, pambıq, tütün, küncüt və darı kimi bitkilər əkilirdi.
«Qarabağ xanlığında, 1822-ci ilin məlumatına görə, hər il orta hesabla təxminən 22000 çetvər buğda, 11000 çetvər çəltik, 400 çetvər darı, 250 çetvər pərinc, 550 çetvər pambıq, 50 çetvər küncüt əkilirdi. Təxmini hesablamalara görə, Qarabağ xanlığında illik məhsul istehsalı 220000 çetvər buğdadan, 143000 çetvər arpadan, 33750 çetvər çəltikdən, 26000 çetvər darıdan, 1750 çetvər pərincdən, 400 çetvər kətandan, 1100 çetvər çiyidli pambıqdan, 60 çetvər küncütdən ibarət idi. Bunlardan əlavə, xanlıqda 3200 pud pambıq, 450 pud tütün, 56 pud gənəgərçək istehsal olunurdu».
«Qarabağ xanlığının iqtisadiyyatında çəkilliklər, meyvə bağları, bostanlar da mühüm yer tuturdu. Çəkilliklərin (tut ağaclarının) becərilməsi baramaçılığın inkişafına geniş şərait yaradırdı. 1832-ci il məlumatına görə, xanlıq ərazisində 1600-ə qədər çəkillik var idi. Baramaçılıqla daha çox varlılar və imkanlı ailələr özləri məşğul olurdu. Hindarxında İbrahim Xəlil xana 26, Doyran kəndində isə Cəfərqulu ağaya 12 çəkillik məxsus idi. Xanlıqda 1700 pud barama istehsal edilirdi.»
Xanlığın meyvə bağları, əsasən, aran ərazidə yerləşirdi. Aranda 100-ə qədər məhsuldar meyvə bağları becərilirdi. Bağlarda tut, armud, ərik, şaftalı, nar, heyva, əncir, gilənar, alma, zoğal, alça, gavalı, qoz yetişdirilirdi. Bostanlarda qarpız, yemiş (qovun), balqabaq, qarğıdalı, günəbaxan, noxud, istiot, soğan, sarımsaq və digər məhsullar becərilirdi. Hər il xanlığın bostanlarına 200-220 desyatin torpaq sahəsi ayrılırdı.»
Bir qayda olaraq, iri bağlar xana, bəylərə məxsus idi. «Ağdamda Qarabağ xanına 7 bağ – Güllü bağ, Ərikli bağ, Kətan bağ, Çirayuş bağ, Bala bağ, Barlı bağ və Narlı bağ məxsus idi. Sonuncu iki bağdan başqa, qalan beş bağ iltizama verilirdi.»
Qarabağ xanlığının iqtisadi həyatında əkinçiliklə yanaşı, maldarlıq da mühüm yer tuturdu. Xanlığın əlverişli təbii və iqlim şəraiti, gözəl dağ otlaqları maldarlığın inkişafı üçün geniş imkanlar açırdı. Qarabağ xanlığının əhalisi heyvandarlığın inkişafı etdirməkdə olduqca maraqlı idi. Çünki, xanlığın əhalisi özünü həm mal-qara məhsulları ilə təmin həm də qoşqu və nəqliyyat vasitəsiilə təmin edirdi.
1832-ci ilin məlumatına görə, «Qarabağda iribuynuzlu mal-qaranın sayı 100 min, xırdabuynuzlu mal-qara (qoyun və keçi) isə 300000 baş idi. Bunlardan əlavə, əyalətdə 20000 at, 2200 eşşək, 100 dəvə var idi.» Xanlıqda köçəri maldarlıq mühüm yer tuturdu.
Xanlığın iqtisadi həyatında atçılıq da mühüm yer tuturdu. «1832-ci ildə Qarabağ əyalətində 11 atçılıq zavodu var idi. Bu zavodlarda 250 ayğır və 1400 madyan bəslənirdi. Qarabağda atçılıq zavodunun əsasını Nadir şah qoymuşdu. Nadir şahın qətlindən sonra həmin zavodlar Pənah Əli xanın ixtiyarına keçmiş, o, isə həmin zavodları oğlu İbrahim Xəlil xana bağışlamışdı. İbrahim Xəlil xanın faciəli ölümündən sonra atçılıq təsərrüfatı tədricən tənəzzülə uğramışdı.»
Xanlığın təsərrüfat həyatında eşşək və dəvələrin böyük əhəmiyyəti var idi. Bir o qədər də qulluq tələb etməyən eşşək əla iş heyvanı idi. Dəvə xanlığın heyvandarlığında cüzi yer tuturdu. Xanlıqda qatır da saxlanılırdı.
Quşçuluq da xanlığın iqtisadiyyatında əhəmiyyətli yer tuturdu. Bu sahə demək olar ki, istehlak xarakteri daşıyırdı. Qarabağ xanlığının təbii şəraiti arıçılığın inkişafına hərtərəfli imkan yaradırdı. Qarabağ xanlığında 1832-ci ildə 2500-ə qədər arı pətəyi var idi. Hər il təxminən 600 pud bal və 200 pud mum istehsal olunurdu.
Qarabağ xanlığında kustar toxuculuq geniş inkişaf etmişdi. Hər bir kəndli ailəsində əyiricilik və toxuculuq dəzgahları var idi və onlar yerli xammal hesabına məhsul istehsal edirdilər. Kustar-sənətkarlar xalça, palaz, cecim, məfrəş toxuyurdular. Əsas xammal yun idi. Toxucular müxtəlif parçalar, xurcun, çuval və sair toxuyurdular. Sənətkarlar at üçün yəhər, eşşək üçün palan və başqa əşyalar düzəldirdilər.
Qarabağ xalçaları, xüsusilə xanlığın paytaxtı olan Şuşada toxunan xalçalar toxunma texnikasına, forma müxtəlifliyinə və parlaqlığına görə bütün dünyada fərqlənirdi. Azərbaycanlı sənətkarlar tərəfindən toxunan xalçalar dünya bazarlarında yüksək şöhrət qazanmışdı.
Qarabağ xanlığında şərabçılıq və bəhməz istehsalı da iqtisadiyyatda mühüm yer tuturdu. Sabunbişirmə xanlıq əhalisinin sənaye fəaliyyətinin bir sahəsi idi. Bu sahə ilə qadınlar məşğul olurdular. Orta əsrə xas olan mübadilə Qarabağ xanlığının iqtisadiyyatına da məxsus idi.
Qarabağ xanlığında sənətkarlıq istehsalının ən iri mərkəzi Şuşa şəhəri idi. Şuşada gözəl və nadir çeşidli xalçalar toxunurdu. 1832-ci il məlumatına görə, Şuşada 132 dəzgahı olan 42 ipək toxuculuq müəssisəsi var idi ki, bu müəssisələrdə 324 toxucu və fəhlə fəaliyyət göstərirdi.
1829-cu ildə Şuşa ipək toxuculuq müəssisələrində 740 ədəd dəsmal, 6100 qırmızı parça və 360 ədəd müxtəlif materiallar istehsal olunmuşdu.
Şuşada yaraşıqlı papaqlar hazırlanırdı. Papaqlar Buxara, Şiraz və yerli quzuların dərilərindən tikilirdi. Buxara və Şiraz dərilərindən tikilən papaqlar baha satılardı. Papaq ticarəti elat dağa çıxanda baha olurdu, kütləvi surətdə satılırdı.
Pambıqdan Şuşada bez hazırlanırdı. Burada bu iş üçün 80-ə yaxın dəzgahı olan 28 toxuculuq müəssisəsi fəaliyyət göstərirdi. Həmin müəssisələrdə orta hesabla hər il 80000 xan arşını parça istehsal edilirdi. (Xan arşını Şuşada 1,5 arşına bərabər idi.)
Xanlığın son dövrlərində Şuşada 19 dəri zavodu var idi. Zavodların məhsul istehsalı 2000 atlıq gön, 1400-ə qədər keçi və təxminən 1600 qoyun dərisi tələb edirdi.
Şuşada 2 kərpic zavodu da fəaliyyət göstərirdi. Zavodlarda 22 nəfər adam işləyirdi. Hər 1000 kərpic 10 manat gümüş pula satılırdı. Fəhlə isə bu məbləğə görə sahibkardan gümüş pulla 70 qəpik alırdı. Şuşada barıt da istehsal olunurdu.
Şuşa böyüdükcə daxili ticarət də inkişaf edirdi. Şəhərdə diqqəti cəlb edəcək tacir dükanları vardı. Şuşada ərzaq ehtiyatı, səbzəvat ticarəti ilə 44, dərman və boyaq ticarəti ilə 30 adam məşğul olurdu. İrimiqyaslı ticarətlə peşəkar tacirlər məşğul olurdu. Şuşanın şəhər sənayesinin inkişafı ilə məşğul olanlar haqqında sənədlərdə ətraflı məlumatlar var.
Şuşada daxili ticarətdən fərqli olaraq xarici ticarət daha çox inkişaf etmişdi. Şuşa Cənubi Qafqazda Tiflisdən sonra ikinci böyük ticarət mərkəzinə çevrilmişdi. Xarici ticarət qonşu xanlıqlardan başqa, İran, Rusiya və digər şərq ölkələri ilə aparılırdı. Tiflisdən Şuşaya müxtəlif parçalar, boyaq, qənd, Bakı xanlığından dəmir, yazı kağızı, saxsı qablar, zəfəran gətirirdilər. Bakıdan dəvələrlə gətirilən neft xanlığın məişətində mühüm yer tuturdu. Belə misalları çox göstərmək olar.
Sənədlər sübut edir ki, Şəki, Şirvan, Bakı, Gəncə, Naxçıvan, İrəvan xanlıqlarından, eyni zamanda Tiflisdən və Dərbənddən Qarabağ xanlığı rus pulu ilə 90 min manat dəyərində mal alırdısa, Təbriz, Ərdəbil xanlıqlarından, Xoy, Urmiyadan və İranla mal mübadiləsi də daxil olmaqla xanlıq rus pulu ilə 140 min manatlıq mal ixrac edirdi. Xarici ticarətdə əsas yer Təbriz şəhərinə məxsus idi.
Qarabağ xanlığının iqtisadiyyatına feodal müharibələri, İran şahlarının işğalçılıq yürüşləri və Rusiya ilə İranın Azərbaycan uğrunda apardığı dağıdıcı və işğalçı müharibələr ağır təsir göstərirdi.