Elmira Əliseyran qızı

Qarabağım-qınaq yerim!

Qarabağ torpağı Azərbaycan mədəniyyətinin ilk və ulu beşiklərindən biridir. Aran dövlətinin, qədim Bərdənin, Əsgəran və Şuşa qalalarının, qədim Albaniya mədəniyyətinin möhtəşəm qalıqların sinəsində qoruyub saxlayır. Qarabağ Vaqifin, Natəvanın, Zakirin, Üzeyir Hacıbəyovun, Bülbülün, Cabbar Qaryağdının vətənidir.

Qarabağ musiqi beşiyidir. Baxtilə Şuşa Zaqafqaziyanın Konservatoriyası adlandırılırdı.

Nəsillər dəyişir, Qarabağ zəngulələri və «Qarabağ şikəstəsi» isə dəyişilmir. Bu səsdə min illər boyu bu torpaq uğrunda qurban getmiş igidlərin ürək atəşini, elin böyük arzularını, bitib tükənməyən, xoş gün axtarışlarını və qısa ömrün çarəsiz aqibəti duyulur. Elə bil ki, bu səs dağların, meşələrin lal qayaların səsidir.

Azərbaycan elə ona görə zəngindir ki, yeraltı xəzinəsi olduğu kimi, yer­üstü muğam kimi milyon duyğu çalarlı musiqisi var. Muğamda sevinclə kədər üz-üzə dayanıb. Muğam Qarabağın havası və suyunda qarabağlının qanındadır.

Musiqiçilərimizin – bəstəkar, müğənni və çalğıçılarımızın əksəriyyəti Qarabağın yetirməsidir.

Muğam – Azərbaycanlı ruhunun güzgüsüdür; taleyin bizə verdiyi xəzinədir.

Hər mahnının ilkin yaradıcısı və ilkin vətəni var. Məncə, «Qarabağ Şikəstəsi»ni yaradan bir xalq, muğam kimi sehrli aləmi ürəyində zümzümə edən bir xalq körpə uşağa, qanına qəltən edə bilməz, ahıl qocanın süngü ilə ürəyini parçalamaz.

Əzəmətli Əsgəran qalasının divarları Azərbaycanın neçə-neçə yerlərindəki – Balakəndəki, Dəmirqapı Dərbənddəki qala divarının oxşarıdır.

Qarabağda Xocalı faciəsi kimi nağıllara çevrilmiş bir el-oba var idi. Xocalının da öz «Göygöl»ü var idi. Erməni daşnaklarının sonralar Xan kəndi kimi Azərbaycanın gözəl bir diyarını gözümüz baxa-baxa Stepanakert adlandıraraq özlərinə paytaxt eləsələr də,  yenə də ayılmadıq. Bir kəs demədi ki, Xan kəndi nə üçün dönüb Stepanakert oldu? Səs çıxaranda da elə özümüzünkülər başına vuracaq ki, kəs səsini, qonşu eşidər, yaxşı deyil. Budur bizim xalqın yersiz qonşupərəstliyi.

İndi isə tarix göstərdi ki, ləyaqətsiz qonşunu evinə buraxmaq, süfrənin başında oturtmaq nə deməkdir. Dağılmış yurd yerləri, daşları sökülmüş, daşınmış divarlar, dibindən kəsilib aparılmış çinar meşəsi, o dağlar, o daşlar, o yurd yerləri uzaqdan boylanır. Vəhşiliyin qurbanı olub. Tarix vəhşiliklər görüb. Amma erməni vəhşiliyi o vəhşiliyin önündə hesaba gəlməz. Bunları düşündükcə, qəlbimdə bu misralar yarandı:

 

Zamanın gedişin tuta bilmirəm

İllər də, aylar da  qınayır məni.

 

O evin qızmayan soyuq bucağı

Yanmayan ocağı qınadı məni.

 

İllərlə sevilib əzizlənməyən

Yazda bənövşə də qınayır məni.

 

Məğrur sərkərdə tək qoşunu itmiş

O dağlar, qayalar qınayır məni.

 

Zəmiləri sovulmuş, təndirləri boş qalmış,

O ellər, obalar qınayır məni.

 

Anasının üzündə donmuş təbəssüm görmüş,

Südəmər körpə də qınayır məni.

 

Yasinini itirmiş, cığırları ot basmış

O soyuq məzarlıq qınayır məni.

 

Düşmənə dost dedirdib,

Dözümümün əvəzinə, yaddaşımı itirdib

Sonra dünya qınayır məni,

                                                      dünya qınayır məni