Şamil Mehdi
Qarabağ: təcrübədən praktikaya doğru
Bu il Qarabağ xanlığının Rusiyaya birləşdirilməsini təsdiqləyən Kürək-çay müqaviləsnin imzalanmasından 200 il keçir. Müqaviləyə bir tərəfdən Qarabağ xanı Şuşalı İbrahim Xəlil xan, digər tərəfdən rus qoşunlarının komandanı, piyada generalı P.Sisianov imza atıblar. Müqavilə 11 maddədən ibarətdir. Onun ikinci maddəsinə görə Rusiya İmperiyası adından imperator I Aleksandr xana və onun varislərinə Xanlığın bütövlüyünə və ərazi toxunulmazlığına təminat verirdi.
1806-cı ildə Qarabağ xanı İbrahim Xəlil Xan və onun ailəsi (oğlu Mehdiqulu ağa istisna olmaqla) rus ordusunun mayoru Lisaneviçin rəhbərlik etdiyi dəstə tərəfindən məhv edilldi.
Rusiya imperiyasında quberniyaların yaradılması ilə əlaqədar Qarabağ xanlığının ləğvindən 183 il, ərazisinin qəzalar arasında bölünməsindən 165 il keçir. Bir az sonra ermənilərin Azərbaycana, o cümlədən, Qarabağa kütləvi köçürülmələri başlayır.
Ermənilərin «Böyük Ermənistan» yaratmaları uğrunda geniş miqyaslı silahlı əməli fəaliyyətlərinin başlanmasından 100 il keçir. 1905-06-cı illərdə Azərbaycanda, o cümlədən, Qarabağda erməni silahlı dəstələri minlərlə dinc insanı qətlə yetirdilər, yaşayış məntəqələrini viran qoydular.
87 il öncə ermənilər Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövlətini qurmağa nail oldular. 1918-ci ildə 9 min kv.km ərazi ilə qurulan Ermənistan Respublikası 1920-ci ildə Azərbaycan torpaqları – Zəngəzur, Dərələyəz və s. hesabına 30 min kv.km. sahəyə malik Sosialist Respublikasına çevrildi.
60 il öncə ermənilər Şərqi Türkiyə və Azərbaycan torpaqlarını ilhaq etməyə cəhd etdi. Ermənistan Moskvadakı mərkəzi hakimiyyət qarşısında II Dünya müharibəsinin nəticəsi kimi Türkiyənin 6 vilayətinin və Azərbaycanın Qarabağ, Naxçıvan bölgələrinin Ermənistana birləşdirilməsi tələbini qaldırdı. Torpaq əldə edə bilməsələr də, 100 minlərlə azərbaycanlı əhalinin dədə-baba torpqalarından-Qərbi Azərbaycandan köçürülmələrinə nail oldular.
18 il öncə Qarabağın qoparılmasına yönəlmiş yeni hərəkat nəticəsində Azərbaycan Respublikasının 14 min kv.km. qədər ərazisi - işğal olundu.
11 il əvvəl biabırçı atəşkəs haqqında razılıq qüvvəyə mindi və bu gün də qüvvədədir.
5 il öncə Naxçıvanın əzəli erməni torpaqları olması və Ermənistana birləşdirilməsinin vacibliyi haqqında çağırışlar başladı.
Bu xronologiyanı izlədikcə, bəzi qanunauyğunluqlar meydana çıxır:
Ermənilər daima hücumdadırlar və nəticədə qalib çıxırlar;
Ermənilər prosesləri, proseslər isə azərbaycanlıları idarə edir;
Azərbaycan tərəfinin addımları cavab addımları olur və ərazilərin itirilməsi ilə sonuclanır.
Ermənilər qarşılarına qoyduqları vəzifələri mərhələlərlə həyata keçirirlər:
I mərhələ – hazırlıq mərhələsidir – torpaqların işğalının ideoloji əsasları hazırlanır, təbliğat maşını işə salınır.
II mərhələ – fəaliyyət mərhələsi – bütün resurslar – siyasi, iqtisadi, hərbi – səfərbər olunur və yeni ərazilər işğal olunur.
III mərhələ – yekun mərhələ – bu mərhələdə əldə edilmiş nailiyyətlər hüquqi cəhətdən qanuniləşdirilir.
Təşviqat obyekti kimi həm Ermənistanda, həm də dünyada yaşayan ermənilər seçilir. Eyni zamanda müttəfiqlərin sayının artırılmasına çalışılır. Aparıcı rolu erməni kilsəsi, ziyalıları və diasporu oynayır.
Son 200 ildə sistematik olaraq saydığımız mərhələlər bir-birini əvəzləyir. Müxtəlif tarixi şəraitə, dövrlərə baxmayaraq, ssenari dəyişməz qalır. İctimai formasiyaların dəyişməsinə, bəzi imperiyaların məhv olmasına, yenilərinin yaranmasına, dövlətlərin yaranıb süqut etməsinə baxmayaraq, mərhələlər bir-birini əvəz edir, erməni dövləti yeni ərazilər hesabına böyüyür.
Qarabağın işğalı ilə bağlı erməni tərəfinin 1987-ci ildə başladığı son cəhdinin iki mərhələsi həyata keçirilib. Ermənistan 1994-cü ildən III mərhələni həyata keçirməklə məşğuldur və hələ ki, başa çatdıra bilmir. Azərbaycan xalqının, cəmiyyətinin qəti mövqeyi torpaqların hüquqi cəhətdən itirilməsinin qarşısını alır. Bu mövqenin formalaşmasında Qarabağ Azadlıq Təşkilatının fəaliyyətinin də təsiri var.
Azərbaycan-erməni münasibətlərində ilk dəfədir ki, duruş gətirə bilmişik. İndi əsas vəzifə kimi təşəbbüsə yiyələnərək, torpaqların azad olunması prosesinə başlamalıyıq. Bu işdə erməni təcrübəsindən yararlanmaq lazımdır. Torpaqların azad olunmasında azərbaycanlıların dini insititutlarından səmərəli istifadə olunmalıdır. Diasporamız kənarda qalmamalıdır, imkanları səfərbər edilməlidir. Xalqımızın potensialının səfərbər olunmasında könüllülük prinsipi ilə yanaşı, mütləq məcburilik elementi olmalıdır.
İnanıram ki, yaxın vaxtlarda torpaqlarmızın (söhbət yalnız Qarabağdan getmir) qaytarılması ideyası milli ideologiyamıza və Azərbaycan tarixində dönüş nöqtəsinə çevriləcəkdir.