Cəmil Həsənli
Qarabağ faciəsinin 200 illiyi
Bu il may ayının 14-də Kürəkçay müqaviləsinin imzalanmasının və Qarabağ xanlığının Rusiya imperiyasının asılılığına keçməsinin 200 illiyi tamam olur. Bu, mühüm bir tarixi hadisədir və bu hadisə bilavasitə Azərbaycanın Qarabağ xanlığına və Rusiyaya aiddir. Bir sıra rus və erməni alimləri, jurnalistləri, hətta siyasətçiləri bu hadisə ilə bağlı tarixi həqiqətləri saxtalaşdırmaqdan çəkinməyərək Qarabatın guya bir erməni vilayəti olaraq Rusiyaya birləşməsi haqqında yalanlar uydururlar. Axı, bu elə də uzaq dövrün hadisəsi deyil və bu hadisələri özündə əks etdirən çoxlu sənədlər mövcuddur. Qarabağ xanlığının Kürəkçay müqaviləsini imzalaması və Rusiya asılılığını qəbul etməsinin ermənilərə heç bir dəxli yoxdur. Həmin vaxtlar Qarabağda ermənilər o qədər az idilər ki, onlar siyasəti müəyyən edə bilməzdilər. Nadir şahın imperiyası dağıldıqdan sonra XVIII əsrin 40-cı illərində Azərbaycanda təxminən 20-ə yaxın xanlıq yaranmışdı. Qarabağ xanlığı bunların birincilərindən və ən böyüklərindən idi. Həmin dövrdə yaranan Şəki xanlığı, Quba xanlığı, Bakı xanlığı, Gəncə xanlığı, Talış xanlığı, Dərbənd, Şamaxı, Naxçıvan, İrəvan xanlıqları da bugünkü tarixi anlamda Azərbaycanın Şimalında yaranmış müstəqil dövlət qurumları idi.
Qarabağ xanlığının əsasını Cavanşir tayfasından olan Pənahəli xan qoymuşdu. O 1748-ci ildə Bayat qalasını tikdirdi və məşhur tarixçi Mirzə Camal Cavanşirin yazdığı kimi "xan bütün ailəsini, qohumlarını və el böyüklərinin əhlüəyalını oraya topladı". Pənahəli xan Qarabağ xanlığını quranda orada xristian azlığı mövcud idi və bunlar Dizaq, Vərənd, Xaçın və Çiləbörd məliklikləri idi. Lakin xanlığın 130 min əhalisi içərisində bu məlikliklərin əhalisi siyasətə təsir göstərəcək qədər çox deyildilər. Qonşu xanlıqlarla olan müharibələr, xüsusilə Şəki xanlığı ilə baş vermiş "Bayat savaşı" Pənahəli xan tərəfindən 1751-ci ildə Şuşa qalasının salınması ilə nəticələndi. Pənahəli xanın vəfatından sonra onun oğlu İbrahimxəlil xanın dövründə (1763-1806) Qarabağ xanlığı daha da gücləndi.
XIX əsrin əvvəllərində Rusiya Qafqazla bağlı hələ I Pyotr dövründə hazırlanan, II Yekaterina dövründə əməli xarakter alan planlarını gerçəkləşdirməyə başladı. 1801-ci ildə Gürcüstan Rusiyaya qatıldı. 1803-cü ilin mart ayında Car Balakən tutulduqdan sonra Gəncə uğrunda döyüşlər başlandı. 9 aylıq mühasirədən sonra Gəncə təslim oldu. Gəncədən sonra növbə Şəki və Qarabağ xanlığının idi.
Nəzərə almaq lazımdır ki, tez-tez İran şahlarının istilası ilə üzləşən bəzi Azərbaycan xanları qüdrətli Rusiya dövlətinin timsalında uzaq bir himayədara elə də pis baxmırdılar. Onlar elə düşünürdülər ki, Peterburq çox uzaqdadır və uzaq himayədarın yardımı ilə xanlar öz müstəqilliklərini saxlayacaqlar. Bu səhvlər ilk növbədə onların Rusiya haqqında təsəvvürlərinin məhdud olması ilə bağlı idi. 1804-cü ildə İranla Rusiya arasında böyük müharibənin başlanması Azərbaycanda ağır bir durum yaratmışdı. Gəncə təslim olduqdan sonra rus qoşunlarının komandanı general Sisianov 1804-cü ilin əvvəllərində mayor Lisaneviçi Qarabağa İbrahimxəlil xanın yanına göndərərək ondan "Rusiya təbəəliyinə" keçməyi tələb etdi. İbrahimxəlil xan xanlığı qoruyub saxlamaq məqsədilə Sisianovla görüşməyə razılıq verdi. 1805-ci ilin mayında İbrahimxəlil xan oğlanları Məhəmmədhəsən ağa, Mehdiqulu ağa, Xanlar ağa və kürəkəni Şəki hakimi Səlim xanla birlikdə Sisianovun Kürəkçay üzərində saldığı düşərgəyə gəldilər. May ayının 14-də Qarabağ xanı İbrahimxəlil xan tarixə Kürəkçay müqaviləsi kimi daxil olmuş "Andlı öhdəliyə" öz möhürünü basdı, Sisianov isə öz imzasını qoydu. Bütün hadisələr belə olub və göründüyü kimi burada heç bir erməni amili, erməni izi yoxdur.
Kürəkçay müqaviləsi 11 maddədən ibarətdir. Birinci maddəyə görə, Qarabağ xanı, onun varisləri və xanlığın bütün əhalisi Rusiya çarının vassalı olmağa razılıq verirdi, Rusiya təbəəliyinə qəbul olunur və onların üzərinə rus çarına sadiq qalmaq təhəddüdü qoyulurdu. İkinci maddəyə görə, Rusiya çarı özünün və vəliəhdlərinin adından "zati alilərinin (İbrahimxəlil xanın) və onun varislərinin ölkəsinin (Qarabağ xanlığının) bütövlüyünün saxlanmasına öz imperator zəmanətini verirdi. Dördüncü maddəyə görə, İbrahimxəlil xan müstəqil xarici siyasət hüququndan çarın xeyrinə imtina edirdi. Beşinci maddəyə görə, çar söz verirdi ki, xanın varis və arxasının "Qarabağ xanlığı üzərində hakimiyyəti dəyişməz saxlanılacaq, daxili idarəetmə ilə bağlı hakimiyyət işləri, məhkəmə və divanxana, ölkədən yığılan gəlir "zati-alilərinin (İbrahimxəlil xanın) səlahiyyətlərində qalacaq. Səkkizinci maddəyə görə Qarabağ xanı çar xəzinəsinə hər il 8000 çervon bac verməyi öhdəsinə götürürdü.
Sənədin ən ağır maddələrindən biri bu idi ki, Rusiya xanlığın mərkəzində Şuşa qalasına bitişik Xan bağında toplarla təchiz olunmaqla 500 nəfərlik komendantlıq saxlamaq hüququ əldə edirdi. Kürəkçay müqaviləsinə görə, xan nəvələrindən birini əmanət olaraq Tiflisə baş komandanın qərargahına göndərməli və onun xərcini də özü çəkməli idi. Müqaviləyə görə, çarın fərmanı ilə İbrahimxəlil xana rus ordusunun general-leytenant, oğanları Məhəmmədhəsən və Mehdiqulu ağaya general-mayor, Xanlar ağaya isə polkovnik rütbələri verilirdi. Bu rütbəni almaqla Qarabağ xanı və onun oğlanları Qafqaz komandanlığının əmrlərini yerinə yetirməli idi. Eyni məzmunda müqavilə bir həftə sonra 21 may 1805-ci ildə Şəki xanlığı ilə imzalandı.
Kürəkçay müqaviləsinin 11 maddəsi içərisində elə bir maddə yoxdur ki, orada ermənilərlə bağlı nə isə olsun. Bu müqavilə Qarabağın bir Azərbaycan xanlığı olaraq Rusiyanın vassallığına keçməsini özündə əks etdirən siyasi-hüquqi aktdır və orada hər şey çox aydın formada yazılıb. Özünü tarixçi, ya siyasətçi hesab edən adamların həqiqəti çox qabarıq formada əks etdirən belə mühüm sənəddən yayınmasını heç cürə anlamaq olmur.
Göründüyü kimi, müqavilədə bütün öhdəliklər və imtiyazlar alban məlikləri ilə deyil, bilavasitə Şuşalı, qarabağlı İbrahimxəlil xəlil xanla bağlıdır.
Həmişə olduğu kimi Rusiya öz üzərinə götürdüyü öhdəliklərə əməl etmədi. Halbuki, Kürəkçay müqaviləsi əbədilik imzalanmışdı. 1806-cı ildə İran qoşunları Şuşaya yaxınlaşarkən, öz ailəsini Şuşa qalasının yaxınlı-ğındakı Xankəndinə köçürmüş Qarabağ xanı İbrahimxəlil xan oğlu Mehdiqulu ağa istisna olmaqla bütün ailəsi ilə birlikdə mayor Lisaneviç tərəfindən qətlə yetirildi. Bu ağır qətl hadisəsi Kürəkçay müqaviləsi üzrə Rusiyanın üzərinə götürdüyü öhdəliklərin müvəqqəti xarakter daşıdığını göstərdi. Bununla belə, nə qədər ki, İranla müharibə davam edirdi Rusiya Qarabağ xanlığın statusunun dəyişdirilməsinə getmədi.
1806-cı ilin sentyabr ayının 10-da imperator I Aleksandrın fərmanı ilə Mehdiqulu ağa qətlə yetirilmiş atası İbrahimxəlil xanın yerinə Qarabağ xanı təyin edildi. Orada deyilirdi: "Biz ali məqamlı və ali cəlallı ehsani ümumə şamil olan allahın mərhəmət və köməyi ilə bütün Rusiya məmləkətinin, habelə başqa vilayət və ölkələrin istiqlal və rifahını təmin edən imperator I Aleksandr, bildiririk: Qoy, bizim şahanə lütf və qayğımıza, imperatorluq qüdrət və mərhəmətimizə ümid bağlayan Qarabağ vilayətinin bütün ali üləma, hörmətli başbilənləri, görkəmli və şərafətli əyanları, bəyləri, sərkərdələri, kəndxudaları, ağsaqqalları və bütün rəiyyətləri bilsinlər ki, keçən ildə mərhum İbrahimxəlil xan bizim şahlıq canişinimiz olan general knyaz Sisianovla birlikdə bir "Əhdnamə" tərtib etmişdilər və general onu dərhal imperatorluq dərgahına çatdırmışdı. Biz həmin "Əhdnamənin" tələb və şərtləri ilə tanış olduqdan sonra mərhum xanın irəli sürdüyü bütün arzu və tələbləri, öz sonsuz şahanə lütf və qayğıkeşliyimizlə qarşılayıb, onu bütün Qarabağ əhalisi ilə birlikdə himayəmizə alıb, mərhum İbrahimxəlil xanı xüsusi imperator fərmanı ilə Qarabağ vilayətinin müstəqil hakimi təyin etdik. Və təminat verdik ki, Qarabağın imperatorluq təbəəliyinə daxil olan bütün rəiyyətləri, mərhum xanın varisləri nəsildən-nəslə Qarabağın xanlıq taxtında oturub müstəqil surətdə hökmranlıq etmək hüququ ilə təmin olunacaqlar". Daha sonra fərmanda deyilirdi: "İbrahimxəlil xanın bir iğtişaş nəticəsində qətlə yetirilməsi kimi hüznlü bir hadisədən sonra yenə sədaqətli rəiyyətlərinin müstəqilliyini təmin etmək sahəsində əlahəzrətin xeyirxah fikirləri və münasibəti dəyişməz olaraq qalır. Əlahəzrət verdiyi sözə əməl edərək öz şahlıq mərhəməti və qayğısı ilə yüksək rütbəli vərəsə general-mayor Mehdiqulu ağanı mərhum atasının yerində bərqərar edib Qarabağ vilayətinin xanlıq taxtında oturdub və bu qərarı imperator fərmanı ilə təsdiq edir". Bu fərmanda İbrahimxəlil xana verilmiş bütün hüquqlar Mehdiququ xana verilirdi və Qarabağda "bütün əhalinin ona baş əyib sözündən çıxmaması, xanın əmrinə və hakimiyyətinə aid olan bütün qayda-qanunlara əməl etmələri" təsbit olunurdu. Fərmanda ermənilərlə bağlı heç nə yox idi. Qarabağın kimə məxsusluğunu öyrənmək üçün 1806-cı il 10 sentyabr tarixli imperator I Aleksandrın fərmanı çox mühüm tarixi sənəddir.
1813-cü ildə Gülüstan müqaviləsindən sonra Rusiya Azərbaycanda xeyli möhkəmləndi və "əbədi" olaraq imzalanmış "Əhdnamələrə" məhəl qoymayaraq, xanlıqları ləğv etməyə başladı. 1819-cu ildə Şəki xanlığı, 1820-ci ildə Şirvan xanlığı ləğv edildi. 1822-ci ildə Qarabağ xanlığı da ləğv edildi və onun yerində komendant üsul-idarəsi təsis edildi. Beləliklə, 17 ildən sonra Kürəkçay müqaviləsi öz əhəmiyyətini itirdi.
Qarabağ xanlığı ləğv edildikdən və rus üsul-idarəsi yarandıqdan 1 il sonra 1823-cü ildə rus idarəsi tərəfindən "Qarabağ əyalətinin təsviri..." (Opisanie Karabaxskoy provinüii, sostavlennoe v 1823 qodu po rasporəce-niö qlavnoupravləöheqo v Qruzii Ermolova deystvitelğnım statskim sovetnikom Moqilevskim i polkovnikom Ermolovım. Tiflis, 1866) hazırlandı. Qarabağda əhalinin sayı, etnik tərkibi haqqında az-çox etibarlı mənbə məhz bu kitabdır.
Prof. S.Əliyarlının bu mənbə ilə bağlı araşdırmalarına görə, 1823-cü ildə rus idarəçiliyinin Qarabağda qeydə aldığı 18563 ailədən 1559 ailə, yəni 8,4% beş alban məlikliyinin payına düşür. Erməni alimləri isə bu mənbəyə istinadən 1823-cü ildə Qarabağda 20 mindən artıq ailədən 5107-nin erməni ailəsi olduğunu yazırlar.
Hətta bu halda belə Qarabağa İran və Türkiyədən ermənilərin kütləvi köçürülməsinə qədər onların azərbaycanlı əhali ilə müqayisədə çox azlıqda qalmalarını ermənilər özləri də təsdiq edirlər. "Qarabağ əyalətinin təsviri..." ermənilərə sərf etmədiyi üçün demək olar ki, Rusiyanın bütün kitabxanalarından bu mənbəni müxtəlif vasitələrlə çıxarıb məhv etdilər. Bu qiymətli mənbənin daha dərindən tədqiqinə, kütləvi nəşrinə (o cümlədən xarici dillərdə) və təbliğinə böyük ehtiyac vardır.
1828-ci ildə Türkmənçay müqaviləsindən sonra ermənilərin İrandan Qarabağa köçürülməsi kütləvi və mütəşəkkil xarakter almağa başladı. Həmin dövrdə bu işlərə general Paskeviç və onun köməkçisi, milliyyətcə erməni olan Lazarov başçılıq edirdi. 1828-ci il fevral ayının 29-da general Paskeviç göstəriş vermişdi ki, ermənilər "başlıca olaraq İrəvan və Naxçıvan vilayətlərində və qismən Qarabağda" yerləşdirilsin, "bir sıra müsəlman kəndləri dindaşlarının ən çox məskunlaşdığı yerlərə köçürülsün" və həmin yerlər ermənilərə verilsin. İran ermənilərinin köçürülməsi işlərinə başçılıq edən Lazarov Paskeviçə yazırdı: "Qabaqca Marağa erməniləri, sonra isə bütün ermənilər yerlərini tərk etməyi qərara aldılar. Ermənilərin köçürülməsini təsvir edən S.Qlinka 1831-ci ildə yazırdı: Türkmənçayla həmhüdud kəndlərin erməniləri Qarabağa yollandılar. Üç ay yarım ərzində 8 min erməni ailəsi Araz çayını keçdi.
Rus müəlliflərinin, ilk növbədə N.Şavrovun yazdığına görə, məhz 1828-1830-cu illər ərzində 40 000 İran və 84 600 Türkiyə ermənisi Qarabağın da daxil olduğu Yelizavetpol və İrəvan quberniyalarına köçürüldü. Şavrov həm də yazmışdır ki, Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyondan artığı gəlmə ermənidir. N.Şavrovun bu fikrini vaxtı ilə XIX əsrin 8 cilddən ibarət olan tarixini hazırlamış fransız müəllifləri Lavissa və Rambo da təsdiq edirlər. 1925-ci ildə Fransada nəşr olunmuş bu mükəmməl əsər akademik E.V.Tarlenin redaktəsi ilə 30-cu illərin sonunda SSRİ-də də nəşr olundu. Onlar da təsdiq edirdilər ki, İrəvan quberniyası istisna olmaqla ermənilər özləri Qafqazda yeni gələnlər idilər (ermənilərin özləri Yerevan quberniyası istisna olmaqla Qafqazda gəlmə idilər) (XIX əsr tarixi. Professor Lavissa və Rambonun redaktəsi altında; 1939,c.8,s.298). Yəni, Azərbaycanı və Qafqazı işğal etdikdən sonra Rusiyanın yeritdiyi siyasət ermənilərin simasında bölgənin xristianlaşdırılmasına yönəldilmişdi və məhz bu siyasət nəticəsində Azərbaycanın qədim ərazilərində ermənilərin sayı artmağa başladı ki, bu da sonrakı problemlərin başlanğıcını qoydu.
İstər birinci, istərsə də ikinci rus inqilabından sonra regionda ağır hadisələr baş verdi. Nümunə üçün Gəncədən I Dövlət Dumasına deputat seçilmiş İsmayıl xan Ziyadxanovun 1906-cı ilin iyun ayının 12-də Dumada çıxışına diqqət yetirək. O deyirdi: "Hörmətli millət vəkilləri, hər dəqiqə ölkəmizdən qorxulu xəbərlər alıram. Cənabalar, iki ildən bəri qan içində üzən ölkəmizdə cəsədlərin üstündən keçirik. Artıq səbrimiz tükənib. Biz anaların qucağından alınıb havaya atılan südəmər uşaqların havada ikən xəncərə keçirildiklərini görmüşük, biz hamilə qadınların qarnına salınan xəncərlərin açdığı yarıqlardan uşaq əllərinin bayıra sallandığının şahidi olmuşuq. Qoy, dəlik-deşik edilən cəsədlərdən, anaların, uşaqların fəryadlarından, iniltisindən həzz alanlar rədd olsunlar". Bu mənzərə oktyabr inqilabından sonrakı dövr üçün də xarakterik idi. Bolşevizmin Qafqazda erməni donunda zühur etməsi Azərbaycan türklərinə böyük fəlakətlər gətirdi. Təkcə Bakıda 1918-ci ilin mart ayında dini və milli əlamətlərə görə 3 gün ərzində 12 min adam vəhşicəsinə qətlə yetirildi. Eyni hadisə Şamaxıda, Qarabağda, Naxçıvanda, İrəvanda və digər yerlərdə də təkrar edildi. Yalnız 1918-ci ilin mayında Azərbaycan Xalq Cumhuriyyəti qurulduqdan sonra bu fəlakətlərin qarşısını almaq mümkün oldu.
Yeri gəlmişkən, 1918-20-ci illərdə Ermənistan Cənubi Qafqazda 10 min kv.km. ərazisi olan dövlət idi. Sovetləşmədən sonra 29,8 min kv.km. oldu. Heç kəs maraqlanmaq istəmir ki, bu ərazilər haradan gəldi. Axı, Ermənistanın indiki ərazisinə əlavə edilən bu 19,8 min kv.km. ərazi hamısı Azərbaycanın idi. Qarabağa gəldikdə isə Xalq Cümhuriyyəti dövründə orada vəziyyəti stabilləşdirmək mümkün oldu. 1919-cu ildə Ermənistandan gəlmiş milli Şuranın üzvləri Qarabağdan çıxarıldıqdan sonra erməni əhalisi qurultay çağırıb Azərbaycan hökumətinə tabe olmaq barədə qətnamə qəbul etdi. Hökumətin Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısına göndərdiyi həmin qətnamə Ə.M.Topçubaşov tərəfindən Versal Ali Şurasına təqdim edildi. Orada deyilirdi: "Qarabağın erməni əhalisinin nümayəndələri bu əhalinin Azərbaycan hökumətinə tabe olması haqqında qətnamə qəbul etmişdir".
Qarabağ heç vaxt Ermənistanın tərkibində olmayıb. Belə yanlış fikirlərlə dünya ictimaiyyətini aldadırlar, guya nə vaxtsa Qarabağ Ermənistanın tərkibində olub və sonra onu Stalin alıb Azərbaycana verib. Bununla, sadəcə olaraq, SSRİ-nin dağılmasından sonra ermənilər Stalin əleyhinə başlanan kampaniyadan yararlanmaq istəyirdilər. Məsələ tama-milə əksinədir. Qarabağın dağı da, aranı da tarixən bir vahid olub və həmişə Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Məhz Moskvanın təşəbbüsü ilə, Stalinin yardımı ilə Qarabağın dağlıq hissəsi inzibati vahid olaraq onun aran hissəsindən ayrıldı və 1923-cü ilin iyul ayında Azərbaycanın tərkibində DQMV yaradılmaqla respublikanın altına gec partlayan mina qoyuldu.
Azərbaycan rəhbərliyi o zaman çox ciddi səhvə yol verdi. DQMV-nin yarandığı dövrdə tərkibinə qatılan yaşayış məntəqələrinin yalnız adlarına diqqət yetirilsə bunun 90% Azərbaycan yaşayış məntəqələridir. Bir də əgər Rusiya ordusunun Mərkəzi dövlət arxivinin sənədlərinə diqqət yetirilsə orada Azərbaycan- Ermənistan sərhədlərini əks etdirən çox qiymətli sənədlər var. Məsələn onların biri belədir: "Azərbaycan Sovet Sosialistik Respublikasının mübahisəsiz ərazisinin Ermənistanla sərhəddinin təsviri". Orada göstərilir: "Azərbaycanla Ermənistanın sərhəddi Sürməli qəzasından Araz çayınadək olan əvvəlki inzibati sərhəddən keçir: Ağamzalı, Baş-Gərni və İmirzin kəndlərindən, daha sonra Yeni-Bəyazit və Şərur-Dərələyəz qəzalarından keçərək Göyçə gölündən elə dönür ki, Gözəl-Dərə kəndi Ermənistana, Daşkənd və Basarçəqər kəndləri Azərbaycana keçir. Sərhəd Göyçə gölünü yarıdan bölür, sonradan Gəncə və İrəvan quberniyalarından elə keçir ki, Çubuğlu kəndi Ermənistana, Göyçə gölünün qalan şərq sahili isə Azərbaycana qalır. Bu bölgü əsasında Azərbaycan ərazisinə Gəncə quberniyası və Sürməli, Naxçıvan, Şərur-Dərələyəz, İrəvan quberniyalarının bütün qəzaları, eləcə də Kəmərlü, Böyük-Vedi və Dəvəli kəndəli ilə birlikdə İrəvan quberniyasının qəzaları, Yeni-Bəyazitin şərq hissəsi daxildir".
Qarabağla bağlı növbəti kampaniya ikinci dünya müharibəsindən sonra başlandı. Türkiyənin Qars və Ərdahan vilayətlərinə iddialar irəli sürülməklə eyni vaxtda 1945-ci ilin noyabr ayının 28-də Ermənistan Kompartiyasının katibi Q.Arutinovun İ.Stalinə DQMV-nin Ermənistana birləşdirilməsi haqda məktubu var. İ.Stalin məktubu araşdırmaq üçün G.Malenkova, o da fikrini bildirmək üçün Azərbaycan Kompartiyasının katibi M.C.Bağırova göndərdi. 1945-ci ilin dekabr ayının 10-da sonuncunun G.Malenkova cavabı var. O bunu məqbul saymır, əgər Moskva təkid edirsə M.C.Bağırov DQMV-nin verilməsini yox, ərazi dəyişikliyini mümkün sayır. O yazırdı ki, birincisi Şuşa şəhəri müzakirə mövzusu ola bilməz, ikincisi Ermənistanın əhalisi bütövlükdə azərbaycanlılardan ibarət olan Vedi, Qarabağlar və Əzizbəyov rayonlarının Azərbaycana verilməsi, üçüncüsü isə yaxın vaxtlara qədər Azərbaycanın tərkibində olmuş Dərbənd və Qasımkənd rayonlarının respublikaya qaytarılması şərtilə bu məsələyə baxmaq olar. Bu cavabdan sonra Moskva bir də həmin dövrdə sərhədlərin dəyişdirilməsi məsələsinə qayıtmadı.
Lakin Ermənistan rəhbərliyi 1947-ci ilin dekabrında azərbaycanlıların Ermənistandan köçürülməsi haqqında İ.Stalinin imzaladığı qərarın verilməsinə nail oldu. Burada məsələ heç də qərarda deyildiyi kimi Azərbaycanın kənd təsərrüfatını işçi qüvəsi ilə təmin etməklə bağlı deyildi. Məsələ onda idi ki, Moskva Türkiyəyə qarşı ərazi tələblərini əsaslandırmaq üçün xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına repatriasiyası haqqında 1945-ci ilin dekabrında Xalq komissarları Sovetinin qərarını elan etmişdi. 360-400 min erməninin köçürülməsi nəzərdə tutulurdu. Bu qərar gözlənildiyinin əksinə olaraq dünyada yaxşı qarşılanmadı. 1947-ci ildə bu qərarla bağlı 50 mindən bir qədər artıq erməni Sovet Ermənistanına gəlmişdi. Bütövlükdə isə 1946-49-cu illərdə repatriantların sayı 90 mindən artıq olmadı. Türkiyədən torpaq almaq mümkün olmayanda repatriantları yerləşdirmək üçün Ermənistandan azərbaycanlıların köçürülməsi haqda qərar verildi. Bu barədə 1947-ci ilin dekabr ayının 3-də Q.Arutinov və M.C.Bağırovun İ.Stalinə məktubu var. Məktubda məhz bu köçürmənin xaricdən gələn ermənilərin torpaqla təmin edilməsi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması məqsədilə azərbaycanlıların köçürülməsi əsaslandırılmırdı. Bu məktubdan 2 həftə qabaq Moskvada Siyasi Büroda noyabr ayının 21-də Azərbaycan Kompartiyasının məsələsi müzakirə edilmişdi. Həmin sənədlər Rusiya Dövlət Sosial Siyasi tarix arxivində bu gün də qapalı saxlanılır. Orada nə baş verdisə M.C.Bağırov dekabrın 3-də azərbaycanlıların köçürülməsi ilə bağlı məsələyə razılıq verdi. Təsəvvür edin ki, 100 min azərbaycanlı evləri və əmanətləri əlindən alınaraq doğma yurdundan deportasiya edilirdi. Köçürülən əhalinin buna münasibəti son dərəcə mənfi idi.
1948-ci ilin may ayının 3-də Ermənistan SSR Daxili İşlər Nazirliyi general-mayor Qriqoryanın imzası ilə 11 səhifədən ibarət belə bir sənəd hazırlayıb: "Ermənistanın azərbaycanlı əhalisi arasında onun Azərbaycan SSR-ə gözlənilən köçürülməsi ilə əlaqədar əhval-ruhiyyəsi barədə arayış". Orada deyilirdi: "Bizim tərəfimizdən onların yeni yaşayış yerlərinə köçmək istəmədiklərinə dair, bəzilərinin isə qəbiristanlığa gedərək yaxınlarının qəbri üzərində ağlayaraq köçürülməmələri üçün dua etdiklərinə dair çoxsaylı faktlar qeydə alınıb". 100 min insanın deportasiya edilməsində ermənilərin özlərinin təsbit etdiyi həqiqət bu idi.
Dağlıq Qarabağ termini Azərbaycana sovetləşmə gətirdi. 1921-ci ilin avqust ayının 1-də Şuşa qəzası sovetlərinin fövqəladə qurultayı keçirildi. Orada çıxış edən L.Mirzoyan Zaqafqaziya komitəsinin Qarabağın dağlıq hissəsindən Bakıya tabe olan xüsusi inzibati vahid yaratmaq qərarını tamamilə doğru və məqsədəuyğun sayırdı. 1921-ci ilin sentyabrında orqbüro və siyasi büroda Qarabağın Dağlıq hissəsinin muxtəriyyətinin elan olunması barədə Qafqaz bürosuna təklif verilməsi müzakirə ediləndə N.Nərimanov və D.Bünyadzadə bunun əleyhinə olduğundan qərar qəbul edilmədi. 1922-ci ilin dekabrında Dağlıq Qarabağ üzrə Komitənin üzvləri (Qaragözov, Şaduns, Manusyan, Mirzəbekyan) Qarabağın dağ və aran inzibati ərazi vahidlərinə bölünməsi məsələsini yenidən qaldırdılar. Bu məsələni hazırlamaq üçün Qarayev, Dövlətov və Mirzəyandan ibarət komissiya təklif hazırlayıb Rusiya Kommunist Partiyasının Zakkraykomunu plenumuna təqdim etdi. Zakkraykomun tövsiyəsi ilə Azərbaycan Kompartiyası 1923-cü ilin iyulun 1-də Qarabağın Dağlıq hissəsini onun qalan hissəsindən ayırıb ora muxtariyyət hüququ verdi. İyulun 7-də qərar elan edildi və DQMV yarandı. Göründüyü kimi, bu termini və bu bəlanı kommunistlər gətirdilər Azərbaycana.
Təəssüflər olsun ki, DQMV-in yaranması da daxil olmaqla bütün sonrakı dövrdə Azərbaycan rəhbərliyi bu məsələyə münasibətdə ciddi səhvlərə yol verib. Aydın, düşünülmüş, əsaslandırılmış mövqe nümayiş etdirmək əvəzinə Azərbaycan rəhbərliyi xırda istisnalarla bir qayda olaraq ermənilərin iddialarına münasibətdə təslimçi və barışdırıcı mövqe tutmağa üstünlük verib. Məsələn, 60-cı illərdə Ermənistandan gələn emissarlar DQMV-nin Ermənistana birləşdirilməsi istiqamətində imza toplamağa cəhd göstərmişdilər. 1961-ci ildə N.Xruşovun Ermənistanda Sovet hakimiyyətinin qurulmasının 40 illiyi ilə bağlı Yerevana səfəri gözlənilirdi. Erməni rəhbərliyi belə bir şayiə yayırdı ki, N.Xruşov "hədiyyə" ilə gəlir, 1954-cü ildə Ukrayna-Rusiya uniyasının 300 illiyi münasibətilə Krımı Ukraynaya verdiyi kimi DQMV-i də Ermənistana verəcək. Yeri gəlmişkən, Yerevanın bu niyyəti ona görə baş tutmadı ki, həmin dövrdə Qarabağ erməniləri belə avantürist məqsədlər üçün imza verməkdən imtina etdilər. Bunun əvəzində isə Ermənistan rəhbərliyi orada yaşayan azərbaycanlı əhali üçün dözülməz vəziyyət yartmışdı. Uydurma erməni genosidinin 50 illiyi ilə bağlı Ermənistanda yaşayan azərbaycanlılar tərəfindən 1965-ci ilin mart ayında L.Brejnev və A.Qromıkoya göndərilən anonim məktublarda xəbərdarlıq edilirdi ki, "hazırda Ermənistan partlayıcı maddə ilə doldurulmuş və ilk qığılcımdan alışmağa hazır nəhəng kürəyə bənzəyir". Məktub müəllifləri "genosid" günü Ermənistanda yaşayan türklərin qətl olunmaq təhlükəsinin olduğunu yazırdılar. 1977-ci ildə SSRİ yeni konstitusiyasını qəbul edərkən Ermənistan rəhbərliyi DTMV-nin Ermənistana birləşdirilməsi məsələsini yenidən qaldırdı. Lakin Azərbaycan hakimiyyətinin qəti etirazı nəticəsində bu iddialar rədd olundu.
Yəni, Sovet hakimiyyətinin bütün dövründə Ermənistan rəhbərliyi ermənilərin qonşu xalqlara nifrətini, məcazi mənada desək, kökdə saxlaya bilib. Bizdə isə 1981-ci ilin iyununda Azərbaycan SSR Ali Soveti DQMV-nin statusu haqqında qanun qəbul edərkən ciddi səhvlərə yol verdi. Həmin dövrdə SSRİ-də muxtar qurumlar üçün nəzərdə tutulmayan hüquqlar 1981-ci il 24 iyun qanunu ilə yeganə olaraq Dağlıq Qarabağa verildi. Məsələn orada deyilirdi ki, DQMV-nin vilayət Sovetinin razılığı olmadan onun inzibati ərazi quruluşunda dəyişiklik edilə bilməz. Əlavə olaraq DQMV-ə daha iki imtiyaz verilmişdi. Rusiya Federasiyasında olan muxtar vilayətlərin heç birinin belə imtiyazları yox idi.
H.Əliyev Moskvaya getdikdən sonra respublikaya bir-birinin ardınca zəif adamların rəhbərlik etməsindən ermənilər bacarıqla istifadə edə bildi. Azərbaycan rəhbərləri bir qayda olaraq Moskvanın onları millətçilikdə ittiham etməsindən çox ehtiyat etdiklərindən Yerevanın Qarabağdakı əməllərinə göz yumurdu və bu da ideoloji baxımdan Qarabağ ermənilərinin bir hissəsinin Ermənistanın nəzarətinə düşməsi ilə nəticələndi. Əlbəttə, 1985-ci ildə M.Qorbaçovun Moskvada hakimiyyətə gəlməsi ermənilərin iddialarının aktivləşməsində mühüm rol oynadı. Mən siyasi Büronun iclaslarının stenoqramları ilə tanış olduqda gördüm ki, M.Qorbaçovun ermənipərəstliyi hələ onun hakimiyyətə gəlməsindən əvvəl başlanıb. K.Çernenko xəstə olanda partiyada ikinci adam idi ki, Katibliyin və Siyasi Büronun iclaslarını Qorbaçov aparırdı.
Diqqət yetirin, 1985-ci ilin fevral ayının 21-də Siyasi Büronun iclasına Sov. İKP MK katibliyinin qərarı ilə hansı məsələni çıxardı. "Erməni genosidinin 70 illiyi ilə əlaqədar tədbirlər haqqında". Məqsədi 24 apreli "Genosid qurbanlarının xatirə günü" qeyd etmək üçün Siyasi Büronun qərarını almaq idi. Lakin Siyasi Büronun təcrübəli üzvlərindən N.Tixonov, A.Qromıko, V.Qrişin, M.Zimyanin tamamilə məsələnin əksinə çıxdılar. V.Qrişin demişdi: "70 il biz Respublika Ali Şurası Prezidiumunun bu məsələ ilə bağlı qərarı olmadan keçinirdik, indi isə qərar qəbul etmək təklif olunur. Bunu nəyə görə etmək lazımdır? Mən ümumilikdə xatirə günü haqqında respublika qərarının qəbul olunmasının vacibliyinə böyük şübhə ilə yanaşıram". A.Qromıko qeyd etmişdi ki, "bu, Türkiyə Sultanlığının və Rus çarizminin çirkin cinayəti idi. Lakin məlum olduğu kimi, 6 il ərzində respublikamıza başçılıq edən Leninin hakimiyyəti zamanı, genosidlə bağlı bu kimi məsələlər meydana çıxmırdı". N.Tixonov isə bildirmişdi ki, "Ermənistan Kommunist partiyasının MK-nin təklifini oxuyanda çox narahat oldum. Bizim Türkiyə ilə münasibətlərimiz təzəcə yoluna düşməyə başlayıb". Bax belə, onda M.Qorbaçovun ermənipərəst avantüralarının qabağını almaq mümkün idi. O, baş katib olandan sonra bu mümkün olmadı. Nəticədə erməni separtizmi Kremldən böyük dəstək gördü və 1989-cu ilin 1 dekabrında beynəlxalq hüquqa və SSRİ konstitusiyasına və qanunlarına zidd olaraq Ermənistan Ali Soveti DQMV-in Ermənistana birləşdirilməsi, yəni ilhaq edilməsi haqda qanun qəbul etdi. Bu qanun hələ də ləğv edilməyib. Bu hadisələr başlayanda Respublika rəhbərliyində olan adamlar ona hazır deyildilər. Məsələn, 1988-ci ilin iyulun 18-də SSRİ Ali Soveti Rəyasət heyəti məsələni müzakirə edəndə Azərbaycan tərəfi son dərəcə məsuliyyətli iclasa probleminin tarixini öyrənmədən və yaxşı bilmədən gediblər. Məsələn, Ermənistan və DQMV nümayəndələri həmin iclasda guya 1921-ci ildə Dağlıq Qarabağın Ermənistandan mexaniki olaraq qoparılıb Azərbaycana verilməsi haqqında tarixə zidd uydurmalar danışanda Azərbaycan tərəfi belə saxtakarlığa, Dağlıq Qarabağın heç vaxt Ermənistanın tərkibində olmadığı haqqında prinsipial məsələyə aydınlıq gətirməyə cəhd belə göstərmədir.
Vaxtilə Mirzə Cəlil "Molla Nəsrəddin" jurnalında bu məsələyə toxunanda özünəməxsus yumorla yazırdı: "Görüm Uriseti xaraba qalsın, Uriset gələndən bəri müsəlmanın işi düz gətirmir". Əlbəttə, bu, mayasına həqiqət qatılmış bir yumor idi. Rusiyanın tərkibində Azərbaycan böyük, tarixi bir yol keçmişdir. Lakin bu yolun itkiləri də böyük olmuşdur. Dağlıq Qarabağ da 200 ildə Rusiyadan bizə qalmış sonuncu "yadigardır". XIX əsrin əvvəllərindəki rus işğalları, XX əsrin 20-ci illərindəki bolşevik eksperimentləri, 80-ci illərin sonundakı kommunist avantürası Azərbaycanı Qarabağın Dağlıq hissəsinin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdur. Qarabağa münasibətdə son 200 ilin tarixi yekunu bundan ibarətdir.