Əlikram Tağıyev, Kəmalə Qasımova
müharibə və sülh mədəniyyətinə dair
Müharibə dövründə sülhün, sülh dövründə isə müharibələrin taktika və strategiyasının işlənib hazırlanması qədim dövrlərdən indiyədək yaşayıb fəaliyyət göstərən bütün siyasətçiləri və strateqləri düşündürən əsas məsələlərdən biridir. İnsanlar daim əbədi sülh sorağında olmuşlar. Onlar daim müharibəsiz, münaqişəsiz, dinc və sakit həyat arzulamışlar. Lakin müxtəlif ambisiyalar və maraqlar, sinfi, dini, milli və irqi mənafelər müharibələri doğurmuşdur. Müharibə dövrü özünə uyğun bir ədalət meyarı da yaratmışdır. Aparılma prinsiplərindən asılı olaraq, müharibələrin xarakteri də müxtəlif olmuş, onda iştirak etməyən mülki əhalinin həyatı üçün qarant verə biləcək siyasi və hərbi liderlərin mövqeləri də fərqli olmuşdur. Bəşəriyyətin qabaqcıl dahiləri daim müharibələri, zorakılığı pisləmiş, mehriban qonşuluğu təbliğ etmişlər. Onlar müharibə dövrlərində belə qarşıdakı yad xalqın maddi və mənəvi mədəniyyətinə hörmətlə yanaşmağı, onların mülki əhalisinə, qocalara və uşaqlara, silahsız adamlara rəhmlə yanaşmağı təlqin etmişlər.
BMT özünün yarandığı ilk günlərdən öz nizamnaməsində elan etmişdir ki, "Birləşmiş millətlərin xalqları, gələcək nəsilləri müharibə fəlakətindən xilas etmək qətiyyətilə insanların əsas hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə inam hissini yenidən tədqiq etmək və bu məqsədlərlə dözümlülük nümayiş etdirmək və mehriban qonşular kimi bir-biri ilə dinc yanaşı yaşamaq əzmindəyik".
Beynəlxalq miqyasda müharibələrin aparılması, bu zaman mülki əhalinin qorunması, qaçqın və köçkünlərin yerləşdirilməsi, yaralılara yardım göstərilməsi, ölənlərin ailə və uşaqlarına konsepsiyaların verilməsi və s. kimi məsələlər hələ 1949-cu ildən üzü bəri beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müəyyən hüquqi aktlarla tənzimlənir.[1] Məlumdur ki, humanitar hüquq – beynəlxalq hüququn tərkib hissəsi olub, humanist prinsiplərə əsaslanaraq müharibə vaxtı fərdin hüquqlarını qoruyur. 1949-cu il dörd Cenevrə Konvensiyasına və 1947-ci ildə ona əlavə olunan protokollara əsaslanan bu sənəd 600 maddədən ibarətdir. Cenevrə hüququ[2] sırf humanitar xarakter daşıyır və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əsas ideyasını özündə əks etdirir.
Haaqa Hüququndan[3] fərqli olaraq Cenevrə hüququ müharibə qurbanlarının tam mənafelərini əks etdirir və müharibədə zərər çəkənlərin hüquqlarını tapdalamaq üçün heç bir dövlətə əl yeri qoymur. Haaqa hüququ da dövlətlər arasında müharibələr aparılmasına dair humanist prinsipləri əldə rəhbər tutur. Amma bununla belə, o, müharibələrin labüdlüyü, habelə müharibədən məğlub çıxmış dövlətin saxlanılması və s. məsələlərlə daha çox bağlıdır.
1995-ci il YUNESKO-nun təşəbbüsü ilə BMT tərəfindən Beynəlxalq Tolerantlıq ili elan edilmişdir. 1995-ci il noyabrın 16-da da Parisdə YUNESKO-nun üzvü olan 185 dövlət tolerantlıq prinsipləri Bəyannaməsini qəbul etmişlər. BMT-nin üzv dövlətləri hər il noyabrın 16-nı Beynəlxalq Tolerantlıq günü elan etmişlər. 1998-ci ilin sonunda isə BMT yenə də YUNESKO-nun təşəbbüsü ilə 2000-ci ili rəsmən Sülh mədəniyyəti ili elan etmişdir. Bununla əlaqədar olaraq, Nobel mükafatları laureatlarının təşəbbüsü ilə 2000-ci il sülh manifesti hazırlandı və YUNESKO bu təşəbbüsü bəyəndi. Sülh mədəniyyəti - qeyri-zorakılığa, əsas hüquqlara və azadlıqlara hörmət, qarşılıqlı anlaşmaya, dözümlülüyə və həmrəyliyə, qadınların fəal iştiraka cəlb edilməsinə və onlara hakim funksiyaların tapşırılmasına, azad məlumat axınının qəbul edilməsinə və mübadiləsinə əsaslanmış ümumi məqsədlər, məqamlar, nəzərlər və davranışlar məcmusudur. Onu da deyək ki, Azərbaycan respublikası Sülh manifestini imzalayan ilk dövlətlərdən biridir[4].
Erməni millətçiləri isə yuxarıda deyilən bu insani dözümlülük və sülh manifesti prinsiplərindən heç birinə əməl etmir, beynəlxalq hüquqi sənədləri belə ayaq altına alıb tapdalayırlar. Onlar mülki əhalini öz ev eşiklərindən didərgin salır, qoca və uşaqları öldürür, qız-gəlinləri əsir aparır, əlsiz-ayaqsız, köməksiz və kimsəsiz adamları qul vəziyyətinə salırlar. Belə ki, ermənilər özlərindən zəif gördükləri hər hansı xalqın nümayəndəsinə rəhm etmir, fəxrlə də bunu "Böyük Ermənistan yaratmaq naminə" etdiklərini bildirirlər. Bütün bunlar ermənilərin bizə qarşı mədəniyyətsiz müharibə apardıqlarını sübut edir. Onlar atəşkəsi pozur, işğal etdikləri torpaqların ilhaq olunmasına çalışır, bu yolda bütün vasitələrdən istifadə edirlər. 1975-ci il Helsinki Sülh müqaviləsinə əsaslanan sərhədlərin toxunulmazlığı prinsipi, habelə BMT tərəfindən ermənilərin işğal etdikləri torpaqlardan çıxmaları haqda qəbul edilmiş 4 qətnamə yerinə yetirilməmiş qalır. Öz havadarlarının dəstəyinə arxalanan bu "qədim mədəni xalq" özgə torpaqlarını tutarkən heç də mədəniliyini göstərmir, əksinə özünün barbar hərəkətlərilə özünə ancaq nifrət qazandırır. İşğal etdiyi yerlərin maddi-mədəniyyət abidələrini çox qəddarlıq və vəhşiliklə məhv edirlər. Bunu hansı mədəniyyətin ayağına yazmaq olar?! Buna vəhşilik və vandalizmdən başqa ad vermək mümkün deyil. Əbədi, yaxud, müəyyən müddətli sülh yaratmaq üçün bəzən müharibə zəruri olur. Roma imperiyası hər yerdə "Romana Pax"ın (Roma sülhü) təmin olunmasına çalışırdılar. Napoleon Bonapart Avropada aramsız müharibələr aparırdı ki, buna oxşar sülhə nail olsun. Ermənilər Azərbaycanın beşdə bir hissəsini işğal etmişlər. Bəhanə də bu olmuşdur ki, bununla onlar "düşmənin atəş nöqtələrini susdurublar", ərazimizin işğal olunduğu bir dövrdə bütün beynəlxalq təşkilatlar və ermənipərəst qüvvələr bizdən tələb edirlər ki, məsələni ancaq sülh yolu ilə həll edək. Sülh yolu isə erməniləri öz iddialarından çəkindirməyəcək. Ona görə də xalq silaha sarılıb öz torpaqlarını azad etməlidir. Məsələ belə qoyulmalıdır: "Ya Vətən, ya da ölüm!". Bu, sülhü təmin etməyin ən yaxşı vasitəsidir.
Bütün bunlara görədir ki, bu gün Qarabağ düyünü "nə sülh, nə də müharibə" dixotomiyasında ilişib qalmışdır. Problemin bu şəkildə qalması ermənilərə və ermənipərəst qüvvələrə sərfəlidir. Onlar məsələni bu şəkildə dondurmaqla xalqımızın unutqanlığına və problemin bir növ köhnələcəyinə ümid bəsləyirlər. Daha aydın desək, onlar belə fikirləşirlər ki, yeni gələn nəsillər üçün bu problem bir növ köhnələcək.
[1] Фредрик Морис и Жан де Куртен. Действия МККК в интересах беженцев и гражданских перспешениях лиц. М., 1994 (16 с.)
[2] Cenevrə hüququ – silahlı münaqişələr hüququ– öz mahiyyətinə görə humanitar hüquq olub silahlı münaqişələrdə iştirak etməyənlərin və iştirakçı olub zərərçəkənlərin (yaralıların, əsirlərin və s.) hüquqlarının keşiyində dayanır. 1974-1977-ci illərdə Cenevrə diplomatik konfranslarında humanitar beynəlxalq hüququn tərkib hissəsi kimi nəzərdən keçirilmişdir.
[3] Haaqa hüququ 1899-cu ildə qəbul olunmuş, 1907-ci ildə ona bir sıra əlavələr olunmuşdur. Burada çox mühüm maddələr: hərbi əsirlərin statusu, yaralıların və işğal zonasındakı mülki əhalinin hüquqlarının qorunması və s. vardır. Bu sonuncular 1929, 1949-cu illərdə Cenevrə hüququ ilə birləşmişlər. Çünki onlar biri-birilə çox bağlı məsələlərdir və onlar arasında fərq getdikcə də aradan qalxmaqdadır. 1954-ildə Haaqa Konvensiyasına və 1980-ci ildə Cenevrədə təsdiq olunduğuna görə: 1) Mədəni dəyərlərin qorunması; 2) müəyyən silah növlərinin qadağan olunması və məhdudlaşdırılması Haqqa hüququna daxil edilmişdir.
[4] Ə. Abbasov, F. Məmmədov. Sülh mədəniyyəti nədir?, Bakı, 2002, s.52, 61 (71s.)