Fazil Qəzənfəroğlu
dağlıq qarabağ: uduzulmuş gələcək
Qarabağ məsələsi barədə həm Azərbaycanın mövcud iqtidarının, həm də onu gələcəkdə əvəzləməsi mümkün sayılan müxalifətinin beynində və ya sandığında aydın şəkildə çözüm proqramının olması hər bir azərbaycanlıda haqlı olaraq şübhə doğura bilər. Ancaq bir tezis hamıya bəllidir ki, Azərbaycanın dəyişməz mənafeyi baxımından məsələnin iki həll yolu var: ya torpaqların işğalı ilə razılaşıb ərazilərin itkisini qəbul etməklə əbədi sülh bağlamaq, ya da ordunu səfərbər edib düşməni torpaqlardan çıxarmaq və bu zaman erməniləri himayə edən əksər güclü dövlətlərlə üz-üzə qalmaq.
Birinci və ikinci yolun hər ikisi real görünmür. Belə olan halda hamı diqqətini beynəlxalq iradənin nəyi bizə diqtə edə biləcəyinə yönəldib. Beynəlxalq iradə isə Ermənistanı himayəetmə kursundan vaz keçəcək kimi görünmür. Əvvəllər olduğu kimi, Azərbaycanın bu məsələ ətrafında Türkiyə ilə intensiv məsləhətləşmə imkanı da xeyli məhdudlaşdırılmışdır. Xüsusilə də, Türkiyənin Minsk Qrupunun həmsədrləri sırasında yer almaması və Şimali Kipr probleminin həllinin də başa çatdırıla bilməməsi «bir millət, iki dövlət»in hər ikisini bu gerçəkliklə barışmağa məhkum etmişdir. Ancaq unudulmamalıdır ki, Qarabağ problemi Kipr məsələsindən daha ağır problemdir və birincidə ən mühüm kartlar Türkiyənin əlində olsa da, ikinci durumda Azərbaycan heç bir ciddi təzyiq imkanına sahib deyildir.
Artıq 15 ildir ki, Azərbaycan Dağlıq Qarabağın siyasi, iqtisadi, mədəni və sosial təsisatlarında iştirak etmir. Atəşkəsin artıq 12 il davam etməsinə baxmayaraq, tərəflər münaqişənin həllinə yaxınlaşdıra biləcək bir sənəd imzalaya bilməmiş və atəşkəs dövründə ölənlərin sayı durmadan artmaqdadır. Beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqlarda nə baş verməsindən asılı olmayaraq, müharibənin yenidən başlanması əsl təhlükə kimi görünür. Bu istiqamətdə Azərbaycan rəsmilərinin tez-tez «sülh danışıqları uğurla başa çatmasa, müharibə yolu ilə torpaqlarımızı azad edəcəyik» ifadəsinin də çox işlədilməsinə baxmayaraq, unudulmamalıdır ki, yalnız ermənilərdən ibarət olan Dağlıq Qarabağ dünyanın ən hərbiləşdirilmiş cəmiyyətlərindən birinə çevrilmişdir. Digər tərəfdən, bir-birinə zidd mövqedə dayanan ABŞ, Rusiya və İran kimi dövlətlərin Ermənistana açıq dəstəyi faktı da Azərbaycanın yalnız Dağlıq Qarabağla və ya Ermənistanla müharibə aparmayacağını göstərir.
Şərtlər həm də ona görə ağırdır ki, on ildən artıq bir müddətdə Azərbaycan hakimiyyəti ictimaiyyəti tam şəkildə bu problemin həllində iştirakdan uzaqlaşdırmış və problem konfedensial dövlət sirri kimi qapalı olaraq bir neçə məmurun ixtiyarına buraxılmışdır. Acınacaqlı cəhət odur ki, Azərbaycan Respublikasının Milli Məclisində dəfələrlə təşəbbüs qaldırılmasına baxmayaraq, məsələni sadə formada olsa belə müzakirəyə çıxarmaqdan hakim çoxluq imtina etmişdir. Buradan belə çıxır ki, Qarabağ məsələsi ilə bağlı gələcəkdə də cəmiyyətin müxtəlif təbəqələri arasında ciddi şəkildə alınacaq qərarlara təsir göstərə biləcək müzakirələrin aparılmasına imkan verilməyəcəkdir.
Buna görə də, həm problem haqqında aydın təsəvvürü olan Azərbaycan hakimiyyəti, həm də problemin həllindən kənarda saxlanılan və informasiyasız Azərbaycan cəmiyyəti ciddi səviyyədə ABŞ, Rusiya və ya ATƏT-dən gələcək təkliflərin nəhayət ki, birində möcüzə baş verəcəyini gözləyir. Möcüzə isə baş verməyəcək. Çünki Qərbin aparıcı dövlətlərinin, ATƏT-ın, Avropa İttifaqının, Beynəlxalq Böhran Qrupunun, Minsk Qrupunun gəldiyi ortaq qənaət budur: Azərbaycanın ərazi bütövlüyü üzərində vurğu işarəsi qoymadan müharibəsiz Dağlıq Qarabağ məsələsini həll etmək.
Hətta Dağlıq Qarabağın ətrafındakı rayonların boşaldılması mövzusu da bilərəkdən heç bir danışıqlarda kontekstdən çıxarılmır və bu faktı da Ermənistanın bilavasitə işğalı kimi qeyd etməyə maraqlı görünmürlər. İndiyədək, yəni atəşkəs elan olunan dövrdən sonra konkret təklifləri müqayisə etməklə bunu açıqca görmək mümkündür: Dağlıq Qarabağa geniş muxtariyyət verməklə Azərbaycan tərkibində saxlanılması və son status məsələsinin sonrakı dövrlərə qədər təxirə salınması; Dağlıq Qarabağın və Azərbaycanın «ümumi bir dövlət»in tərkib hissəsi kimi qəbul edilməsi; Azərbaycan və Ermənistan dövlətlərinin protektoratı altında Dağlıq Qarabağın hər iki dövlət tərəfindən idarə olunması; Dağlıq Qarabağla Ermənistanın Mehri dəhlizinin ərazi mübadiləsi formasında dəyişdirilməsi; Dağlıq Qarabağa keçid suverenliyinin verilməsi yolu ilə 25 və ya 50 il sonra onun müstəqilliyinin tanınması;
Daha geniş regional çözüm kontekstində status məsələsinin həll olunması kimi variantlar ayrı-ayrı dövrlərdə gündəmdə olmuşdur. Bu təkliflərdən ən konkretini xatırlatmaq lazımdır ki, 1997- ci ildə ATƏT-in Minsk Qrupu təklif etmişdi. Bu təklifə əsasən, Dağlıq Qarabağ geniş hüquqları və zəmanətləri olmaq şərtilə Azərbaycanın hüdudlarında dövlət və ərazi qurumu sayıla bilərdi. Dağlıq Qarabağ rəhbərliyi bu təklifi rədd etsə də, Ermənistan Dağlıq Qarabağa formal olaraq Azərbaycanın tərkibində muxtariyyət verilməsi ilə bağlı razılaşmanı müzakirə etmək niyyətini göstərirdi. Lakin Ermənistanın, «Azərbaycanla Dağlıq Qarabağ arasında vertikal münasibətlər olmamalıdır» tezisi haqlı olaraq Azərbaycan tərəfindən rədd edildi.
Digər tərəfdən, Azərbaycan konfederasiya çözümünü də müzakirə etməkdən qəti şəkildə imtina edərək, bu gün ən real status variantının Dağlıq Qarabağın de-yure Azərbaycanın tərkibində, de-fakto müstəqil saxlamaqla status-quo-nun dəyişdirilməməsi olduğunu büruzə verməkdədir. Bu isə Azərbaycan üçün mövcud variantlardan ən əlverişsizidir və işğalın davam etməsinə bərabərdir. Lakin bu eyni zamanda geniş vaxt qazanma strategiyasının bir hissəsi kimi də görünə bilər. Belə ki, status məsələsi həll edilməyənə kimi Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün gücdən istifadə etmək hüququnu saxlayır. Beynəlxalq Böhran Qrupunun ehtimalına görə status-quo-nun saxlanması həm də Ermənistan və Dağlıq Qarabağın vaxt udma strategiyasına uyğun gəlir.
Beynəlxalq güclər özləri də anlayırlar ki, işğal olunmuş 7 rayonun boşaldılması həyata keçirilmədən Dağlıq Qarabağın hansısa statusunun müəyyənləşdirilməsi mümkün deyildir. Praqa prosesi başladıqdan sonra bu istiqamətdə ümidverici sayılacaq məqamlar Rambuye danışıqlarının yarımçıq qalması ilə daha mücərrəd mahiyyət almağa başladı. Əlbəttə, vasitəçilər ara-sıra maksimal mövqelərini bir qədər yumşaldaraq, Kəlbəcər və Laçın arxa planda saxlanmaqla, Dağlıq Qarabağ və Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağın ətrafındakı digər 5 işğal edilmiş rayonlardan çıxarılmasının ardınca status məsələsindən danışmağın mümkünlüyünü dilə gətirirlər və artıq məlumdur ki, son illərin danışıqlarında status məsələsini dərhal həll edən paket çözümü əsasən müzakirə obyekti olmaqdan çıxarılmışdır.
Ermənilərin özləri də status məsələsinin indiki mübahisələrdən kənarda saxlanmasını qəbul edərək, sadəcə, onun daha sabit məzmun almasına rəvac verəcək bir zəmin hazırlamağa çalışırlar. Onların rəsmi mövqeləri, Ermənistan xarici işlər nazirinin təbirincə deyilsə, hər hansı çözüm üçün əsas olan «Dağlıq Qarabağ əhalisinin юз müqəddəratını təyinetmə hüququnun təsbit edilməsi və bu hüququn beynəlxalq səviyyədə tanınmasıdır. Azərbaycanın sadəcə bu faktı qəbul etməsi və sazişdə formallaşdırması məsələnin həllinə başlamağı mümkün edər».
Məhz bu addımın atılması statusun gələcəkdə ermənilərin cızdığı plana uyğun olaraq müəyyənləşməsinə imkan verir və bu manevr ermənilərin guya edə biləcəyi güzəştin ən mühüm atributu sayılmaqdadır. Bəzən erməni rəsmiləri «müvəqqəti qarşılıqlı fəaliyyət rejimi» kimi amorf bir anlayışı gündəmə gətirirlər ki, bu rejim müddətində işğal edilmiş ərazilərdən qoşunların çıxarılmasının həyata keçirilməsini nəzərdə tutur. Bu təklifin mahiyyətinə görə, son status məsələsi açıq qalmaqla yanaşı, bütün işarələr 10, 15 və ya 20 il sonra Dağlıq Qarabağda keçiriləcək referenduma istiqamətləndirilir.
Qarabağı çözümsüzlükdən qurtarmağa ermənilərdən daha çox biz maraqlı olmalıyıq. Çünki bu məsələnin uzanması ermənilərin bölgədə dövlətçilik resurslarını günbəgün artırmasına gətirib çıxarır. Biz nə qədər neft gəlirlərinə arxayın vəziyyətdə saxta şəkildə «iqtisadi inkişafın Azərbaycan modeli» uyduraraq, ermənilərin öz torpaqlarından qaçacaqları barədə nağıllar hazırlasaq da, ötən müddətdə bütün proqnozlarımızın doğrulmadığı kimi, bunun da doğrulacağına inamımız azdır. Real vəziyyət budur ki, biz ərazi olaraq Dağlıq Qarabağ və ona bitişik ərazimizin əhəmiyyətli bir hissəsini itirmişik. Günün tələbi Qarabağda pay sahibi olmaq və digər Qarabağətrafı ərazilərin itkisiz Azərbaycana qaytarılmasından ibarət olmalıdır.
Qarabağ məsələsi ilə bağlı, Şimali Kiprin taleyini həll etmək üçün Türkiyənin qarşısına qoyulmuş Annan planı tipli bir sənədin nə zamansa masamızın üzərinə qoyulacağı olduqca realdır. Əslində, ATƏT-in Minsk Qrupunun və digər bəzi beynəlxalq təşkilatların ortaya qoyduqları təkliflər nə zamansa real plan kimi qətiləşdirilə bilər. Məsələn, Beynəlxalq Böhran Qrupunun ortaya qoyduğu plana görə: «yaxın müddət ərzində Ermənistanın dəstəklədiyi Dağlıq Qarabağ qoşunlarının qurum ətrafındakı zəbt edilmiş ərazilərdən çıxarılmasına başlana bilər. Bunun əvəzində Ermənistan Azərbaycandan gücə əl atmamaq barəsində zəmanət və Dağlıq Qarabağ əhalisi üçün beynəlxalq təhlükəsizlik zəmanəti ala bilər. Dağlıq Qarabağın son statusu isə gələcək qeyri-müəyyən tarixdə, məsələn sülh sazişində təsbit edilmiş mexanizm vasitəsilə təyin edilə bilər. Bu halda Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınmış keçid statusunu özünə təmin edə, cari fəaliyyəti və institutların əksəriyyətini Azərbaycanın suverenliyini daha pozmadığından «qanunsuz» sayılmayacağına görə saxlaya bilər. Sakinlər üçün beynəlxalq səviyyədə rəhbərlik edilən seçkilərdə nümayəndələrini seçmək imkanı yaradıla bilər. Müdafiə ordusu Milli Qvardiyaya çevrilə bilər. Ticarəti açıb gömrük vergilərinin yığılmasına başlana bilər. Donorlar müxtəlif proqramlar həyata keçirər, beynəlxalq səviyyədə tanınan səyahət sənədləri buraxılardı». Əlbəttə, bu, Azərbaycanın rəsmi mövqeyinə uyğun gəlmədiyinə görə, müzakirə olunmasa da, yaxın gələcəkdə tələb kimi qarşımıza qoyula bilər. Azərbaycanın isə indiyə qədər bəlli olan açıq mövqeyi budur ki, ilk öncə, Azərbaycan ərazilərinin işğalı başa çatmalı, qoşunlar çıxarılmalı və məcburi köçkünlərin qayıtması başlamalıdır. Bununla belə, Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyünü pozan hər hansı status alması mümkün sayılmasa da, yaxın gələcəkdə Dağlıq Qarabağın ən azı de-fakto müstəqilliyinə imkan yaradan variantlarda Azərbaycanın etməli olduğu güzəştlərin də gündəmə gətiriləcəyi istisna deyildir.
Önləyici tədbirlərə hazır olmayan Azərbaycan dövləti və cəmiyyəti ən azı köçürmə variantında zərərsizləşdirici tədbirlərə əl atmalı, ermənilərin beynəlxalq arenada fəaliyyətlərini qismən məhdudlaşdırmağa çalışmalıdır. Avropa Parlamentində Naxçıvanda erməni qəbirlərinin dağıdılması ilə bağlı qəbul olunan qətnamə bizim ləngliyimizin ən bariz göstəricisi oldu. Buna görə də aşağıdakı tədbirlərin təxirəsalınmadan görülməsi gələcəkdə irəliləyiş üçün müəyyən addımlar atmağa şərait yarada bilər:
1. İlk olaraq, 1988-ci ildən başlayaraq keçmiş Ermənistan SSR ərazisindən Sovet Ordusunun yardımı ilə qovulmuş azərbaycanlıların qaçqın statusunun bərpası istiqamətində təcili tədbirlər görülməli, onların köhnə şəxsiyyət vəsiqələrinin hüquqi qüvvəsi tanınmalıdır. Ermənistan azərbaycanlılarının Muxtar Respublikası yaradılmalı, parlamenti seçilməli, parlament tərəfindən dövlət başçısı seçilməli və mühacirət hökuməti formalaşdırılmalıdır. Bu dövlətin rəsmi qurumlarının fəaliyyəti üçün Azərbaycanın böyük şəhərlərindən birində müvəqqəti iqamətgah formalaşmalı, onun beynəlxalq hüququn subyektinə çevrilməsi üçün diplomatik çalışmalar başlamalıdır. Dağlıq Qarabağ Respublikasını qeyri-hökumət təşkilatı kimi Ədliyyə Nazirliyində qeydə almış ABŞ-dan öz müttəfiqlik səmimiyyətini göstərərək, Ermənistan azərbaycanlılarının da nümayəndəliyini ABŞ-da qeydiyyatdan keçirməsini tələb etməlidir. ABŞ-ın belə bir istəkdə olmaması açıq şəkildə bu dövlətin tərəfkeşliyini bir daha nümayiş etdirəcək, yaxud ən pis halda, ABŞ Dağlıq Qarabağ nümayəndəliyinin qeyri-hökumət təşkilatı kimi qeydiyyatından imtina etməyə məcbur olacaqdır.
2. Parlamentdə işğal olunmuş ərazilərdən seçilmiş millət vəkillərindən ibarət Qarabağın azərbaycanlı icmasının deputat fraksiyası yaradılmalıdır. Danışıqlar prosesinə statusu ləğv olunmuş Dağlıq Qarabağın deyil, bütövlükdə Qarabağın işğal olunmuş ərazilərinin legitim təmsilçilərinin daxil olması həm də Azərbaycan parlamentinin bu prosesdən kənarda qalması faktını ortadan qaldıra bilərdi. Uzun müddətdir ki, Milli Məclisdə Dağlıq Qarabağla bağlı müzakirələrin aparılmasının bir növ məqbul sayılmaması bu məsələdə bürokratik ağlın öncüllüyünə imkan yaratmış və ya yeni təkliflərin müzakirəsi imkanını məhdudlaşdırmışdır.
3. Yaxın zamanlarda gözlənilən hər hansı formada ABŞ-İran münaqişəsində bitərəfliyin qorunması mümkün olmadıqda, Azərbaycan Ermənistanla paralel şəkildə ABŞ-la müttəfiqlik münasibətlərində yer almağa çalışmalıdır. Çünki Dağlıq Qarabağ məsələsində Rusiya və İran kimi qonşu dövlətlərlə ABŞ-a görə düşmən münasibətlərə məhkum olmağımız, Ermənistana daha böyük imkanlar yarada bilər.
4. Xüsusilə yaxın dövrlərdə ATƏT-in Minsk Qrupunun həmsədrliyindən Fransanın çıxarılaraq Türkiyənin yer alması tələbi Azərbaycan tərəfindən qəti şəkildə qoyulmalıdır.
5. Orduda ciddi kadr dəyişiklikləri aparılmalı, Azərbaycan ordusunun korrupsiyadan xilas olması yolları axtarılmalıdır. Korrupsiyanın ən geniş yayıldığı müəssisə olan orduya daha çox büdcə vəsaitinin ayrılmasının da, döyüş qabiliyyətini gücləndirməyə xeyri olacağını düşünmək sadəlövhlük olardı.
Cənubi Qafqaz bölgəsinin siyasi seysmikliyinin artması göstərir ki, zəlzələyə hansı ölkə daha hazırlıqlı olacaqsa, o daha az itkiyə məruz qalacaqdır.
Dağlıq Qarabağ oyunu: Nə ağlar, nə qaralar başlayır. Bu oyunu kimin oynadığı da bəlli deyil. Hamıya bəlli olan bir həqiqət var: Şahmat taxtasının ətrafında laqeyd gəzişən Azərbaycan cəmiyyəti. Bir azdan uduzan da bəlli olacaq.