Güntəkin Nəcəfli
Qarabağ xanlığı ərazisində Rusiyanın erməni dövləti yaratmaq cəhdlərinə dair
XVIII əsrin II yarısında Azərbaycanın ən güclü xanlıqlarından biri Qarabağ xanlığı idi. Qeyd olunan dövrdə, Qarabağ xanlığı, ərazisində xristian məliklərin olması ilə başqa xanlıqlardan fərqlənirdi. Rusiya dövlətinin himayə etdiyi bu xristian məliklərdən bəziləri hələ Pənah xanın dövründən başlayaraq, bir tərəfdən xanlıq daxilində mərkəzləşməyə mane olur, digər tərəfdən xaricdən Qarabağ xanlığına qarşı basqınların təşkilinə və həyata keçirilməsinə kömək etməklə xanlığın müstəqilliyini sarsıtmağa çalışırdılar. (Qarabağnamələr, I cild, Bakı,1989, s.36-37).
XVIII əsrin 80-ci illərində II Yekaterina hökumətinin Cənubi Qafqaza olan işğalçı siyasətinin həyata keçirilməsində «erməni kartından» istifadə olunması ön plana keçmişdi. Qarabağ ərazisində erməni dövləti yaradılmasında, ermənilərin mənfur ideyalarının həyata keçirilməsində, erməni varlıları, keşişləri ilə əlaqə yaradılmasında rus hərbiçilərindən A.V.Suvorov, Q.A.Potyomkin və P.S.Potyomkin fəal rol oynamışdı. Rusiya hökuməti Q.A.Potyomkini Qafqaz işləri üzrə baş komandan, onun yaxın qohumu P.S.Potyomkini isə Qafqaz müdafiə xəttinin rəisi təyin etmişdi. Q.A.Potyomkinin 1782-ci il 6 sentyabr göstərişinə əsasən, «...şuşalı İbrahim xanı devirməli və Qarabağda Rusiyanın himayəsi altında müstəqil erməni vilayəti təşkil edilməli» idi (Маркова О.П. Россия, Закавказе и международные отношения в XVIII в. М, 1966, с.160).
1782-ci il 21 dekabr tarixində P.S.Potyomkinin erməni arxiyepiskopu İ.Arqutinskiyə göndərmiş olduğu «13 bənddən ibarət yazılı sorğu»dan məlum olur ki, general Qarabağ xanlığı üzərinə yürüşə hazırlaşır. O, sorğunun 10-cu bəndində İ.Arqutinskiyə yazırdı: «Şuşa xanının möhkəmləndiyi qala harada yerləşir, onun ətrafı necədir, bu qalaya necə yaxınlaşmaq olar, xahiş edirəm mənə bu məşhur və alınmaz hesab edilən qalaya gedən yollar və s. haqqında məlumat verəsiniz» (Иоаннисян А.Р. Россия и армянское освободительное движение в 80- х г. XVIII веке. Ереван, 1947. док.3. с.206).
Bu planı reallaşdırmaq məqsədi ilə Q.A.Potyomkin 1783-cü il aprelin 6-da Qafqaz komandanına məxvi orderində yazırdı: «Şuşalı İbrahim xan devrilməlidir, çünki bundan sonra Qarabağ Rusiyadan başqa heç kimdən asılı olmayan erməni vilayətini təşkil edəcəkdir. Siz bu yeni vilayətin təşkili üçün bütün imkanlardan istifadə edin. Bu vasitə ilə digər vilayətlərdə olan ermənilər bura axışacaqlar» (İoannisyan A.R. Göstərilən əsəri, s.68). Aydındır ki, Rusiya hakim dairələri yaradılacaq «Qarabağ erməni vilayəti»ndə hər cür şərait yaratmağı planlaşdırmaqla əsas məqsədlərinə külli miqdarda erməninin Qarabağa köçüb gəlməsinə çalışırdılar ki, lazım gəldikdə onlardan öz məqsədləri üçün istifadə edə bilsinlər.
Həmin dövrdə beynəlxalq şəraitin İbrahimxəlil xan üçün əlverişsiz olmasını (Rusiya ilə müharibədə məğlub olan Osmanlı imperiyası artıq Azərbaycan xanlıqlarını müdafiə edə bilmirdi) nəzərə alsaq, Qarabağ xanlığına qarşı yaxınlaşan təhlükəni aydın dərk edən xanın siyasi manevr etməkdən başqa çıxış yolu qalmırdı. Həmin il aprelin 6-da P.S.Potyomkin İbrahimxəlil xandan «artıq çoxdan bəri Rusiya taxt-tacının və hədsiz səxavətə malik imperatriçənin sadiq təbəəsi olmaq arzusunu» bildirən məktub aldı (İoannisyan A.R. Göstərilən əsəri, s.71-72). Qarabağ xanının müraciəti ilə tanış olan II Yekaterina bildirdi ki, əgər İbrahimxəlil xanın Rusiya himayəsinə qəbul olunması üçün heç bir çətinlik və ya şübhə yoxdursa, onunla II İrakli ilə bağlanacaq təbəəlik müqaviləsinə oxşar müqavilə bağlamaq olar (Сборник Русского исторического общества. т.XXVII, с.256).
Hadisələrin sonrakı gedişi göstərir ki, İbrahimxəlil xanın bu uzaqgörən, diplomatik addımından sonra Q.A.Potyomkin onu devirmək niyyətinin gerçəkləşməsini bir qədər təxirə saldı. 1783-cü il 19 may tarixli məxvi orderində knyaz etiraf edərək yazırdı ki, «şuşalı İbrahim xanın itaət göstərməsi və onun Rusiya təbəəliyinə qəbul olunmaq haqqında xahişi xanlığın süqutunun qarşısını aldı» (Бутков Г.П. Материалы для новой истории Кавказа s1722 po 1803 q. SPb, 1869, ç.III, s.170).
Lakin, knyaz Q.A.Potyomkin İbrahimxəlil xanı devirmək haqqında aprelin 6-da vermiş olduğu sərəncamını dəyişsə də, xanın müraciətinə qeyri-müəyyən cavab verərək, həm Qarabağ xanından Quba xanına qarşı istifadə etmək fürsətini əldən vermir, həm də gizli olaraq erməniləri «əzizləmək» siyasətini davam etdirirdi. Mayın 19-da Q.A.Potyomkin II Yekaterinaya yazırdı: «Əlverişli şərait yaranan kimi İbrahim xanı tabe edərək, onun vilayətini milli hakimiyyətə (xristian məlikləri nəzərdə tutulur-G.N.) vermək lazımdır. Bununla da Asiyada sizin söz verməyinizə uyğun olaraq və mənim vasitəmlə ermənilərə çatdırılacaq xristian dövləti yaranacaqdır» (İoannisyan A.R. Göstərilən əsəri, s.74; Butkov Q.P. Göstərilən əsəri, II cild, s.142).
1783-cü ilin mayında knyaz A.Q.Potyomkin general P.S.Potyomkinə belə bir əmr verdi: «Rusiyanın ali himayəsi altında ..Qarabağ ərazisində güclü xristian dövləti yaratmaq üçün erməniləri əzizləmək lazımdır». (Butkov Q.P. Göstərilən əsəri, III cild, s.170).
Rusiyanın agenti Reyneqsin «rus qoşunlarının yürüşü nəticəsində İbrahim xanın hakimiyyətdən məhrum edilməsi və «erməni çarlığının bərpası» haqqında məlumat verən, məlik Abova göndərdiyi məktub Qarabağ xanının əlinə keçmişdir».(Eзов Q.A. Снощениие Pетра Великого с армянским народам, СPб, 1898, с.ЛХХХВЫЫ-ЛХХХХХЫХ). Qarabağ xanı yüksək diplomatik məharətlə məliklərin xəyanətkar mövqeyini sübuta yetirərək, onların müqavimətini qıra bilmişdi.
Rusların Qarabağı zəbt etmək fikrindən əl cəkmədiklərini və sadəcə olaraq vaxt qazanmaq istədiklərini anlayan İbrahimxəlil xan yaxın adamlarından min nəfərə qədər toplayıb yenidən Şuşa qalasını möhkəmləndirməyə başladı. (İoannisyan A.R. Göstərilən əsəri, s.79).
Bundan əlavə, P.S.Potyomkin istəyirdi ki, II İrakli İbrahimxəlil xana məsləhət görsün ki, o öz əyanlarını generalın yanına göndərsin. Görünür, II İrakli vasitəsilə Qarabağ xanına təsir etmək istəyən rus komandanlığı bu yolla xanı hərbi hazırlıq görməkdən çəkindirməyə çalışırdı. Nəhayət, 1784-cü il fevralın 6-da Tiflisə gələn İbrahim xanın elçisi Mirzə Vəli özü ilə xanın II Yekaterinanın adına yazdığı müraciətini gətirmişdi. Həmin məktubunda İbrahim xan Rusiya himayəsinə keçmək arzusunu bildirməklə yanaşı, belə bir sualına da cavab istəyirdi ki, «əgər xan Rusiya təbəəliyini qəbul edərsə, onun daxili işlərinə və mülklərinin idarəçiliyinə heç kimin qarışmayacağına, düşmənlərinə qarşı mübarizədə ona yardım göstəriləcəyinə təminat veriləcəkmi?» (İoannisyan A.R. Göstərilən əsəri, s.98). İbrahimxəlil xanın sualından bəlli olur ki, həmin dövrdə xan artıq ona qarşı hazırlanan Səlib yürüşündən xəbərdar idi və bu yürüşü dəf etmək üçün tədbirli davranırdı.
Bir az keçməmiş İbrahimxəlil xanın daha cəsarətli bir addım atdığını görürük. Belə ki, 1784-cü il mayın əvvəlində İbrahim xanın inanılmış şəxslərindən biri-Hacı İsmayıl Tiflisə gələrək xanın adından II İrakli qarşısında belə bir məsələ qoydu: «Əgər xan Rusiyanın təbəəliyini qəbul etsə, onun mülklərinin hər hansı bir hissəsinin qoparılıb başqasına verilməyəcəyinə o, (II İrakli- G.N.) zəmanət verə bilərmi?» (İoannisyan A.R. Göstərilən əsəri, s.101).
Xristian məliklərin bəzilərinin məkrli niyyətlərinin qarşısını almaq məqsədi ilə İbrahimxəlil xan öz diplomatik bacarığından istifadə edərək, Rusiya ilə qarşılıqlı münasibətlərini qoruyub saxlamağa çalışırdı. 1784-cü ilin iyulunda xanın vəziri Musa Sultan knyaz Q.A.Potyomkinin yanına gəlmiş və oradan Peterburqa göndərilmişdi. Peterburqda Musa Sultana böyük dövlətin səfiri kimi hörmət göstərilmişdi (Markova O.P. Göstərilən əsəri, s.184).Görünür, Rusiya dövləti İbrahimxəlil xanın nüfuzunu və xanlığın qüdrətini nəzərə almış, həm də Azərbaycan xanlıqlarını ayrı-ayrılıqda öz tərəfinə çəkmək istədiyinə görə İbrahimxəlil xanla diplomatik münasibətlərdə ehtiyatla hərəkət etmişdi.
Həmin dövrdə İbrahimxəlil xanın diplomatik bacarığı sayəsində Qarabağ xanlığı ərazisində erməni dövləti yaradılması reallaşmadı.