Həlimə Kazımova
Azərbaycan - Ermənistan münaqişəsinin həlli perspektivlərinə dair
XX əsrin 80-ci illəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi üçün kəşməkeşli və gərgin siyasi oyunların başlanğıcı idi. Sosializm prinsiplərinin tüğyan etdiyi bir dövrdə, qayda-qanunları pozmamağa çalışan Azərbaycan Dağlıq Qarabağda başlamaqda olan proseslərə laqeydlik göstərirdi. Əslində, Azərbaycan sovet qanunlarına və prinsiplərinə uyğun olaraq qardaşlıq, dostluq meyarlarından kənara çıxmamağa çalışırdı. Ermənistan isə belə vəziyyətdən gizli və açıq surətdə səmərələnirdi. Rusiyada hakimiyyətə gələn hər bir şəxs bu hadisələrə göz yumur və öz xristian qardaşlarını bu və ya digər şəkildə dəstəkləyirdi. ermənipərəst M.Qorbaçovun Sovet İttifaqında hakimiyyətə gəlməsi, onun «yenidənqurma», aşkarlıq siyasəti Azərbaycana qarşı erməni qərəzçiliyi kompaniyasının yenidən başlanması üçün bir siqnal oldu. Ermənilər 80-ci illərdə həm Ermənistanda, həm də İttifaqın iştirak etdiyi Avropa ölkələrində keçirilən iclaslarda, siyasi birliklərdə öz ideyalarını irəli sürməkdən çəkinmirdilər.
Sovetlər dövründə sosial-iqtisadi və mədəni sahələrdəki əyintilər və təhriflər millətlərarası münasibətlərə mənfi təsir göstərmiş, millətçilik əhval-ruhiyyəsini gücləndirmişdir. Bəzi respublika və muxtar vilayətlərdə yerli xalqın mədəniyyətinə, dilinə ögey münasibət bəslənirdi. Məsələn, Ermənistan, Gürcüstan və Dağıstanın azərbaycanlılar yaşayan rayonlarında Azərbaycan dilinin və Azərbaycan tarixinin öyrənilməsi və məktəblərdə tədrisi dayandırılmışdı. İttifaqın bu olanlara ciddi yanaşmadığını görən ermənilər hər cür yollara əl atırdılar.
1987-ci ilin oktyabrında Yerevanda «Qarabağ komitəsi»nin açıq mitinqi keçirildi. Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə Qorbaçovun əsabələrindən olan A.Aqanbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini qeyri-rəsmi olsa da, bütün dünyaya bildirməkdən çəkinmədi. Hərəkata yenə də bir qrup millətçi erməni ziyalılar arxasından kommunist – daşnaklar, Ermənistan Kp liderləri, DTK agentləri rəhbərlik edirdilər. Moskvada ermənilərin «Milli müqəddəratın müstəqil təyin edilməsi birliyi» və «Siyasi məhbusların müdafiəsi üzrə erməni komitəsi» də bu istiqamətdə fəal iş aparırdılar. Yerevandan Qarabağa müntəzəm olaraq gələn nümayəndələr ermənilər arasında geniş və fəal təbliğat işi apardılar. Qarabağın erməni əhalisini Ermənistanla birləşdirmək ideyaları ilə zəhərlədilər.
Hadisələr Xankəndində şovinistlərin millət «təəssübkeşliyi» ruhunu coşdurdu. 1988-ci il fevralın 13-də Xankəndində mitinqlər oldu. Ardı-arası kəsilməyən mitinqlərdə Ermənistanın «əzəli torpağı olan» Qarabağı Ermənistana birləşdirməyin vaxtı gəlib çatdığı vurğulanırdı. Bu elə bir vaxta təsadüf edirdi ki, Sovet İttifaqı artıq tənəzzülə doğru gedirdi. Ermənilər yaranmış siyasi vəziyyətdən öz gələcək mənfur planlarını həyata keçirmək üçün istifadə etmək haqqında fikirləşirdilər. 1988-ci il fevral ayının 15-18-də DQMV-nin Şuşadan başqa bütün rayon sovetlərində sessiya keçirildi və DQMV-nin Azərbaycan SSR-nin tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə qatılmasını təklif edən qərar qəbul olundu.
Respublikanın müstəqil hüquqlarının pozulmasına Sovet İttifaqının və Azərbaycan rəhbərliyinin heç bir etirazını görməyən Azərbaycan xalqı kortəbii mitinqlər keçirirdi. Aşağı Qarabağ bölgələrindən toplanan azərbaycanlılar münaqişəni başlanğıcda həll etmək, onun böyüyüb qanlı müharibəyə çevrilməsinin qarşısını almaq üçün yürüşə başlamaq hazırlığını istəyini Moskvanın göstərişi ilə dayandırdılar.
Millətlərarası ziddiyyətlərin yolverilməzliyi haqqında Srov. İKP MK 1988-ci il fevral plenumunun qərarında göstərilirdi: Mövcud milli ərazi quruluşunu dəyişdirmək məqsədi güdən hərəkətlər və tələblər zəhmətkeşlərin mənafelərinə ziddir. Ermənistan tərəf buna çox «müsbət» reaksiya verirdi.
Keçən əsrin 80-ci illərində Sov. İKP MK-də keçirilən müşavirələrdə, rəhbərlərlə görüşlərdə Moskvanın vəziyyəti nizama salmağın yolunu Dağlıq Qarabağın Ermənistana verilməsində gördüyü hiss edilirdi. Hətta ABŞ-da olan erməni lobbiləri Dağlıq Qarabağ probleminə BMT Təhlükəsizlik Şurasında baxılmasını tələb edirdilər.
Təəssüflər olsun ki, dünya siyasətində mühüm rol oynayan böyük dövlətlər, habelə bir çox beynəlxalq təşkilatlar ermənilərin separatçılığına göz yumdu. bu da nəticədə ermənistanın azərbaycanın 20% torpağını işğal etməsi ilə nəticələndi.
İndi Azərbaycan torpaqlarının ermənistan tərəfindən işğalından xeyli müddət keçməsinə baxmayaraq, ərazilərin işğaldan azad edilməsi hələ öz həllini tapmamışdır. Problemin sülh yolu ilə həll edilməsi prosesi davam etməkdədir. Ancaq sözügedən problemin sülh yolu ilə deyil, hərbi yolla həll ediləcəyinə daha çox ümid bəsləyirəm.