Ağayar Şükürov

Etnik münaqişələrin nizamlanmasının üsulları

və Qarabağ problemi

Müasir geosiyasi məkanda yaranan və genişlənən etnik münaqişələr heç də qeyri-adi unikal tarixi hadisələr sırasında sayılmır. Onların hamısının həm keçmiş tarixdə, həm də müasir tarixdə analoqlarına rast gəlmək mümkündür. Bütün bunlar isə həmin münaqişələrin inkişafını proqnozlaşdırmaq və mümkün nəticələri təsəvvür etmək imkanı yaradır. Hər bir etnik münaqişələrin özünəməxsus cəhətləri olmasına baxmayaraq, onların təbiəti ümumilikdə vahiddir və buna görə də onların həllinin, nizamlanmasının işlənib hazırlanmış forma və üsulları mövcuddur. Şübhəsiz, hər bir konkret halda münaqişənin miqyasını, onun inkişaf formasını, yayılma ərazisinin siyasi vəziyyətini və münaqişəyə girmiş tərəflərin güc və resurslarını nəzərə almaq lazımdır. Deyilən həmin faktorlardan münaqişənin üsulları və imkanları sıx surətdə asılıdır. Bu halda etnik münaqişələrin nizamlanmasının texnologiyası müəyyən fəaliyyət alqoritmini nəzərdə tutur. Həmin alqoritmə müvafiq olaraq münaqişənin səbəbləri, onun tarixşünaslığı, münaqişənin subyektləri, tərəflərin münasibətləri və mövqeləri, fəaliyyətin göstərişi və məqsədləri dərindən təhlil edilməlidir.

Hər hansı bir etnik münaqişənin meydana gəlməsi etnosların qeyri-bərabərliyinin bu və ya digər formasının mövcudluğu ilə şərtlənir. Elə buna görə də, etnik münaqişələrin nizamlanması, maraqların qarşılıqlı surətdə bir-birini təmin edəcək, münaqişə tərəfləri arasında tarazlıq yarada biləcək yeni kompromis variantların tapılmasını tələb edir. Bu tarazlığa nail olmaqdan ötəri üç zəruri şərtin yerinə yetirilməsi vacibdir.

Birincisi, münaqişənin hər bir tərəfi münaqişə situasiyasının mövcudluğunu qəbul etməlidir. Bununla bərabər münaqişənin hər bir tərəfinin mövcud olmaq hüququ etiraf edilir, lakin bütün bun­lar heç də iddiaların və tələblərin ədalətli olduğunun təsdiq edilməsi demək deyildir. Əgər, münaqişə tərəflərinin hər hansı biri elan etsə ki, onun opponentinin mövcud olmaq hüququ yoxdur, onun mövqeyi hər hansı bir əsasdan məhrum­dur, o zaman münaqişənin həll olunması faydasız və qeyri-mümkündür. (Əlbəttə bunu biz yalnız Ermənistan-Azərbaycan tərəflərinə aid edə bilərik. Heç bir halda qondarma «Dağlıq Qarabağ» qurumu Azərbaycan kimi münaqişə tərəfi olaraq qəbul edilə bilməz. Bu prosesdə Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları çıxış edə bilər)

İkincisi, münaqişənin nizamlanması tərəflərin təşkil olunmasını tələb edir. Onlar nə qədər yaxşı təşkil olunsalar, bir o qədər asanlıqla razılığa gəlib müqavilə şərtlərini yerinə yetirə bilərlər. Və əksinə, maraqların diffuz (qarışmış) xarakteri, onun qeyri-müəyyənlik və anlaşılmazlığı münaqişə situasiyasının həllini bir o qədər də çətinləşdirir.

Üçüncüsü, münaqişə edən tərəflər möhkəm şəkildə qərarlaşmış qaydaları qəbul etməlidirlər. Yalnız həmin qaydalara əməl edilməsi əsasında danışıqlar prosesi mümkündür. Bu qaydalar hər iki tərəfin imkanlarının bərabərliyini nəzərə almalı, onların qarşılıqlı münasibətlərində maraqların ağıllı tarazlığını bərpa etməlidir.

Nizamlanmanın sonuncu şərti mövcud etnik münaqişələrdə faktiki olaraq ağıla batmır, çünki tərəflər ayrılığa meylli olduqlarından, əvvəlcədən mövcud olduqları dövlət tərəfindən qeyri-bərabər vəziyyətə salınırlar. (Bu vəziyyətin Dağlıq Qarabağ probleminə birbaşa aidiyyəti vardır) Keçmiş SSRİ məka­nın­da Ermənistanın Azərbaycan torpaqlarına ərazi iddiası kimi meydana çıxan bu problem mərkəzi hakimiyyət tərəfindən müdafiə edilmiş, nəticədə azərbaycanlılar qeyri-bərabər vəziyyətə düşmüşdülər. Mərkəzi hakimiyyət Qarabağ ermənilərinə bütün sahələrdə kömək edirdi. Mərkəzi mət­buat «yazıq, əziyyət çəkən erməni» obrazının yaradılmasında yaxından iştirak edirdi. Nəticədə dünya ictimaiyyəti hadisələrin gedişinə düzgün obyektiv qiymət verə bilmirdi. Radio, televiziya, qəzet və jurnallarda «vəhşi azərbaycanlı» surəti (Sumqayıt hadisələri) yaradılırdı.

Siyasi, iqtisadi və etnik münaqişələrdə bir tərəfin güzəştə getməsi tələb olunsa da, bu ümumiyyətlə qeyri- mümkündür. Çünki obyektiv həll bərabərlik, tarazlıqdan başlanır və hər şeyi yerinə qoyur. Narazı qalmaq isə burada adi hala çevrilir.

Etnik münaqişələrin inkişafında bir çox oxşar, eyni tipli proseslər baş verir, hər bir konkret münaqişədə insanlar öz əqidələri,təsəvvürləri, ehtirasları, davranış stereotipləri ilə iştirak edirlər. Münaqişə situasiyaları üçün səciyyəvi olan gərginlik atmos­ferində insanların davranışı çox vaxt təhlil edilə bilmir, sağlam düşüncəyə əsaslanmır. Ona görə də hər iki münaqişə tərəfini razı sala biləcək həll yolunu tapmaq ehtimalı olduqca azdır. Ən yaxşı halda tərəflər kompromis qərarlar çıxarmağa məcbur olurlar. Bu isə münaqişəni tam şəkildə həll etmir və yalnız onu latent (gizli) vəziyyətinə keçirir. Bu isə gələcək nəsillərdə həmin münaqişələrin aradan qaldırılması imkanını heçə endirir. Nəticədə açıq münaqişə ocağı formalaşır.

Bu halda söhbət nizamlanmadan deyil, münaqişənin neytrallaşmasından gedə bilər. Nəticədə etnik münaqişələr müvafiq partiya və hərəkatlar arasında leqal siyasi mübarizə çərçivəsinə keçirilir. Bu cür həll isə etnik münaqişənin konservasiyasına gətirib çıxarır. Etnik münaqişələrin neytrallaşması məsələsinə praktikada tez-tez rast gəlmək mümkündür. Həmin vəziyyət kütləvi zorakılıq təhlükəsini, çoxetnoslu əhaliyə malik dövlətin süqutunu və yaxud qaçqınların geniş miqyaslı miqrasiyasını aradan qaldırır. Tarixi praktika bir daha göstərir ki, etnoslararası ərazi münaqişələrinin həll edilməsi xüsusilə mürəkkəbdir. Dünyanın müasir siyasi xəritəsi mürəkkəb geosiyasi proseslərin nəticəsində, o cümlədən iki dünya müharibəsindən sonra formalaşmışdır. Deməli, dünyanın indiki siyasi xəritəsi onu ədalətsiz hesab edən bir çox etnosları təmin etmir. Əlbəttə «ədalətsizliyi» aradan qaldırmaq o qədər də asan deyildir. Əslində buradakı «ədalətsizlik» anlayışı da nisbidir. Baxır, o, kimin üçün ədalətsiz, kimin üçün ədalətlidir.

Etnoərazi münaqişələrin nizamlanmasında özünün effektivliyini göstərən metodlardan biri alternativlər metodudur. Onun mahiyyəti problemin həllinin müxtəlif variantları içərisində birinin seçilməsilə ifadə olunur. İndiyə qədər bu metodlardan birinin seçilməsi məsələsi hələ də özünü doğrultmamışdır. Bunlardan «sülh xatirinə ərazi mübadiləsi» və yaxud imtiyazların alınması müqabilində iqtisadi, eləcə də ərazi güzəşti, müəyyən etnik qrupların hüquqlarının bərpa edilməsi və s. qeyd etmək olar. Bu metod sayəsində münaqişə edən tərəfləri ayıran yeni dövlət sərhədlərinin çəkilməsi nəticəsində ərazilər dəyişir. Eyni zamanda qaçqın və məcburi köçkünlərin sayəsində ərazinin əhalisinin etnik tərkibi dəyişir. Metod Bosniyada, Abxaziyada, Dnestryanı və s. ərazilərdə tətbiq olunmuşdur.

Etnik münaqişələrin nizamlanması üçün tez-tez danışıqlar metoduna da müraciət edirlər. Ondan istifadənin müəyyən texnologiyası işlənib hazırlanmışdır. Birinci növbədə danışıqlar predmeti ardıcıl mərhələlərə bölünür. Adətən, tərəflər birinci növbəli və təcili məsələlər üzrə tezliklə razılığa gələ bilirlər. Bunun da sayəsində ya barışıq, yaxud da müvəqqəti razılaşma bərqərar olur ki, bu da öz növbəsində sənədlərlə təsdiqini tapır. İkinci mər­hələdə tərəflər sosial və iqtisadi məsələlərin həllinə keçirlər. Kifayət qədər çətin olan siyasi məsələlər sonuncu olaraq müzakirə və həll olunur. Əgər müəyyən məqamlarda siyasi məsələlərin həllinin qeyri-mümkünüyü məlum olursa, o zaman «həllolunmanı sonraya saxlamaq» taktikasına əl atırlar. Bu zaman danışıqlara girən hər iki tərəfin təkcə mövqeyi deyil, qarşılıqlı marağı da nəzərə alınmalıdır.

Bu metodun tətbiq texnologiyası danışıqlara vasitəçilərin cəlb olunmasını tələb edir. Vasitəçilər də öz növbəsində, tərəflərin razılıq əldə etməsinə yardımçı olurlar. Vasitəçilər rolunda çıxış edən beynəlxalq təşkilatların nümayəndələri, xalq diplomatiyasının qeyri-rəsmi üzvləri münsif rolunda, maraqların tarazlığını qoruyanlar sülh gətirən rolunda çıxış edirlər.

Neytrallaşma praktikası və etnik münaqişələrin nizamlanması bir daha göstərir ki, qeyd edilən metodlardan istifadə olunması onların həllinin üç variantını almağa kömək edir:

1. Qüvvələr mövqeyindən situasiyanın həlli nəticəsində bir tərəfin digər tərəf üzərində tam qələbəsi. Münaqişənin ilkin mərhələlərində tərəflər həmin istiqamətə oriyentasiya götürürlər. Lakin əsas səbəblər həll edilməmiş qalır, onlar ancaq konservasiya olunurlar, münaqişə açıq vəziyyətdən latent vəziyyətinə keçirilir.

2. Münaqişə edən tərəflərin qarşılıqlı məğlubiyyəti, bu zaman hər iki tərəf mübarizədə qüvvələrini tükəndirir, nəticədə heç bir tərəf o biri üzərində diqqət çəkən qələbə qazana bilmir. Tərəflər vasitəçiyə müraciət etməyə məcbur olur­lar. Problemin kompromis variantının tapılması xahiş edilir. Bu variant heç bir tərəfi kifayət qədər təmin edə bilmir. Münaqişə latent vəziyyətə keçir, tərəflər bir-birinə rəqib kimi baxır. Münaqişənin aktuallaşması ehtimalı yüksək olur.

3. Əsas məsələlər üzrə razılığa gəlinməsi və konstruktiv qarşılıqlı təsir mexanizminin yaradılması ilə nəticələnən, tərəflərin qarşılıqlı uduşu və uğuru. Bu cür nəticə yalnız o halda mümkündür ki, hər iki tərəfdə münaqişənin pozitiv həlli üçün siyasi iradənin mövcudluğu şəraiti olsun. Müstəqil vasitəçilər münaqişə edən tərəflərə əməkdaşlıq yolunu öyrədər və ümumi problemlərin həl­lin­də yar­dımçı ola bilər. Nizamlanmanın bu forması az-çox təsirlidir, realist məna daşıyır. Çünki o münaqişəyə dağıdıcı deyil, yaradıcı istiqamət verir.

Etnoslararası münaqişələrin nizamlanması və həlli hər bir çoxetnoslu cəmiyyətin mövcudluğunun həyati cəhətdən zəruri şərtidir. Münaqişəli etnik münasibətlər həmişə hər bir dövlətin sosial-iqtisadi, mədəni və siyasi inkişafının əsas proseslərinə neqativ surətdə təsir edir. Onlar nəinki ictimai inkişafın gedişini ləngidir və yaxud pozur, hətta onun oriyentasiyasını dəyişməyə, yeni neqativ ten­densiyalar doğurmağa qadirdir, gələcək nəsillərin mü­naqişəsi üçün əsas yarada bilir.

Bütün bu deyilənlər yalnız nəzəri cəhətdən diqqəti cəlb edir. Lakin praktikada tamam başqa fikirlər ifadə edir. Elə Dağlıq Qarabağ münaqişəsini götürək. Vaxtı ilə təkcə Azərbaycanla Ermənistan arasında baş vermiş münaqişə tədricən beynəlmiləl status əldə etdi. Bir sıra hallarda bu ermənilər tərəfindən xristian-müsəlman konfrontasiyası kimi təqdim olunmağa və müxtəlif qüvvələri öz tərəflərinə çəkməyə çalışdılar. Çox vaxt buna nail də ola bildilər. Ən hiyləgər metodlara əl atan ermənilər özlərinin məzlum obrazını yaradıb, rus-sovet ordusunun və texnikasının köməyi ilə Azərbaycanın xeyli hissəsini işğal edə bilmiş, indi də həmin əraziləri işğal altında saxlamaqdadır.

Sülhməramlı təkliflərlə gələn superdövlətlərin təmsilçiləri Azərbay­can­dan hər dəfə hansısa güzəşti qoparmağa çalışırlar. Mən belə düşünürəm ki, əgər superdövlətlərin öz maraqları olmasa, bu problem heç vaxt sülh yolu ilə həll edilməyəcəkdir. Hətta həll edilsə belə, Azərbaycan burada Ermənistanla münasibətdə heç nə qazanmayacaqdır.
Müxtəlif təkliflər, mülahizələr və yerdəyişmələrin heç birisi bizim Milli mentalitetimizə başıucalıq gətirə bilməz. Hələ ki, indiyə qədər ermənilər qazanıblar. Buna son qoymaq vaxtı gəlib çat­mış­dır.

Mənim fikrimcə, Azərbaycan torpaqlarını yalnız silah gücü­nə, əlahəzrət azərbaycanlının qeyrəti azad etməlidir. 1905, 1918, 1988-1992-ci illərdəki itkilərin əvəzi alınmalıdır. Zaqafqaziyada «Kim kimdir?» sualı açıqdır. Erməniləri birdəfəlik yerində oturtmalı, onlara genosid (soyqırım) sözlərini hərf-hərf yedirtmək lazımdır. Yalnız bu halda şəhidlərimizin narahat ruhları birdəfəlik rahatlıq tapa bilər.