İsmayıl Musa

lozanna konfransında “milli ocaq” (“erməni yurdu”) məsələsi:
layihələr,
mövqelər, nəticələr

«Erməni məsələsi» Lozanna konfransı ərəfəsi, dövrü və ondan sonrakı ilk dönəmlərdə dəfələrlə qabardıldı. Atatürkün «erməni məsələsi» adlandırılan bu məsələ özünün ən düzgün həllini Qars müqaviləsində tapmışdır» müddəası ilə əsla razılaşmayan hayklar «problemləri»ni beynəlxalq və məhəlli məclislərə çıxarmaq səylərini davam etdirdilər.

«Birləşmiş erməni heyəti» (A.Xatisyan, A.Aqaron­yan, Q.Norandunkyan və b.) Lozanna konfransından «vahid və müstəqil Ermənistan» qazanmağa çalışdı. Bu alınmadıqda isə «Milli Ocağ»ın («Erməni yurdu»nun) qurulmasına yardım göstərilməsi istənildi.

Heyətin İngiltərə, Fransa və İtaliya hökumətlərinə ünvanladığı sənəddə (18.XI.1922) Sevr müqaviləsinin 88-ci maddəsi ilə «tanınan azad və müstəqil Ermənistan»ın gerçəkləşdirilməsi tələb olundu. «Milli Ocağ»ın yaradılması məqsədilə üç variant (layihə) təklif edildi:

I. ABŞ prezidentinin (V.Vilsonun) «verdiyi qərara» (onun «14 maddəsi» nəzərdə tutulur – İ.M.) əsasən ermənilərə bir ərazi parçasının ayrılması;

II. Ermənistan SSR-in hüdudlarının, Anadolunun şərq vilayətlərinin bəzi hissələrinin və dənizə çıxış üçün bir limanın ona verilməsi hesabına genişləndirilməsi;

III. Bu Ocağa (yurda) Kilikiyanın bir qisminin də qatılması;

Heyətin fikrincə, Millətlər Cəmiyyəti (MC) Nizamna­məsinin 22-ci bəndi, Sevr müqaviləsi, V.Vilsonun «14 maddəsi», London konfransı (1921), MC Baş Məclisinin toplantısının (22.X.1922) qərarı və s. ilə «Milli Ocağ»a razılıq verilmişdi.

Türkiyə hökumətinin «Erməni yurdu»nun Sovet (Rusiya) Ermənistanında qurula bilməsinə dair mülahizəsi (mövqeyi) heyət tərəfindən əsassız sayıldı. Bu zaman Ermənistan SSR-in 26 min km2 ərazisinin ancaq 1.260.000 nəfərlik öz əhalisini saxlaya biləcəyi, həmin hüdudun «çox milyonluq erməni xalqı» üçün yetərsizliyi «dəlillər»i önə çəkildi.

«Milli Ocağ»ın qurulmasının ilhamçılarından sayılan lord Kerzonun və ermənilərə «sığınacaq olaraq muxtar bir bölgənin (Une zone autoneme)» ayrılmasına çalışan ABŞ təmsilçilərinin səyləri nəticə vermədi. Türkiyə diplomatiyası (İ.İnönü) Anadoluda «Erməni yurdu»nun qurulmasını lüzumsuz və mümkünsüz hesab etdi.

Yalnız Boğazlar problemi və recıimi ilə bağlı məsələlərə dair müzakirələrə dəvət alan SSRİ diplomatlarının «Anadoluda Erməni yurdu» qurulmasına münasibəti də maraq doğurur. G.Çiçerinin «Birləşmiş Erməni heyəti»nin üzvləri və «Erməni Dostları Birliyi» adlı qurumla görüşləri, yazışmaları (25.I.1923) olduqca vacib bir məqamı – Sovetlərin uzaqgedən məqsədlərini aşkarlamağa imkan verir.

Sovetlər, SSRİ daxilində Ermənistan respublikasının mövcud olduğu halda, Moskvanın nəzarətindən tamamilə kənarda qalan Anadoluda yeni bir erməni dövlətinin yaradılmasına yol açacaq layihəni bəyənmədi. Bu cür mövqe, gələcəkdə Türkiyəyə qarşı ərazi iddiaları irəli sürərək həmin torpaqların «Ermənistan SSR-ə birləşdirilməsi» adı altında SSRİ-yə qatılması niyyətlərindən irəli gəlmişdi.

«Milli Ocaq» («Erməni yurdu») layihəsini qəbul etməyən Sovet hökuməti SSRİ daxilində onlara qayğı göstərdi. Bu, müxtəlif istiqamətlərdə həyata keçirildi. Öncə Zən­gə­zurun bir (yuxarı və ya qərb) hissəsinin Ermənistan SSR-ə verilməsi («bağışlanması») «hüquqi əsaslarla rəsmiləşdirildi». Müəyyən məkrli niyyət-planların gələcəkdə gerçəkləşdirilməsi məqsədilə «Kürdüstan qəzası» da yaradıldı (21.VII.1923). Az sonra ləğv edilən bu inzibati ərazi vahidinin təşkilində ona daxil olan torpaqların da gələcəkdə ermənilərə verilməsi və digər məqsədlər güdülürdü.

Azərbaycan SSR-də (Dağlıq Qarabağda) yaşayan ermənilərə muxtariyyət hüququ verildi. Qərbi Azərbaycanda (Ermənistan SSR-də) yaşayan soydaşlarımızın muxtariyyət hüququ «unuduldu». DQMV-nin təşkili ilə əslində Azərbaycanın ərazi bütövlüyünün pozulmasının davamı üçün zəmin hazırlandı.