Qasım Hacıyev
Qarabağın maddi mədəniyyəti Azərbaycanın maddi və
mənəvi mədəniyyətinin tərkib hissəsidir
İki yüz ildir ki, Qarabağı faciələr meydanına çevirən ermənilər bütün vasitələrdən istifadə edərək zaman-zaman tariximizi saxtalaşdırır, uydurma tarix yaradır, azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarırlar. Siyasətbazların əlində alətə çevrilmiş erməni “tarixçiləri” Qarabağ torpaqlarının ermənilərə məxsus olmasını «sübut edən faktlar” toplayır, “hüquqi sənədlər” hazırlayır, ermənilərin ərazi işğallarına qanuni don geyindirməyə çalışırlar.
Erməni ideoloq və «arxeoloqları” Qarabağın alban xristian abidələrini “erməni abidələri” kimi qələmə verməyə çalışır, hətta guya qədim mənbələrdən istifadə edərək, bütövlükdə Kür və Araz çayları arasındakı ərazilərin «əzəli erməni torpaqları» olduğunu sübut etmək istəyirlər. Hansı ki, ermənilər nəinki Qarabağda, hətta Qafqazda XIX əsrədək heç vaxt kompakt şəkildə məskun olmamışlar və bu maddi mədəniyyət də onlara aid ola bilməzdi.
Yuxarı Qarabağın Xankəndi, Ağdərə, Xocavənd, Şuşa, Düzən Qarabağın Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, həmçinin Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri, numizmatik dəlillər Qarabağın qədim maddi mədəniyyətini, etno-mədəni vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini, məişət şəraitini, ümumiyyətlə, Azərbaycanın bu bölgəsinin iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks etdirir.
Albaniyada V əsrin başlanğıcında istifadə edilmiş yeni formada və rəsmi yazılarda işlənməsi hesab edilən alban əlifbası icad edilmişdir. Bununla əlaqədar təhsil ocaqları yaranmışdır ki, bunun da əsas mərkəzi Qarabağın qədim şəhəri Bərdə idi.
Albaniyada erkən orta əsrdə (IV əsrdə) xristianlıq dini qəbul edildikdən sonra Azərbaycanın tarixi torpaqları olan Qarabağ ərazisində IV-VII əsrlər tikinti mədəniyyətini səciyyələndirən xristian arxitekturası tipində, memarlıq üslubunda tikililər- alban xristian dini abidələri yaradılmışdır. Ağdərədə Amaras (qədim türk dilində bu söz «ağ hun» deməkdir), Ağdamda Govurqala (qeyri müsəlman- alban xristianlığına məxsus-Q.H. qala), Qəbələdə (Böyük Əmidli kəndi), Laçında (Ağoğlan), Kəlbəcərdə (Haşavəng (Xotavəng), Çahartağ), Zaqatalada (Kilsədağ, Mamrux) və Qaxda (Ləkit) alban xristian məbədləri, həmçinin Xocavənd alban kilsəsi (Sos kəndi), Ağcabədinin Təzəkənd yaşayış məntəqəsindəki üçnefli bazilikalı bina, Bərdə şəhərində aşkar olunmuş üç yarım dairəvi apsidalı məbəd Azərbaycanın Qarabağ bölgəsinin tikinti memarlığını, eləcə də tarix və mədəniyyətini səciyyələndirir.
Orta əsr mənbələrində hətta İslam dininin Azərbaycanda qəbud edildiyi və sonrakı dövrlərdə Azərbaycanda eyni vaxtda alban xristian məbədlərinin mövcud olduğunu və qorunub saxlandığını göstərən məlumatlar verilir.
Qarabağ ərazisində ayrı-ayrı dövrlərdə müxtəlif dinlər biri digərini əvəz etmişsə də, bunlar öz tarixi-etnik torpağına bağlı olan yerli xalqın tarixi taleyində baş verdiyindən, dinin özü və dini inanclar dəyişsə də, xalq bir qayda olaraq adət-ənənə özəlliyini, milli xüsusiyyətini qoruyub saxlamışdır. Ancaq bu həmişə və hər yerdə eyni olmamışdır.
Qarabağda müxtəlif dinlərin mövcud olması cəmiyyətin ictimai həyatına böyük təsir göstərmişdir. Bu insanların məişətində, mənəvi dünyasında, habelə şəhərsalma mədəniyyətində - ictimai və dini binaların, tikinti komplekslərinin memarlıq üslubunda, şəhərlərin quruluşu və planlaşdırılmasında müəyyən rol oynamışdır.
Bu regionun əsas əhalisi gəlmə ermənilərdən fərqli olaraq, mənşə, dil və mədəniyyət etibarı ilə min illərlə Böyük Qafqaz dağları ilə Araz çayı arasında yaşamış türk mənşəli və Qafqaz dil qrupuna mənsub olan etnik qruplardan ibarət olmuşdur.
Zaman və dövrün təsirindən asılı olaraq, müxtəlif həyat tərzi, dini ideologiya mövcud olmuş, bununla əlaqədar mənəvi mədəniyyətin fərqli xüsusiyyətləri meydana çıxmışdır. Azərbaycanın digər ərazilərindən fərqli olaraq, Qarabağ ərazisində dini ayrılığın davam etməsi bölgədə sonralar böyük dəyişikliklərin yaranmasına gətirib çıxarmışdır. Albaniyada xristianlığın müsəlmanlıqla əvəz olunduğu zaman Qarabağın dağlıq ərazisində yaşayan və xristianlıq dini ideologiyasına sitayiş etməkdə davam edən avtoxton albanların xristian olmasından istifadə edərək, oraya XIX əsrdən etibarən çoxlu erməni ailəsi köçürülmüşdür. Onlar yerli xristian albanları qriqoryanlaşdıraraq, assimilyasiya etmiş, hayklar adlandırmış, ərazini isə “hayk ölkəsinin bir hissəsi” kimi qələmə vermişlər. Vaxtilə gəlib sığınacaq tapdığı Azərbaycan torpaqlarını son dövrlərdə «Şərqi Ermənistan» adlandıraraq, «Böyük Ermənistan»ın tərkibinə daxil olan ərazi kimi tanıtmaqla, həmin əraziləri tarixi vətənləri hesab edib, «erməni mədəniyyəti məskənləri» adı altında tarixi uydurma yaratmışlar.
Beləliklə, tədqiqatlar Yuxarı (Dağlıq) Qarabağın maddi və mənəvi mədəniyyətinin Azərbaycanın maddi və mənəvi mədəniyyətinin tərkib hissəsi olduğunu aydın şəkildə göstərir və bu barədə əks fikirlərin əsassız olduğunu sübut etməyə əsas verir.