Məryəm Oruclu

Müasir dünyada münaqişələrin həlli modelləri

və Qarabağ məsələsi

XX əsrin 80-cı illərinin sonlarında postsovet məkanında meydana çıxan Dağlıq Qarabağ konflikti ən uzun sürən və qanlı konflikt olaraq minlərlə insan həyatına son qoydu. Maraqlısı odur ki, SSRİ dağılandan sonra avtomatik olaraq iki yeni müstəqil dövlətarası münaqişəyə çevrilən Qarabağ probleminin həlli perspektivi görünməyən sonsuzluğa qədər uzanır. 1994-cü ilin may ayında atəşkəs elan edilməsinə və konflikt tərəflərinin, çoxsaylı beynəlxalq vasitəçilərin səylərinə baxmayaraq, problemin siyasi həllinə nail olunmamışdır.

Mövcud şəraitdə Dağlıq Qarabağ probleminin həlli üsulunun tapılması cəhdləri heç bir nəticə vermir. Problemin həlli ilə əlaqədar dunyada analoji konfliktlərin həlli təcrübəsinə müraciət edilir. Problemin həlli üsulunun tapılması cəhdləri içərisində «yüksək muxtariyyat, dövlət yox» tezisi üstünlük təşkil edir.

İndi daha çox mövcud etnik konfliktlərin qan tökülməsi yolu ilə deyil, xüsusi statusun tapılması və özünü təyinetmə sərhədləri çərçivəsində həll edilmiş Aland adaları nümunəsinə tez–tez müraciət edilir. Bu adaların əhalisi 1808–ci ilə qədər İsveç krallığının tərkibində olmuş və isveç dilində danışmışlar. Həmin dövrdə Norveç və Finlandiya da İsveçin tərkibində idi:

1808–1809–cu illər müharibəsi nəticəsində İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur oldu. 1856–cı ildə isə, Krım müharibəsindəki məğlubiyyətdən sonra, Rusiya Aland adalarını demilitarizasiya edilmiş zona kimi tanımağa məcbur oldu.

XX əsrin əvvəllərində gedən proseslər nəticəsində ümumxalq referendumu keçirildi və Norveç dinc yolla İsveçdən ayrıldı. 1917–ci ildə isə, Rusiya Finlandiyanın da müstəqilliyini tanımağa məcbur oldu.

Cərəyan edən proseslər zəminində, Aland adalarının İsveç əhalisi öz qədim vətəni İsveçə birləşmək arzusunu ifadə etdi və adanın bütün yetkin əhalisinin imzaladığı müraciəti İsveç kralına təqdim etdi.

1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin iradəsinin əksinə gedərək, onlara özünü təyinetmənin şərtlərini qə­bul etməyi təklif etdi. Aland əhalisi bu təklifi rədd etdikdə konflikt dərinləşdidi.

Nəhayət, 1921-ci ildə Millətlər Liqası Aland adaları ilə əlaqədar mühüm qərar qəbul etdi. Bu qərara əsasən, Aland adaları Finlandiyanın ərazisi olaraq neytral və demilitarizasiya edilmiş zona elan edilir. 1921-ci il iyun qərarına görə isə, Finlandiyaya, ada əhalisinin isveç dilini, adət–ənənələrini saxlamaq və isveç mədəniyyətinin inkişafına təminatla bağlı borclu olduğu bəyan edilirdi.

 

1922-ci ildə qəbul edilmiş özünü idarəetmə qanununa görə, Alandın yerli parlamenti – Laqtinq adanın daxili işləri və büdcəsi haqqında qanunlar qəbul edə bilər. Laqtinqi hökumət təyin edir. Laqtinqin hüquqi səlahiyyəti aşağıdakı sahələri əhatə edir: təhsil, mədəniyyət, səhiyyə, iqtisadiyyat, nəqliyyat, kommunal təsərrüfat, polis, poçt, radio və televiziya. Bu sahələrdə Aland əhalisi suveren dövlət səlahiyyətinə malikdir. Bütün qalan qanunverici səlahiyyət Finlandiyaya məxsusdur. Bunlara xarici siyasət, mülki kodeksin əsas hissəsi; məhkəmə və cinayət hüququ, gömrük və pul aiddir.

Aland əhalisinin maraqlarının müdafiəsi üçün arxipelaqdan fin parlamentinə bir deputat seçilir. Finlandiyanın prezidenti Laqtinqin razılığı ilə adanın qubernatorunu təyin edir. Qubernator paritet əsasda formalaşmış Aland adaları nümayəndələr Şurasına rəhbərlik etmək, Laqtinqin sessiyalarını açmaq və bağlamaq səlahiyyətinə malikdir.

Laqtinqin qəbul etdiyi qanunlar veto hüququna malik olan Finlandiya prezidentinə göndərilir. Prezident vetonu yalnız 2 halda qoya bilər: Adanın parlamenti öz səlahiyyətlərini aşmışsa və qəbul olunan qanun Finlandiyanın daxili və xarici təhlükəsizliyinə ziyan gətirirsə.

Aland vətəndaşı fin ordusunda xidmət etməkdən azaddır. Adada hərbi hissələr yerləşdirmək olmaz. Aland əhalisi Skandinav ölkələri ilə birbaşa əməkdaşlıq edə bilər. Aland hökuməti eyni zamanda Skandinav ölkələri Nazirlər Sovetinin işində iştirak edir. Xarici siyasət səlahiyyəti Finland hökuməti və parlamentinə aiddir. Əgər Finlandiya hökuməti Alandın daxili işlərinə təsir edən beynəlxalq müqavilə imzalayarsa, bunu Laqtinqlə razılaşdırmalıdır.

Beləliklə, münaqişənin Aland modeli beynəlxalq vasitəçilər tərəfindən Dağlıq Qarabağ və Azərbaycan Respublikası arasındakı münasibətlərin gələcək mümkün modeli kimi təklif edilirdi. Bu məqsədlə, 1993-cü il dekabrın 21-22-də Finlandiya və Rusiya Xarici İşlər Nazirliklərinin təklifi ilə Aland adalarında MDB Parlamentlərarası Assambleyası Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ parlamentlərinin simpoziumu keçirildi. Bu simpoziumda tərəflərə Aland modelinin detalları təqdim olundu. Lakin bu təklif ermənilər tərəfindən rədd edildi. Erməni tərəfi Qarabağ konfliktinin tarixi əsaslarının və psixoloji nəticələrinin nəzərə alınmaması bəhanəsilə təklifi qəbul etməkdən imtina etdi. Onların fikrincə, Cənubi Qafqazdakı mövcud şərtlərlə Aland modelini Qarabağ konfliktinə tətbiq etmək olmaz. Buna baxmayaraq, vaxtaşırı olaraq Aland variantı gündəmə gəlir və Qarabağ konfliktinin həlli üçün irəli sürülür.

Qarabağ konfliktinin nizamlanması yolları və Dağlıq Qarabağın statusu haqqında diskussiyalar zamanı «Kipr variantı» ideyası da meydana çıxır.

«Kipr modeli»nin mahiyyəti ondan ibarətdir ki, Şimali Kipr Türk Respublikası rəsmi olaraq heç bir dövlət tərəfindən tanınmır, lakin faktiki olaraq mövcuddur və de-fakto fəaliyyət göstərir. Kipr modelinin Dağlıq Qarabağa tətbiqi,eləcə də Dağlıq Qarabağı da de-yure tanımamaq, lakin onun de-fakto mövcudluğunu qəbul etmək edməkdir. Yəni, Dağlıq Qarabağ Azərbaycan və ya Ermənis­tan Respublikasının tərkib hissəsi olmayacaq, rəsmi olaraq müstəqil dövlət kimi tanınmayacaq, beynəlxalq təşkilatların üzvü olmayacaq, lakin mövcud olacaq və müstəqil dövlət kimi fəaliyyət göstərəcək.

Erməni tərəfinin fikrincə, Kipr modeli münaqişənin kompromis variantıdır və bu model konfliktə cəlb olunan bütün tərəflərin milli hisslərini alçaltmadan mövcud vəziyyətlə barışmağa və eləcə də gələcəkdə problemin həllinə daha geniş yanaşmaq üçün vaxt qazanmağa şərait yarada bilər. Digər tərəfdən, bu, 2 qonşu ölkə–Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət edə bilər.

Azərbaycan tərəfinin fikrincə isə, bu model de-fakto olaraq, uzun illərdir mövcuddur və faktiki olaraq fəaliyyət göstərir. Lakin mövcud vəziyyət heç də ümidləri doğrultmur.

1996-cı ildə Rusiya ilə Çeçenistan rəhbərləri arasında bağlanan Xasavyurt sazişindən dərhal sonra Dağlıq Qarabağ konfliktinin həlli ilə əlaqədar daha bir variant meydana çıxdı. Bu, çeçen variantı olaraq təqdim olundu. Belə ki, Rusiyda Federasiyası və Çeçenistan uzun və qanlı müharibədən sonra müharibənin dayandırılması haqqında razılığa gəldilər və Çeçenistanın statusu məsələsini 5 il ərzində təxirə salmaq haqqında qərar qəbul etdilər. Çeçen modelinin əsas və özünəməxsus mahiyyəti bundan ibarətdir. Rusiya–Çeçenistan razılaşmasından sonra Rusiya Federasiyası, Ermənistan və Dağlıq Qarabağın müxtəlif dairələrində bu modelin Qarabağ probleminin həllinə tətbiq etməyin mümkünlüyü haqda danışmağa başladılar.

Eyni zamanda dunya təcrübəsində Deyton sülh müqaviləsi təcrübəsi də var. Bu müqavilədə Bosniya və Hersoqoviniyanın serb əhalisinin özünü təyinetmə hüququ məsələsinin 9 il təxirə salınması nəzərdə tutulur.

Ermənistan və Dağlıq Qarabağ rəhbərliyinin «çeçen variantının» mümkünlüyü haqda verdiyi bəyanat haqlı olaraq, Azərbaycan tərəfindən qəbul edilmədi. Çünki bu variantın qəbul edilməsi Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipindən geri çəkilməsi demək idi. Bu, həm də o deməkdi ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıyır və bu konfliktə Azərbaycandaxili anomaliya kimi baxır.

Göründüyü kimi, Qarabağ münaqişəsi ilə əlaqədar müxtəlif səviyyələrdə keçirilən saysız-hesabsız görüşlər və müzakirələr hələ öz real nəticəsini verə bilmir.Bununla əlaqədar əksər ekspertlərdə belə fikir formalaşır ki, mövcud şəraitdə konfliktlərin həllinin 2 yolu mümkündür. Birincisi, münaqişənin real həlli üçün tərəflərdən biri inkişaf səviyyəsinə görə əhəmiyyətli dərəcədə digərindən önə keçməlidir. İkincisi, yeni səviyyədə strateci balans yaranmalı, xarici faktorun gücü o qədər artmalıdır ki, tərəfləri hansısa addımlar atmağa məcbur etsin.