Akif Məhərrəmzadə
Qarabağ münaqişəsi Türkiyə - Ermənistan
münasibətlərində mühüm amil kimi
Yerləşdiyi coğrafi məkan, nəqliyyat amili, ölkələrarası iqtisadi inteqrasiyanın güclənməsi Türkiyənin qonşu Ermənistanla münasibətlərini ilk baxışda labüd etsə də, Qarabağ münaqişəsi, ermənilərin uydurma «soyqırım» və Şərqi Anadoluya olan ərazi iddiaları bu münasibətlərin inkişafının qarşısında mühüm bir əngəl olmaqda davam edir.
Qarabağ münaqişəsində Türkiyə ictimaiyyəti açıq şəkildə Azərbaycanın mövqeyini müdafiə etmişdir. Türkiyə ictimaiyyəti hökumətin Qarabağ məsələsində bitərəf qalmasına qarşı etiraz aksiyaları keçirmiş və Azərbaycanın haqlı mübarizəsini dəstəkləmişlər. Türkiyə hökuməti bir tərəfdən Qafqazdakı gələcək nüfuzu baxımından, digər tətəfdən isə bölgədə hegemonluğu əldə edərək, Rusiya, ABŞ, NATO və Avropa ilə münasibətlərinin daha səmərəli olması baxımından Qarabağ məsələsinin həllində fəal rol oynamağa çalışsa da, lakin bu heç də gözlənilən nəticələr vermədi, əksinə Rusiyanın və Qərb ölkələrinin təzyiqi nəticəsində daha passiv bir siyasətlə nəticələndi. Odur ki, istər yerli, istər türkiyəli, istərsə də xarici yazarlar Türkiyənin bölgədəki maraqlarını izah edərkən yazırlar ki, rəsmi Ankara regionda Qarabağ münaqişəsinin nizamlanmasında öz imkanlarından nəinki maksimum yararlanmaq, hətta imkanlarının müəyyən hissəsindən belə istifadə etmədi.
Qarabağ probleminin həllinin belə, Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşmasına elə bir ciddi təsir göstərməyəcəyni bildirən siyasi icmalçılar erməni diasporunun bu münasibətlərin yaxınlaşmasına mənfi təsirini qeyd etmişlər. Analitiklər belə hesab edir ki, Qarabağ problemi həll olunsa belə, erməni soyqırımı iddiaları və erməni diasporunun pozucu fəaliyyəti Türkiyə–Ermənistan münasibətlərinə kölgə salmaqda davam edəcəkdir. Ankaranın İrəvana ünvanlanmış və qarşılıqlı anlaşmaya əsaslanan siyasəti nə Ermənistanı Türkiyəyə yaxınlaşdırdı, nə də Qarabağ məsələsində hər hansı irəliləyişə səbəb oldu. Tam əksinə, Türkiyənin bir qədər yumşaq mövqeyi, xüsusilə Qarabağ münaqişəsinə münasibətdə sərt mövqeyinin yetərincə olmaması, məsələnin beynəlxalq mexanizmlər yolu ilə həll edilməsinə inandığını elan etməsi Ermənistanı daha da cəsarətləndirdi. Cəzasızlıq şəraitində Ermənistan Dağlıq Qarabağda yeritdiyi işğalçı təcavüzkar siyasətini bir qədər də gücləndirərək Qarabağın ətraf rayonlarının da işğalına nail ola bildi.
Türkiyə ictimaiyyətinin Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistana olan nifrətinə baxmayaraq, Türkiyə hökuməti Ermənistan müstəqillik qazandıqdan dərhal sonra onu tanımış, hətta 25 iyun 1992-ci ildə yaradılan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsinə mane olmamışdır.
Qarabağ münaqişəsinin həlli rəsmi Ankaranın xarici siyasətinin ən aktual istiqamətlərindən biridir. Məhz bu səbəbdən də münaqişənin alovlanmağa başladığı ilk günlərdən Türkiyə Böyük Millət Məclisi məsələyə biganə qalmamış və mütəmadi olaraq problemlə bağlı müzakirələr aparmış, yerli və dünya ictimaiyyətinin diqqətinə Ermənistanın təcavüzkarlıq siyasəti haqqında məlumatlar çatdırmışdır.
TMBB İnsan Haqları Tədqiqat Komissiyasının rəhbəri 1992-ci ildə ölkə parlamentində çıxış edərkən bildirmişdir ki, Qarabağda 1988-ci ildən başlayaraq hər gün şiddətlənən və insanlığın faciəsinə çevrilmiş dramın dayandırılması üçün komissiya 04.03.1992-ci il tarixli iclasında məsələ ilə bağlı fövqəladə toplantının keçirilməsini qərara almış, 05.03.1992-ci il tarixli iclasında məsələni müzakirə etmiş və aşağıdakıların Türkiyə və dünya ictimaiyyətinə çatdırılmasını zəruri saymışdır:
1. Qarabağda meydana gələn hadisələr artıq çoxsaylı insan qırğını ilə müşayiət olunmaqdadır. Bütün dünyanın gözləri qarşısında cərəyan edən bu vəhşı soyqırım faktlarına dərhal son qoyulması, məcburi köçkün düşmüş insanların geri-öz yurdlarına dönmələrinin təmin edilməsi və bu durumun normal hala gətirilməsi məcburidir.
2. Komissiya məsələni daha yaxından izləmək və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bütün partiyaları təmsil edən beş üzvünü hadisələr cərəyan edən bölgədə tədqiqat aparmaq üçün oraya ezam etmişdir. Komissiya beynəlxalq insan haqları qurumları ilə əlaqə yaradaraq, onları da bu hadisəyə həssas yanaşmağa dəvət etmişdir.
Türkiyə beynəlxalq arenada Azərbayanın haqlı mövqeyini dəstəkləmiş, Ermənistana qarşı embarqo tətbiq etmişdir. Təbii ki, bunun kökündə tarixi erməni-türk münasibətlərinin təsiri olsa da, Türkiyənin bu münaqişənin həllində Azərbaycanın yanında yer almaq istəməsini xüsusi vurğulamaq lazımdır. Təsadüfi deyildir ki, Türkiyə hökuməti dəfələrlə bəyan etmişdir ki, Ermənistana tətbiq etdiyimiz embarqonun aradan qaldırılması yalnız Azərbaycan torpaqları işğaldan azad ediləcəyi təqdirdə mümkün olacaqdır.
Türkiyə ilə Ermənistan arasında münasibətləri normallaşdırmaq məqsədilə hər iki tərəfdən müvafiq addımlar atılmağa cəhd olunsa da, son nəticədə Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi ucbatından indiyədək buna nail olunmamışdır. Türkiyə tərəfi Ermənistanla münasibətləri normallaşdırmaq və Qarabağ məsələsində sülh razılığına gəlmək üçün «Əsrin müqaviləsi» çərçivəsində neft boru xəttinin Ermənistan ərazisindən keçməsinin mümkünlüyünü gündəmə gətirdi. Eyni zamanda 1996-cı ildə Türkiyə baş naziri Məsud Yılmaz bildirmişdi ki, əgər Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinin həlli istiqamətində prinsipial məsələlərdə razılığa gələrlərsə, Türkiyə Ermənistanla sərhəddini açacaq. Bu məsələdə qarşı tərəfdən heç bir müsbət addımın atılmaması vəziyyətin normallaşdırılmasına imkan vermədi.
Regionda sabitliyə daim maraqlı olan rəsmi Ankara xarici siyasətində Atatürkün «yurdda sülh, cahanda sülh» ideallarına sadiqlik nümayiş etdirərək, Ermənistanı təcavüzkar siyasətindən yayındırmaq naminə onunla diplomatik əlaqələr qurmaqdan imtina etmiş, Ermənistanla münasibətlərinin yalnız işğal olunmuş Azərbaycan torpaqları azad olacağı təqdirdə normallaşacağını dəfələrlə bəyan etmişdir.
Respublikamızın xarici siyasətinin ən mühüm prioriteti həm regional səviyyədə, həm də beynəlxalq miqyasda Ermənistan-Azərbaycan münaqişəsinin optimal həllinin axtarışından ibarətdir. Qeyd etmək lazımdır ki, müxtəlif səviyyələrdə olan konfranslarda və bütün beynəlxalq forumlarda, həmçinin BMT, ATƏT və İKT kimi təşkilatlarda Türkiyə hər zaman Azərbaycan Respublikasının maraqlarına uyğun hərəkət edir, Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı Ermənistanın təcavüzünü kəskin olaraq pisləyir, respublikamızın bütün işğal olunmuş ərazilərini danışıqsız və təxirə salınmadan azad olunmasını, Azərbaycan qaçqınlarının öz doğma yurdlarına qayıtmalarını tələb edir. Yeri gəlmişkən, Türkiyə ilə birgə fəaliyyəti sayəsində Azərbaycan beynəlxalq səviyyədə müəyyən uğurlara nail olmuşdur. Burada Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT TŞ sədrinin 7 bəyanatını və 4 qətnaməsini, İKT-nın qətnamələrini, ATƏT-in Lissabon və Budapeşt sammitlərindəki qətnamələri və qərarları, o cümlədən Lissabon sammitində ATƏT sədrinin və ATƏT-in mövqeyini əks etdirən yekun sənədini və bəyanatını xüsusi vurğulamaq lazımdır.
Bu Türkiyənin rəsmi mövqeyidir. Hansı ki, bu mövqeyi Türkiyə üçün az problem yaratmamışdır. Söhbət Avropa İttifaqı və digər beynəlxalq qurumların bu problemlə bağlı Türkiyəyə göstərdiyi təzyiqlərdən gedir. Rəsmi Ankara hələ ki bu təzyiqlərə davam gətirir. Perspektivdə, mövqedə hər hansı bir yumşalmalar olarsa, bu qarşı tərəfin – Ermənistanın da müvafiq güzəştləri hesabına reallaşa bilər. Bu, Azərbaycan tərəfinin istəyidir. Bu istəyin kökündə Azərbaycan torpaqlarının toxunulmazlığı prinsipi dayanır.