Mərziyyə Nəcəfova

vətən ruhuna hakim kəsilən şerlər

Ədəbiyyat aləmindən, “Karvan körpüdən keçir” (1997), “Baş daşımın yazıları” (1998), ”Yurdun övladları” (E .Kamalla birlikdə 2000) publisistik kitabları ilə Əli Rza Xələfli bizə yaxşı tanışdır. Daha sonralar isə “Ocağımın işığı” (2001) kitabı müəllifinin imzasını oxucularına şair kimi təqdim etdi. Və çox cəsarətlə demək olar ki,“Həsrət körpüsü” (2004) şerlər kitabı Əli Rza Xələfli imzasını təsdiq etdi.

Müəllifin əsas yaradıcılığı XX əsrin sonlarına - Azərbaycan xalqının sınaq illərində yaşadığı faciələrə təsadüf etdi. Bəlkə də elə içində odu-alovu, üsyanı olan, şerin, poeziyanın, sözün sehri ilə yaşayan Əli Rzanın qəlbindəki qığılcımı bu XX əsrin sonunda yaşadığımız faciələr - qanımız, canımız bahasına əldə etdiyimiz azadlığımız, müstəqilliyimiz yolunda verdiyimiz şəhidlər, Qarabağ ağrısı, yurd həsrəti, torpaq itkisi közərtdi.

Əli Rza Xələfli yaradıcılığını izləyərkən, istər publisistik əsərlərinin, istərsə də poeziyasının ana xəttinin Vətən mövzusu olduğunu görürük. Bu da təbiidir. Elə ikinci şerlər kitabına verilən ad da, bunu təsdiq edir. “Həsrət körpüsü” - adı rəmzi seçim olmayıb, bütöv kitabın qayəsini, mahiyyətini əks etdirir. Vaqif Yusifli demişkən, “Körpülər birliyə vəhdətə gedən yolun canlı simvollarıdır”. Amma dünyada həsrət körpüləri də var. Bu körpülər üstündən səadət, ümid, arzu addımlamır. Tənhalıq, həsrət, ağrı, kədər, ümidsizlik o körpülərin nişanıdır, insan üzünə həsrətdir o körpülər:

İllər ayrıcıyam, qərib sahildən,

Araz muştuluğa bir ah gətirib.

Təbriz ağrısına ürəkdən, dildən,

Qarabağ ağrısı pənah gətirib.

Bu həsrət körpüsü - həsrət körpülərinə dönür . Bu həsrət körpüləri şairin içində əzaba, ağrıya, ağıya çevrilir. Bulağın gözündən damla–damla süzülüb gələn bulaq suyu kimi, şairin qəlbindən süzülüb misralara çevrilir. Şairin ən ağrılı yeri qoyub gəldiyimiz ata- babalarımızın qərib məzarlarıdır:

Vətən üçün göz yaşıdı,

İldən- ilə qəm daşıdı.

Sual, nida -baş daşıdı,

Qürbət eldə qərib məzar.

Əsir kəndin acısıdı,

Qarabağın ağrısıdı,

İçilməyən acı sudu. 

Qürbət eldə qərib məzar.

Vətən həsrəti, yurd itkisi, qərib məzarlar, keçən ömür-gün, onu sıxır, dəhşətə gətirir. Qovuşmaq, vüsala yetmək, yaranan bu həsrət körpüsünü keçmək istəyi onu rahat olmağa qoymur. Sözün həqiqi mənasında, yurdsuz-yuvasız didərginlərimiz dərd-ələmin, əlacsızlığın məngənəsində boğularaq, canlı şəhidlərə çevrilirlər. Şair ürək ağrısı ilə qələmə alır:

Tikanlar üstündə şərqilər deyən,

Neçə əzablara, dərdə şahidəm.

Son ucu hardasa ilğımı döyən,

Zülməti dolaşan yolda şəhidəm.

Əli Rzanın poeziyasının xüsusiyyətlərindən biri də onun poeziyasının təbiiliyi, səmimiliyidir. Kitaba daxil olan şerlər yanğıdan yoğrulub. Bu da onun poeziyasını fərqləndirir. Axı Əli Rza poeziyası Cəbrayıl elinin didərgin düşməsində erməni vəhşiliklərinin şahidi olub və bütün bu faciəni yaşamaq, poeziyaya gətirmək şairin tale yazısı olmuşdur. Bunları qeyd edərkən, Qarabağ ağrılarını yaşayan və yazan şair Ələmdar Quluzadə poeziyasını xatırlayıram. M.Yusifli bir məqaləsində şair Ələmdar Quluzadə haqqında yazmışdır: “Ələmdar Quluzadə dünyanın dərdlərının içində yaşayan zamanın ağrılarını içində yaşadan Vətən, torpaq duyğularını, bəşəri sevgi hisslərini xalq hikmətləri ilə poeziyaya çevirməyi bacaran şairdir”.

Bu kəlamları təsadüfi qeyd etmirəm. Bu gün bu kəlamı Əli Rza Xələfli poeziyasına da şamil etmək olar. Düzdür, bu, bir tərəfdən, şairin yaşadığı və içində olduğu faciələrdən, vətəni Cəbrayıl elinin düşmən tapdağında ol masından irəli gəlir. Digər tərəfdənsə, onun yaradıcılığını vərəqləyərkən hiss edirik ki, Vətən sevgisi, el–oba, yurd məhəbbəti onun iliyindən, qanın-dan axır. Onun poeziyasının gücü, mövzularının poetik həlli şairin şəxsiyyət və səmimiyyətində, vətən məhəbbətini qəlbinin dərinliklərində yaşatmasındadır. Müəllif öz dərdini-hamımızın dərdini ümumi­ləşdirə bilir:

Vətən oğlu, vətən qızı,

 rəva görmə yağıların

 vətən üstə

 torpaqların

 bağrın sökə,

 Ana yurda pərşim çəkə.

Müəllif çox suallara cavab axtarır. Bu cavabların ən birincisi mübarizə apararaq, qalib gəlməkdir. Ancaq sonda ölüm də var, vətən uğrunda qurban getmək də. Belə vəziyyətdə qəhrəman Vətən yolunda qurban getməyi şərəf bilir və bu kədəri şərbət kimi içməyi tövsiyyə edir:

Atam mənim,

Çörəyini halal eylə .

 Anam mənim,

 Sən südünə halallıq ver.

 Ürəyini halal eylə

 Öz oğlundan keçməlisən,

 Kədərini şərbət bilib

 İçməlisən.

Vətənin müdafiəsi üçün yaşayan qəhrəman “Bir qəlpənin istisini sinəm üstə soyutmağa yer gəzirəm” - deyərək, şair arzularını poetik bir dillə ifadə edir:

Bir əmrə müntəzirəm

 Bir qəlpənin istisini

 Sinəm üstə soyutmağa

Yer gəzirəm.

Savalan bağlarına,

Su yerinə, qan verərəm.

 O yaralı dağlarına

 Baxışımla

 Məlhəm olub,

 Can verərəm.

və yaxud:

Keçən zaman,

Ötən illər,

Qoy ömrümə yazılmasın .

Vətən üstə bircə qarış

Torpaq payım

Qəbrim üçün qazılmasın .

“Həsrət körpüsü”nə şairin üç poeması da daxil olunub. Poemaların hər biri ədəbiyyatşünaslar tərəfindən az da olsa təhlil edilib. Mən, “Bir Xələfli var imiş” poeması üzərində dayanmaq istəyirəm. Bu poemada Əli Rza keçmişimizə söykənərək bu günümüzü, bu günümüzün yaşantılarını, ağrı-acılarını qələmə almışdır. Poemanın “Heydər babaya salam” üstündə köklənməsi əsərin gücünü daha da artırır. O, Şəhriyar poeziyasının ruhunu əsərinə gətirə bilir. Bu, poemanı təkrarlamır, əksinə təbiiləşdirir, oxucunun ruhuna yaxınlaşdırır. Əkbər Əlioğlu haqlı olaraq yazır: “Əli Rza da böyük ustad kimi yaxın keçmişini soraqlayır, əzizlərini anır, yurdun təbii gözəlliklərindən özünəməxsus lövhələr yaradır. Yaradarkən ustad böyüklüyünü, onun ruhunun səsini daima öz üzərində hiss etdiyindən, teztez etiraflara üz tutur və hər yeni parçada Əli Rza möhürünü vurur”

 Ustad sözün yaxşısını deyibdi,

 Gülü dərib, tikanları əyibdi,

Şerin, sözün zərxanasın deyibdi,

“Salam”ımın şəkər dili bal kəsər,

Şirinliyi damaqlarda qənd əzər.

Cəsarətlə yazmaq olar ki, Əli Rzanın da poeması bal dadır, hətta bu əsər ustad salamının daş-divarını hörməyin mümkün­lüyünün klassik nümunəsini göstərə bilir. Müəllif təvazökarlığı da onun yaradıcılığının, şəxsiyyətinin böyüklüyündən xəbər verir.

Poemada Cəbrayıl elinin Xələfli kəndinin təbiəti, tarixi yerləri, abidələrinin, dağlarının adları çəkilir, təbiətin füsunkar gözəllikləri bir vətənpərvər şair dilindən poetik duyğularla ifadə olunur. Ancaq o bu gözəllikləri əks elədikcə əzab çəkir. Bu torpaqların bərəkət əlçatmazlığı şairin içində fəryada, aha çevrilir:

 Xələflilər harda olsa qoçaqdı ,

Qorxu, hürkü Xələflidən qaçaqdı,

El dağılıb, yol bağlanıb haçaqdı,

Bir də ola gedə billik o yurda

Ürəklərdən qəmi sillik o yurdda.

Şairə qərib düşmüş şəhid məzarları daha çox əzab verir. Qərib məzar itkisi əzabı onun poemasında da əsas yer tutur:

 Şirvan qəbri tarixlərin şahidi,

 Nə yamandır qəbirlərin şəhidi,

 Bu dərd mənim gözlərimin şahidi,

 Kimsə bilməz məni necə yandırır,

Fərqi yoxdu gündüz-gecə yandırır.

Ümidvarıq ki, şairin “Həsrət körpüsü” mübarizliyin, qalibiyyətin körpüsünə çevriləcək, ədəbiyyatımızın aktual mövzuları - həsrət, didərginlik, qürbət mövzularından, zəfər, qalibiyyət, azadlıq mövzularına doğru istiqamətlənəcək.