Mübariz Xəlilov
qarabağın daş heykəlləri və onların taleyi
Dağlıq Qarabağ ərazisinin arxeoloji baxımdan öyrənilməsinə XIX əsrin 90-cı illərində başlanılmasına baxmayaraq, yüz ildən çox müddət ərzində bölgənin zəngin qədim mədəniyyətini arzu edilən səviyyədə üzə çıxarmaq mümkün olmamışdır. Bunun başlıca səbəblərindən biri Dağlıq Qarabağda uzunmüddətli stasionar elmi tədqiqatların aparılması əvəzinə, epizodik xarakterli, qısamüddətli elmi səfərlərə üstünlük verilməsidir. Dağlıq Qarabağın qədim maddi mədəniyyətinin etnik mənsubiyyəti probleminin araşdırılmasında, azərbaycanlı icmasının bu bölgənin ən qədim, avtoxton əhalisi olduğunun sübut edilməsində kurqanların, erkən alban dövrünə aid küp qəbir abidələrinin, daş heykəllərin, orta əsr müsəlman və xristian epiqrafıka abidələrinin, müsəlman türbələrinin və s. tədqiqi müstəsna əhəmiyyətə malikdir. Məlum hadisələrlə əlaqədar bu abidələrə istər Ermənistanda, istərsə də Azərbaycanda marağın çox artması nəticəsində onlar iki dövlət arasında ideoloji mübarizənin təməl əhəmiyyətli obyektinə çevrilmişdir.
Belə abidələrin bir qrupu Dağlıq Qarabağda və Qarabağ düzündə aşkar edilmiş insan təsvirindən ibarət daş heykəllərdir. Bu heykəllərin xüsusi mövzu çərçivəsində arxeoloji tədqiqinə 1982-ci ildən başlanılmış, bir sıra əsərlər nəşr edilmişdir (baxın: 9-12). Lakin son zamanlar arxeoloq olmayan bəzi müəlliflər mövzu ilə bağlı elmi ədəbiyyatı öyrənmədən, abidələri əyani surətdə müşahidə etmədən bu sahədə “sensasiya yaratmağa” çalışırlar (baxın: 1;2). Onları vətənpərvər bir azərbaycanlı övladları kimi başa düşmək mümkündür, lakin həmin heykəlləri «bizimkiləşdirmək» istiqamətində etdikləri belə cəhdlərə ehtiyac varmı? Bu proses bir qəzet məqaləsi ilə başlanmışdır. Müəllif yazır: «...1984-cü ildə Bərdə rayonunun Şatırlı kəndi yaxınlığında tapılmış insan fiqurlu qədim məzar daşının foto-şəklini nəzərdən keçirərkən, abidənin üzərində alban əlifbası ilə həkk edilmiş xeyli naməlum yazılar olduğunu aşkar etdim. Bir müddət gərgin çalışdıqdan sonra, nəhayət, bu yazıları oxumaq cəhdim uğurla nəticələndi» (1). Beləliklə, buradan məlum olur ki, müəllif yalnız foto-şəkil əsasında bu nəticəyə gəlmiş, həmin heykəlin qrafik rəsminin özü tərəfindən hazırlanmış «yazılı variantı»nı məqaləyə əlavə etmişdir. Qeyd olunan daş heykəl hələ 1982-ci ildə Bərdə rayonunun Şatırlı kəndi yaxınlığındakı Şortəpə abidəsində çöl tədqiqatları zamanı bizim tərəfimizdən yerindəcə öyrənilmiş (9), onun və oradan tapılan daha bir heykəlin ətraflı təsviri yazıya alınmış, abidələrin foto-şəkilləri çəkilmiş, Şatırlı heykəllərindən bəhs edən ayrıca bir məqalə nəşr edilmişdir (10). Qarış-qarış müşahidə etdiyimiz bu heykəllərin üzərində nəinki yazı, heç buna bənzər cızıqlar da yoxdur.
Digər bir müəllif Şatırlı heykəli ilə yanaşı, Ağdam rayonunun Boyəhmədli kəndi yaxınlığından tapılmış daş heykəlin də üzərində guya aşkar edilmiş yazılardan bəhs edir və heykəllərin normal foto-şəkilləri ilə yanaşı, onların qrafik çəkilmiş «yazılı variantlar»ını yerləşdirir (2, s. 22-23, şəkil 2, 3). 1982-ci ildə çöl tədqiqatları zamanı (9) bizim tərəfimizdən əyani surətdə çox diqqətlə aparılan müşahidələr əsasında (baxın: şəkil 1) tam məsuliyyət hissi ilə təsdiq edə bilərik ki, Ağdam heykəllərinin üzərində heç bir yazı yoxdur. Hələ bizdən əvvəl 1973-cü ildə həmin heykəlləri yerindəcə tədqiq etmiş bir qrup arxeoloq da onların səthində hər hansı bir yazı nümunəsini aşkar etməmişdir (5). Əslində bu heykəllər Boyəhmədli kəndindən deyil, Boyəhmədli kənd inzibati – ərazi vahidliyinin Mollalar kəndi yaxınlığından tapılmışdır. İndiki zamanda Ağdama getmək mümkün deyilsə də, həmin müəlliflər Bərdəyə səfər edib Şatırlı heykəllərinə baxa bilərdilər.
Ümumiyyətlə, Qarabağ münaqişəsi başlayanadək Azərbaycan arxeoloqları tərəfindən Qarabağda daşdan yonulmuş 19 insan heykəli qeydə alınmışdır (12). Bu abidələr Mollalar, Şəfibəyli, Suma, Güllücə (Ağdam rayonu), Şatırlı (Bərdə rayonu), Canyataq (Ağdərə rayonu), Seysulan (Tərtər rayonu) kəndləri yaxınlığında aşkar edilmişdir. Sonuncu iki kənd əvvəllər keçmiş Mardakert rayonu tərkibinə daxil idi.
Bu heykəltəraşlıq abidələri qədim zamanlarda Qarabağın dağlıq və düzənlik hissələrinin vahid etno-mədəni məkana daxil olduqlarını təsdiq edir. Bəlkə də, qədim yazılı mənbəyimiz olan «Alban tarixi» əsərində Artsax bütləri dedikdə Qarabağ daş heykəllərinin bir qrupu nəzərdə tutulmuşdur. Bu tarixi mənbədən məlum olur ki, 487-ci ildən etibarən bütpərəstliyə qarşı mübarizə apararaq xristianlığın mövqeyini möhkəmləndirən Albaniya hökmdarı III Mömin Vaçaqan «öz hakimiyyəti altında olan Artsax vilayətində yaramaz bütlərə qurban kəsib sitayiş etməkdən əl çəkməyi əmr etmişdir» («Alban tarixi», I hissə: 17-ci fəsil).
Qarabağ heykəlləri Avrasiyanın «daş babalar» şərti adı altında cəmlənmiş daş heykəllər dairəsinə daxildir. Albaniya dövləti və alban mədəniyyətinin mövcud olduğu dövrdə bu tip abidələr Monqolustandan Rumıniyaya kimi çox geniş bir ərazidə qədim skit, sarmat, sak və habelə Türk xaqanlığı qəbilələri arasında yayılmış, ikonoqrafiya və yonulma üslubundakı bəzi fərqlərlə ümumi bir ideya əsasında yaradılmışdır. Şərqi Avropa çöllərindəki qıpçaq daş heykəlləri nəsildən-nəsilə ötürülən bu ideyanın XIII əsrədək Avrasiya məkanında etno-mədəni varisliyi əks etdirdiyini göstərir. Bəzi rus arxeoloqları hətta Qarabağ heykəllərinin bir sıra əlamətlərə görə qədim türk daş heykəllərinə, habelə Mərkəzi Asiyanın erkən dəmir dövrünə aid heykəltəraşlıq abidələrinə oxşadığını qeyd etmişlər (6, s. 106; 7, s. 85-86).
Qarabağ heykəlləri hörüklü saça malik kişi təsvirləridir. Hələ e.ə. XXIII əsrdə indiki Cənubi Azərbaycan ərazisində məskunlaşmış qəbilələrdən olan lullubeylərdə kişilərin uzun hörük saxlaması onların daş üzərindəki təsvirlərindən məlumdur. Tarixi Manna ərazisində, Arcaq-qala abidəsində aşkar edilmiş daş heykəllər də (e.ə. I minilliyin əvvəli) uzun saçlı kişi fiqurlarıdır. Erkən alban dövrünə aid uzun saçlı kişi heykəlləri Şamaxı rayonunun Çıraqlı kəndi yaxınlığında tapılmışdır (11, s. 15). Qədim yunan müəllifi Lukianın (II əsr) məlumatına görə, uzun saç saxlamaq skit kişiləri üçün xarakterik idi («Toksaris və ya dostluq» əsəri, 51-ci parça). «Alban tarixi» əsərində xəzərlər və digər türk qəbilələri onların kişilərinə də xas olan əlamətə görə «hörüklülər xalqı» adlandırılmışlar («Alban tarixi», II hissə: 12-ci fəsil). Bütün bu məlumatlar Qarabağdan və Azərbaycanın digər yerlərindən tapılmış uzun saçlı kişi heykəllərinin Avrasiya çöllərində yaşamış «köçərilərə» yaxın olan Albaniya və habelə Mannanın yerli qəbilələrinə mənsub olduğunu göstərir. Bu oxşar abidələr Manna, Albaniya qəbilələrinin uzaq keçmişdə Avrasiya «köçəriləri» ilə eyni kökdən intişar taparaq sonralar müstəqil tarixi-mədəni inkişaf yolu keçdiklərini güman etməyə əsas verən amillərdəndir.
Belə bir şəraitdə bir sıra erməni müəlliflərinin Dağlıq Qarabağın daş heykəllərini qədim erməni mədəniyyəti abidələri sırasına aid etmələri elmdən çox uzaq bir fərziyyə təsiri bağışlayır (4, s. 36; 8, s. 166). Etiraf etmək lazımdır ki, Dağlıq Qarabağın Azərbaycanın nəzarətindən çıxdığı ilk illərdə əsasən keçmiş Mardakert rayonu ərazisində yerli əhali tərəfindən onlarla daş heykəl nümunələri aşkar edilmişdir (4, s. 36). Bu heykəllər də əvvəlkilər kimi uzun saçlı kişi təsvirləridir. Kişilərin hörük saxlamaq adətinin qədim dövrlərdə ermənilər arasında yayılması qədim yazılı tarixi mənbələrdə və təsviri sənət nümunələrində öz əksini tapmamışdır. Bu məqamda hələ 1982-ci ildə Xankəndi muzeyindəki Qarabağ heykəlləri ilə tanış olarkən mənə yaxınlaşan bir erməni ziyalısı və müəyyən sorğu-sualdan sonra onun mənə verdiyi «məsləhət» yadıma düşür. O mənim diqqətimi Qarabağın bir sıra heykəllərinin sifət hissəsində qazıma üsulu ilə təsvir edilmiş insan burnunun əslində burun deyil, erməni əlifbasının «U» (tələffüzü «se») hərfi olmasına yönəltməyə cəhd edirdi (?!). Bizim fikrimizcə, burada əlavə şərhə ehtiyac yoxdur. Erməni müəlliflərinin gətirdikləri daha bir «dəlil» ondan ibarətdir ki, heykəllərin tapıldığı Canyataq və Seysulan kəndlərinin əhalisi ermənilərdir. Lakin tarixi sənədlər təsdiq edir ki, ermənilər Canyataq kəndində 1826-1828-ci illərdə məskunlaşmışlar (3, s. 154). Kəndin türk mənşəli adı da ermənilərin buraya gəlmə olduğunu sübut edir. Seysulan kəndinin əhalisi isə XIX əsrədək türk dilli utilərdən ibarət olmuşdur (3, s. 121).
Qarabağ heykəllərinin taleyi həyəcan doğurur. Hələ 1973-cü ildə Qarabağda qeydə alınmış 10 heykəl məlum idi (5, s. 447). Bu heykəllərdən 7 ədədi ermənilərin yaşadığı Canyataq kəndi yaxınlığında tapılmışdır. 1982-ci ildə biz bu kənddə olarkən burada heç bir heykələ rast gəlmədik. Doğrudur, Canyataq heykəllərindən biri vaxtı ilə Bakıya gətirilmiş və hal-hazırda Qız qalası yanında, açıq səma altında saxlanılır. İtmiş heykəlləri tapmaq ümidi ilə biz Xankəndi muzeyinə üz tutduq, lakin heykəllərin izinə burada da düşmək mümkün olmadı. Hər halda muzeyə səfər müəyyən fayda verdi. Burada Seysulan kəndindən gətirilmiş heykəllər bizim tərəfimizdən qeydə alınaraq (şəkil 2) sonralar nəşr edildi (9; 12).
Beləliklə, Azərbaycan arxeoloqları tərəfindən aşkar edilmiş 19 heykəldən 6 ədədi ermənilərin yaşadığı Canyataq kəndində yoxa çıxmışdır. Ağdam rayonunun 8 heykəlin tapıldığı ərazisinin Qarabağ müharibəsinin gedişində Ermənistan tərəfindən işğal edilməsi səbəbindən buradakı heykəllərin taleyini müəyyənləşdirmək hələlik çətindir.
ədəbiyyat siyahısı
1.Əsədov Vaqif. Nadir tapıntı. – «Azərbaycan» qəzeti, 16 fevral 2003-cü il.
2.Qarabağlı Rizvan. Qarabağ şəhəri. – «Elm və həyat» jurnalı, №1-2, 2004, s. 21-23.
3.Qeybullayev Qiyasəddin. Qarabağ. Bakı, 1990.
4.Баратов Борис. Ангел Арцаха. Памйатники армйанского искусства Нагорного Карабаха, Москва, издателство «Лингвист», 1992.
5.Ваидов Р.М., Гейушев Р.Б., Гулиев Н.М. Новые находки каменных баб в Азербайджане. – В сборнике: Археологические открытие 1973 года. Москва, 1974, с. 446-447.
6.Войтов В.Е., Каменные извйание из Унгету. – Центральная Азия: новые памятники письменности и искусства. Москва, 1987, с. 92-109.
7.Кубарев В.Д. Древние изваяния Алтая (Оленные камни). Новосибирск, 1979.
8.Мкртычян Шаген. Археология Нагорно-Карабахской автономной области. Ереван, 1980 (на армянском языке).
9.Халилов М.Дж. Исследование каменных изваяний Карабаха. – В сборнике: Археологические открытия 1982 года. Москва, 1984, с. 438-439.
10.Халилов М.Дж. Древнее святилище, связанное с каменными изваяниями у с. Шатырлы. – Доклады АН Азербайджанской ССР, т. XLII, №7, 1986, с. 78-82.
11.Халилов М.Дж. Каменные изваяния Азербайджана (II пол. I тыс. до н. э. – I тыс. н.э.). – Автореферат диссертации ... кандидата исторических наук. Москва, 1988.
12.Халилов Мубариз. Антропоморфные каменные изваяния Карабаха. – В журнале: «Азербайджанская археология», № 1-4, 2004, с. 100-104.
Şəkil 1. Daş heykəllər. Mollalar kəndi (Ağdam rayonu). 1982-ci il.
Şəkil 2. Xankəndi Tarix-diyarşünaslıq muzeyi. 1982-ci il. Seysulandan tapılmış daş heykəl.