Namiq Musalı
səfəvilər zamaninda qarabağ bəylərbəyiliyinin yaradilmasi və onun inzibati quruluşu
Qarabağ tarixinin hərtərəfli araşdırılması Azərbaycan tarix elmi qarşısında duran zəruri və aktual məsələlərdən ən önəmlisidir. Sözügedən sahədə milli tarixşünaslığımızda xeyli işlərin görülməsinə baxmayaraq, bu istiqamətdə tədqiqatların daha da genişləndirilməsinə kəskin ehtiyac duyulmaqdadır.
Xalqımızın tarixində önəmli rol oynamış Səfəvilər sülaləsinin (1501-1736) hakimiyyəti dövründə mövcud olmuş Qarabağ bəylərbəyiliyinin tarixinin müxtəlif aspektlərinə Azərbaycan tarixçilərindən O.Əfəndiyevin, Ə.Rəhmaninin, Z.Bayramovun və başqalarının araşdırmalarında toxunulmuşdur. Bu məqalədə bəzi ilkin mənbələr əsasında Qarabağ bəylərbəyiliyinin tarixi ilə əlaqədar müəyyən dəqiqləşdirmələr aparmağı və yeni faktlar təqdim etməyi qarşımıza məqsəd qoymuşuq.
Azərbaycan Səfəvilər dövləti yarandığı vaxtdan etibarən Qarabağ torpaqları onun tərkibinə daxil olmuşdur. Hələ ilk Səfəvi şahları öz nəzarətlərində olan əyalətlərdə bəylərbəyiliklər yaradır və həmin bəylərbəyiliklərin idarəçiliyini müxtəlif türk qızılbaş tayfalarının əmirlərinə həvalə edirdilər. Mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyiliyində qacar tayfasının ziyadoğlular qolunun kiçik zaman fasilələri istisna olmaqla, XVI əsrin 50-ci illərindən Nadir şah Əfşarın (1736-47) taxt-tacı ələ keçirməsinə qədər hakimiyyət sürməsi məlum olan həqiqətdir. Gürcü mənbələrinə istinad edən alman tarixçisi K.M.Rohrborn Qarabağ bəylərbəyiliyinin yaradılmasını 1554-cü ilə aid etmiş və qacar tayfasından olan Şahverdi sultan Ziyadoğlunun Qarabağın ilk bəylərbəyisi olduğunu bildirmişdir[1]. Bu fikir hələ də tarix elmində dominantlıq təşkil etməkdədir. Lakin bu zaman ortaya sual çıxır: bəs Azərbaycan Səfəvilər dövlətinin mövcudluğunun ilk yarım əsrində Qarabağın idarəçiliyi hansı formada həyata keçirilmişdir? Tarixi qaynaqların əksəriyyətində bu barədə informasiyaya rast gəlmək mümkün olmasa da, h. 1086 (m.1675/76)-cı ildə naməlum bir azərbaycanlı müəllif tərəfindən qələmə alınmış “Tarix-i aləmara-yi Şah İsmayıl” (“Şah İsmayılın dünyanı bəzəyən tarixi”) adlı əsərdəki məlumatlar bu məsələyə aydınlıq gətirməyə kömək edir. Farsca yazılmış bu qiymətli tarixi mənbədə Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayılın (1501-1524) hərbi-siyasi fəaliyyəti ətraflı surətdə təsvir edilmişdir. Anonim müəllif, İraqi-ərəbin qızılbaş ordusu tərəfindən fəthi və I Şah İsmayılın qızılbaş sərkərdəsi Xadim bəy Xüləfanı Bağdad hakimi təyin etməsi ilə əlaqədar olan 1508-ci ilin hadisələrindən bəhs etdikdən sonra əlavə edir ki, Xadim bəy Səfəvilər dövlətinin qurulması uğrunda gedən mübarizənin fəallarından olmuşdur. Şah İsmayıl bu mübarizədə fədakarlıq göstərmiş qızılbaş əmirlərini yüksək qiymətləndirmiş və onların övladlarını müxtəlif böyük vəzifələrə təyin etmişdi. Buna misallar sırasında anonim müəllif qeyd edir ki, Şah İsmayıl “Qarabağın və o sərhədin bəylərbəyiliyini Qara Pirinin oğlu Rüstəm bəyə inayət etmişdi”[2]. Buradan aydın olur ki, Qarabağ bəylərbəyiliyi heç də 1554-cü ildə I Təhmasib tərəfindən deyil, hələ I Şah İsmayılın hakimiyyətinin ilk dönəmlərində yaradılmışdı və oranın ilk qızılbaş bəylərbəyisi heç də Şahverdi sultan deyil, “Tozqoparan” ləqəbli məşhur sərkərdə Qara Piri bəy Qacarın oğlu Rüstəm bəy Qacar olmuşdur. F.Sümer müəyyənləşdirmişdir ki, Qara Piri bəy ziyadoğlular nəslinə deyil, qacarların başqa bir qoluna mənsub idi[3]. Ziyadoğlular nəslinə gəlincə, İ.K.Pavlova aşkar etmişdir ki, bu nəslin məlum olan ilk nümayəndəsi I Şah Təhmasib (1524-1576) dövrünün əvvəllərində, XVI əsrin 20-ci illərində Səfəvi xidmətinə girmiş Xəzər bəy olmuş, onun oğlu Ümmət xan da Təhmasibə sədaqətlə xidmət etmiş, nəhayət, Ümmətin ölümündən sonra onun oğlu Şahverdi sultan Gəncə (Qarabağ) bəylərbəyisi təyin olunmuşdu[4]. Məlumdur ki, qacarlar hələ Ağqoyunlu dövründən Qarabağda fəaliyyət göstərmişlər.
Beləliklə aydın olur ki, I İsmayıl dövrünün əvvəllərində yaradılmış Qarabağ bəylərbəyiliyi ilk vaxtlar Qara Piri bəy Qacarın nəslinə mənsub olmuş, yalnız 1554-cü ildə bəylərbəyilik qacarların digər bir qolu olan ziyadoğlular nəslinə verilmişdi. Onlar, 1590-1606 və 1725-1735-ci illərdəki Osmanlı fəthləri və I Şah Abbas (1587-1629) dövrünün sonları və Şah Səfi (1629-1642) hakimiyyətinin ilk illəri (1632-ci ilədək) istisna olmaqla, Səfəvilər dövlətinin süqutu və Nadir şah Əfşarın hakimiyyətə gəlməsinə qədər Qarabağ bəylərbəyiliyini idarə etmişlər. Mənbələrdə bir-birinin ardınca Qarabağ bəylərbəyiləri olmuş ziyadoğlulardan Şahverdi sultanın, İbrahim xanın, Yusif xəlifənin, Peykər sultanın, İmamqulu xanın, Məhəmməd xanın, Mürşüdqulu xanın, Məhəmmədqulu xanın, Mürtəzaqulu xanın və başqalarının adları qeyd olunmuşdur.
Səfəvilərin dövlət məmuru olmuş Mirzə Səmia dövlət quruluşu məsələlərinə həsr etdiyi “Təzkirətül-müluk” adlı əsərdə (1725-ci il) Qarabağ bəylərbəyiliyinin coğrafi vəziyyəti, inzibati bölgüsü və iqtisadi vəziyyəti haqqında maraqlı məlumatlar vermişdir. O, əsərin “Xatimə” hissəsinin II məqaləsində Səfəvilər dövlətinə daxil olan ölkələr və onların inzibati bölgüsündən bəhs edir və bu zaman ilk növbədə dövlətin ən önəmli əyaləti olan Azərbaycan ölkəsi barədə məlumat verir. Müəllif Azərbaycan ölkəsinin dörd bəylərbəyilikdən ibarət olduğunu göstərir və onları sadalayır: Təbriz, Çuxursəd, Qarabağ və Şirvan[5]. Bu fakt Qarabağın tarix boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha əsaslı surətdə sübut edir.
Mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyiliyi xeyli geniş əraziləri əhatə edirdi. “Təzkirətül-müluk”da Qarabağ bəylərbəyiliyinə daxil olan və hakimlər tərəfindən idarə olunan 9 nahiyənin adları sadalanır və onların iqtisadi və hərbi vəziyyəti haqqında maraqlı statistik məlumatlar verilir. Zəyəm hakimi 5998 tümən 5980 dinar illik mədaxilə və 1200 nəfərlik qoşuna, Bərdə hakimi 3792 tümən 2735 dinar mədaxilə və 515 nəfərlik qoşuna, Ağstafa hakimi 852 tümən 5930 dinar mədaxilə və 700 nəfərlik qoşuna, Cavanşir hakimi 2102 tümən 8000 dinar gəlirə və 832 nəfərlik qoşuna, Bərgüşad hakimi 341 tümən 2750 dinar gəlirə və 300 nəfərlik qoşuna, Qara-Ağac (Gürcüstanın Kaxeti vilayəti ərazisində yerləşirdi) hakimi 636 tümən 5434 dinar gəlirə və 210 nəfərlik qoşuna, Lori və Pəmbək hakimi 1545 tümən 8434 dinar gəlirə və 550 nəfərlik qoşuna, Arazbar ölkəsinin və Bayəzidli elinin hakimi 601 tümən 8345 dinara və 300 döyüşçüyə, Simavi və Tərkür ölkəsinin hakimi isə 300 tümən 2945 dinara və 47 döyüşçüyə malik idi. “Təzkirətül-müluk”a görə Qarabağ bəylərbəyiliyinə tabe olan bu 9 nahiyədən toplanan ümumi illik gəlir 16172 tümən 553 dinar təşkil edirdi. Gəncədə oturan bəylərbəyinin illik mədaxili 28614 tümən 9435 dinar, xidmətində olan qoşunun sayı isə 1430 nəfər təşkil edirdi. Mirzə Səmia Qarabağ bəylərbəyiliyinin ümumi illik gəlirinin 24726 tümən 978 dinar olduğunu göstərir. Lakin bu zaman rəqəmlər arasında uyğunsuzluq yaranır. Çünki belə olduqda bəylərbəyinin gəliri ümumi mədaxili üstələmiş olur. V.Minorski bəylərbəyiyə aid məbləğin əvvəlinə “2” rəqəminin səhvən yazıldığını müəyyənləşdirmişdir. Belə olduqda bəylərbəyinin və ona tabe olan nahiyə hakimlərinin ümumi gəliri 24780 tümən 9988 dinar təşkil edir ki, bu da mətndəki rəqəmə çox yaxındır. Qarabağ bəylərbəyiliyinin daimi qoşununun ümumi sayı 6084 nəfərdən ibarət idi[6]. Diqqəti çəkən cəhət ondan ibarətdir ki, Səfəvi dövrünün rəsmi dövlət quruluşu və inzibati bölgüsü haqqında ən dəyərli və mötəbər mənbə olan “Təzkirətül-müluk”da Qarabağ ərazisində hər hansı bir xristian məlikliyin mövcud olduğu qeyd edilməmişdir. Mənbələrdə Qarabağ bəylərbəyiliyinin ictimai-siyasi həyatında qacarlarla yanaşı, bayəzidli, şahsevən, cavanşir, otuzikilər, iyirmidördlər, şəmsəddinli və s. kimi türk tayfalarının mühüm rol oynadıqları qeyd olunmuşdur.
Bəzi ədəbiyyatlarda Səfəvilər zamanında Qarabağ bəylərbəyliyinin “Kür və Araz çayları arasında yerləşib, Ağstafa və Ordubada qədər uzandığı”[7] göstərilsə də, biz bu fikirlə razılaşmırıq. Qarabağ bəylərbəyiliyi Azərbaycanın Gəncəbasar və Qarabağ regionları, eləcə də bəzi digər rayonları ilə yanaşı, indi Ermənistan adlandırılan respublikanın Pəmbək dağ silsiləsi və ondan şimaldakı ərazilərini, Göyçə mahalını, Zəngəzurun böyük bir hissəsini, hal-hazırda Gürcüstan respublikasına daxil olan tarixi Borçalı mahalını, həmçinin Kaxeti vilayətini əhatə edirdi. Bəzi vaxtlarda hətta Tiflis şəhəri də Qarabağ bəylərbəyilərinə tabe olmuşdur.
[1] Rohrborn K.M. Provinzen und Zentralgewalt Persiens im 16 und 17 Jahrhundert. Berlin, 1966, s.4.
[2] Aləmara-ye Şah Esmail (ba moqəddeme-yo təshih-o təliq-e Əsğər Montəzer Saheb). Tehran, 1349, s.170.
[3] Sümer F. Safevi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolü. Ankara, 1992, s.54.
[4] Pavlova İ.K. Xronika vremen Sefevidov (сочинения Muxammed –Masuma İsfaxani «Xulasat as-siyar»). Moskva, 1993, c.59.
[5] Minorsky V.F. “Tadhkirat al-muluk”: A Manual of Safavid Adminstration circa 1137 / 1725. London, 1943, p.39; Mirza Səmia. Təzkirətul-muluk (be kuшeш-e doktor Seyid Məhəmməd Dəbirseyaqi). Tehran, 1368, s.72-78.
[6] Mirza Səmia. Təzkirətul-muluk (be kuşeş-e dr. S.M.Dəbirseyaqi). Tehran, 1368, s.76-78; Sazman-e edari-ye hokumət-e Səfəvi ya təliqat-e Minorski bər “Təzkirətul-muluk” (tərcome-ye Məsud Rəcəbniya). Tehran, 1368, s.179,181.
[7] Сумбатзаде А.С. Азербайджанцы – етногенез и формированийе народа. Баку, 1990, c.241.