Nazim Məmmədov

 Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində

təhsilin inkişafı (XX yüzilliyin 50-60-cı illəri)

XX yüzilliyin hansı dövrünə müraciət etsək Azərbaycan hökumətinin Azərbaycanın başqa əraziləri ilə müqayisədə DQMV-nə üstün münasibətinin şahidi oluruq. Dağlıq Qarabağ rəhbərliyinin isə bölgədə azərbaycanlılar yaşayan kəndlərə məqsədli şəkildə biganəlik, laqeyd münasibət bəslədiklərini görürük. 1950-1960-cı illər Azərbaycan SSR-in DQMV-nin mədəni quruculuq tarixini nəzərdən keçirməklə bir daha yuxarıda dediklərimizin şahidi olarıq. Bu dövrdə təhsil sahəsində qarşıdakı ən başlıca vəzifələr- xalq maarifi şəbəkəsinin maddi-tədris bazasını möhkəmləndirmək, məktəbləri pedaqoji kadrlarla təmin etmək, təlim-tərbiyə sistemini yaxşılaşdırmaq və tədrisin səviyyəsini yüksəltmək üçün əməli tədbirlərin həyata keçirilməsi müəyyən edildi. Belə ki, DQMV maarif şöbəsinin 24 mart 1965-ci il tarixli «DQMV-nin məktəblərini pedaqoji kadrlarla təmin etmək və xalq maarifi şəbəkəsinin maddi –tədris bazasını möhkəmləndirmək tədbirləri haqqında» qərarı qəbul edildi. Təkcə 1965-ci ildə Azərbaycan hökuməti tərəfindən DQMV-nin xalq təhsili müəssisələrinin təmirinə 181 min manat, məktəblərin texniki tədris vasitələrilə təmin olunmasına 70 min manat, laboratoriyalarına və kitabxanalarına 82 min manat vəsait ayrıldı. Sonrakı dövrlərdə Azərbaycan hökuməti DQMV-də maarifin inkişafına qoyulan vəsaitin miqdarını artırdı. Belə ki, 1930-cü ildə DQMV-nin xalq maarifinə ümumi vəsaitin 38,5 faizi ayrılmışdırsa, 1950-ci ildə bu rəqəm 63,7 faizə (4078 min) qalxmışdı. 1967/1968-ci tədris ilində ayrılan vəsaitin həcmi təxminən 2 dəfədən çox artaraq 9 milyon 625 min manata çatmışdır. Bu Naxçıvan Muxtar Respublikası maarifinə ayrılan vəsaitdən 25 faiz çox idi. Nəticədə bölgədə tədris-tərbiyə müəssisələrinin şəbəkəsi tədricən genişlənir, şagirdlərin sayı artırdı. Belə ki, 1940-1960-cı illərdə DQMV-də 19 yeni məktəb tikilib istifadəyə verildi. Bəhs edilən illərdə müəllimlərin sayı 1696-dan 3030-a çatdı, şagirdlərin sayı isə 40766-dan 36974-ə qədər azaldı. Azərbaycan SSR-in DQMV-də 1940-1960-cı illərdə ümumtəhsil məktəblərinin, orada dərs deyən müəllimlərin və şagirdlərin artım dinamikasını aşağıdakı cədvəldən də aydın görmək olar:

 

Tədris ili

DQMV-nin bütün məktəblərində

Bundan

İbtidai məktəblər

Yeddiillik və səkkizillik məktəb

Orta məktəblər

Məktəb-lərin sayı

Şagirdlərin sayı

Müəllim-lərin sayı

məktəblər

Şagirdlər

Müəllimlər

məktəblər

Şagirdlər

Müəllimlər

məktəblər

Şagirdlər

Müəllimlər

1940-1941

196

40766

1696

45

1907

98

116

20264

908

35

18595

690

1950-1951

206

33690

1929

54

2000

111

111

15940

1001

40

15631

860

1960-1961

208

26965

2662

46

1000

98

108

10088

1120

54

15877

1444

1967-1968

215

36974

3030

48

1340

112

112

13751

1359

55

21883

1559

1941-1961-ci illərdə Naxçıvan Muxtar Respublikasında məktəblərin sayı 196-dan 198-ə, müəllimlərin sayı isə 1039-dan 2018-ə çatdı. Həmin illərdə Naxçıvanda 2 məktəb, Bakı şəhərində 8 məktəb tikilmişdirsə, DQMV-də 10 məktəb tikilib istifadəyə verilmişdir. 1960-1961-ci tədris ilində Azərbaycanda 300 səkkizillik məktəb tikilmişdir ki, bundan 13-ü Naxçıvan MSSR-nın, 24-ü isə DQMV-nin payına düşürdü. Bəhs etdiyimiz tədris ilində DQMV-də hər məktəbə 13 müəllim düşürdüsə, Naxçıvan Muxtar Respub­likasında bu göstərici 11-ə çatırdı. Həmçinin ümumrespublika üzrə bu göstərici 11-ə bərabər idi. Diqqəti cəlb edən məsələ­lərdən biri də ondan ibarətdir ki, arxiv materiallarında yeni tikilmiş məktəblərin yerləşdiyi ərazilərin hamısı ermənilərin cəmləşdiyi kəndlərdə olması faktları müəyyənləşmişdir. DQMV-də bütün kargüzarlıq, məh­kəmə işləri, erməni məktəblərində təhsil erməni dilində aparılırdı. DQMV-də idarə orqanlarında az-çox çalışan azərbaycanlılar erməni dilində danışmalı idi, çünki dövlət sənədləri, rəsmi yığıncaqlardakı mühazirələr və sair erməni dilində aparılırdı. Hər yerdə erməni daşnakları tərəfindən məqsədli şəkildə Azər­baycan dili sıxışdırılır, tariximiz, ədəbiyyatımız yaddaşlardan silinirdi.

1970-ci ildə Azərbaycan Respublikası üzrə 172 məktəbdən­kənar uşaq müəssisəsi, pioner və məktəblilər sarayı, gənc texniklər, təbiət stansiyaları, park və idman məktəbləri vardır ki, bundan 27-si DQMV-nin, 12-si isə Naxçıvan MSSR-ın payına düşürdü.

DQMV-dəki müəllimlər Respublika və Bakı müəllimləri təkmilləşdirmə institutlarında elmi və metodiki cəhətdən öz bilik səviyyələrini yüksəldirdilər. Təsadüfi deyildir ki, DQMV-də 1940-cı illə müqayisədə 1961-ci ildə ali təhsilli müəllimlərin sayı 2 dəfə artaraq 1094 nəfərə çatmışdır. Bu DQMV müəllimlərinin ümumi sayının 41 faizi demək idi. Naxçıvan Muxtar Respublikasında isə bütün müəllimlərin 29,9 faizi (597 nəfəri) ali təhsil almışdılar. Bu hal Azərbaycan hökumətinin DQMV-nə göstərdiyi qayğının nəti­cəsi kimi qiymətləndirilməlidir. Ümumrespublika üzrə bu göstərici 38,9 faiz təşkil edirdi.

XX yüzilliyin 50-60-cı illərində DQMV-də təlimin məz­mununda bəzi dəyişikliklər edildi. VIII-X siniflərdə erməni dilinin tədrisinə həftədə 1 saat əlavə vaxt ayrıldı. Rus dili və erməni dilinə ciddi fikir verilir, rus dili müəllimlərinin hazırlanması geniş­ləndirilirdi. 1950-ci ildən II-X siniflərdə rus dili və ədəbiyyatının tədrisinə tədris planlarında həftədə 5-6 saat ayrıldı. Erməni və rus ədəbiyyatı, habelə Qərbi Avropa ölkələri ədəbiyyatının tədrisinə xüsusi diqqət yetirilirdi. 1958-1959-cu tədris ilində orta məktəb­lərdə «Azərbaycan tarixi»nin tədrisinə həftədə 1 saat ayrılsa da, həmin fənn tədris edilmirdi. 1960-1961-ci tədris ilindən orta məktəblərin tədris planına «İctimaiyyət» fənni də əlavə olundu. 1949-1950-ci illərdə DQMV-də ümumi yeddiillik təhsil, 1959-1960-cı illərdə isə icbari səkkizillik təhsil tətbiq olundu. 1966-cı ildən orta təhsil - ümumtəhsil elan edildi. DQMV-də məktəblərin şəbəkəsi genişləndi və 1950-1951-ci tədris ilində məktəblərin sayı müharibədən əvvəlki səviyyəni ötüb keçdi. Artıq 1970-1971-ci tədris ilində bölgədə 67 orta, 107 səkkizillik və 40 ibtidai məktəb fəaliyyət göstərirdi. Həmin tədris ilində şagirdlərin sayı 40281-ə (bundan 24452 kənddə), müəllimlərin sayı 2322-yə çatdı. Bəhs etdiyimiz dövrdə DQMV-də politexnik təlimə diqqət artırıldı. Məktəblərin nəzdində tədris emalatxanaları, kənd məktəblərində isə məktəb nəzdində tədris-təcrübə sahələri yaradılırdı. Məktəblərdə istehsalat təliminin tətbiqi ilə vilayətdə minlərlə ixtisaslı mütəxəssis hazırlanmışdır. Aparılan tədqiqatlar nəticəsində məlum olur ki, XX yüzilliyin 50-60-cı illərində DQMV-nin ipək kombinatının, elektrotexnika məmulatları zavodunun, ayaqqabı fabrikinin və digər müəssisələrin istehsal etdikləri məhsulların keyfiyyəti əvvəlki dövrlə müqayisədə xeyli yüksəlmişdir. Bu onunla izah edilir ki, zavod və fabriklərə yüksək texniki və ümumtəhsil hazırlığı olan yeni nəsil gəlmişdir. Texniki peşə məktəblərini bitirən gənclər müəyyən əməli vərdişlərə yiyələnmişlər. Təkcə Xankəndi peşə məktəbi xalq təsərrüfatı üçün 3 min nəfərdən çox müxtəlif ixtisaslı fəhlə hazırlamışdır.

DQMV-də orta məktəbi bitirən məzunların 3-dən 1-i öz təhsillərini Azərbaycan, Ermənistan, Moskva, Leninqrad, Kiyev, Minsk, Riqa, Daşkənd universitet və institutlarında davam etdirirdilər. Artıq 70-ci illərin sonlarında DQMV-nin xalq təsərrüfatında çalışan mütəxəssislərin sayı 8 min nəfəri keçmişdi.

İkinci dünya müharibəsindən sonrakı illərdə Azərbaycanın hər yerində, o cümlədən, DQMV-də ali təhsil daha da inkişaf etdi. 1938-ci ildə Xankəndində Müəllimlər İnstitutunun yaradılması Vilayət məktəblərinin ali təhsilli mütəxəssislərlə təmin edilməsində böyük rol oynadı. İlk yaranan vaxtlar 15 müəllimi, 150 tələbəni birləşdirən İnstitutun 1950-ci ildə daha 3 şöbəsi yaradıldı. 1940-1950-ci illər ərzində Xankəndi Müəllimlər İnstitutunda tələbələrin sayı 450-yə, müəllimlərin sayı 60-a çatdı. İnstitutda erməni dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, fizika-riyaziyyat, tarix, təbiət və coğrafiya şöbələri fəaliyyət göstərirdi. Sonrakı illərdə Vilayətin Müəllimlər İnstitutunun yeni fakültələri (ibtidai təhsilin pedaqo­qikası və metodikası, Ümumi texniki fənnlər) yarandı. 1970-ci ildə Xankəndi Müəllimlər İnstitutunun həm müəllimlərinin, həm də tələbələrinin sayı 1950-ci illə müqayisədə 2 dəfə artdı.

XX yüzilliyin 50-60-cı illərində orta ixtisas təhsilli müəssisələrin sayı da artırdı. Həmin təhsil ocaqlarında sənaye, tikinti, nəqliyyat və kənd təsərrüfatı mütəxəssisləri hazırlanırdı. Belə ki, 1927-ci ildə DQMV-də 436 tələbəsi olan 2 texnikum fəaliyyət göstərirdisə, 1940-cı ildə texnikumların sayı 4-ə, tələbələrin sayı isə 879-a çatdı. 60-cı illərdə Vilayətdə daha bir texnikum yaranmış, artıq 1970-ci ildə texnikumlarda oxuyanların sayı 2357-yə, oranı bitirənlərin sayı 390-a çatdı.

DQMV-nin məktəblərinin orta ixtisas təhsilli mütəxəssislərlə təmin olunmasında Şuşa Mədəni Maarif Məktəbinin böyük rolu olmuşdur. Həmin təhsil müəssisəsi 1921-ci ildə Şuşa Müəllimlər Seminariyası kimi təşəkkül tapmış, 1931-ci ildən isə pedaqoji texnikum adlandırılmışdır. 1927-1928-ci tədris ilindən texnikumda erməni bölməsi də fəaliyyətə başlamışdır. 1931-ci ildən Şuşa Mədəni Maarif Məktəbi adlanan texnikuma 1938-ci ildə M.Əziz­bəyovun adı verilib. Texnikum ibtidai sinif müəllimləri, kitabxana və mədəni-maarif işçiləri, pioner baş dəstə rəhbərləri hazırlayırdı. XX yüzilliyin 70-ci illərində həmin texnikumda 500 tələbə təhsil alırdı. Müəllimlərin sayı isə 60-a çatırdı. Bəhs etdiyimiz dövrdə, Xankəndində və Şuşada Kənd Təsərrüfatı Texnikumu, Xankən­dində tibb və musiqi məktəbləri, habelə inşaat məktəbi var idi.

1969-cu ildən ali məktəblərin nəzdində fəhlə, kolxozçu və ordudan tərxis edilənlər üçün hazırlıq şöbələri yaradılmışdı.

Beləliklə, 1950-1960-cı illərdə, Azərbaycanın başqa bölgələri ilə müqayisədə, DQMV-də təhsil səviyyəsi üstün idi və sürətlə inkişaf edirdi. Həmin dövrdə yeddiillik, səkkizillik və orta icbari təhsilə keçid baş verdi. Ali təhsilin şəbəkəsi genişləndi və DQMV-də müxtəlif ixtisaslı erməni, rus və digər millətlərdən olan kadrların sayı xeyli artdı. Eyni zamanda, həmin kadrların yerləşdirilməsinə «beynəlmiləlçilik» pərdəsi altında xüsusi diqqət yetirildi. Vilayətin idarə orqanlarında qeyri-azərbaycanlıların yerləşdirilməsi sovet imperiyasının bölgədə dayaqlarının daha da möhkəmlənməsinə ciddi təsir göstərdi. İstər mərkəzdə, istərsə də DQMV-də təhsil işinə rəhbərlik edən qeyri-azərbaycanlılar «Azərbaycan dilində təhsilin gələcəyinin olmadığı» iddiası ilə gördükləri tədbirlər nəticəsində DQMV-də azərbaycanlılar yaşayan kəndlərdə tədris işlərinə ağır zərbə vurmuşdular. Həmçinin, azərbaycanlılar yaşayan kəndlərə biganə münasibət həmin kəndlərin süni surətdə boşalmasına şərait yaratdı.