Nigar Qədir
Musiqi mədəniyyəti tarixinin öyrənilməsinə dair
Tarixi reallığımız budur ki, Azərbaycanın tarixinə və mədəniyyətinə dair tədqiqatlar ölkəmizin sağlam siyasi gələcəyini təmin edə biləcək mühüm strateji “silahlardan” biridir. Heç kəsə sirr deyil ki, bizim üçün “günahların cəzasından” betər bir cəzaya dönmüş Cənub-Qərb qonşularımız “yiyəsiz görünən nə varsa, hamısına sahib çıx!” prinsipini qanlı əllərində bayraq edib, Azərbaycanın abidələrini, mədəniyyətini, hətta kulinariyasını, nəhayət, bütövlükdə tarixini mənimsəməyə çalışırlar. Təəssüf ki, bizim ləng tərpənişimiz, bəlkə də xalqımızın gələcəyi qarşısında cinayətkarcasına ləngliyimiz dünya ictimai fikrinin ümumilikdə bizim əleyhimizə formalaşmasına şərait yaradır. Bunun nəticəsidir ki, biz hər dəfə haqsız ittihamlarla qarşılaşır və bu ittihamların əsassız olduğunu sübut etməli oluruq. Əlimizdə minlərlə, bəlkə də milyonlarla danılmaz sübutlar olduğu halda, daim gecikən təkziblərimiz və ittihamlarımız lazımi effekt vermir.
Hansısa iqtisadi maraqlar səbəbindən bizə loyal olduğunu “nümayiş etdirən” dünya ictimaiyyəti, əslində, “azərbaycanlıların cılız, cinayətkarın özünə bəraət qazandırmaq cəhdi kimi qiymətləndirilməli olan çıxışlarının heç bir əsası yoxdur” mövqeyini üstün tutur. Belə olmasa idi, vaxtaşırı “Qarabağ erməniləri öz müqəddəratlarını müstəqil dövlət qurmaqla həll etməlidir,” “Dünyada başı bəlalar çəkməkdə yəhudi millətini çoxdan kölgədə qoymuş ermənilərə qarşı Osmanlı Türkiyəsinin həyata keçirdiyi “soyqırım siyasəti” ittiham edilməlidir” kimi cəfəngiyat ideyalar siyasi palemika mövzusuna çevrilməzdi.
Əlbəttə, illər boyu görülmüş bütün işləri heçə bərabər tutmaq haqsızlıq olardı. Lakin ədaləti, vicdanı iqtisadi maraqlarının qulu etmiş, “əcaib monstrların” hegemon olduğu dünya siyasətində, daimi maraqlarımız deyil, daimi “dostlar” “axtarışında” bulunan dövlətimiz, bu cəhdlərin tutarlılıq səviyyəsinin sıfıra enməsinə “yardım” edir. Dövlət strukturları tarix elminin inkişafını, daha dəqiq desək, dövlətimizin dünya siyasi aləmindəki mövqeyinin möhkəmlənməsinə birbaşa xidmət edə biləcək tədqiqatları lazımı səviyyədə maliyyələşdirməklə, Azərbaycan xalqının, Azərbaycan dövlətinin tapdanan haqqının bərpası yolunda düzgün addım atmış olardı.
Bildiyimiz kimi, mədəniyyət tarixinin, xüsusilə də, musiqi mədəniyyəti tarixinin öyrənilməsi sahəsində bir sıra çətinliklər mövcuddur. Əgər mədəniyyət tarixinə dair araşdırmalarda tarixi salnamələr və digər yazılı mənbələrlə yanaşı, arxeoloji tapıntılar böyük rol oynayırsa, musiqi mədəniyyəti tarixinin aşkarlanması prosesində ilk növbədə yazılı təsvirlər, yəni mənbə məlumatları lazımi qədər olmadığı halda, arxeoloji tapıntıların verə biləcəyi bəzən birbaşa, çox hallarda isə dolayı məlumatlar mühüm məna kəsb edə bilir. Bununla yanaşı, müasir dövrümüzədək gəlib çatmış musiqi mədəniyyətimizin nümunələri də müqayisəli, eləcə də təbəqəli təhlil nəticəsində bir çox qaranlıq məqamlara aydınlıq gətirə bilər.
Azərbaycan musiqi mədəniyyəti tarixi bir sıra tədqiqatlara araşdırma obyekti olub. Belə araşdırmalar ilk növbədə incəsənət tarixinin öyrənilməsi nöqteyi-nəzərindən, digər hallarda isə nəzəri problemlərin həlli baxımından aparılmışdır. Tədqiqat istiqamətindən asılı olmayaraq, bu tip elmi işlərin araşdırılması prosesində qarşıya çıxan mühüm çətinlik dil problemidir. Antik dövrlərə aid məlumatların yunan, latın, sonrakı dövrlərə dair məlumatların isə əsasən ərəb, fars dillərində olması çox vaxt tədqiqatın orijinal mənbə üzərində deyil, tərcümələr üzərində aparılması məcburiyyəti qarşısında qoyur. Təbii ki, ötürülmüş ən kiçik ifadə, hətta, durğu işarəsinin məlumatın oxunuşunda nə dərəcədə fərqli variantların meydana gəlməsinə şərait yaratdığını inkar etmək çətindir.
Keyfiyyətli tədqiqat işlərinin aparılmasına maneə yaradan başqa bir cəhət tarixin maddi sübutları olan arxeoloji materialların bu sahədə lazımi dərəcədə istifadə edilməsi yolunda əmələ gəlmiş süni çətinliklərdir. Azərbaycan Respublikası MEA Arxeologiya və Etnoqrafiya Institutunun arxivindən istifadə etməyin qeyri-mümkünlüyü, aşkar edilmiş arxeoloji materialların əsasən bağlı fondlarda saxlanılması, müasir dövrədək əldə edilmiş qiymətli tapıntıların əsrlər üzrə xəritələr halında işlənməməsi bizi “qızıl üstündə oturub, ac qalanlar” vəziyyətinə salır.
Qeyd olunan çətinliklər Azərbaycan musiqi tarixinin öyrənilməsi prosesində tədqiqat istiqamətlərinin seçiminə də xeyli təsir göstərir. Təəssüf ki, Azərbaycan musiqi mədəniyyətinin tarixi bir sıra nadir məqalələri və bir neçə kitabları çıxmaq şərtilə demək olar ki, öyrənilməyib. Həmin bir neçə kitabda isə musiqi-yaradıcılıq istiqamətlərinin müxtəlif janr və formaları nəzəri baxımdan tədqiq edilir.
Tədqiqatlar müasir dövrdə əldə olan musiqi materialları üzərində, yəni xalq yaddaşında qorunub saxlanmış və müəyyən vaxtlarda tanınmış bəstəkar və nəzəriyyəçilərimiz tərəfindən nota köçürülmüş muğam dəstgahları, aşıq havaları və fərqli janrlara aid xalq mahnıları əsasında aparılmış nəzəri təhlillərdən ibarətdir. Son dərəcə vacib olan bu təhlillər Azərbaycan musiqi nəzəriyyəsi elminin inkişafında mühüm rol oynamasına baxmayaraq, Azərbaycanımızın xalq musiqisi adlandırılan professional musiqi yaradıcılığı prosesinin konkret tarixi dövrlənməsi hələ də aparılmayıb. Yaranma səbəbləri və formalaşma mühiti lazımi səviyyədə açıqlanmayıb.
Əlbəttə, bütün bu məsələlərə çox asanlıqla həll tapa biləcəyimizi iddia etmək ən azı sadəlövhlük olardı. Hansısa bir elmi iş çərçivəsində, bu elmi işin həcmi nə qədər böyük olsa da, bütün Azərbaycanın və ya heç olmasa, Şimali Azərbaycanın musiqisinin tarixini sistemləşmiş halda tam təqdim etmək mümkün deyil. Lakin Azərbaycan musiqi mədəniyyətinin tarixini, dövrümüzə nisbətən yaxın olan orta əsrlər və yeni dövr tarixini sistem halında, mərhələ-mərhələ, dini, mərasim, saray, hərbi və xalq şənlik musiqi yaradıcılıq forma və janrları üzrə araşdırmalar aparılmasına imkan yaradılması çox vacibdir.
Biz nə qədər tariximiz, o cümlədən, musiqi tariximizlə bağlı qaranlıq səhifələrin mövcudluğuna göz yumsaq, Azərbaycan dövlətçiliyinin, xalqının düşmənləri bu şəraitdən bir o qədər çox istifadə edərək, “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” atalar məsəlinin tam bizə aid iddiasında bulunacaqlar.