Novruz Novruzbəyli
Qarabağ mövzusu Fransa mətbuatında
Dağlıq Qarabağ münaqişəsinin bu gün beynəlxalq siyasətin mühüm arqumentinə çevrilməsi onun çevrəsində cəmlənən ölkələrin mətbuatını da daim diqqət mərkəzinə çəkir.
Münaqişənin həllində fəallıq göstərən ölkələrin mətbuatından götürülmüş müəyyən dövrü əhatə edən materiallar konkret olaraq hər bir ölkənin və bütövlükdə münaqişə ilə bağlı ölkələrin fəaliyyətinin məzmunu barədə təsəvvür yaratmağa imkan verir. Təbii ki, münaqişənin yoluna qoyulmasını “öz öhdəsinə” götürmüş Minsk Qrupunun üzvü Fransa respublikası da bu mənada istisna təşkil etmir. Ölkənin “Liberasion”, “Le Mond”, “La Kuqye”, “Nuvel observer”, “Humanite” kimi sağ və sol təmayüllü və müstəqil nəşrləri bir sıra məqalələrlə Qarabağ məsələsinə toxunmuş, əsasən konfliktin acı nəticələri və sülhün vacibliyi yönümündə fikirləri işıqlandırmışlar. Qeyd etmək lazımdır ki, Fransa nəşrləri arasında Qarabağ mövzusunun işıqlandırılması üzrə “Liberasion” qəzeti irəlidə gedir. 2005-ci ildə xüsusi müxbirini Azərbaycana göndərən qəzet bir sıra əhəmiyyətli məsələləri əhatəli işıqlandırmışdır.
Bütövlükdə Fransa mətbuatında dərc olunmuş materialları üç istiqamət üzrə qruplaşdırmaq olar: 1. Münaqişənin mövcud durumu; 2. Yüksək səviyyəli görüşlərin xüsusi təbliği; 3. Tərəflərin sülh sazişinin imzalanmasına təşviq olunması.
1.Münaqişənin mövcud durumu. Bu sahədə fikir yürüdülərkən əsas diqqət münaqişə obyektində (DQ-müəllif) və onun ətrafında baş verən hadisələrə verilir, ərazidə yaşayan və münaqişə zonasında əvvəllər də yaşamaq hüququna malik əhalinin sosial-iqtisadi durumu ön plana çəkilir, insanların mənəvi-psixoloji sarsıntılarına diqqət yetirilir. “Liberasion” qəzetinin 10 fevral 2006-cı il tarixli nömrəsində dərc olunmuş “Müstəqilliyə can atan Dağlıq Qarabağ” sərlövhəli məqalədə (müəllif – L.Miyo) bu “respublika”nın gündəlik həyatı təsvir olunur. Vəzifəsini peşəkarcasına yerinə yetirən jurnalist ilk baxışda gördüklərini və eşitdiklərini olduğu kimi qələmə alaraq, nəticə çıxarmağı oxucunun öhdəsinə buraxmışdır. Lakin, əslində, müəllif yazı manerası ilə əsl həqiqətin mahiyyəti barədə öz fikirlərini də bildirməyə müvəffəq olmuşdur: “Orda-burda binaların üzərində yellənən bayraqlar dünyada Ermənistandan başqa heç bir dövlət tərəfindən tanınmayan bir respublikanın nazirliklərini göstərirdi.” Məhz, “Orda-burda” ifadəsi Qarabağın dağlıq hissəsindəki separatçı rejimin saxtakar dövlətçiliyinə,”Ermənistandan başqa...” ifadəsi isə Ermənistan respublikasının qəsbkar roluna işarədir. Daha sonra müəllif Stepanakertdəki (Xankəndi-qeyd bizimdir) bir neçə piştaxtadan ibarət bazarın miskin görünüşünü və çox az çeşiddə olan malların bahalığını yazaraq, bu “dövlət”in iqtisadi durğunluğunu qabarıq nəzərə çarpdırır. Məqalədəki üç mühüm fakt münaqişənin mövcud durumundakı reallığı daha qabarıq əks etdirir.
Birinci fakt odur ki, yazı müəllifi Azərbaycan prezidenti Ilham Əliyevin tez-tez təkrarladığı bir fikri misal gətirir: “Azərbaycan nə bu gün, nə sabah, nə də yüz il sonra Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə razı olacaq”. Buna qarşı isə məqalədə müsahibə verməyə razı olmuş yeganə “rəsmi şəxs”in (fərqlənmə bizimdir), universitet rektoru Hamlet Qriqoryanın mövqeyi qoyulur: “Nə qədər ki, biz bu dünyada varıq, yüz prezident Əliyev olsun, Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq”. Bu iki barışmaz fikrin nəticəsi kimi münaqişənin həlli yolunun çıxılmaz dalana dirənməsi barədə mülahizə ortaya atılır.
Ikinci fakt isə, məqalə müəllifinin “DQR”-nin saxtakar bir qurum olduğunu qabarıq nəzərə çarpdırması və hətta buna mükəmməl yazı manerası ilə ustalıqla istehza etməsidir: “...onun prezidenti, baş naziri (hər ikisi o dərəcədə “məşğul idilər” ki, müsahibə verməkdən imtina etdilər), 33 deputatlıq parlamenti, hökuməti, bayrağı...” Fikir verin, müəllif “məşğul idilər” ifadəsini dırnaqda və kursivlə verməklə, əslində, prezidentlə baş nazir adlanan şəxslərin boş-bekar olduqlarını, bununla da təmsil etdikləri “dövlət”in saxtakarlığını açıq bəyan edir. Cümlənin axırında 3 nöqtə qoyulması isə çıxarılan bu məlum həqiqətin nə vaxta qədər uzanacağının naməlumluğuna işarədir.
Göstərilən üçüncü fakt ilə bağlı məqalədə oxuyuruq: “...Onların (“DQ”-da yaşayanların-qeyd bizimdir) hamısının erməni pasportu vardır və Ermənistan “Qarabağ ordusunu” çağırışlılarla təmin edir”. Bu sətirlər “DQR”-in danışıqlar stolu ətrafında oturması fikrinin tərəfdarlarına aydın və mənfi cavabdır və sübut edir ki, münaqişənin qəsbkar tərəfi Ermənistan respublikasıdır.”
Mövcud durumla bağlı “La Kuqye” qəzetinin 24 fevral 2006-cı il nömrəsində dərc olunmuş “Nə üçün Azərbaycan tərpənmədi?” sərlövhəli geniş yazıda Cenevrədən olan jurnalist Liken Ceterian internet saytlarından götürdüyü məlumatlar əsasında son bir neçə onillik ərzində Azərbaycanda baş verən iqtisadi-siyasi hadisələrin təhlilinə cəhd göstərir, Əliyevlər sülaləsinin hakimiyyəti ələ keçirməsini təsvir edir və Qarabağ münaqişəsinin həllini ölkədə gedən siyasi proseslər və regionun geostrateji mövqeyilə bağlamağa çalışır.
2.Yüksək səviyyəli görüşlərin xüsusi təbliği. Fransa mətbuatında dərc olunmuş materialların zaman ardıcıllığını tutuşdurarkən məlum olur ki, Qarabağ münaqişəsinin işıqlandırılması daha çox kampaniya xarakteri daşıyır. Yəni, kütləvi informasiya nümayəndələri əslində Minsk Qrupunun fəaliyyətini izləyir və bu Qrupun təşəbbüsü ilə təşkil olunan yüksək səviyyəli görüşlər ərəfəsində daha intensiv işləyirlər. Bu isə o deməkdir ki, mətbuat Minsk Qrupunun daxil olduğu formatdan kənara çıxmır, sülhün təbliğini, Qrup iştirakçılarının təkliflərini bəyan etməklə kifayətlənirlər. Bu mövqe sonuncu Rambuye danışıqlarında özünü açıq şəkildə büruzə verdi. Fransanın prezidenti Jak Şirakın təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində dalbadal bir neçə gün qəzetlərdə informasiyalar verildi. Bu informasiyalarda sülhün vacibliyi barədə danışılsa da, onun mahiyyəti açıqlanmırdı. Əslində, bu Minsk Qrupunun qapalı fəaliyyətinə və münaqişə tərəflərinin mövqeyinin bu Qrupun işindən asılı olduğuna dəlalət edir. Bu cür səbatsızlıq isə azad qələm sahibi olan jurnalistlərin sərbəst manevr imkanlarını məhdudlaşdırır. Bununla əlaqədar “Le Mond” qəzetinin 11 fevral 2006-cı il tarixli nömrəsində dərc olunmuş “Rusiya Dağlıq Qarabağ “dondurulmuş münaqişəsinin” asan nizamlanma imkanını göstərir” sərlövhəli yazıda deyilir: “Belə ki, neft gəlirləri hesabına öz hərbi büdcəsini şişirdən Azərbaycan hərbi yolla hakimiyyətini bərpa etmək ideyasını aydın bildirmir.” Məhz belə qeyri-müəyyən mövqe, daim tərəddüdlü mülahizələr qəzet materiallarının xarakterinə də öz təsirini göstərir.
3.Tərəflərin sülh sazişinin imzalanmasına təşviq olunması. Bu məsələdə də mətbuat öz üzərinə heç bir məsuliyyət götürmədən Minsk Qrupu nümayəndələrinin dəlillərini dərc etməklə kifayətlənir.
Ümumiyyətlə, son yarım il ərzində Fransa mətbuatı Qarabağ münaqişəsinə seyrək müraciət etsə də, dərc olunmuş yazılar hər halda müəyyən nəticələrə gəlməyə imkan verir. Bizcə, konkret olaraq bu nəticəni aşağıdakı müddəalarla ifadə etmək olar:
- Qarabağ münaqişəsi mətbuat səhifələrinə çıxarılarkən aydın və konkret mövqe nümayiş etdirilmir, çünki iri dövlətlərin və ya dövlət qruplarının regiondakı maraqları buna imkan vermir.
- Qəsbkarla (Ermənistan) qəsb olunan (Azərbaycan) arasında süni paritet yaradılır. Avropa Şurası Ermənistanı qəsbkar dövlət kimi tanısa da, bu qəzet səhifələrində lazımi səviyyədə işıqlandırılmır və sanki geniş oxucu kütlələrindən gizlədilir.
Azərbaycan Respublikası rəsmi dairələrinin, ictimai-siyasi təşkilatlarının və kütləvi informasiya vasitələrinin xarici mətbuatla əlaqələri hələ ki, istənilən səviyyəyə yüksələ bilməmişdir. Bu isə ona gətirib çıxarmışdır ki, Azərbaycan malik olduğu tarixi faktları və reallığı beynəlxalq təşkilatların istifadəsinə tam çıxara bilməmişdir.