Nurlan Əliyev
Qarabağ münaqişəsi və yəhudi icmaları
Azərbaycanda uzun əsrlərdən bəri mövcud olan yəhudi icmaları Qarabağ münaqişəsinin həllində özünəməxsus rol oynaya bilərlər. Bu yanaşmada, ABŞ və dünyanın bir çox ölkələrində güclü nüfuza malik yəhudi milli təşkilatları ilə Azərbaycandakı icmalarının sıx əlaqələri, digər tərəfdən, İsraildə xeyli sayda həmin icmaların nümayəndələrinin yaşaması mühüm amil kimi ortaya çıxır. 1998-ci ilin 16-21 noyabrında Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmalarının rəhbərləri ABŞ-da səfərdə oldular. Səfərin əsas məqsədi Azərbaycan reallıqlarını, «907-ci düzəlişin» səhv qərar olduğunu Amerika ictimaiyyyətinə çatdırmaq və həmçinin Amerikada nüfuzlu mövqeyə malik yerli yəhudi milli təşkilatlarının Azərbaycan maraqlarını müdafiə etmələrinə nail olmaq idi.
Həmin səfərdə iştirak etmiş Qırmızı qəsəbə dağ yəhudiləri icmasının rəhbəri B. Simanduyev Amerikadakı görüşlərinin məqsəd və vəzifələrini belə izah edirdi: «ABŞ Departamentində olarkən bizdən dönə-dönə soruşurdular ki, məgər siz yəhudilər orada pis yaşayırsınız ki, mövcud hadisələrdən bu qədər narahat olursunuz. Dönə-dönə onları başa saldıq ki, biz neçə əsrdir ki, Azərbaycanın çörəyini yeyir, suyunu içirik. Və ən başlıcası biz Azərbaycan vətəndaşıyıq. Doğma torpağımız uğrunda canımızdan keçməyə hazırıq. Haqsızlığa qarşı necə biganə qala bilərik?!» Sonra B. Simanduyev Dövlət Departamentində və Konqresdəki görüşlərindən bəhs etdi. Görüşlər zamanı Azərbaycandan gedən nümayəndələr konqresmenləri inandırmağa çalışmışlar ki, ABŞ-la əlaqələri daha da möhkəmləndirmək üçün onların gündəlik məqsədyönlü köməyi gərəkdir, «907-ci Porter düzəlişi» aradan qaldırılmalıdır. Amerika Dövlət Departamentində görüşləri zamanı onlar bildiriblər ki, Azərbaycanda hüquqi, dünyəvi, beynəlmiləl dövlət qurulur. Bu dövlətdə müxtəlif millətlərin nümayəndələri mehriban yaşayırlar. Halbuki Ermənistanda nəinki yəhudilər yaşayır, onlar ən yaxın dostları olan rusları da sıxışdırıb məcburi köçürürlər: «Ermənilər Amerikada öz xeyirlərinə çox güclü təbliğat aparırlar. Departamentdə bir ermənipərəst konqresmen bizə dedi ki, guya Ermənistanda beş mindən çox yəhudi yaşayır. Biz məsələni qəti qoyub tələb etdik ki, əgər orada doğrudan da yəhudi yaşayırsa, günü bu gün oraya gedib onlarla görüşmək istəyirik. Departamentdə yüksək vəzifəli məmurları inandıra bildik ki, Ermənistanda bir nəfər belə yəhudi yoxdur. Əhalinin tərkibi etibarilə Ermənistan demək olar ki, mono dövlətdir.» (1)
Qarabağ münaqişəsi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yəhudi dini icmalarıı fəal iş aparırlar. Həmin icma dünyanın müxtəlif ölkələrinin parlamentlərinə, dini icma rəhbərlərinə, ictimai və siyasi təşkilatlarına Azərbaycan maraqlarından çıxış edərək, dəfələrlə müraciətlər etmişdir. Azərbaycanda olan yəhudi dini icmaları ölkədə mövcud olan başqa dinlərin analoji təşkilatları ilə birgə tez-tez bu və ya digər hadisələrə eyni prizmadan münasibət bildirirlər. Belə hadisələrdən biri 2001-ci ilin martında baş verdi. 1918-ci ilin 30 martında erməni hərbi dəstələrinin Bakı və ətraf ərazilərdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın növbəti ildönümündə Qafqaz Müsəlmanları Dini İdarəsinin rəhbərliyi ilə birlikdə digər dini təşkilatların və o cümlədən yəhudi dini icmalarının da rəhbərləri bütün dünya ictimaiyyətinə müraciət qəbul etdilər. Müraciətdə erməni hərbçilərinin törətdikləri vəhşiliklər pislənilir və dünya dövlətləri parlamentlərindən bu tarixi hadisəyə münasibət bildirmək xahiş olunurdu.
Analoji müraciət Xocalı soyqırımının 11-ci ildönümü ilə əlaqədar 2003-cü il fevralın 24-də qəbul edildi. Həmin müraciətdə dini liderlər təəssüflə qeyd edirdilər ki, 11 ildir dünya ictimaiyyəti təcavüzkarın cəzalandırılması üçün edilən cağırışlara laqeyd yanaşır. Müraciət müəlliflərinin fikrincə, Xocalı faciəsinin təşkilatçılarının və icraçılarının cəzasız qalmaları onları yeni cinayətlərə sövq edir. Müraciətdə Azərbaycandakı müxtəlif dini konvessiyaların 11 sentyabr terror aktlarını pislədikləri və bu hadisələri millətindən və dinindən asılı olmayaraq bütün insanlara qarşı törədilən, bağışlanılmaz günah kimi qiymətləndirilməsi xatırlanır: «Ümid edirik ki, bəşəriyyət bizi dəstəkləyəcək və terrorizmin bütün təzahürlərini və o cümlədən erməni separatçılarının cinayətlərini mühakimə edəcəkdir.» (2.) ABŞ-da Azərbaycan maraqlarının müdafiəsinə başlayan yəhudi təşkilatları sırasında «Bney-Brit» ilə yanaşı, «Aparıcı yəhudi təşkilatlarının prezidentlərinin konferensiyası», «Amerika yəhudi konqresi», «Amerika yəhudi komitəsi», «Böhtana qarşı liqa», «Sovet yəhudiləri üzrə milli konfederasiya»sı da var idi. Həmin yəhudi təşkilatları bu yöndə fəaliyyət göstərərkən, başda «Amerika erməni asambleyası» olmaqla, erməni milli təşkilatlarının sərt etirazı ilə qarşılaşmalı oldular. Məsələn, ermənipərəst mövqeyi ilə seçilən, İllinoys ştatından olan respublikaçı konqresmen Jon Edvard Porter həmin yəhudi təşkilatlarını «Ermənistana arxa çevirdiklərinə» görə kəskin tənqid etmişdi. Erməni icmasının nümayəndələri və tərəfdarları qarşı tərəfi Türkiyə və Azərbaycanın maraqlarını müdafiə etməkdə, satqınlıqda günahlandırırdılar. Yəhudi icmasının üzvlərindən biri «Bney-Brit» in ictimaiyyətlə əlaqələr üzrə direktoru D.S. Maryaşin belə ittihamlara cavab olaraq bildirirdi: «Biz İsrail haqqında düşündüyümüzə görə üzr istəmək fikrində deyilik. İsrail müsəlman dövlətləri arasında dostlarının dairəsini genişləndirmək üçün yaranmış unikal tarixi imkandan istifadə edir və bu imkan həmişə olmayacaqdır». Digər təşkilatın nümayəndəsi - «Amerika yəhudi komitəsi»nin beynəlxalq məsələlər üzrə müavini Barri Jeykobs prosesə İsrail-Türkiyə əlaqələri prizmasından nəzər salaraq, «Türkiyəni dəstəkləməyimiz bizi Azərbaycan üzərinə gətirib çıxartdı» (3) fikrini bildirmişdir. XX əsrin əvvəllərindən 1999-cu ilədək Azərbaycanın da daxil olduğu çar Rusiyası və SSRİ-dən İsrailə 1 091 545 nəfər yəhudi köçmüşdür. (4) «Rus aliya»sı adlandırılan bu köç sayına görə digər ölkələrdən olanlardan xeyli çoxdur. Bu faktiki olaraq, bir ölkədən olan əhalinin kütləvi köçü demək idi. Nəzərə almaq lazımdır ki, burada söhbət İsrail əhalisinin əhəmiyyətli hissəsini əhatə edən sosial qrupdan gedir. Artıq 1991-ci ildə yeni gələnlər yəhudi əhalisinin 10%-ni təşkil edirdisə, indi bu rəqəm 20%-ə çatmışdır.
Beləliklə, keçən əsrin 90-cı illərində İsrailə gələnlər ümumi dildə (rus) danışan, eyni sosial-siyasi sistemdən olan, vahid normalar çərçivəsində təhsil almış, ümumi və ya yaxın mədəni, sosial-fəlsəfi dəyərlərlə birləşmiş insanlar idi. «İmmiqrasiya-1990» adlandırılan bu qrup özünün bütün xüsusiyyətləri ilə İsraildə yeni icmanın formalaşması üçün bünövrə qoydu. İmmiqrasiyanın ilk vaxtlarından təşkilatlanmış icma həyatının əlamətləri hiss olunurdu. Bu prosesdə SSRİ-dən köçənlərin arasında çoxluq təşkil edən ziyalıların böyük rolu oldu. Onlar keçmiş SSRİ-dən olan yəhudilərin sosial-mədəni inteqrasiya prosesinə əhəmiyyətli dərəcədə təsir edirdilər.
90-cı illər ərzində İsrailə gələn immiqrantlar cəmiyyətdə böhran kütləsi kimi çıxış edərək, keçmiş SSRİ-dən çıxanların adət-ənənələrini və həyat formasının qorunmasını təmin edəcək ictimai, siyasi, biznes və mədəni elitalar yaratmaq iqtidarındadır. 1989-cu ildən 1996-cı ilədək İsraildə bütün hakimiyyət qollarında nümayəndələri, mətbuat orqanları, ictimai birlikləri olan rusdilli icmalar yarandı. Həmin icma sübut etdi ki, o nəinki öz taleyini həll etmək qabiliyyətinə malikdir və həmçinin çox hallarda onu qəbul edən cəmiyyətlə münasibətlərə öz rəngini verə bilməsini də göstərdi.
Bu icma Azərbaycanın İsrail cəmiyyətində tanınması və onun maraqlarının əks olunmasında da əhəmiyyətli rol oynayır. Azərbaycandan gələn Avropa və dağ yəhudilərinin də daxil olduğu rusdilli icmanı müəyyən mənada azərbaycanlı diasporası kimi də qəbul etmək mümkündür. Belə ki, Azərbaycandan gələn yəhudilərlə yanaşı, İsraildə qarışıq ailələrdən olanları və mənşəcə təmiz azərbaycanlıları da həmin icmaya aid etmək olar.
Beləliklə, dünyanın 102 ölkəsindən olan yəhudi qruplarının üzvləri olduğu (5) İsrail cəmiyyətində Azərbaycanın da təmsil olunduğunu söyləmək mümkündür. Həmin icma üzvləri Azərbaycanda əxz etdikləri mədəni, ənənəvi özünəməxsusluqları ilə rəngarəng İsrail cəmiyyətinə yeni çalarlar gətirmişdir. Müasir dövrdə Qarabağ konflikti haqqında İsrail cəmiyyətinə düzgün informasiyaların ötürülməsində, bu məsələdə Azərbaycanın maraqlarının gözlənilməsində həmin icma mühüm rol oynaya bilər.
İstifadə olunmuş ədəbiyyat
1. «Şəfəq»№41(7, 687) 31.12.1998.
2. «Эхо» №36(528), 25.02. 2003,
3. “The Washington - Post”. February 9. 1999.№ 48
4. Семенченко. Н.А. «Иммиграция 1990-х годов в Израиль: некоторые осебенности». // «Восток» №3. 2002. стр. 97-103. (стр-97.)
5. Гольд М. Г. «Феномен Восточноевропейский элиты как фактор межэтнических противоречий в государстве Израиль ». // «Восток». №3. 1998. стр. 62-78. (стр-68).