Nüşabə Səməndər

Famil Mehdi yaradıcılığında Qarabağ mövzusu

Keçən əsrin 80-ci illərindən başlayaraq bu günə qədər Qarabağ ətrafında cərəyan edən hadisələr – Qarabağ dərdi, Qarabağın, eləcə də Qarabağ uğrunda verdiyimiz itkilərin ağrısı, yurd həsrəti, Vətən yanğısı... yavaş-yavaş ədəbiyyatımıza köçməkdədir. Qarabağın tarixi, Qarabağ ətrafında yürüdülən siyasət və s. barədə yazılan çoxlu sayda elmi-publisistik, araşdırma yazılarından əlavə, bu mövzuda saysız-hesabsız şerlər, poemalar, bir neçə bədii əsər yazılıb. Ancaq bu dərdi – ermənilər tərəfindən xalqımıza qarşı yenidən törədilmiş Soyqırımı tarixin yaddaşına əbədi həkk etmək, ermənilərlə barışmazlığı gələcək nəsillərə aşılamaq üçün bu haqda yazmaq... yenə də yazmaq gərəkdir. Qarabağ mövzusunda daha çox şairlər yazıb-yaradaraq, bu dərdi bütövlükdə poeziyaya köçürməyə çalışmışlar. Şairlər təbiətcə daha həssas, duyğulu olduqlarından, bu itkini, ağrını daha çətin yaşayırlar. Şair ömrü özünəməxsus məziyyətləri ilə başqalarından fərqlənir. Onların həyatı təlatümlü, ağrılı, əzablı olur. Çünki şairlər təbiətcə çox həssas olduqlarına görə, başqalarının görüb-duya bilmədiklərini görüb-duyur və bəzən bizim əhəmiyyət belə vermədiyimiz bir hadisə şair qəlbində, şair dünyasında tufan qoparıb, fırtına yaradır. Odur ki, şair ömrü gah qabarıb, gah sakitləşən təlatümlü dənizə bənzəyir. Təbiətin ecazkar gözəlliyi, ətri, pıçıltıları, quşların cəh-cəhi, bulaqların zümzüməsi, insanların daxili və xarici gözəlliyi, təbiətə, insanlara məhəbbət, həyat eşqi şair ruhunun qidasıdır ki, bu da damla-damla süzülüb misralara, şerlərə çevrilir. Artıq neçə illərdir ki, şairlərimizin ruhu gözəlliklərdən, məhəbbətdən deyil, torpaq itkisindən, Vətən dərdindən, Qarabağ ağrısından qıcıqlanır. Ağrı-əzabdan yoğrulan bu şerlər şairin içinə dolub, ruhuna çökəndə, o, rahatlığını itirir, yuxusu ərşə çəkilir – şair “ağrı çəkir”. Və bu ağrı o vaxta qədər davam edir ki, şair ruhundan şer doğulur.

Qarabağ faciəsi – yurd-yuvasından didərgin düşmüş yurddaşlarımızın dərdi, şəhidlərin incik ruhu, sinəsi oğul dağlı analarımızın ah-naləsi ürəyi Vətən, torpaq məhəbbəti ilə döyünən şairlərimizin yaradıcılığında ağrılı bir iz açıb. Bu ağrı-əzabı içində yaşadıb, onları poeziyaya gətirərək, ağrı dolu, yaddaqalan iz açan şairlərdən biri də mərhum professor, şair-publisist Famil Mehdi olub.

50 illik – böyük bir yaradıcılıq yolu keçmiş F. Mehdinin iyirmiyə qədər kitabı müxtəlif dillərə tərcümə olunaraq, oxucuların rəğbətini qazanmışdır. Vətən, torpaq, ana məhəbbəti, xalqına, insanlara sevgi, yalana, yaltaqlığa qarşı mübarizə, düzlük, təmizlik Famil Mehdi yaradıcılığına xas olan əsas məziyyətlərdir. Ancaq şairin son dövr yaradıcılığının əsas qayəsini Qarabağ dərdi, Vətən, yurd həsrəti təşkil edir. Bu məqaləni şairin sonuncu kitabı olan “Dilən, professor, utanma, dilən” kitabında toplanmış Qarabağ mövzusunda yaratdığı şerlərə istinadən yazıram. Şairin Qarabağ itkisindən, faciələrimizdən doğan narahat yaşantıları, hiss- həyəcanları, öz-özü ilə mübarizəsi bütövlükdə bu şerlərdə öz əksini tapıb.

Qarabağ düşmənə veriləndən sonra şair Qarabağsız bu dünyada yaşadığı üçün “Necə yaşayırsan, ay Famil Mehdi?” –deyə özünü qınayır. Çünki Qarabağ onun varı-yoxu, hər şeyi idi:

Dünyada varın- yoxun,

Nə azın , nə də çoxun

Bircə Qarabağdı, o da ki, getdi.

Daha Qarabağsız sən bu dünyada,

Zəhər içə-içə, dərd uda-uda

Niyə yaşayırsan, ay Famil Mehdi?!

Şair burada simvolik olaraq özünü götürüb, özünü qınasa da, əslində üzünü hamıya - damarında türk qanı axan hər bir Azərbaycan kişisinə tutub, Qarabağsız yaşadığı üçün onu qınayır. Qarabağsız yaşamağa haqqımız olmaya-olmaya, sanki “ Qarabağ yox imiş” kimi davranmağımız, unutqanlığımız, “ başbilənlərin” yalançı təriflərə uyub, öz keyf-damaqlarında, villalar ucaltmaq­larında olmaları, Qarabağı tamamilə yaddan çıxarmaları şairi yandırıb-yaxır. O, bu acı təəssüf hisslərini, ağrı-acısını aşağıdakı misralarda poetikləşdirib:

Bu gün Qarabağsız yaşamasına,

Nə şahın haqqı var, nə rəiyyətin.

***

Bəli, Qarabağın ölüm çağında,

Millət Nəf dağında- keyf damağında.

***

“Necə yaşayırsan, ay Famil Mehdi?” şerinin sonunda şair artıq yaşamasına şübhə ilə yanaşır. Çünki əgər yaşasaydı, dünyanın gərdişlərini, baş verənləri belə sakitliklə seyr edə bilməzdi, yaşasaydı əgər... hər yeri yandırıb- yaxar, özü də yanardı...

 

Yaşasan yandırar, oda yanardın,

Kimsə çağırmazdı “qor eşən” səni.

Yaşasan, meydanda at oynadardın,

Ölmüsən, oynadır “goreşən” səni.

“Ölülər-dirilər” şerində şair ölülərin dili ilə dirilərə müraciət edib, onları ittiham edir. Dirilər yer üzündə “lal-kar” olub, “daşa-qayaya” döndüklərinə, var-dövlət, vəzifə savaşında olduqlarına görə, ölülər yerin altında rahat yata bilmir. Onların yer altında girov düşüb, darda qalmaları isə diriləri narahat etmir. Bununla belə, şair ölüləri daha xoşbəxt hesab edir, çünki onlar ölü olsalar da, vətən torpağında yatırlar:

Vətənli ölülər, ölüykən diri,

Vətənsiz dirilər, diriykən ölü.

Famil Mehdi yaradıcılığının qüdrəti ondadır ki, şair sözə hədsiz məsuliyyət və həssaslıqla yanaşmağı bacarıb. Sözün qiymətini bilən F. Mehdi, sözü yerində işlədərək, hər sözündə böyük məna gizlədə bilib, ən əsası isə sözü içindəki od-alovda yaxşıca bişirib. Odur ki, hər sətrindən səmimiyyət duyulan şerlər oxucunun qəlbinə asanlıqla yol tapır. Yuxarıdakı iki misraya diqqət yetirsək, onlarda nə qədər böyük məna , dərin kədər gizləndiyini görərik. Vətənsizliyin nə qədər böyük dərd olduğunu şair ikicə misrada ifadə edə bilib. Bax budur, qələmin qüdrəti.

Doğma yurdunun – Ağdamın düşmən əlinə keçməsi şairin belini sındırıb. Ağdamı “Quran” kimi müqəddəs, qiymətdə Turana bərabər tutan, onu başının tacı hesab edib, Ağdamın satılmasıyla ata-anasının satıldığını zənn edən şair üzünü Uca Tanrıya tutub Ona şikayətlənir, Ondan kömək istəyir:

Mənim Ağdamımı kim satdı, Allah,

Anamı, atamı kim satdı Allah?!

Famil Mehdi Qarabağ mövzusunda yazdığı şerləri o qədər ağrı-əzabla yaradıb ki, Qarabağ dərdini - bu dərdin böyüklüyünü, faciələrimizi o qədər canlı şəkildə şerlərə köçürüb ki, elə bil şerin hər kəlməsi, hər sözü canlı varlıq kimi ağrı çəkir, ağlayır, daşıdığı dərdin ağırlığı altında inləyir...

Qarabağ itkisi, yurd dərdi, şəhid məzarları şairi o qədər goynədib, odsuz-ocaqsız yandırırdı ki, o, bu yanğını, onun necə “tüstüləndiyini” görməyib, ondan hal-əhval soranları qınayıb, ittiham edirdi. Şairin fikrincə, bu qədər çətin, ağrılı bir dövrdə, bu qədər itkilərimiz, şəhidlərimiz ola-ola adamdan “kef” soruşmaq – bu özü də bir faciədir. Odur ki, mərhum şair üzünü insanlara tutub yalvarıb ki, məndən “kef nədir” soruşmayın:

Amandır, - kef nədir-sormayın məndən,

Soruşun: ürəkdə yaran necədir?

Səngərə girməklə aran necədir?

Gözəl bir ölümlə aran necədir?

Mən də hayınıza hay verim: - Qardaş,

Ürəyimcədir!

Ürəyimcədir!

Famil Mehdinin Qarabağ mövzusunda yazdığı şerləri oxuyanda onların masa arxasında rahat əyləşib, düşünülərək yazıldığına inanmırsan. Bu şerlər şairin dəhşətli faciələrə şahid olduğu zaman, yurd itkisindən, qız-gəlinlərin girov düşməsindən doğan namus-qeyrət ləkəsindən, şəhid qanından sızan, ürəyindən qopan ağrılardır ki, ürəkdən damla-damla dilə süzülüb... misralara çevrilib. Ürəkdən qopub, bədahətən axıb gələn bu şerlər uca tribunalardan deyilib, xalqı oyatmaq, ayağa qaldırıb Qarabağ uğrunda mübarizəyə səfərbər etmək üçün yazılmışdır. “Getdi Qarabağım, haray, ay haray!” şerində F.Mehdi “Qarabağ getdi” – deyə hayqırıb, fəryad edir. Ancaq onun səsinə səs verən, fəryadını eşidən yoxdur:

Nədir bu zəlalət, ətalət, haray!

Getdi Qarabağım, ay millət, haray!

Insanlara ümidini itirib, hətta Allahdan “əli üzülən” şair, artıq yalanlardan, biganəlikdən yorulub, insanlardan üz çevirərək, qurd-quşa çevrilib meşədə yaşamaq istəyir. Axtardığını insanlarda tapmayan şair, dərdinə əlacı heyvanlardan gözləyir:

Qoşulum meşədə qurd-quşlara mən,

Ulayım: yan bağrım, haray, ay haray!

Getdi Qarabağım, haray, ay haray!

Bu şeri oxuyanda əlindəkini əlində, dilindəkini dilində qoyub qaçmaq, torpaq uğrunda mübarizəyə atılmaq istəyirsən. Şairin yaşantıları oxucuya sirayət edir, fəryadları oxucunun qəlbinə nüfuz edib, içindən ağrı kimi keçərək, yatmış duyğularını silkələyib onu oyanmağa məcbur edir.

Xalqı ayağa qalxıb düşməndən intiqam almağa səsləyən şair, böyük məhəbbətlə sevdiyi qəhrəman xalqının dünyada aciz, qorxaq kimi tanınmasından narahatdır:s

Niyə dünya bizi nacins tanısın,

Ya qorxaq tanısın, aciz tanısın.

Şairin fikrincə, nəhayət, Vətəni dardan qurtarmaq, vətən göylərindən qara yeli qovmaq lazımdır. Bunun üçün ancaq və ancaq irəli, mübarizəyə atılmaq gərəkdir:

Qalx, düşmən əlində Vətən çırpınır,

Qayaya çırpılır, daşa çırpılır,

Qalx, qovaq göylərdən bu qara yeli,

Irəli, irəli, ancaq irəli!

Famil Mehdi odlu nəfəsiylə, yaşadığı ağrı-əzabıyla şerlərinə həyat verib, onları canlandırıb. Ona görə də şerləri oxuyan zaman şairin istər tənqid etdiyi, istərsə də məhəbbətlə vəsf etdiyi obrazları görüb, sanki onlarla üz-üzə, göz-gözə dayanırsan. Ümumiyyətlə, kəskin tənqidi pafos şairin əksər şerləri üçün xarakterikdir. O, xalqın başının altına yastıq qoyub onu aldadanları, yaltaqları, satqınları, xalq adından danışıb, əslində xalqın əleyhinə işləyən dil pəhləvanlarını öz şerlərində kəskin tənqid edib. Xalqını dərindən sevib, xalqla ağlayıb, xalqla gülən F.Mehdi xalqdan ayrı özü üçün xoşbəxtlik istəməyib:

Susacaqsa könül tarım,

Simlərini dartıb qırım.

Millətim bədbəxtsə, Tanrım,

Sən məni xoşbəxt eləmə!

Şair millətin laqeydliyindən, yalançı dözümlülükdən yorulub, bəzən incisə də, xalqını, Azərbaycanı yenilməz hesab edərək, bundan qürur duyub. Bu şerlərdə qalib gələcəyimizə güclü inam hissi də var:

Qoy yağılar öyünməsin tökdüyü qanla,

Asan deyil cəngə girmək Azərbaycanla.

Ey yurddaşım, ey qardaşım, ey bacım, anla

Vətən dərdi daş yandırar, dağ əridərdi,

Ürəyimdə Vətən dərdi – Qarabağ dərdi.

Bəli, Vətən dərdi o qədər böyük, o qədər ağırdır ki, hətta daşı yandırır, dağı əridir. Bu dərd insanları da yandırır, ancaq tüstüsü görünmür, insanlar da əriyir, ancaq için-için... və için-için əriyib qurtaranda gözlərini həyata əbədi yumurlar... Famil Mehdi kimi.

Famil Mehdi qələmindən çıxan bu şerlər Vətən oğlunu bir məqsəd, bir amal qarşısında qoyur - əgər yaşayırsansa, Vətənin dar günündə ya çarpış Vətəni dardan qurtar, ya da öl, çünki bu cür yaşamaq haramdır. Azərbaycan oğlu Vətənin dar günündə mübarizə aparmadan yaşamağı özünə haram bilməlidir:

Ya çarpış, Vətəni bu dardan qurtar,

Ya öl, yaşamağın sənə haramdır!

Famil Mehdi yaradıcılığında qaçqınlar mövzusu xüsusi yer tutur. Şair “Körpə qaçqın”, “Qaçqınlar, ölməyin, aman günüdür”, “Qaçqın yataqxanası dəhlizində yas mərasimi”, “Mənim qaçqın anam Bakıda öldü” şerlərində qaçqınların ağır dərdlərini duyub, özününküləşdirərək, onların acınacaqlı həyatlarını qələmə almış, həm də onlara təsəlli verməyə çalışmışdır. “Qaçqınlar, ölməyin, aman günüdür”- deyə şair onlara yalvarır ki, özünüz didərginsiniz, barı qəbriniz didərgin düşməsin:

Özünüz didərgin, yol yorğunları,

Qəbriniz didərgin düşməsin barı.

Bu şeri oxuyarkən qaçqınların miskin, acınacaqlı həyatları oxucunun gözləri qarşısında canlanır və oxucu onlara acıyır. Famil Mehdi “Şuşanı, Ağdamı qaytarmamış heç kimin ölməyə haqqı yoxdur” – deyə, onları ölməyə yox, mübarizəyə səsləyib.

“Körpə qaçqın” şerində F.Mehdi valideynlərini itirmiş qaçqın uşağının obrazını böyük ağrı-əzabla, ancaq sevə-sevə yaradıb. Şair böyük məharətlə körpənin daxili dünyasına baş vuraraq, körpə qəlbin ağrı-acısını, onun yaşantılarını duyub və oxucuya poetik dillə çatdırıb. “Bu dünyada əsl yetim yurdsuz yetimlər” – deyə F.Mehdi körpənin halına acıyaraq, özünü onunla müqayisə edir:

Sən anasız, mən anasız – mənim anamı

Dərd öldürdü, səninkini düşmən gülləsi,

Sən də qaçqın, mən də qaçqın – qaçqın dünyanın

Dərdi sənin, qəmi mənim, kefi özgənin.

F.Mehdi körpə qaçqının dərdini o qədər dərindən hiss edib, canlı şəkildə qələmə alıb ki, oxucu gözləri yaşarmadan onu oxuya bilmir. Indi bu uşağın ancaq bir təsəllisi var – o da yuxular. Bəlkə yuxularında uşaq heç olmasa analı dünyasına, doğma evlərinə qayıda bilə.

“Mənim qaçqın anam Bakıda öldü” şeri də çox kədərli şerdir. Bu şerin hər misrasını oxuyanda sanki şairin ürək döyüntülərini eşidib, keçirdiyi həyəcanları duyursan. Qaçqın ana can üstədir, ancaq o, ölə də bilmir, Vətən həsrəti ananı rahat ölməyə qoymur. O, gözləri ilə oğluna yalvarır, oğul isə acizdir, ananın arzusunu yerinə yetirib, onu Vətənə apara bilmir. F.Mehdi bütün bunları qələmin diliylə oxucuya çatdırmaqla, oxucuda düşmənə nifrəti daha da gücləndirib:

Mənim qaçqın anam Bakıda öldü,

Öldü “Ağdam” deyə, “Qarabağ” deyə.

F.Mehdi yaradıcılığı o qədər rəngarəng, mövzuları o qədər çoxşaxəlidir ki, yazdıqca yazmaq olar. Ancaq mənə elə gəlir ki, oxucuya təqdim etdiyim bu şer parçalarından da F.Mehdi yaradıcılığının böyüklüyünü, onun yaradıcılığındakı nəhayətsiz Qarabağ ağrısını duymaq mümkündür. F.Mehdi özü də bu dünyadan beləcə ağrıya-ağrıya Vətən həsrəti ilə köçdü. Qaçqınlara “ölməyin, aman günüdür” – deyə yalvaran şair özü yurd həsrətinə, Qarabağın özü boyda Qarabağ dərdinə dözə bilmədi. Ancaq onun özü bizimlə olmasa da, Vətən yanğılı, həm ağrı, həm məhəbbət dolu şerləri bizimlədir. Hansı ki, o fəryad, o haray bizi Qarabağ uğrunda mübarizəyə, nəhayət, oyanıb səfərbər olmağa səsləyir:

Oyan ay millətim, haray, ay haray!

Getdi Qarabağım, haray, ay haray!

Qəbriniz nurla dolsun, Famil Mehdi! Inanırıq ki, o gün mütləq gələcək, xalqımız oyanıb Qarabağı mənfur düşmənlərdən azad edəcək, torpağımız, nəhayət, uzun sürən ayrılıqdan sonra yenidən öz doğma övladlarını qoynuna alıb azad nəfəs alacaq. Onda Sizin də ruhunuz şad olar, qəbirdə daha rahat yatarsınız.