Rəna Baxışova
XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsində
maarifin vəziyyəti və onun inkişafına mane olan amillər
XIX əsrin sonlarına doğru Azərbaycanda baş verən canlanma yalnız sənaye və təsərrüfat sahələri ilə məhdudlaşmayıb, mədəniyyət və maarif sahələrinə də sirayət etdi. Lakin buna baxmayaraq, XX əsrin əvvəllərində əhalinin əksər hissəsi savadsız idi. Savadsızlığın aradan qaldırılmasının əhəmiyyətli səbəblərindən biri xalq maarifinə ayrılan xərcin cüzi miqdarda olması idi. Qeyd etmək lazımdır ki, xalq maarifinə ayrılan maliyyə vəsaitinə görə Rusiya Avropa dövlətləri arasında sonuncu yerlərdən birini tuturdu.
Çarizm qeyri-rus xalqların savadlanmasını xüsusilə təhlükəli hesab etdiyindən, milli ucqarlarda maarifin inkişafına hər vəchlə mane olunurdu. Azərbaycan maarifinə ayrılan xərcə nəzər yetirsək, hər adamın təhsil alması üçün 64 qəpiyin ayrıldığını görərik. Bu da özlüyündə hər şeyi açıq-aşkar göstərir.
XIX əsrdə yaranan dövlət məktəbləri (ibtidai şəhər məktəbləri, gimnaziyalar, realnı məktəblər) XX əsrin əvvəllərində də öz fəaliyyətini davam etdirirdi. Lakin bu dövrdə müxtəlif tipli ibtidai məktəblərin sayı olduqca çox idi. Onlar bir və ya ikisinifli məktəblər kimi fəaliyyət göstərirdilər. Orada şəriət, qiraət, yazı, hesab dərsləri keçirilirdi. Təbiət, tarix, coğrafiya fənnləri haqqında ancaq izahlı şəriət dərslərində məlumat verilirdi. O zaman Qarabağ məktəblərini də özündə ümumiləşdirən Yelizavetpolda 1900-cü ildə 91 ibtidai məktəbdə təhsil alan 6303 uşaqdan 1407-si azərbaycanlı idi. 1902-ci ildə bu tipli məktəblərin sayı artmağa başladı.
Ümumi ibtidai məktəblərlə yanaşı Şuşada ibtidai sənət məktəbləri də yaradılmışdır. Bu məktəblərdə ixtisaslı savadlı fəhlələr hazırlanırdı.
Orta və natamam orta məktəblərin sayı çox az idi. Bu orta məktəblərdən biri də Şuşa şəhərində yerləşirdi. 1888-ci il nizamnaməsinə əsasən, orta təhsil hüququ verən realnı məktəblər XX əsrin əvvəllərində Bakı və Şuşa şəhərlərində fəaliyyət göstərirdi. Bu məktəblərdə müsəlman uşaqlarının sayı çox az idi. Belə ki, 1900-cü ildə 121, 1902-ci ildə 154, 1903-cü ildə isə 155 müsəlman uşağı təhsil alırdı.
XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərən məktəblərdən biri də Mariya gimnaziyaları idi. Bu gimnaziyalar qız progimnaziyası hüququnda idi. Gimnaziya 1900-cü ildə Şuşa şəhərində açılmışdır. Təhsil alan 305 qızın yalnız 5 nəfəri azərbaycanlı idi.
Göstərilən məktəblərdə azərbaycanlı uşaqların azlığı təhsil sistemində əsasən rus dilinin hökmranlığından irəli gəlirdi. Qafqaz təhsil dairəsinin 1903-cü il məlumatında ibtidai məktəblərin yalnız 7.6 faizində rus dili ilə yanaşı ana dilinin də tədris edildiyi göstərilir.
Belə bir şəraitdə savadsızlığı ləğv etmək, təhsili məcburi etmək, təlimdəki geriliyi, köhnəliyi aradan qaldırmaq, tədris işlərini yaxşılaşdırmaq, təcrübə mübadiləsi aparmaq vacib məsələyə çevrildi. Bu məsələlərin həlli üçün irəli sürdükləri fikir və planların Qafqaz təhsil idarəsindən və digər səlahiyyətli təşkilatlardan rədd cavabı ilə qarşılaşması Azərbaycan müəllimlərini bu məsələni özləri həll etmək üçün qurultay keçirmək qərarını almağa vadar etdi. Müəllimlər fikir və ideyalarını cəmləşdirərək, qurultayın keçirilməsi üçün layihələr hazırlamağa başladılar. Qurultayın çağırılmasında Həsən bəy Zərdabinin, Nəriman Nərimanovun, Abdulla Şaiqin, o cümlədən Qarabağlı müəllimlərdən Üzeyir Hacıbəyovun, Fərhad Ağazadənin və digərlərinin böyük əməyi olmuşdur. Qurultayın (1906) təsis edilməsi üçün xüsusi komissiyanın sədri N.Nərimanov, üzvləri isə F.Ağazadə, H.Zərdabi, Ə.Cəfərzadə təyin olundular.
Qurultayın müsbət nəticə verməsinə can atan F.Ağazadə 3-cü iclasda “Kənd şkola müəllimlərinin ehtiyacları” adlı məruzəsində müəllimlərin maaşını artırmaq, mənzil şəraitini yaxşılaşdırmaq, çarizmin maarif sistemini ifşa etmək, müəllimlərin ana dilini öyrənmək və mübarizəyə qoşulmaq, faydalı kitablar tapıb oxumaq kimi fikirlərini geniş açıqladı və I qurultayda məktəblərdə ana dili dərslərinə verilən saatları artırmaq, yeni mükəmməl proqramlarla fənnləri tədris etmək, məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, məktəblilərin tətillərini düzgün bölüşdürmək, vahid dərs bölgüsü və dərs cədvəlinə əməl edilməsi, ibtidai təhsilin ümumi və məcburi olması, təlimdə yeni üsullardan istifadə edilməsi və faydalı dərsliklərin hazırlanması qərara alındı.
I qurultayın nəticəsi olaraq, F.Ağazadə, M.Mahmudbəyov, S.S.Axundov və H.Məlikovdan ibarət komissiya dövlət və canişin qarşısında bir neçə tələb qoydu: qurultay tərəfindən işlənilmiş Azərbaycan dili proqramı təsdiq edilsin; Azərbaycan dili dərsi azərbaycanlılar üçün əsas fənn hesab edilsin; ana dili dərsi qurultay tərəfindən tərtib edilmiş tədris planına müvafiq olaraq artırılsın; tədris planındakı fənnlər qurultay tərəfindən tərtib edilmiş proqram üzrə aparılsın; yerli dərslərin aparılmasına nəzarət edə bilmək üçün müsəlman əhalisi çox olan yerlərdə inspektorlardan biri müsəlman təyin edilsin; ana dilindən dərs deyən müəllimlərin hüquqları başqa müəllimlərin hüquqları ilə bərabər tutulsun; müsəlman uşaqlarının məktəblərə daxil olmasının norması iki dəfə artırılsın; şəhər və kənd məktəblərində sənət verən şöbələr açılsın; Zaqafqaziya Müəllimlər Seminariyasının tatar şöbəsi müsəlman mərkəzlərindən birinə keçirilsin; həmin şöbə müəllimlər seminariyasına çevrilsin; həmin seminariyada Azərbaycan dili əsas fənn kimi tədris edilsin; hər bir şəhərdə qız rus-tatar məktəbi açılsın; müsəlman müəllimlər üçün pedaqoji kurslar təşkil edilsin.
I qurultayda bütün müəllimlərin iştirak edə bilmədiyini nəzərə alan yuxarıda adları göstərilən təsisçilər II qurultayın keçirilməsi zərurətini irəli sürdülər. II qurultayda (1907) təlim-tərbiyə işlərinin qoyuluşu və təkmilləşdirilməsi, Qafqaz müsəlmanları arasında qadın təhsilinin vəziyyətini yaxşılaşdırmaq, müəllimlərin sayını çoxaltmaq və onların maddi vəziyyətini yaxşılaşdırmaq, ərəb əlifbasının qüsurlarını aradan qaldırmaq, doğma Azərbaycan dilini ədəbi dil əsasında saflaşdırmaq, dərsliklər və onların təkmilləşdirilməsi, ana dilinin tədris metodunu seçmək, sənət təhsili, hüsnxətt, musiqi və nəğməni ana dilində tədris etməyin ümumi yollarını işləmək kimi məsələlərin həll edilməsi nəzərdə tutulmuşdu.
F.Ağazadə qurultayın planını bu şəkildə tərtib etmişdir: qurultayın məqsədi; qurultayın tərkibi; qurultayın məşğələsi (bu 12 bənddən ibarət idi)
Bütün bunlarla kifayətlənməyən qarabağlı mücahid A.Əfəndiyev S.S.Axundovla birgə “Əlifba” kitabının layihəsini işləyib hazırladı, həmçinin qurultayda ana dilinin kontekstinə ərəb əlifbasının çətinliyini əyani surətdə nümayiş etdirdi.
I və II Azərbaycan müəllimlər qurultayının qərarları bir neçə bəndi çıxmaq şərti ilə həyata keçirilmədi, lakin məktəb və maarifin inkişafında mühüm rol oynadı. Birinci rus inqilabı illərində çar hökuməti ictimai siyasi həyatın başqa sahələrində olduğu kimi, maarif sahəsində də bəzii güzəştlərə getməyə məcbur oldu. Məktəblərin sayı bir qədər artırıldı, ibtidai məktəblərdə dərslərin ana dilində aparılmasına, birsinifli məktəblərin üçillik əvəzinə dördillik olmasına icazə verildi. Lakin 1905-1907-ci illər inqilabının məğlubiyyətindən sonra irtica maarif və mədəniyyət sahəsindən də yan keçmədi. Azərbaycanda bir sıra məktəblər bağlandı, mütərəqqi fikirli müəllimlər təqib edildi. Məktəbdə rus dilinin əvvəlki hakim mövqeyi bərpa olundu.
Dövlət məktəblərində təhsil rus dilində olduğundan, Azərbaycan dilində təlim aparılmırdı. Dünyəvi təhsil verən dövlət məktəblərində şəriət tədris planında ilk fənn idi. Belə məktəblərin məqsədi müxtəlif dövlət idarələrində çara xidmət edən məmurlar yetişdirmək idi.
1908-1909-cu illərdən başlayaraq dini təhsil istiqamətli məktəblər genişləndirilsə də, bu məktəblərin bir qisminin fəaliyyəti uzun sürmədi.
1910-1914-cü illərdə yeni inqilabi yüksəlişlə əlaqədar olaraq, məktəblərin sayı 1902-ci illə müqayisədə 4 dəfə artdı. Ticarət, sənət məktəbləri, texniki, dəmiryolu məktəbləri tək-tək olsa da, peşə təhsilinin bünövrəsini qoydu. XX əsrin əvvəlləri üçün xarakterik olan yeni məktəb ideyası məktəb işi təşkilinin, təlimin məzmunu və metodlarının yeniləşdirilməsini irəli sürdü. Çar hökuməti müstəmləkə ucqarlarında mütləqiyyətə sadiq məmurlar hazırlanması, həmçinin birinci rus inqilabının təsiri altında oyanmış xalqların milli-mənəvi tələbatının cüzi də olsa ödənilməsi zəruriyyəti ilə qarşılaşaraq, maarifin sonrakı inkişafına ciddi müqavimət göstərə bilmədi.
1914-1915-ci dərs ilində 15 orta və 18 natamam orta təhsil müəssisəsinin fəaliyyət göstərdiyi şəhərlər siyahısına Şuşa şəhəri də daxildir. Ümumtəhsil məktəblərində azərbaycanlı şagirdlərin sayı nisbətən az idi.
Dünyəvi məktəblərlə yanaşı, dini təhsil müəssisələri – mollaxana və mədrəsələr, provaslav və erməni-qriqorian, lüteran, katolik kilsə məktəbləri fəaliyyət göstərirdi.
Birinci Dünya Müharibəsi illərində və çarizm devrildikdən sonra Zaqafqaziyada yaranmış ictimai-siyasi sabitsizlik şəraitində bütün başqa sahələr kimi maarif sahəsi də geriləməyə başladı.
Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra milli məktəb quruculuğuna başlandı. Azərbaycan türkcəsinin dövlət dili elan edilməsi bu işə güclü təkan verdi.
1918-ci ilin avqustunda Gəncə, Şuşa, Cavanşir, Zəngəzur, Cəbrayıl qəzalarının maarif orqanlarında işləyən yüksək vəzifəli erməni və rus məmurları milli kadrlarla əvəz edildi.
Avqustun 28-də xalq maarifinin milliləşdirilməsi haqqında qanun qəbul olundu. Mövcud məktəblərin çoxu milliləşdirildi. Azərbaycan dilinin tədrisi bütün məktəb proqramlarına daxil edildi. Hətta tədris rus dilində olan məktəblərdə də Azərbaycan dilinə məcburi fənn kimi həftədə 3-4 saat ayrılırdı. Lakin milli kadrların çatışmaması üzündən bir çox hallarda tədris ana dili əvəzinə rus dilində aparılırdı. Ona görə də ilk tədbir olaraq Gəncə, Şəki və Şuşa şəhərlərində milli məktəblərin aşağı sinifləri üçün 200 müəllim hazırlayan qısamüddətli kurslar təşkil edildi.
1919-cu ilin yayında milli müəllim kadrları hazırlamaq üçün Bakı, Gəncə, Şəki, Şuşa, Qazax, Salyan, Qusar və Zaqatalada xüsusi pedaqoji kurslar təşkil edildi, savadsızlığın ləğvi üçün bir sıra addımlar atıldı. 1919-cu ildə Bakı, Şəki, Şuşa, Qazax və Zaqatalada yaşlılar üçün Azərbaycan dilində axşam kursları açıldı.