Rizvan Qarabağlı
qərbi azərbaycan abidələri
Məşhur türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə (h.t. ilə 915), M.t. 1509-1510-cu ildə Şah İsmayıl Səfəvi öz vəziri Rəvan Qulu xana qala tikdirilməsi üçün (indiki İrəvan şəhərinin yerində-Zəngi çayının sağ sahili boyunca) fərman verdi. Rəvan Qulu xan 7 ilə qalanı tikdirib, başa çatdırdı.
Qalanın üç qapısı – «Təbriz qapısı», «Şirvan qapısı», «Körpü qapısı» və 4 məhəlləsi olmuşdur: «Qala», «Şəhər», «Təpəbaşı» və «Dəmirbulaq». 1864-cü ildən başlayaraq qala divarları tamamilə söküldü. Göydələn minarələri olan İrəvan məscidləri şəhərin əsas siluetini səciyyələndirən qurğulardan idi. Belə məscidlərin elə 4-ü qalanın «Şəhər» adlı məhəlləsində yerləşirdi: «Novruzəli xan», «Hüseynəli xan» (Göy məscid), «Xoca Səfərbəy» və «Məhəmməd Sərtibxan» cameləri.
1604-cü ildə I Şah Abbas İrəvan qalasını Osmanlılardan azad edəndən sonra Sərdar sarayının şərq tərəfində möhtəşəm bir came inşa etdirdi. 1606-cı ildə inşa edilən bu məscidin memarı o vaxtın məşhur sənətkarı Şeyx Bahəddin idi.
Gəncə Camesi ilə ümumi oxşarlığı olan İrəvan Came kompleksinə mədrəsə, kitabxana, mehmanxana və müxtəlif təyinatlı tikililər daxil idi. 1918-ci ilə qədər came və ətrafındakı binalar kompleksi yarıuçuq da olsa, qalırdı. Sonralar tamamilə məhv edildi.
1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında yeni bir məscid inşa edildi.
XVIII əsrdə Abbas Mirzə tərəfindən inşa etdirilən məscid də memarlıq üslubuna görə hər kəsi heyran edəcək gözəllikdə olmuşdur.
Ruslar İrəvan qalasını işğal etdikdən sonra (1827) Abbas Mirzənin inşa etdirdiyi məscid tamamilə sökülmüş, Rəcəb Paşanın ucaltdırdığı məscidin yerində isə rus kilsəsi tikilmişdir.
Göy məscid adı ilə məşhur olan Hüseynəli xan məscidinin öncə dörd minarəsi olmuşdur. İkinci dünya müharibəsindən sonra camenin üç minarəsini dağıtmışlar. Son dövrlərə qədər təkminarəli də olsa, Göy məscid İslam nişanəsi kimi şəhərdə diqqəti cəlb edən abidələrdən idi. Ümumiyyətlə, XX yüzilliyin əvvəllərinə qədər İrəvan qalasında 8 məscid fəaliyyət göstərmişdir. İndi onların izi belə qalmamışdır. İrəvan qalasında ən qədim məscid 1510-cu ildə Şah İsmayılın əmri ilə inşa olunmuşdur. 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq, od vurub yandırmışlar. Məscid insanlarla birgə tamamilə yanıb külə dönmüşdür.
Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində – İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir. Hazırda bu məscidlərin heç biri qalmamış, hamısı ermənilər tərəfindən dağıdılmışdır.
İrəvan qalasında yerləşən Sərdar sarayı (Xan sarayı) kompleksi də vaxtilə bura gələn səyyahları heyran edən memarlıq həllinə malik olmuşdur. Saray kompleksi bütünlüklə Zəngi çayının qorxunc uçurumu kənarında salınmışdır. Çayın digər sahili boyunca müxtəlif gül-çiçək və meyvə ağacları ilə zəngin olan Xan bağı salınmışdır ki, ilin əksər ayları buralar yaşıllığa bürünmüş olardı. Səfəvi və Türk şahları dövründə Saray kompleksi bərpa və yenidənqurma işləri sayəsində daha da genişləndirilmiş və abadlaşdırılmışdı. Belə ki, XVIII əsrdə Hüseynəli Xan Xoylunun tapşırığı ilə memar Mirzə Cəfər Saray kompleksində geniş miqyaslı yenidənqurma işləri aparmışdır. 1791-ci ildə Məhəmməd Xan Saray kompleksinə aynalı salon və yay imarəti bölümünü əlavə etdirir. 1798-ci ildə isə Mahmud Xan da öz növbəsində Sarayda abadlıq işləri gördürməklə yanaşı, həm də bir neçə müxtəlif təyinatlı binalar tikdirmişdir. Sarayın son bəzək işləri məşhur azərbaycanlı rəssam Mirzə Qədim İrəvani tərəfindən 1850-ci ildə işlənmişdir.
Ümumilikdə, gözəl memarlıq biçimi və bədii görünüşü ilə İsfahandakı Həşt-behişt və İstanbuldakı Çinili Köşk memarlıq kompleksləri ilə müqayisə olunan Sərdar Sarayı kompleksi 1913-1918-ci illər arası rus və erməni birləşmiş quldur dəstələri tərəfindən tamamilə dağıdılmışdır. Son nəticə olaraq, Səfəvi və Qacar dönəminə məxsus olan saray memarlığının gözəl bir nümunəsi də yer üzündən əbədi silinmişdir.
İrəvan qalasında çoxsaylı karvansaralar da fəaliyyət göstərmişdir. Sərdar, Şeyxülislam, Tağlı, Sulu, Susuz, Hacı Əli, Kömürçü, Gürcü, Culfa, Hacı İlyas və sair karvansaralar elə bu qəbildəndir. Göründüyü kimi, hətta adı ilə belə müsəlman dünyasını yada salan karvansaraların da heç biri bu günə qədər gəlib çatmamışdır.
Araşdırmalar göstərir ki, müsəlman aləminə məxsus olan tarix və mədəniyyət irsini yer üzündən silmək ermənilər üçün adi bir hal almışdır. Məsələn, Cəfərabad kəndində (indiki Ermənistan ərazisində) qırmızı tuf daşından tikilmiş hündür türbə son dövrlərə qədər gəlib çatmışdır. Ümumi memarlıq biçimi ilə Naxçıvandakı Mömünəxatun türbəsini yada salan bu türbənin günbəzi 1956-cı ilə qədər qalırmış.
AMEA-nın müxbir üzvü M.Nemətin verdiyi məlumata görə, türbənin bütün karnizi boyu kəmərvari əhatə olunan kitabəsində süls elementli nəsx xətti ilə ərəbcə Səd vilayətinin Saadlu tayfasından olan əmirləri Pir Hüseyn və onun atası Əmir Sədinin adı yazılmışdır. Kitabəyə görə, Qaraqoyunlu və Ağqoyunlu (XV) dövrlərinə aid edilən bu abidənin ətrafında geniş ərazilərə mənsub olan bir neçə qədim müsəlman qəbiristanlığı və türbələri də olmuşdur. İndi onlardan əsər-əlamət belə qalmamışdır. Elə Səlim keçidindəki eyniadlı karvansaranın da son aqibəti bizə məlum deyil. 1328-ci ildə yerli daşla inşa edilmiş Səlim karvansarası ikiqat örtüyə malik olmuşdur.
İki böyük zaldan ibarət olan karvansaranın birinci zalı 15x7 arşın, ikincisi isə 45x21 arşına bərabər imiş. Karvansaranın stalaktitli portalının yan tərəflərində heyvan fiqurları, mərkəzində isə üzəri nəbati naxışlarla haşiyələnmiş daş kitabə (1,87x0,76m) yerləşdirilmişdir (Kitabənin mətni M.Nemət tərəfindən oxunmuşdur). Bütün bunlara məhəl qoymayan ermənilər dini abidə olmadığını nəzərə alaraq, karvansaranın daxili şərq divarına erməni dilində yazılmış kitabə yerləşdirməklə, onu özününküləşdirməyə cəhd göstərmişdilər.
Onu da xatırladım ki, 1988-ci ilə qədər Qərbi Azərbaycanda 1870-dən çox türk-azəri mənşəli tarixi-mədəniyyət abidələri, kənd-qəsəbə, el-oba, yer-yurd və sair coğrafi adlar dəyişdirilərək, ya erməniləşdirilmiş, ya da tamamilə məhv edilmişdir.
Bəli, bir milləti yer üzündən silmək üçün onun torpağını işğal etmək azmış. Sən demə, həmin millətə məxsus olan tarix və mədəniyyət abidələrini də məhv etmək əsas məsələlərdən imiş. Bunu gözəl bilən ermənilər Azərbaycana qarşı zaman-zaman bax bu məqsədlərini də həyata keçirmişlər. Dünya isə hələ də bu barədə susur!!!
Ədəbiyyatlar:
1. Ö.Çələbi. «Səyahətnamə». Bakı, 1997.
2. C.Qiyasi, İ.Bozyel. «Erməni kültür terrörü». Ankara, 1996.
3. М.Немат. «Корпус эпиграфических памятников Азербайджана». Том ЫЫЫ. Баку, 2001.
4. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. «Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti». Bakı, «Oğuz eli», 1998.