Salidə Şərifova

ələmdar quluzadə və qarabağ mövzusu

Ələmdar Quluzadə Qarabağ mövzusunda yaratdığı lirik nümunələri ilə müasir Azərbaycan poeziyasında özünəməxsus yer tutur. Mənəvi-siyasi və yüksək bədii keyfiyyətlərə malik olan şairin qələmə aldığı “Şəhid şəhər”, “Qarabağ oyunu”, “Alay komandiri” və bu kimi digər Qarabağ mövzusuna həsr olunmuş əsərlər ümummilli problemə çevrilmiş Qarabağın, eləcə də digər ərazilərin işğalının müxtəlif amillərini poetik üslubda açıqlayır. Qarabağ işğalı zamanı 88 yaşlı atası Allahverdi kişinin erməni millətçiləri tərəfindən qətlə yetirilməsi Ələmdar Quluzadənin yaradıcılığına xüsusi təsir göstərmişdir. Xüsusilə qeyd etmək istəyirəm ki, şairin əsərləri öz reallığı, müharibə ağırlıqlarını dolğun əks etdirməsi ilə seçilir. Allahverdi kişinin xatirəsinə həsr edilmiş “Şəhid şəhər” poemasında şair Xocalı faciəsinin dəhşətlərini və ağrılarını oxuculara çatdırmağa nail olmuşdur:

Bəşər görməmişdi bu qovhaqovu,

Danışa bilmirəm, dilim də əsir.

Bülənd olub ərşə qalxdı alovu,

Sağlar girov düşdü, şəhidlər əsir.

Ələmdar Quluzadə əsərlərində erməni-azərbaycanlı qarşıdurmasının köklərini aydınlaşdırmağa can atır. Şair erməni təcavüzkarlığının kökündə uydurma və qəddar tezislərlə əsaslandırılmış “Böyük Hayastan” yalançı nəzəriyyəsinin olduğuna diqqət yetirir. Şairirn “Şəhid şəhər” poemasında erməni əməlləri, absurd bir ideya olan və ermənilərin şüurlarını zəhərləmiş “Böyük Hayastan” xülyası ermənilərə məxsus milli xəstəlik kimi oxucuların diqqətinə çatdırılır:

“Erməni azarı” deyirlər buna,

Qınamaq nə lazım sənətçiləri.

“Böyük Ermənistan” viruslarına

Tutulub erməni millətçiləri.

“Qarabağ oyunu” adlı poemasında şair ermənilərin Qarabağa gəlmə olmaları ilə yanaşı, onlara sığınacaq vermiş insanlara xəyanətkarlıq edən bir millət kimi xislətlərini açıqlamışdır:

Oduna qalandıq çox imdadların,

Sözümün yüz sual, yüz nidası var.

Qapıma qonaqtək gələn yadların

Evimə sahiblik iddiası var.

Uydurma və faşist nəzəriyyəsinin təsiri altında insanın, etnik qrupun mənəvi böhrana uğraması amilinə Ə.Quluzadə xüsusi diqqət yetirir. Ermənilərin dinc azərbaycanlılara, xüsusilə də əsir düşmüş həmvətənlərimizə qarşı etdikləri qeyri-insani hərəkətləri şar məhz “Böyük Hayastan” virusunun nəticəsi kimi qələmə verir. Terrorçuluğa xüsusi meylli millət kimi özlərini dünyaya tanıtmış ermənilərin işləri düşəndə göstərdikləri simasızlıqları və mənəviyyatsızlıqları şairin “Alay komandiri” poemasında geniş işıqlan­dırılıb:

Əllərini qaldırıb

“Təslimik” söyləyirlər,

Həyasızlığa bax ki,

Mərhəmət diləyirlər.

Nə qədər günahsızın

Qanını tökən qatil

Elə sızıldayır ki,

Sanki müqəssir deyil.

Faşist və terrorçu dünyagörüşünün təsiri nəticəsində artıq mənəvi cəhətdən məhv edilmiş erməni təcavüzkarlarının dünyagörüşü ilə Ə.Quluzadə öz millətinin gələcəyi, Vətəninin azadlığı uğrunda vuruşan Azərbaycan əsgərinin daxili mənəvi təmizliyini müqayisə edir. Şair Azərbaycan əsgərinin simasında çətin imtahanlardan üzüağ çıxmış əzmkar, mübariz Azərbaycan xalqının ümumiləşdirilmiş obrazını yaradıb:

Təhlükə gözləyirdi

Əliyalın Vətəni.

Yurd özünə güvənsə,

Milyon çıraq yandırar,

Oğluna arxalansa...

“Alay komandiri” poemasında həmçinin tarixə çevrilmiş “Fərrux əməliyyatı”nın uğurları öz əksini tapıb:

Cəmi on iki nəfər

Düşmənə dərs vermişdi.

Burnu qanamamışdı

Bir igidin, bir ərin

Vətən alqışlayırdı

Öz oğlun, öz əsgərin.

“Alay komandiri” poemasında şair xalqımıza xas olan humanistlik, rəhmdillik, mərdlik kimi yüksək mənəvi keyfiyyətləri Azərbaycan əsgərinin xarakterində ümumiləşdirib:

Unudur ki, döyüşür,

Yaddan çıxır silahı.

Düşünür, bu yazığın

Axı nədir günahı?

Girsin xarabasına

Öldürməyib ötərəm,

Mən buna əl qaldırsam

Ermənidən betərəm...

XIX əsrin sonları və XX əsrdə ermənilərin azərbaycanlılara qarşı milli zəmində dəfələrlə cinayətlər törətmələrinə baxmayaraq, azərbaycanlılar özlərini dinc əhali kimi göstərən ermənilərin Azərbaycanda yaşamasına maneçilik törətməmişdilər. Əksinə, onların firavan yaşamaları üçün şərait yaratmışdılar. “Alay komandiri” poemasında Azərbaycan əsgərinin əsir düşmüş ermənini öldürməməsi və bu nəcib hərəkətinə görə erməninin mənfur əməlinə tuş gəlməsi, etdiyi insani hərəkətə, yaxşılığına görə həyatı bahasına cavab verməsi düşmənə daha adekvat yanaşma probleminin aktuallığını əks etdirir. Azərbaycan əsgərinə erməni qadını arxasında gizlənmiş erməni yaraqlısının etdiyi hərəkət poemada ürək ağrıdan epizod kimi yadda qalır:

Yerə çökür bu iblis,

Arxasında bir cani,

Nişan alır həmin an

Oğlanın sinəsini.

Niyə unutdun axı

Döyüşürsən şər ilə?

Arvadını qabağa

Verən namərdlər ilə.

Şairin, yaradıcılığında qələmə aldığı hadisələrə yanaşma metodu da diqqəti cəlb edir. Millətinə məhəbbətin güclü təsviri ilə yanaşı, düşmənə, erməni işğalçısına nifrət hissi Ə.Quluzadənin “Şəhid şəhər” poemasında özünü daha qabarıq şəkildə büruzə verir. Erməni təcavüzkarlığının dəfələrlə təkrarlanmasının səbəblərindən birini şair düşmənə adekvat hissin formalaşdırılması nəticəsində biganəliyin yaranmasında görür. Ermənilər tərəfindən millətimizin başına gətirilmiş müsibətlərin unudulmasını xalqımızın unutqanlığı kimi qələmə alan müəllif bunu poetik dillə təsvir edir.

Bu dərdlə tanışdır əvvəlki nəsil,

Mənim qan yaddaşım eşidir məni.

Tarixin təkrarı vecimə deyil,

Səhvlərin təkrarı üşüdür məni.

Erməni təcavüzkarlığına biganə yanaşma amilinə toxunan Ə.Quluzadə azərbaycanlılar arasında satqınlıq faktlarının əks etdirilməsinə də diqqət yetirmişdir. “Alay komandiri” poemasında hamımızı düşündürə biləcək bu problem geniş açıqlanır. Erməni silahlı dəstələrinə satqınlıq edilmə faktından çox mütəssir olan şair bunu belə qələmə alır:

Görən hansı mənbədən

Məlumatlanır o tay?

Yerini həftədə bir

Dəyişməkdədir alay

Satqınlıq problemi ilə yanaşı düşmənlə mübarizənin təşkilinə bürokratiyanın mənfi təsir etməsi də “Alay komandiri” poemasında işıqlandırılır. Şair poemada Vətən üçün heç nə etməyən vəzifə sahiblərini tənqid atəşinə tutur:

Hələ Müdafiə Nazirliyində

Gedib başbilənlər qış yuxusuna.

  ***

Vətən torpağını qorumalı kəs,

Milçək ovundadır kabinetlərdə.

Bürokratların biganəliyi ilə yanaşı, Ə.Quluzadə azər­bay­canlılara qarşı törədilmiş vəhşiliklərə bəşəriyyətin biganə yanaşmasına da diqqət yetirir. Dünya ictimaiyyətinin ermənilərin əməllərinə göz yunmasını, Xocalı soyqırımına biganə münasibəti nəzərə alan şair, onların bu problemə ikili standartdan yanaşmasını “Qarabağ oyunu” əsərində açıqlayıb:

Öldürənlər əzabkeş,

Ölənlər isə qatil,

Dünyanın qulaqları

Darı dəlir elə bil.

Azərbaycan torpağında azərbaycanlıların ermənilər tərəfindən öldürülməsi, bunun müqabilində ermənilərin “yazıq”, azərbaycanlıların isə “vəhşi” kimi dünyada tanıdılmasına cəhdlər şairin qəzəbinə səbəb olur:

Bir mllət gen düşür öz ulusundan,

Könül toxluğundan, göz dolusundan.

Batır neçə-neçə igidin qanı,

Təkləyib boğurlar Azərbaycanı.

Ermənilərin azərbaycanlılara qarşı apardıqları mübarizədə tək olmadıqları və onlara himayədarlıq edən qüvvələrin açıqlanması maraq doğurur. “Şəhid şəhər” poemasında Xocalı soyqırımında erməni şovinistlərinə yardımçı olmuş və onlarla bərabər bu cinayəti törətmiş 366-cı polkun əməlləri poetik dillə qələmə alınır. Şair erməni yaraqlılarına yardımçı olmuş qüvvələri işıqlandırmaqla yanaşı, onların mənəvi aləmlərinə nəzər salaraq, tarixi gözümüzdə canlandırır:

Qanıma işləyən qanun deyilmiş,

Gördük qılıncını yüz Beriyanın.

Erməni sonuncu silahı imiş

Ölümlə çarpışan imperiyanın.

Azərbaycanın haqq səsinin bəşəriyyət tərəfindən eşidilməməsinin səbəbini Ə.Quluzadə ermənilərin bəzi xarici dairələrlə birgə fəaliyyətləri ilə əlaqələndirir. Qarabağ düyününə cavab axtaran şairin “Qarabağ oyunu” poemasında ermənilərə yardım göstərmiş qüvvələrin əsl simaları açıqlanır:

Kəsib bağlamışdı ölüm hər yanı,

Zabitlər öpürdü mey kuzəsini.

Vatikan oxuyub xeyir-duanı,

Moskva vermişdi icazəsini.

Şair millətini düşmənə qarşı mübariz olmağa, döyüş ruhunu itirməməyə çağırır:

Ağlasaq gözümüzdə

Qürbət göyərəcəkdi.

Döyüşsək sinəmizdə

Qeyrət göyərəcəkdi.

Azərbaycanın taleyini döyüş meydanında həll etməyə çalışmış Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Şirin Mirzəyevin könüllülərdən ibarət yaratdığı özünümüdafiə batalyonunun şücaətləri işıqlandırılaraq oxucunun mühakiməsinə verilir:

Işə bax, erməni yurduma sahib,

Səngər Vətənimn içindən keçir-

deyə yanıb-qovrulan alay komandirinin söylədikləri qəlbləri riqqətə gətirir:

Əsgər paltarını geyinən oğlan

Gərək qisasını ala yağıdan.

Şuşa qaytarılıb, Laçın dönməsə,

Düşmənin bayrağı yerə enməsə,

Səsimiz yetməsə Cıdır düzünə

Biz baxa bilmərik elin gözünə.

Torpaqlarımız düşmən tapdağından azad olmamış, azadlıqdan danışmağa mənəvi haqqımızın olmadığını vurğulayan şair mənən haqlı olmasını poetik dillə qələmə alır:

Azadlıqdan danışma

Torpaq xilas olmasa.

Yurdunun hər qarışı

Azad nəfəs almasa.

Ə.Quluzadə ordu quruculuğuna xüsusi diqqət yetirilməsinə çağıraraq, əsərlərində orduya biganəliyin dözülməz olmasını qeyd edir. O, döyüşçülərə göstərilən biganəliyi ürək ağrısı ilə qələmə alır:

Iki aydır bu kənddədir

Əlli igid ac-yalavac.

Müharibənin müvəqqəti olaraq atəşkəslə dayandırılmasını, Qarabağ müharibəsinin başa çatmadığını yaddan çıxarmamalıyıq. Bu baxımından Ə.Quluzadənin Vətənə, millətə böyük məhəbbətlə yaradılmış və Qarabağ probleminin müxtəlif faktorlarını işıqlandıran əsərlərinin təhlil edilməsi, geniş dairələrin nəzər-diqqətinə çatdırılması, gəncləri vətənpərvərliyə səsləyən təbliğat vasitəsi kimi istifadə edilməsi zəruridir.