Şahin Bağırov
dağlıq qarabağ ətrafında toqquşan maraqlar
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində qeyri-müəyyənlik davam etməkdədir. Nəzərdən keçirdiyimiz problemin ətrafında səngimək bilməyən diskussiyalarda əsas mübahisə doğuran Qarabağın statusu məsələsidir. Məlumdur ki, Azərbaycan tərəfi Dağlıq Qarabağa ən yüksək status təklif edir və bildiyimiz kimi ermənilər bunu qəbul etmir, Dağlıq Qarabağla Ermənistan arasında üfüqi münasibətlərin təmin olunmasında israr edirlər. Məhz buna görə də beynəlxalq vasitəçilər bu mürəkkəb vəziyyətdən çıxış yolu tapmaq üçün müzakirələri davam etdirirlər. Situasiyanın nə vaxt dəyişəcəyisə, hələlik tam dəqiqliyi ilə məlum deyil. Belə ki, qarşı duran tərəflər arasında hər hansı təmas müşahidə edilmir. Danışıqların növbəti mərhələsinin nə vaxt başlayacağı barədə elə bir ciddi məlumatlar eşidilmir.
Ancaq bununla belə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında məsləhətləşmələrin aparıldığı da qətiyyən diqqətdən yayınmır. Xüsusilə də, ABŞ-ın bu istiqamətdə son vaxtlar nümayiş etdirdiyi əlahiddə fəallıq böyük maraq doğurur. Belə ki, Amerika mətbuatında dərc olunan bəzi materiallarda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi birmənalı şəkildə vurğulanır bu da maraqlı olan tərəflərdə narahatlıq yaratmaya bilməz. Həmin narahatlıq hissi çox qərəzli şəkildə Ermənistan mətbuatında da mütəmadi olaraq öz əksini tapır. Hətta, Amerika mətbuatında Azərbaycanpərəst materiallar dərc edildiyini əsas göstərərək, onları ikiüzlülükdə, qərəzçilikdə ittiham edir, guya lazım gələndə Bakı neftinin tutumuna görə erməni qanından ağır olduğunu deyəcəklərini gizlətmirlər. Əslində elə Ağ Evin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün konkret zaman müddəti müəyyənləşdirməsi də müxtəlif mülahizələrə yol açmaqla erməni tərəfini əndişələndirən amillərdəndir. Belə ki, ABŞ bütün məqamlarda qabartmağa çalışır ki, Ağ Ev Dağlıq Qarabağ münaqişəsinin 2006-cı ildə nizamlanmasında qərarlıdır. Və hesab edir ki, bu ilin real imkanları şans verir ki, münaqişə birdəfəlik nizamlansın. Eləcə də qarşı duran tərəflərə israr edir ki, bu fürsəti əldən qaçırmasınlar.
Təbii ki, Ağ Evin münaqişənin nizamlanmasında belə israrlı və tələskən mövqe nümayiş etdirməsi başadüşüləndir. Ehtimal olunur ki, onun hədəflərindən ən əsası Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıyla Cənubi Qafqazda situasiyanı dəyişmək və dominantlığını möhkəmləndirməklə regiondakı iqtisadi maraqlarının təhlukəsizliyini təmin etməkdən ibarətdir. Çünki Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanma perspektivi ABŞ-ı narahat etməyə bilməz. Odur ki, beynəlxalq və regional əhəmiyyətə malik iqtisadi layihələrə təhlükə törədə biləcək yeni savaş alovunun qarşısının alınması rəsmi Vaşinqton üçün prioritetdir.
Qeyd edək ki, Ağ Evin bu təkidi ATƏT-in Minsk Qrupu həmsədrlərinin artıq nikbin əhval-ruhiyyə təlqin etməmələri müşahidə edildikdən sonra gücləndi. ABŞ-ın bu istəyə nə vaxt və necə nail olacağı isə başqa söhbətin mövzusudur. Fakt odur ki, bu vaxtacan heç bir fövqəl qüdrətin təkbaşına vasitəçilik missiyası baş tutmayıb. Xatırlayırsınızsa, hələ Ki-Uestdə ABŞ, Rusiya və Fransa təmsilçiləri ciddi və intensiv mübahisələr etsələr də, son nəticədə yenidən Minsk Qrupu həmsədrlərinin «yeni əhatəli təklif» hazırlaması barədə razılıq əldə ediblər. Bu, onun göstəricisidir ki, vasitəçilər səviyyəsində danışıqların dalana dirəndiyi göz önündədir və ABŞ-ın son addımlarında bu məqamın nəzərə alınmaması ağlabatan deyil. Şübhəsiz, Ağ Evin bütün bu ziddiyyətlər fonunda öz maraqları naminə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında ciddi oyunlar quracağı gözləniləndir. Regionda marağı olan digər qüvvələrə rəğmən, münaqişə tərəflərindən hansınısa təzyiqlərə məruz qoya bilər. Bu təzyiq, münaqişə tərəflərindən birinin güzəştlərə razılıq verməsi məcburiyyətilə üzləşməsindən ibarət ola bilər. Qeyd edək ki, ABŞ rəsmiləri qarşı duran tərəflərə güzəştlərə hazır olmaları barədə istənilən hallarda mesaclar verməkdə davam edirlər. Münaqişə tərəflərini ehtiyatlandıran məsələ də məhz budur. Ümumiyyətlə, «gizli» aparılan danışıqların təhlili analitiklər üçün də yorucu sənəddir. Çünki güzəştlərin nədən ibarət olacağı və hansı tərəfə şamil olunacağını proqnozlaşdırmaq qeyri-müəyyəndir.
Problem ondadır ki, hər iki münaqişə tərəfi güzəştlərə hazır olduğunu bəyan edir. Əslində erməni tərəfi hər dəfə sübut edir ki, o, heç bir beynəlxalq hüquq normalarına məhəl qoymur, dövlətlərarası münasibətlərin inkişafında müstəsna rol oynayan «kompromis» və «konsensus» prinsiplərinin diplomatik məzmun və çəkisinə əhəmiyyət vermir. Bununla işimiz yox… Söhbət ondan gedir ki, güzəşt limitinin dalana dirəndiyi belə məqamda münaqişə tərəfləri qarşı tərəfdən əlavə güzəşt umur və məhz bundan sonra nizamlanmada prinsipial dəyişikliklərə nail oluna biləcəyini qabardırlar. Odur ki, prosesləri nəzarətdə saxlayan ABŞ-ın konkret göstəriş verəcəyi ehtimalı xeyli artır. Digər tərəfdən, nəzərə alaq ki, ABŞ regionda geopolitik maraqlar güdür və münaqişənin tezliklə nizamlanması onun ümdə maraqları daxilindədir. Münaqişənin nizamlanmasıyla ABŞ Rusiyanın Cənubi Qafqazdakı təsir rıçaqlarını daraldır və onun təsir mexanizmlərindən birini sıradan çıxarmış olur.
Qeyd edək ki, Rusiya da cərəyan edən prosesləri nəzarətdə saxlayır. ABŞ-ın bu istəyinə adekvat olaraq münaqişənin yenidən alovlanmasında maraqlıdır. Çünki Rusiya Cənubi Qafqazda öz geopolitik və geostrateci maraqlarını belə asanlıqla qurban verməz. Odur ki, Rusiya Ermənistandan yararlanmaqla Cənubi Qafqaz regionunda hərbi-siyasi situasiyanı gərginləşdirməkdə maraqlı görünür. Xatırladaq ki, regionda baş qaldıran müharibə isteriyasına digər iki ölkə vasitəçilərinin nigarançılıq reaksiyası müşahidə olundusa, Rusiya tərəf susdu və ilginc münasibət sərgiləməkdə mövqe bildirmədi. Şübhəsiz ki, bu, Rusiyanın regionda müharibə perspektivində maraqlı olduğunu ortaya qoyur.
Belə nəticəyə gəlmək mümkündür ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ kimi, Rusiya da Cənubi Qafqazda öz ampulasındadır. Göründüyü kimi, ABŞ-Rusiya qarşıdurması münaqişənin nizamlanmasında öz xüsusi çəkisini artırır. Yəni bu superdövlətlərin regional maraqları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə əngəllər yaradır. Odur ki, Dağlıq Qarabağ probleminin həllinə nail olmaq üçün ilk növbədə regionda marağı olan superdövlətlərin öz problemləri «həll olunmalı», sonra isə qarşı duran tərəflərdən münaqişənin həlli istiqamətində konkret güzəştlər tələb edilməsi mümkün ola bilər.
Bu bir faktdır ki, Cənubi Qafqazda nəzarət uğrunda ABŞ-Rusiya qarşıdurması öz həllini tapmayınca, regionda heç bir münaqişə ocağı söndürülməyəcək. Çünki səhnə arxasında bu superdövlətlərin savaşı daha ciddi, daha təhlükəlidir. Bu qüdrətlər regional münaqişələrdən yararlanmaq üçün müxtəlif geopolitik oyunlar ssenariləşdirirlər.
Bu baxımdan, münaqişə tərəflərinin oturub gözləməsi və ara-sıra jest olaraq diplomatik atışmalarla baş qatması hələ də labüddür. Azərbaycanın isə öz milli maraqları naminə «qurbanolduğumuz» balanslaşdırma siyasətindən yana, əslində, naz sata-sata superdövlətlərə işvə verməkdən başqa yolu qalmır. Hər halda ABŞ-ın Cənubi Qafqaz regionunda möhkəmlənməsi üçün münbit şərait var. Qalıb real istəyə- ABŞ-ın Rusiyanı geri oturtmaqla işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılmasına rəvac verməsilə, ikili standartlardan yaxa qurtarıb konkret mövqe nümayiş etdirməsilə, özünün regional siyasətində korrektələr edib strateci tərəfdaşlarının regiondakı maraqlarıyla uzlaşma aparmasında və ən nəhayət, beynəlxalq prinsiplərə, konkret olaraq, BMT TŞ-nin məlum qətnamələrinə uyğun olaraq işğalçı dövlətin yerində oturdulmasıyla…
Təbii ki, ABŞ-ın belə sərt mövqe tutması münaqişə tərəflərinə birbaşa təsir göstərməyə bilməz. ABŞ Dağlıq Qarabağ münaqişəsinin məhz 2006-cı il ərzində nizamlana biləcəyini iddia edirsə, buyursun…