Tofiq Həsənov

 Şimali Azərbaycan ərazisində erməni qurumlarının yaradılması

Azərbayn hökuməti Cənubi Qafqazda mübahisəli sərhəd məsələlərini siyasi yolla həll etmək niyyəti ilə qonşu tərəflərə, o cümlədən ermənilərə danışıqlara başlamağı təklif etdi. Azərbaycan Milli Şurası müstəqilliyini elan etmiş qonşu xalqa yardım etmək və gələcəkdə onunla vahid Qafqaz Konfederasiyasına daxil olmaq istəyi ilə ermənilərlə danışığa girdi. 1918-ci ilin may ayının 11-də Qara dənizin sahilində yerləşmiş Batum şəhərində Azərbaycan və erməni nümayəndələri arasında sərhəd məsələləri ilə bağlı danışıqlar aparıldı. Bu danışıqlar nəticəsində Azərbaycan Aleksandropol quberniyası hüdudlarında erməni dövləti yaradılmasına razı oldu. Həmin danışıqlara əsasən, İrəvan şəhəri də ermənilərə bu şərtlə verildi ki, ermənilər Yelizavetpol (Gəncə) quberniyasının bir hissəsinə, yəni Qarabağın dağlıq hissəsinə olan iddialarından imtina etsinlər.

1918-ci il 26 may tarixində Cənubi Qafqaz Seyminin son iclasından sonra meydana gələn yeni dövlətlərdən biri də Ararat Respublikası, yəni Ermənistan idi. Ermənilərin rəhbərləri, əhalisi əsasən türk-müsəlmanlardan ibarət olan İrəvan şəhərini ələ keçirmək istəyirdilər. Gərgin müzakirələrdən sonra Azərbaycan Milli Şurası xarici dövlətlər tərəfindən edilən siyasi təzyiqlər nəticəsində ermənilərə güzəştə getdi. Bu siyasi gediş Azərbaycan Milli Şurasının və yeni yaranmış Azərbaycan dövlətinin ilk səhvlərindən biri oldu. Bu xeyirxah addım iki dövlət arasındakı münasibəti kəskinləşib hərbi münaqişəyə çevrilməsinin qarşısını ala bilmədi. Erməni daşnakları Azərbaycan Milli Şurasının mülayim qonşuluq və insanpərvəp siyasi addımından daha da böyük iddialar xülyasına düşdülər. Onlar Qafqazda yaranmış siyasi vəziyyəti və beynəlxalq şəraiti «Böyük Ermənistan» ideyasını reallaşdırmaq üçün əlverişli məqam hesab etdilər. Erməni daşnak quldur dəstələri başda Andronik, Dro, Ncde olmaqla, Azərbaycan torpaqlarında yaşayan türk-müsəlman əhalisinə qarşı məqsədyönlü soyqırımı həyata keçirməyə başladılar. Erməni qəsbkarları Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək, Osmanlı Türkiyəsi cəbhəsindən qayıdan rus hərbi birləşmələrinin onlara verdikləri hərbi sursatdan istifadə edib, yerli türk-müsəlman əhalisini qırmağa - etnik təmizləmə siyasətini həyata keçirməyə başladılar.

1918-ci ilin noyabr-dekabr aylarında türk hərbi qüvvələrinin Azərbaycan ərazisini tərk etməsi, dinc əhalinin özünümüdafiə imkanlarına malik olmaması, havalar soyuduqdan sonra Azərbaycanın mərkəzi bölgələri ilə əlaqənin çətinləşməsi erməni-daşnak silahlı dəstələrinin qarşılarına qoyduqları məqsədin həyata keçirilməsini daha da asanlaşdırırdı. Bunun nəticəsində erməni cəlladları 1918-ci ilin payızında təkcə Azərbaycanın Zəngəzur qəzasında türklər yaşayan 52 kəndi məhv etmiş, 32 kənddə 495 ev yandırılmış, 492 ev dağıdılmış, 2245 türk öldürülmüş, 304 nəfəri diri-diri yandırılmışdır.

1920-ci il aprel ayının 28-də XI Qızıl Ordunun Azərbaycana gəlişi ilə, 1920-ci il yanvar ayının 11-də Paris sülh konfransının Ali Şurası və bir sıra dövlətlər tərəfindən müstəqilliyi tanınmış, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti devrildi. Bu tarixdə ilk dəfə olaraq çar Rusiyasının devrilməsindən sonra müstəqilliyini əldə etmiş Şimali Azərbaycanın türk-müsəlman əhalisinin azadlığına son qoymuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti ərazisində yaradılmış Sovet Azərbaycanı müstəqil respublika elan olunsa da, getdikcə onun müstəqilliyi formal mahiyyət daşıyırdı. İlk növbədə Azərbaycanın 20-yə qədər xarici dövlətlə olan azad, sərbəst münasibətləri ləğv olundu. 1920-ci ilin yazında, dünyada, o cümlədən Cənubi Qafqazda beynəlxalq vəziyyətin yaxşılaşdığı bir dövrdə ermənilər London müşavirəsində və San-Remo konfransında Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları ilə çıxışlar etdilər.

Ermənilər 1920-ci il aprel çevrilişindən sonra da Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkmədilər. Onlar hələ Azərbaycan Xalq Cümhuriyyəti vaxtında Azərbaycan torpaqları olan - Naxçıvan, Zəngəzur, Şərur-Dərələyəz, Göycə və Dağlıq Qarabağı ələ keçirmək niyyətində idilər. 1920-ci ilin dekabr ayının 25-də Zəngəzurun qərb torpaqlarını işğal altında saxlayan ermənilər «Azad Sünik hökuməti» adı altında erməni dövlət qurumu yaratdılar. 1918-ci ilin may ayında keçirilmiş Batum sülh konfransında Azərbaycan və erməni nümayəndələrinin danışıqları nəticəsində Azərbaycan torpaqlarında yaradılan Ermənistanın ərazisi 9,2 min kv.km idi. Bolşevik çevrilişi ərəfəsində Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kv.km idi. Lakin Şura hökumətinin ərazi məsələlərinin birtərəfli daşnak-bolşevik sayağı «həlli» nəticəsində Azərbaycanın 11 min kv.km ərazisi qanunsuz olaraq Ermənistana verildi. Buraya əsasən Zəngəzur qəzası, Şərur-Dərələyəz qəzası və Göycə dairəsinin torpaqları daxil idi. Nəticədə Ermənistan ərazisi 1920-1922-ci illərdə Azərbaycan torpaqları hesabına genişlənərək 28,1 min kv.km-ə çatmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin XI Qızıl Ordu tərəfindən işğalından sonra Qarabağ məsələsi nəinki həll olunmadı, əksinə, ermənilər tərəfindən daha da kəskin şəkildə qoyuldu. Azərbaycan torpaqlarında yaradılmış Ermənistan hər bir vasitə ilə Qarabağın Dağlıq hissəsini ələ keçirməyə can atırdı. Bu dövrdə Dağlıq Qarabağ istilahı da ortaya atıldı. Əslində tarix boyu Qarabağın dağ və aran zonası birgə fəaliyyət göstərmiş və ictimai-iqtisadi-siyasi və mədəni cəhətdən sıx birləşmişdilər. 1920-ci il iyul ayının 19-da Ermənistan hökuməti Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğu barədə bəyanat verdi.

Azərbaycan K(b)P-nın Siyasi və Təşkilat büroları Ermənistanın Qarabağın yuxarı hissəsinə olan iddiasını rədd edərək, bu məsələyə dair obyektiv qərar qəbul etdi. 1921-ci il iyul ayının 4-də RK(b)P MK Qafqaz bürosu Dağlıq Qarabağın Ermənistan SSR-nin tərkibinə qatılması və burada yaşayan ermənilər arasında rəy sorğusu keçirilməsi haqqında qərar çıxardı. Dağlıq Qarabağın yerli türk-müsəlman əhalisinin narazılığını əsas götürən N.Nərimanov bu qəsbkar mahiyyət daşıyan qərara Azərbaycan dövlətinin rəhbəri kimi etiraz etdi. Qafqaz bürosu 1921-ci il iyul ayının 5-də qərarı təkrar müzakirəyə qoyaraq ədalətsiz qərar kimi onu ləğv etdi. Bunun əvəzində Büro Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibində saxlanılması və eyni zamanda Dağlıq Qarabağa Muxtariyyət verilməsi barədə qərar qəbul etdi. Bu qərar 1923-cü il iyun ayının 27-də RK(b)P-nın Cənubi Qafqaz Ölkə Komitəsinin plenumunda təsdiq olundu. 1923-cü il iyul ayının 7-də Azərbaycan SSR MİK «Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili haqqında» dekret verdi.

Azərbaycan SSR 1922-ci il mart ayının 12-də Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqına (ZSSRFİ) daxil oldu. 1922-ci il dekabr ayının 13-də bu ittifaq Zaqafqaziya Sovet Federativ Sosialist İttifaqı şəklində yenidən təşkil olundu. Azərbaycan SSR ZSFSR tərkibində SSRİ-yə daxil oldu və bununla da öz müstəqilliyini tam itirib Rusiyanın müstəmləkəsinə çevrildi. DQMV- Qarabağın türk-müsəlman əhalisinin, eləcə də milli mənafelərdən çıxış edən dövlət və partiya xadimlərinin mövqeləri nəzərə alınmadan, yalnız ermənilərin maraqlarına uyğun, velikorus-şovinist siyasətin məntiqi nəticəsi kimi yaradılmışdı.

1924-cü il noyabrın 26-da dərc olunmuş «Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə»də deyilirdi ki, DQMV Azərbaycan SSR-in tərkib hissəsidir. Ərazisi 4372 kv.km olub, inzibati baxımdan beş rayonu – Şuşa, Əsgəran, Mardakert (Ağdərə), Martuni (Xocavənd), Hadrut rayonlarını birləşdirirdi. Mərkəzi Xankəndi idi. Əsasnaməyə görə, Şuşa qəzasından Şuşa şəhəri və Xankəndindən 115 kənd, Cavanşir qəzasından 52 kənd, Qaryagin qəzasından 30 kənd, Qubadlı qəzasından isə Qaladərəsi kəndi DQMV-nə verildi. 1918-ci illərdə Azərbaycan Demokratik Respublikası hökumətinin ciddi səyləri və Azərbaycan xalqının qanı bahasına qorunub saxlanılan unitar dövlət kimi 114 min kv.km ərazisində mövcud olan Azərbaycan, Şura hökuməti qurulması nəticəsində mahiyyətcə federativ dövlətə çevrildi və tarixi ərazisinin böyük hissəsini 30 min kv.km-ni itirdi.

Tarix boyu Azərbaycanın yerli türk-müsəlman əhalisinə mənsub və aid olan dədə-baba torpaqlarında, Cənubi Qafqaza köçüb gəlmiş ermənilər üçün Ermənistan SSR və Qarabağın dağlıq hissəsində dövlət qurumlarının yaradılması dünya miqyasında analoqu olmayan çirkli siyasət, həm də Azərbaycan xalqına qarşı misli görünməmiş tarixi ədalətsizlik idi.