Tofiq Nəcəfli
Ziyadoğlu Qacarlar sülaləsi Qarabağda
Qədim dövrlərdən güclü milli dövlətçilik ənənələrinə sahib olan Azərbaycan xalqının tarixində orta çağ dövlətlərimizin (Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi) yeri və rolu daha böyükdür. Azərbaycanda oğuz-türk dövlətçilik ənənələrinin bərpası və inkişaf etdirilməsi məhz bu dövlətlərimizin tarixilə bilavasitə bağlı olmuşdur. Bu dövlətlərimizin yaranmasında və siyasi inkişafında oğuz mənşəli Azərbaycan-türk tayfaları aparıcı rol oynamışdır. Haqqında bəhs edəcəyimiz Qacar tayfası da Azərbaycan Səfəvi dövlətinin yaranması prosesində yaxından iştirak etmişdi. Qacarların mənşəyinin, Azərbaycanda məskunlaşması tarixinin və onların Azərbaycan Səfəvi dövlətinin siyasi həyatında oynadığı həlledici rolun araşdırılması dövlətçilik tariximizdə onların yerini müəyyən etməyə imkan yaradır.
Azərbaycan Səfəvi dövlətinin yaranmasında əsas rol oynayan Qızılbaş tayfalarından biri olan qacarların mənşəyi və Azərbaycanda məskunlaşması tarixilə bağlı tarixşünaslıqda müxtəlif yanaşmalar mövcuddur. Türk tarixçisi Z.V.Toğanın qənaətinə görə, qacarlar Azərbaycana Oğuz xanın İran səfərlərində gəlib yerləşmiş və monqolların Azərbaycana yürüşləri vaxtı Xalxal ətrafında yaşamışdılar. Hülaku ordusuna yardım edərək onlarla birlikdə Şam tərəflərinə göndərilmiş, Əmir Teymur və Qaraqoyunlular dövründə isə oradan təkrar Azərbaycana qayıtmışdılar..
F. Sümerin fikrincə, qacarlar mənşə etibari ilə Oğuzların Bayat boyunun Şam Bayatı oymağının bir qolu olmuşdur. Bu qol Yivə, Ağcalı və Ağcaqoyunlu oymaqları ilə birlikdə Qacar boyunu əmələ gətirmişdi. Qacarlar XVI yüzillikdə Azərbaycanın əsasən Gəncə və Bərdə bölgəsində yaşayırdılar. Ancaq XVI və XVII yüzilliklərdə Qacar bəylərindən hansının Şam Bayatı boyuna mənsub olduqları bilinmir. XVIII yüzilliyin I yarısında Gəncəyə bağlı kəndlərdən biri Şam Bayatı adını daşıyırdı.
Aərbaycan tarixçisi A.Bakıxanovun və M.Baharlının fikrincə, Cəlairi türklərindən olan qacarlar Hülaku xanın dövründə İrana və Azərbaycana köçürülmüş və onların bir hissəsi Anadoluya və Suriyaya köçmüşdü. Əmir Teymur 50 minlik qacar ailəsini Cənubi Qafqaza köçürmüş və İrəvan, Gəncə və Qarabağda yerləşdirmişdi.
«Qızılbaşlar tarixi» müəllifinin təsdiq etdiyinə görə, qacarlar qədimdən Gəncə və Bərdədə yaşamışlar və onların bir qismi Şamdan gəlmişdir.
Tarixi faktlar bir daha təsdiq edir ki, Oğuz boylarından olan qacarlar hələ monqol yürüşləri ərəfəsində Azərbaycanda yaşamış və monqol hücumları qarşısında türkmənlərlə yanaşı Şərqi Anadoluya çəkilməli olmuşdu. Oğuz boyları ilə yanaşı, qacarların da xalqımızın soy kökündə yaxından iştirak etdiyini görürük. Qacarlar XIV yüzilliyin II yarısında Ağqoyunlu tayfa birliyinə daxil olmuşdu. XV yüzilliyin 90-cı illərində Ağqoyunlu taxt-tacı uğrunda şiddətli mübarizədə qacarlar yaxından iştirak etmiş və Gəncə ətrafında yaşayan qacarlar Rüstəm Mirzənin hakimiyyətə gəlməsinə yaxından kömək etmişdilər.
F.Sümerin fikrincə, Rüstəm padşah Gödək Əhməd tərəfindən məğlub edilən zaman yenə də, Gəncə ətrafındakı Qacar bəyinə sığınmış və ondan yardım istəmişdi. Müəllifin qənaətinə görə, bu zaman Qacar tayfasının başında Ziyad bəy olmuşdu. XV yüzilliyin II yarısında Şeyx Heydərin ətrafında toplanmış Qızılbaş tayfaları arasında qacarlar da xüsusi yer almışdı.
Şeyx Heydərin müridlərindən olan Qara Piri bəy Qacarın Azərbaycan Səfəvi dövlətinin yaranmasında aparıcı rol oynadığını dövrün qaynaqları bir daha təsdiq edir. 1499-cu ildə İsmayıl Lahicanı tərk edib Ərdəbil istiqamətində hərəkət edən zaman onun yanındakı sadiq Qızılbaş müridləri arasında Qara Piri bəy Qacar da olmuşdu. Zeynalabdin Əli «Təkmilətül əxbar» əsərində yazır ki, göstərdiyi igidliyə görə «Tozqoparan» ləqəbini almış Qara Piri bəy Qacar İsmayıl tərəfindən 1501-ci ildə Ağqoyunlu Əlvəndə qarşı göndərilmiş avanqard qoşuna rəhbər təyin edilmişdi.
Qara Piri bəy Qacar Şah İsmayılın Şirvanşah Fərrux Yasar, Ağqoyunlu Əlvənd Mirzə və Sultan Murad ilə apardığı döyüşlərdə böyük igidliklər göstərmişdi. Qacar boyunun başlıca obaları Ağcaqoyunlu, Axçalu, Şam Bayatı, Yivə və İyirmidördlü olmuşdu.
Şah Təhmasib dövründə qacarlar birinci dərəcəli Qızılbaş tayfalarının sırasında olmuş və onlar arasından bir çox tanınmış əmirlər mühüm vəzifələrə yüksəlmişdi. Bu tayfadan Budaq xan, Göycə Sultan, Şahverdi xan Ziyadoğlu, Toygün xan, Bayram bəy, Şahqulu bəy, Mirzə Əli bəy və Əliqulu bəy daha çox tanınmışdı. Şah Təhmasib qacarların siyasi nüfuzunun güclənməsini nəzərə alaraq, onların nüfuzlu əmirlərini mərkəzi dövlət aparatına cəlb etmiş, oğlanlarının tərbiyəsini, ayrı-ayrı vilayətlərin idarə edilməsini və eləcə də diplomatik danışıqlar aparılmasını onlara həvalə etmişdi.
Şah Təhmasib dövründə tanınmış Qacar əmirlərindən biri də Ziyadoğlu Şahverdi Sultandır. XVIII yüzilliyin sonunda İranda hakimiyyətə gələn qacarlar da məhz Ziyadoğlu nəslindəndir. Ziyadın XV yüzilliyin sonu - XVI yüzilliyin başlanğıcında yaşadığı güman edilir. 1537-ci il Qəndəhar yürüşünə qatılan Şahverdi xan bundan sonrakı mühüm hərbi səfərlərdə də yaxından iştirak etmişdi. O, ata yurdunun mərkəzi Gəncə olan Qarabağ valisi idi. Qarabağ bəylərbəyləri olan Ziyadoğlu Qacarlar haqqında ən mühüm məlumat II Şah Abbas dövründə Qarabağ bəylərbəyi Murtuzaqulu xan Qacarın vəziri olan Məhəmməd Məsumun «Xülasət əssiyar» əsərində verilmişdir. M. Məsum Ziyadoğlu Qacar nəslinin XVI yüzilliyin 40-cı illərindən XVII yüzilliyin 60-cı illərinə qədər, təxminən yüzillik bir tarixini öz əsərində işıqlandırmışdır. O, Ziyadoğlu nəslindən Şahverdi Sultan, İbrahim Xan, Yusif Xəlifə, Məhəmməd xan, Mürşüdqulu xan, Məhəmmədqulu xan və Murtuzaqulu xanın fəaliyyətinə geniş yer vermişdi. Ziyadoğlu Qacar nəslinin Qarabağ bəylərbəyi kimi fəaliyyəti, yalnız M. Məsumun əsərində ətraflı verilmişdir. Qarabağ bəylərbəyi təyin olunan Şahverdi xan Səfəvi sarayının siyasi həyatında əhəmiyyətli rol oynamışdı. Şah Təhmasib 1547-ci ildə göstərdiyi tarixi xidmətləri nəzərə alaraq, Şahverdi xana Sultan titulunu vermişdi. M. Məsum yazır ki, XVI yüzilliyin 40-50-ci illərində Osmanlı-Səfəvi hərbi əməliyyatları zamanı Şahverdi Sultanın hərbi hissələri Ərzurumu mühasirəyə alan İsgəndər paşanın qüvvələrini məğlub etmişdi. Düşmənin məğlub edilməsi şah ordusuna Cənubi Qafqazda qələbə qazandıraraq İrəvanı öz əlində saxlamağa imkan vermişdi. Şah Təhmasib buna görə, Şahverdi Sultana «müsahib» titulunu vermiş, həm də Qarabağın dörd mülkü ilə yanaşı, Şəki əyalətinə daxil olan Danəki adlı yeri də ona bağışlamış və öz ehtiyacını daha yaxşı təmin etmək, Şirazdan lazım olan şeyləri alıb gətirmək üçün illik min tümən məvacib verilməsini əmr etmişdi.
Şahverdi Sultan 1568-ci ildə ölmüşdü. Şahverdi Sultanın 3 oğlu olmuşdu. Onlardan Xəlil xan hələ atasının sağlığında Astrabad bəylərbəyi və buradakı Qacar tayfasının başçısı təyin edilmişdi. M. Məsum yazır ki, hazırda Astrabadda yaşayan qacarların bir hissəsi onun nəslindən olan mülazimlərdir. Şahverdi Sultanın ölümündən sonra onun digər iki oğlu-İbrahim xan və Yusif Xəlifə 1576-cı ilə kimi ardıcıl olaraq Qarabağ bəylərbəyi olaraq buradakı qacarlara rəhbərlik etmişdi. II Şah İsmayıl Qarabağ qacarlarını, o cümlədən Ziyadoğlu nəslini özünün şəxsi düşməni hesab etmişdi. Çünki, Şahverdi Sultanın təlqinləri nəticəsində İsmayıl Mirzə atasına şübhəli bilinmiş və Şah Təhmasib tərəfindən Qəhqəhə qalasında 20 ildən artıq siyasi məhbus kimi saxlanılmışdı.
1576-cı ildə Şah Təhmasibin ölümü zamanı Qacar əmirlərindən biri Şahverdi Sultanın oğlu Yusif Xəlifə olmuşdu. O, Qarabağ bəylərbəyi və Sultanəli Mirzənin lələsi təyin edilsə də, şahın ölümü ilə bağlı hələ də Qəzvində qalmışdı. Bu zaman Mirzə Əli Sultan Qacar da ən mötəbər əmirlərdən biri kimi divanbəyi olmuşdu.
1576-cı ildə Səfəvi taxt-tacı uğrunda mübarizə zamanı Yusif Xəlifə Ziyadoğlu II İsmayılın rəqibi olan Heydər Mirzənin tərəfini saxlamışdı. Buna görə də, II Şah İsmayıl Yusif Xəlifəni Qarabağ bəylərbəyi və Qacar tayfasının rəhbəri vəzifəsindən azad etsə də, Qarabağ bəylərbəyliyini digər Qızılbaş tayfasına verməmişdi. Şah bəylərbəyiliyi ilk öncə, Yusif Xəlifənin qardaşı oğlu Peykər Sultana, sonra isə onun nəvəsi İmamqulu xana vermişdi. İmamqulu xan 1580-ci ildə həm də Şirvan bəylərbəyi təyin edilmiş və nəticədə Qacar əyanlarının bir hissəsi Şirvana köç etmiş və orada torpaq mülkləri almışdı.
II Şah İsmayıl və Məhəmməd Xudabəndə dövründə qacarlar yenə Qarabağ bölgəsindəki yurdlarında yaşayırdılar. Bu zaman Qarabağ bəylərbəyi olan İmamqulu xan Qacar osmanlılara qarşı vuruşaraq yurdunu qorumuşdu. İmamqulu xan Qacar özünün böyük hərbi sərkərdəlik qabiliyyəti nəticəsində Osmanlı ordusuna qarşı on ildən artıq mübarizə aparmışdı. 1587-ci ildə onun Gəncədə ölümündən sonra Məhəmməd xan Ziyadoğlu Qarabağ bəylərbəyi təyin olundu. Lakin o, 1588-ci ildə Fərhad Paşa ordusunun Qarabağı işğal etməsindən sonra tayfasının bir qismi ilə Arazbara çəkilmişdi. Osmanlı işğalı zamanı Qarabağda qacarlarla yanaşı, otuzikili, qazaxlar, iyirmidördlü, qaramanlı və digər tayfalar yaşayırdı. Qarabağın Osmanlı idarəçiliyinə keçməsi nəticəsində qacarların bir hissəsi Osmanlı hakimiyyəti altında qalmaq istəməyərək, Arazın cənubuna köç etdilər. Şərəf xan Bitlisinin yazdığına görə, 1588-ci ilin 1 sentyabrında Fərhad Paşa Gəncəni ələ keçirən zaman Məhəmməd xan Ziyadoğlu ətrafdakı 40-50 min evdən ibarət olan ulusunu Araz çayının kənarına köçürmüşdü. M. Məsumun təsdiq etdiyi kimi, Qarabağ bəylərbəyiliyini irsi olaraq Ziyadoğlu Qacar nəsli idarə etmişdi. Şahverdi Sultanın nəvəsi Astrabadlı Xəlil xanın oğlu Məhəmməd xanın dövründə Ziyadoğlu nəsli Osmanlı ordusu tərəfindən təkcə Şirvandan deyil, həm də Qarabağdan çıxarılmışdı. Beləliklə, bütün qacarlar Qarabağı tərk edərək, Arazdan cənubda məskunlaşmışdı.
Ziyadoğlu Qacarlar Qarabağın Osmanlı ordusu tərəfindən işğal edilməsi ilə uzun müddət barışmamışdı. Məhəmməd xan Qacar 1589-cu ildə Qarabağa yürüş edərək Gəncə şəhərini mühasirəyə almışdı. Lakin Şah Abbas III Sultan Muradla sülh danışıqlarının başlandığını nəzərə alaraq, Məhəmməd xanı Gəncə mühasirəsindən geri çağırmışdı.
Qarabağın Ziyadoğlu nəslinin irsi mülkü olduğunu bu fakt bir daha təsdiq edir ki, Şah Abbas 1606-cı ildə Qarabağı azad etdikdən sonra, onun idarəsini yenidən Ziyadoğlu nəslinə vermişdi. Bu nəsildən olan Hüseyn xan Qacar, sonra isə Məhəmməd xan Qacar ikinci dəfə bəylərbəyi təyin edilmişdi. 1615-ci ildə Gəncədə Məhəmməd xanın üsyançılar tərəfindən öldürülməsindən sonra, Qarabağ bəylərbəyiliyini ardıcıl olaraq onun oğlanları Mürşüdqulu və Məhəmmədqulu xan idarə etmişdi. Şah Abbasın hakimiyyətinin son illərində Məhəmmədqulu xan iftiraların qurbanı olmuş və 1627-ci ildə bəylərbəyi vəzifəsindən azad edilmişdi. Ziyadoğlu nəsli Qarabağ bəylərbəyiliyindən uzaqlaşdırılmış və onu şah qulamlarından olan sərkərdə Allahverdi xanın oğlu Davud xan əvəz etmişdi.
M. Məsumun verdiyi məlumata görə, 1632-ci ildə Şah Səfi Davud xanı vəzifədən uzaqlaşdırmış və Qarabağ bəylərbəyiliyini yenidən Ziyadoğlu nəslindən olan Məhəmmədqulu xana qaytarmışdı. Məhəmmədqulu xan şahın hüsnü-rəğbətini qazanaraq, 1633-cü ildə kürdlərin qiyamının yatırılmasında yaxından iştirak etmiş və 1635-ci ildə İrəvan yaxınlığında osmanlılara qarşı hərbi əməliyyatlar zamanı şah ordusuna uğurla rəhbərlik etmişdi. Məhəmmədqulu xan ölümünə kimi Qarabağ bəylərbəyiliyini idarə etmişdi. Ondan sonra Qarabağı qardaşı Murtuzaqulu xan idarə etmişdi. Murtuzaqulu xan 1664-cü ildə ölmüş və onu qardaşı oğlu I Uğurlu xan əvəz etmişdir.
Şah Süleyman Kaxeti çarlığının idarəsini etibarlı adamlarından olan Qarabağ bəylərbəyi Abasqulu xan Qacara tapşırmışdı. Abasqulu xanı isə Kəlbəli xan Qacar əvəz etmişdi. Şah Hüseynin hakimiyyəti dövründə də qacarlar Kaxetiyə hakim təyin edilmiş və 8 il oranı idarə etmişdilər.
Səfəvi şahları, Nadir şah Əfşara kimi, Qarabağı Ziyadoğlu nəslindən almağa cəhd göstərməmişdi. Lakin, 1736-cı ildə Nadir xanın çağırdığı Muğan qurultayından sonra Ziyadoğlu Qacar sülaləsinin həyatında böyük siyasi dəyişikliklər baş verdi. Muğan qurultayında iştirak edən bəzi xanlar kimi II Uğurlu xan Ziyadoğlu da Qırxlı Əfşar nəslindən olan sərkərdə Nadir xanın şahlıq üçün namizəd verilməsinin əleyhinə çıxaraq, Səfəvilər sülaləsinin devrilməsinə qəti etiraz etdi. Nadir xan şah seçildikdən sonra Ziyadoğlular nəslinə ciddi zərbə vurdu. Nadir şah onları zəiflətmək məqsədilə, Qarabağın beş xristian məlikliyini və Mil-Qarabağ düzündəki tayfaları, eləcə də Zəngəzuru onun nəzarətindən çıxartdı. Bütün bu torpaqlar Nadir şahın qardaşı Azərbaycan sipəhsaları İbrahim xana tabe edildi. Bu zaman Qazax və Şəmşədli tayfalarının mülkləri də Kartli çarı Teymuraza verildi. II Uğurlu xan Ziyadoğlu Gəncə bəylərbəyi kimi yalnız Gəncə ətrafını əlində saxladı.