Vüqar Abbasov
Qarabağın ilk orta əsrlər tarixinin tədqiqi üçün yazılı
qaynaqlar və arxeoloji tədqiqatlara yeni bir baxış
Azərbaycanın, o cümlədən Qarabağın ilk orta əsrlər tarixini öyrənmək üçün yazılı mənbələrin olmaması həmin dövrün tarixində boşluqların yaranmasına səbəb olmuşdur.
Ancaq qeyd etmək lazımdır ki, orta əsr yazılı mənbələr Azərbaycanın Qarabağ bölgəsinin tarixini araşdırmaq üçün bəzi məsələlərə işıq salsa da, həmin mənbələrə son dərəcə tənqidi yanaşmaqla tədqiqatda yararlanmaq mümkündür. Bir çox Şərq ölkələrini, o cümlədən Albaniyanı gəzmiş, ayrı-ayrı xalqların dini adətlərinə yaxından bələd olmuş, Cənubi Qafqaz xalqları arasında dünyanın yaranmasına dair mövcud təsəvvürləri, həmçinin onların Allah, günəş, ay, planetlər, torpaq, su, hava, heyvanat aləmi və s. haqqındakı dini təsəvvürlərini təsvir etmiş Yeznik Kulpetsi öz əsərində Qarabağ ərazisində yaşayan əhalinin xristianlığa qədərki dini təsəvvürü haqqında məlumat vermişdir. Həmçinin, Movses Xorenatsinin əsərlərində Albaniyanın və onun vilayətlərinin, o cümlədən Qarabağ ərazisinin ilk orta əsrlər dini və dünyəvi tarixi haqqında müfəssəl məlumat verilmişdir. Eləcə də, Anani Şirakatsi «Coğrafiya» əsəri də Albaniyanın sərhədləri və ayrı-ayrı iqtisadi rayonlarından bəhs edərək, Araz çayından Kür çayınadək olan ərazidə Albaniyanın vilayətlərinin yerləşdiyini göstərir. VI əsrdə yaşamış İohan Yerusəlimskinin «Alban katolikosu Abasa məktub» adlı əsərində Albaniya, o cümlədən Qarabağ ərazisindəki alban xristian abidələrinin tarixi ilə tanışlıq üçün maraqlı sənədlərdən biridir. Qeyd etmək lazımdır ki, V əsrdə Albaniyada monofizitlərlə diofizitlər arasında mübarizə gedən zaman monofizit təriqətinə sitayiş edən ermənilər xristianlıqda xüsusi mövqe tutmuşdular. Belə bir şəraitdə alban kilsəsini özlərinə tabe etmək istəyən monofizitlər ölkədə öz təriqətləri xeyrinə hər cür təbliğat aparırdılar. Yerusəlim patriarxı İohanın alban katolikosu Abasa yazdığı təbliğat xarakterli məktubunda Albaniyanı öz tərəfinə çəkmək istəyən monofizit din xadimlərinin öz məqsədlərinə çatmaq üçün hansı vasitələrə əl atdıqları aydın təsvir edilmişdir. Erməni yepiskopu Sebeosun «Tarix» əsərində VI-VII əsrlərdə Albaniyada, o cümlədən Qarabağ ərazisində baş vermiş bir çox siyasi hadisələr təsvir edilmişdir. Burada onu da vurğulamaq lazımdır ki, ilk orta əsr erməni müəlliflərinin yaşadığı dövrün düzgün göstərilmədiyi, yəni tarixin saxtalaşdırıldığı güman edilir.
Bütün bunlarla bərabər, Azərbaycanın Qarabağ bölgəsinin tarixini, onun əyalət və şəhərlərini, həmçinin ölkənin tarixində baş vermiş iqtisadi, siyasi və dini hadisələri öyrənmək üçün mötəbər mənbə alban tarixçisi Moisey Kalankaytuklunun «Albaniya tarixi» adlı əsəridir. Moisey Kalankaytuklu VII əsrdə yaşamış, xüsusi təhsil almış və bir sıra ölkələri, o cümlədən Yerusəlimi gəzmişdir. O, iki hissədən ibarət «Albaniya tarixi»ni yazmış, X əsrin sonu və XI əsrin əvvəllərində yaşamış Moisey Dasxoranski adlı bir şəxs isə həmin əsərə III hissə əlavə etmişdir. Hər üç hissədə Albaniyanın, onun tərkib hissəsi olan Qarabağ ərazisinin qədim nahiyələri olan Uti və Arsakın siyasi, sosial-iqtisadi, mədəni tarixi və həmçinin orada yaşayan əhalinin etnik mənsubiyyəti barədə məlumat verilmişdir.
Yuxarıda göstərilən əsərlərlə yanaşı, bir qrup mənbələr də, xüsusilə dini və ya dünyəvi müqavilələr, ayrı-ayrı məktublar, xatirə yazıları da məlumdur ki, bunlar da Qarabağ tarixinə dair müəyyən problemlərin həlli üçün mühüm mənbə rolu oynayır.
Qeyd etmək lazımdır ki, erməni mənbələri müəlliflərinin demək olar hamısı kilsə tarixçiləridir. Məhz buna görə də onlar ümumiyyətlə, dünya kilsə təşkilatları üçün səciyyəvi bir cəhətə dönmədən əməl etmişlər. Bu da ondan ibarətdir ki, hər bir kilsə tarixçisi öz əsərində kilsələrin və ayrı-ayrı din xadimlərinin fəaliyyətini şişirtməyə çalışmışlar. Bir çox kilsə tarixçiləri öz əsərlərində bu ənənəyə sadiq qalmış və bəzi yanlış nəticələrə gəlmişlər ki, bu da onlardan istifadə edən hər bir tədqiqatçıdan böyük diqqət tələb edir.
Demək olar ki, son dövrlərin erməni tədqiqatçılarının özləri də həmin mənbələrin çoxundan imtina edirlər. Həmin mənbələrin tərcümələri zamanı edilmiş saxtakarlıqları nəzərə alaraq həmin dövrün tarixi, xüsusilə də sosial-iqtisadi və mədəni tarixi arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri əsasında tədqiq edilməlidir.
Ümumiyyətlə, tədqiqatda istifadə edilən yazılı mənbələrin, xüsusilə erməni mənbələrinin mötəbər olmaması, başqa sözlə, müəyyən zamanlarda onların tərcüməsinin məqsədyönlü şəkildə saxtalaşdırılması indiyə qədər yazılmış tarixi ədəbiyyata yeni baxış, başqa sözlə daha ciddi yanaşmağı tələb edir. Bunsuz Qarabağ tarixinin ilk orta əsrlər dövrünü obyektiv tədqiq etmək qeyri mümkündür.
Beləliklə, Azərbaycanın Qarabağ bölgəsinin ilk orta əsrlər tarixini tədqiq etmək üçün yazılı qaynaqların mötəbər olmaması səbəbindən Qarabağın ilk orta əsrlər tarixinin öyrənilməsində arxeoloji tədqiqatları ən mühüm mənbə hesab edirik. Qarabağda vaxtilə aparılmış arxeoloji qazıntılar Qarabağ tarixinin ilk orta əsrlər dövrünü tədqiq etməyə və bununla da Vətən tariximizin vacib problemlərindən birini obyektiv həll etməyə imkan verir.