(Qarabağ köçkünlərinin xatirələri tarixi mənbə kimi)
Şifahi tarix nədir?
Zənnimcə, «iltihablı beyində» yetişmiş siyasətin nəticəsində, qarabağlıları doğma vətənlərindən bir sel kimi alıb, Azərbaycanın bir çox rayonlarına səpələmiş bu insanların yaddaşlarına həkk olunmuş tarixi hadisələr ömürlük ağrılı-acılı bir iz qoymuşdur. Bu baxımdan yuxarıda qeyd olunan şifahi tarixin tədqiqini qarabağlıların xatirələri əsasında izləmək olar. Hansı qarabağlını dindirsək hərəsinə bir şifahi tarixi mənbə kimi baxıla bilər. Ümumilikdə isə, didərgin düşmüş bu insanlar kütləvi şifahi tarixi mənbə kimi tədqiqat obyektinə çevrilə bilərlər.
Nəzərdə tutulmuş şifahi tarix aşağıda qeyd olunan istiqamətlərdə tədqiq oluna bilər:
- Qarabağ uğrunda gedən döyüşlərin iştirakçıları məlumatları;
- Yaşlı nəslin məlumatları;
- Orta yaşlı nəslin məlumatları;
- Yeniyetmələrin məlumatları;
- Qadınların məlumatları;
Bütün bu informatorların informasiyaları müasir Azərbaycan tarixinin çox dəyərli, unikal şifahi səhifələri sayıla bilər. Ümumilikdə isə, bu Azəbaycan tarixi səlnaməsinin azərbaycan xalqına zorla tətbiq olunmuş «Qarabağ çaxnaşması»nın yazılmamış ağrılı-acılı səhifələrinin əsasını təşkil edə bilər. Zənnimcə, Qarabağdan didərgin düşmüş qarabağlıların bütün bu informasiyaları, xatirələri dünən və bu gün yaşadığımız müasir tariximizin qiymətli mənbəsi sayılaraq Azərbaycan tarix elminə bir samballı töhfə ola bilər.
Ancaq etiraf etməliyik, ki bu məsələnin bir aspektidir. Digər aspekt isə, bu tarixi hadisələrin şahidi olanların sosial-psixoloji problemlərindən ibarətdir. Ata-baba yurdundan didərgin düşmüş insanların hansını dindirsək ürəkləri, qəlbləri dərdlə doludur. Onlar əvəzolunmaz torpaq, doğma insan itkilərinə məruz qalaraq, arzu olunmayan miqrasiyaya uğramış, məcburi olaraq digər ərazilərdə məskən salmış, yeni yaşayış yerləri salaraq (və ya yeni yaşayış yerləri ilə təmin olunaraq) uzun zaman tələb edən çətin adaptasiya mərhələsini keçmişlər.
Bu prosesin psixoloji gərginliyi isə ondan ibarətdir ki, ən başlıca olaraq, fərqli iqlim, yeni iş yerləri ilə təmin olmaq ehtiyacı, yeni tədris mərkəzlərinə uyğunlaşmaq, hər birinin qəlbinə toxunmuş xüsusi vəsiqələrdə formal əksini tapmış «qaçqın» adı. Bir sözlə, sanki kökündən qoparılıb başqa ərazidə əkilmiş ağaclar kimi… Şübhəsiz, qarabağlılar üçün Azərbaycanın hər yeri Vətəndir!, ancaq, insanın öz ocağı doğma el-obasında daha da gur yanar!
Qeyd olunanlar ondan ibarətdir ki, bu insanlar şahidləri olduqları, yaşadıqları qanlı hadisələrin və sonrakı adaptasiya dövrünün problemlərindən bəhs edərək bir növ psixoloji təsəlli taparlar. Şifahi olaraq bəhs ediləcək bu tarix bir növ Qarabağda baş vermiş savaşa və onların Azərbacanın tarixində qara iz buraxmış tarixi dövrə və insanların talehindən çox sərt bir xəncəl kimi keçmiş Qarabağın dünəninə bu gün baxılan bir pəncərədir.