Araz Asalanlı
Işğala məruz qalmış Azərbaycan və
zəruri müdafiə hüququ
Hüquqi sənədlər arasında qüvvə tətbiqi mövzusunda ən sərt və ciddisi BMT Nizamnaməsi olmuşdur. İkinci Dünya Müharibəsindən sonra, 1945-ci ildə BMT Nizamnaməsinin qəbul edilməsində məqsəd dövlətlərin və millətlərin sülh və təhlükəsizlik içərisində yaşamaqlarını təminat altına almaq idi. Çünki təxminən yarım əsr ərzində dünya iki böyük müharibəyə şahid olmuş və bu müharibələrin dünyanın demək olar ki, bütün dövlətlərinə müxtəlif şəkildə mənfi təsiri olmuşdu. BMT Nizamnaməsinə qədər mövcud olan beynəlxalq sənədlər İkinci Dünya Müharibəsinin qarşısını ala bilməmişdi. Buna görə də, beynəlxalq sülhün və təhlükəsizliyin təmini üçün, hüquqi sənədlərin qəbul edilməsi vacib idi.
Qeyd etdiyimiz fikirlər BMT Nizamnaməsinin giriş hissəsində də öz əksini tapmışdır. Nizamnamənin 1-ci və 2-ci maddələrində BMT-nin məqsəd və prinsipləri əks olunmuşdur. 2-ci maddənin 3-cü bəndində bütün üzvlərin beynəlxalq münaqişələrini, beynəlxalq sülhə, təhlükəsizliyə və ədalət prinsiplərinə zərər vermədən, sülh metodları ilə həll edəcəkləri qeyd edilmişdir. Qüvvə tətbiqinin əsaslarına aid olan 2-ci maddənin 4-cü bəndi isə, bütün üzvlərin, beynəlxalq münasibətlərdə həm digər dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı, həm də BMT-nin məqsədlərinə uyğun olmayacaq şəkildə qüvvə tətbiqi ilə qorxutmalarını və birbaşa qüvvə tətbiq etmələrini qadağan edir. BMT Nizamnaməsindəki bu əsaslar, xüsusilə də 2-ci maddənin 4-cü bəndi dövlətlərin beynəlxalq münasibətlərdə qüvvə tətbiqi metoduna müraciət etmələrini açıqca qadağan edir. Bu qadağanın sərhədləri və çərçivəsi ilə əlaqədar müxtəlif mübahisələr yaşanır. Bəzi araşdırmaçılara görə, BMT-nin məqsədlərinin başında "Beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və bu məqsədlə, sülhə istiqamətlənmiş təhlükələrin qarşısını almaq, eləcə də bu təhlükələri ortadan qaldırmaq, sülh vəziyyətinin hücum və yaxud da başqa yollarla ortadan qaldırılması hərəkətlərinə mane olmaq; sülh vəziyyətinin ortadan qaldırılmasına səbəb ola biləcək mahiyyətdəki beynəlxalq münaqişələrin həllinin sülh metodları ilə, beynəlxalq hüququn təməl və ədalət prinsiplərinə uyğun şəkildə həyata keçirilməsi" durduğuna görə, qüvvə tətbiqi qadağası mütləq bir qadağadır və istisnaları ola bilməz.
Digər bir qrup araşdırmaçıya görə isə, qüvvə tətbiqi qadağasına dair bu məhdud çərçivəli izah, dövlətləri mövcud haqsızlıqlara və hüquqa zidd hərəkətlərə qarşı qeyri-müəyyən müddət ərzində dözmək məcburiyyətində qoya bilər. BMT Nizamnaməsinə görə, beynəlxalq hüquqa hörmət, ədalət, sərhədlərin qüvvə tətbiqi yoluyla dəyişdirilə bilməməsi və digər bir çox prinsipin açıqca ayaqlar altına alındığı vaxtlarda, hüququ çeynənən dövlətin bu duruma razı olmasını gözləmək, bu prinsiplərin varlığını, dolayısıyla BMT Nizamnaməsinin varlığını sual altında qoymaqdır.
BMT Müqaviləsində qüvvə tətbiqi və zəruri müdafiə mövzusuyla əlaqədar digər maddədə - 51-ci maddədə bu hökmlərə yer verilmişdir.
"Bu Müqavilənin heç bir hökmü, BMT üzvlərindən birinin silahlı hücuma məruz qaldığı vaxt, Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün lazımi tədbirləri görənə qədər, bu üzvün təbii olan fərdi, ya da ümumi zəruri müdafiə tədbirləri hüququna xələl gətirə bilməz. Üzvlərin bu zəruri müdafiə hüququndan istifadə edərkən gördükləri tədbirlər təcili olaraq Təhlükəsizlik Şurasına bildirilməlidir və bu tədbirlər Şuranın Müqaviləyə görə beynəlxalq sülh və təhlükəsizliyin qorunması və yaxud yenidən təsis edilməsi üçün lazım görəcəyi hər an hərəkət etmək səlahiyyət və vəzifəsinə heç bir şəkildə təsir etməz".
Burada açıqca göründüyü kimi, BMT Nizamnaməsi qüvvə tətbiqi mövzusunda ümumi bir qadağan gətirmiş, fəqət, Nizamnamə çərçivəsində buna istisna təşkil edən hallar da nəzərdə tutulmuşdur.
Qüvvə tətbiqi qadağasının BMT Müqaviləsi ilə gətirilmiş dörd istisnası vardır (tədqiqatçıların çoxuna görə):
1. Təhlükəsizlik Şurası qurulana qədərki istisnalar;
2. İkinci Dünya Müharibəsində düşmən qəbul edilən dövlətlərə qarşı tətbiq ediləcək addımlar;
3. Zəruri Müdafiə;
4. Təhlükəsizlik Şurası qərarıyla tətbiq olunan məcburi tədbirlər; (bəzi tədqiqatçılar bu tədbirləri istisnalardan biri kimi yox, Təhlükəsizlik Şurasının normal hüququ kimi qəbul edirlər)
Bunlardan ilk ikisi heç istifadə edilməmiş olan istisnalardır və bundan sonra istifadə ediləcəklərinə də ehtimal verilmir. Zəruri müdafiə və Təhlükəsizlik Şurası qərarıyla tətbiq olunan məcburi tədbirlər isə, çox az da olsa, tətbiq edilmiş olan və tətbiqi bu gün də davam edən istisnalardır.
Zəruri müdafiə hüququ tarix boyunca heç bir vaxt qadağan edilməmiş haqq olub, BMT Müqaviləsində də bu amil olduğu kimi saxlanılıb. Sadəcə olaraq, bəzi addımlar atılmış, bu hüququn hüquqi sərhədləri və şərtləri müəyyən edilmişdir. Zəruri müdafiə hüququnun şərtləri ümumi olaraq belə sadalana bilər:
· Silahlı hücuma məruz qalmaq;
· Təhlükəsizlik Şurasına məlumat vermək və onun məsələyə dair konkret tədbirlər planı qəbul etməsindən sonra zəruri müdafiə hüququndan istifadəni dayandırmaq;
· Nisbilik;
· Zaman bağı;
Silahlı hücuma məruz qalmaq: Zəruri müdafiə mütləq daha əvvəl baş vermiş bir hücum aləminə qarşı həyata keçirilməlidir. BMT Nizamnaməsinin 51-ci maddəsində də müəyyən edildiyi kimi, bu hüququn ortaya çıxması üçün mütləq bir dövlət silahlı hücuma məruz qalmalıdır. O da var ki, silahlı hücumun nə olduğu mövzusunda, BMT Nizamnaməsinin heç bir yerində dəqiq bir izahat verilməyib. Hətta, bu mövzudakı problemləri ortadan qaldırmaq məqsədilə alınan 3314 nömrəli 14 dekabr 1974-cü il tarixli Hücumun Mahiyyətinin Müəyyən Edilməsi Haqqında Baş Məclis Qərarında da, bu mövzuya tam mənasıyla açıqlıq gətirilməyib. Çünki bu qərarda, birbaşa silahlı hücumun deyil, ümumi olaraq hücumun tərifi verilmişdir. Bunlarla bərabər, irəlidə üzərində daha geniş olaraq duracağımız çərçivədə silahlı hücumun gerçəkləşmiş olması, dövlətə, ya da dövlətlərə zəruri müdafiə hüququ verir. Burada gücə ilk müraciət edən dövlət işğalçı olur və bu fakt ikinci tərəfə zəruri müdafiə hüququ verir. Bu mövzuda da bəzən problemlər olur. Kimin ilk öncə güc tətbiq etdiyi məsələsinin müəyyənləşdirilməsi asan deyil. Fəqət, bu məsələnin mübahisəli olduğu vəziyyətlərdə, əlaqədar beynəlxalq quruluşların araşdırmaları nəticəsində lazımi qərarlar alına bilər. Məhz, mövzuya aid çoxlu mübahisəli məsələ Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) tərəfindən aydınlaşdırılmışdır.
Beynəlxalq nəzəri hüquq və beynəlxalq hüquq praktikası sərhədləri daxilində Azərbaycan-Ermənistan münaqişəsində silahlı gücdən istifadə və zəruri müdafiə hüququnun yerinə baxaq.
Bu fakt beynəlxalq sənədlərdə yer alsa da, Ermənistan səlahiyyətliləri çox vaxt bunu rədd edir, bölgədə işğal hadisəsinin mövcud olmadığını və əslində guya "keçmiş DQMV ermənilərinin müstəqillik mübarizəsi apardıqlarını" iddia edir. Ancaq yenə də bəzən Ermənistan dövlət səlahiyyətlilərinin işğalı qəbul etdiklərini isbat edən ifadələr işlətdikləri də görünmüşdür. Bunun bir nümunəsinə 17 may 2001-ci ildə şahid olunmuşdur. Bu tarixdə keçirilən Ermənistan parlamentinin toplantısında Ermənistan müdafiə naziri Serj Sarkisyan aşağıdakı ifadələri işlətmişdir: "İşğal etdiyimiz torpaqlar var. Burada utanılacaq bir şey yoxdur. Təhlükəsizliyimizi təminat altına almaq üçün bu torpaqları işğal etdik. Biz bunu 1992-ci il və daha əvvəllərində də deyirdik, indi də deyirik. Bəlkə diplomatik tərzdə danışmıram, ancaq həqiqət belədir".
2002-ci ilin avqustunda Azərbaycan prezidenti Heydər Əliyevlə Ermənistan prezidenti Robert Koçaryan arasında Sədərəkdə görüş keçirilərkən mətbuata fikirlərini açıqlayan Ermənistan müdafiə naziri S.Sarkisyan, işğal bölgəsində Ermənistan əsgərlərinin olduğunu rəsmi olaraq etiraf edərək, bunun normal olduğunu əlavə etmişdir. Eyni açıqlamasında Sarkisyan keçmiş DQMV torpaqlarını heç vaxt Azərbaycan torpaqları olaraq görmədiklərini də vurğulamışdır.
Əvvəlcə zəruri müdafiə hüququ üçün vacib olan hücuma məruzqalma faktını araşdıraq. Bu gün Azərbaycan torpaqlarının işğal edilməsi faktı beynəlxalq aləmdə hamılıqla qəbul edilir və beynəlxalq sənədlərdə də hər zaman yer almışdır.
Ermənistan BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndini pozmuşdur. BMT Təhlükəsizlik Şurasının qərarlarında Ermənistanın adının açıq şəkildə işğalçı dövlət olaraq göstərilməməsinin səbəbi, qərarların alınması prosesində Şura üzvü olan dövlətlərin siyasi baxışlarının əhəmiyyətli rol oynamasıdır. Xatırladaq ki, Ermənistan Parlamenti 1 dekabr 1989-cu il tarixində qəbul etdiyi, Azərbaycan Respublikasının keçmiş DQMV-nin Ermənistan Respublikasına birləşdirilməsi barədə qərarını hələ də qüvvədə saxlayır və ləğv etmir.
Mövzumuza aydınlıq gətirəcək bir fakt da Ermənistandakı son prezident seçkiləri vaxtı ortaya çıxmışdır. Ermənistanın indiki prezidenti R.Koçaryanın namizədliyinin hüquqi olmadığı barədə iddia irəli sürülmüşdür. Müxaliflər, Koçaryanın namizədlik üçün vacib olan "ən azı on il öncədən Ermənistan vətəndaşı olmaq" şərtini ödəmədiyini iddia etmişdir. Buna cavab olaraq, Ermənistan Daxili İşlər Nazirliyi Ermənistan Parlamentinin 1 dekabr 1989-cu il tarixli qərarını əsas götürərək, Koçaryana vətəndaşlıq şərtinə aid sənədi vermişdir. Beləcə, Ermənistan Daxili İşlər Nazirliyi açıq şəkildə Azərbaycan torpaqlarını işğal altında saxladıqlarını qəbul etmişdir.
Bütün bu qeyd etdiklərimiz Ermənistanın Azərbaycan torpaqlarına yönəlmiş təcavüzçü fəaliyyətlərini təsdiq edən faktlardır.
Ermənistanın özünün "biz bunları etmişik"–deyə etiraf etdiyi məsələlər də Azərbaycanın zəruri müdafiə hüququnu açıq şəkildə ortaya qoyur. Məsələn, Ermənistan dəfələrlə, BMT Baş Məclisinin 3314 nömrəli qərarının 3-cü maddəsində göstərilənlərə uyğun hərəkətlər etdiyini qəbul etmişdir. Ermənistan bəzən bu maddədə göstərilənlərdən a) və b) bəndlərindəkiləri etdiyini qəbul etməsə də, ğ) bəndində göstərilən əməlləri etdiyini hər zaman qəbul etmişdir. ATƏT sədrinin xüsusi nümayəndəsi Ancey Kaspşik bölgəni ziyarət edərkən, "işğal altındakı Azərbaycan torpaqlarında Ermənistan Müdafiə Nazirliyinə bağlı hərbi hissələrin olduğunu, bunu Ermənistan müdafiə naziri S.Sarkisyanın da hər zaman qəbul etdiyini" açıqlamışdır. Bu hərəkət, Beynəlxalq Cinayət Məhkəməsinin 1986-cı il tarixli Nikaraqua Qərarında silahlı hücum olaraq qəbul edilmiş və qarşı tərəfə zəruri müdafiə hüququ vermişdir.
İşğalçı hərəkətlərin artdığı və Azərbaycan təkbaşına bunun qarşısını ala bilmədiyi üçün, Azərbaycanın atəşkəs müqaviləsi (sülh müqaviləsi deyil) imzalamaqdan başqa yolu qalmamışdır (bu mövzuda da fərqli fikirlər ola bilər, ancaq bu məqalədə daxili siyasi fikirlərə aid nüanslar üzərində durulmayacaqdır). Fəqət, keçən müddət ərzində, Azərbaycan səlahiyyətliləri daim torpaqlarını Ermənistan işğalı altında qoymayacağını, torpaqlarını işğaldan qurtarmaq üçün hərbi gücdən istifadə etmək də daxil olmaqla, bütün yollara müraciət edəcəyini açıqlamışdır. Ermənistan işğala başlayarkən, Azərbaycanın özünü müdafiə etmək üçün lazımi gücə sahib olmaması və bu səbəbdən atəşkəs müqaviləsi imzalamaq məcburiyyətində qalması; Azərbaycan, işğalı heç bir vaxt qəbul etmədiyi, torpaqlarını Ermənistan işğalından xilas etmək üçün hərbi yol da daxil olmaqla bütün yollara müraciət edəcəyini mütəmadi açıqladığı, yəni bu istiqamətdəki iradəsini ara vermədən davam etdirdiyi üçün, zəruri müdafiə üçün zaman məsələsinin problem olmadığı ortaya çıxır.
Bütün bunlarla yanaşı, Ermənistanın müxtəlif səviyyədəki səlahiyyətli nümayəndələri Azərbaycanın torpaq bütövlüyünü heç bir vaxt tanımayacaqlarını, işğal altında tutduqları Azərbaycan torpaqlarının (onlar bu torpaqların əsasən keçmiş DQMV coğrafiyasındakı hissəsini "Dağlıq Qarabağ" adıyla ifadə edirlər) Azərbaycana birləşməsinə heç vaxt icazə verməyəcəklərini qeyd edirlər. Sadəcə, bu belə, dövlətin mövcudiyyətinə və bütövlüyünə qarşı hücumların zəruri müdafiəyə haqq qazandırdığı bugünkü dünyada Azərbaycana zəruri müdafiə hüququ verməkdədir.
Nəticə olaraq qeyd etməliyik ki, beynəlxalq hüquq Azərbaycanın BMT Təhlükəsizlik Şurasına məlumat verərək, Ermənistanın işğal altında tutduğu torpaqlarını xilas etmək məqsədilə hərbi gücdən istifadə etməsinə icazə verir. Bunu bildirməkdə şübhəsiz məqsədimiz müharibəni və ya ümumiyyətlə, hərbi gücdən istifadəni təbliğ etmək deyil. Biz də dövlətlər arasındakı məsələlərin mümkün qədər sülh yoluyla, yəni silahlı gücdən istifadə etmədən həllinin tərəfdarıyıq. Çünki silahlı gücdən istifadənin insanlıq və mədəniyyət üçün nə qədər təhlükəli nəticələr ortaya çıxaracağını bilirik. Ancaq işğal faktına bu qədər göz yummağın, beynəlxalq sülh və təhlükəsizlik üçün, dolayısı ilə də insanlıq və mədəniyyət üçün daha böyük təhlükələr meydana gətirəcəyi də unudulmamalıdır.
Bütün bunlar nəzərə alınaraq, Azərbaycanın ərazi bütövlüyü və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən zərər görən, etnik mənşəyindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının normal həyata dönmələri tezliklə təmin edilməlidir. Bunun üçün, Azərbaycan əvvəlcədən altı ay yaxud da bir il vaxt verməklə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsini istəyə bilər. Bu məsələdə BMT Təhlükəsizlik Şurasının 1990-1991-ci illərdə İraqın Küveyti işğalı hadisəsində olduğu kimi, dəqiq tarix və proqramlar da müəyyən edilə bilər. Belə bir vəziyyətdə Azərbaycanın proqramın bitiş tarixini və nəticələrini gözləməsi məqsədə uyğun olar. Fəqət, əgər, belə bir proqram bu gündən etibarən altı ay, ya da bir il kimi müəyyən vaxt çərçivəsində ortaya qoyulmazsa, yaxud da ortaya qoyulmuş proqram qeyd edilmiş vaxtda lazımi nəticəni verməzsə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən zəruri müdafiə hüququndan istifadə etməlidir. Bu dövlətimiz üçün, sadəcə öz xalqımız yox, həm də beynəlxalq hüquq və dünya ictimaiyyəti qarşısında öhdəlikdir.