Etibar Axundov
Elektron İnformasiya Müharibəsi (EİM):
problemlər və perspektivlər
İnformasiyanın sahibi dünyanın sahibidir.
İnformasiya müharibəsi kimi bizə məlum olan anlam, özündə məlumatın toplanması, saxlanması, emalı və yayımlanması kimi informatikanın əsasları olsalar da, əsasən dövlətin, ölkənin, millətin informasiya təhlükəsizlik məsələlərinə xidmət edir. Bu gənc dövlətlər üçün daha aktualdır. Çünkü belə dövlətlər ölkə daxilində müxtəlif məsələləri (mədəni, etnik, dini və s.) tam həll etməyiblər. Bunların həlli istiqamətində atılan addımlar isə uyğun olaraq ölkə xaricindən yönəlmiş, müxtəlif geosiyası məqsədlərə xidmət edən Elektron İnformasiya Müharibəsi (EİM) elementlərinin müqaviməti ilə üzləşir. Bir çox mühüm ümummilli layihələr bu səbəbdən ya realizə oluna bilmir, ya da təhrif olunmuş şəkildə realizə olunur.Bu isə gənc dövlətin müstəqillik istiqamətində inkişafına ciddi maneə və təhlükədir.
Son 50 il ərzində EİM digər ənənəvi informasiya müharibəsi elementlərini kölgədə qoymuşdur. Vaxtilə kitab, qəzet, jurnal kimi kağız informasiya daşıyıcıları indi demək olar ki, İnformasiya Müharibəsi elementləri kimi öz əhəmiyyətini itirib. Yüz min tiraj la çap olunan bu kağız məmulatların effektiv təsir imkanları çox azdır. Bu informasiya vasitələri yalnız məhdud sahələrə yayımlanmaqla yanaşı, əsasən ölkədaxili üçün nəzərdə tutulub.
Bunu nəzərə alan bir çox xarici ölkələr kağız məmulatların elektron variantlarını yaratmışlar və bu sahədə ciddi işlər gedir. Məsələn ABŞ-ın elə bir qəzeti yoxdur ki, onun İnternet səhifəsi olmasın. Televiziya peyk rabitəsi vasitəsilə artıq qlobal informasiya vasitəsinə çevrilməklə yanaşı, artıq EİM-in elementlərindən biri olmuşdur.Amma bu sahənin kifayət qədər ciddi problemləri var. Yerli xarakterli televiziya və radio yalnız daxili istehlakçıya yönəlib və EİM-də çəkisi çüzidir.
Kompüter texnologiyalarının geniş inkişafı xüsusilə qlobal informasiya şəbəkələrinin yaradılması (xüsusilə internet) EİM sahəsində ciddi dəyişikliklər etdi. İndi məhz qlobal şəbəkələr vasitəsilə yayımlanan informasiya EİM-in əsasını təşkil edir. Bu məqalədə biz məhz qlobal şəbəkədə EİM-i araşdıracağıq.
EİM-in əsas elementləri məqalənin 2-ci bölümündə araşdırılır. İnformativ xarakter daşıyan bu məlumatları verməklə biz EİM-in imkanlarını daha dolğun şəkildə oxucuya çatdırmağa çalışırıq.
EİM sahəsində ölkəmizdə olan vəziyyət 3-cü bölmədə araşdırılır. Burada ənənəvi və öz aktuallığını itirmiş məsələlərə toxunmaqla yanaşı, bir çox stereotiplərin keçərsizliyi göstərilir.
Və nəhayət, sonuncu 4-cü bölmədə, Azərbaycanda EİM-lə bağlı konkret hansı zəruri işlərin görülməsi haqda fikirlər öz əksini tapıb.
Düşünürük ki, məqalə Azərbaycanın EİM-lə bağlı bir çox məsələlərinin həllinə yardımçı olacaq.
EİM sahəsində dünya təcrübəsi
İnformasiya müharibəsinin nə qədər vacib olduğunun sübuta ehtiyacı yoxdur. Əgər diqqətlə məlumatlar araşdırılsa, bəşər tarixi informasiya müharibəsi tarixidir. Yəni yalnız bu sahədə qələbə əsl qələbə hesab oluna bilər. Zor gücünə əldə olunmuş qələbə müvəqqəti xarakter daşıyır və gec-tez məğlubiyyətə çevrilir. Qılınc gücünə dünyanı ələ keçirmiş fatehlərin imperiyaları haqda yalnız məlumatlar qalmışdır. Qılınc və ictimai şüuru dəyişən informasiya müharibəsinin əsasını təşkil edən ideologiyanın birgə fəaliyyəti uzunmüddətli qələbələrə yol açmışdır. Dünyanın bir çox ölkələri bu həqiqətə əsaslanaraq öz dövlətlərinin, ölkələrinin, millətlərinin informasiya təhlükəsizliyini təmin etmişlər. Müdafiə və eyni zamanda hücum xarakteri daşıyan informasiya müharibəsi (son 50 ildə isə Elektron İnformasiya Müharibəsi) yaradılması və inkişafı bir çox dövlətlərin strateji layihəsinə çevrilmişdir.
İM sahəsində kifayət qədər güclü olan dövlət iqtisadi, hərbi cəhətcə özündən qat-qat güclü olan dövləti dizi üstə çökdürə bilər. Bu imkanlar son illərdə daha da güclənmişdir. EİM-in tətbiqi ilə 50 il bundan qabaq həlli mürəkkəb olan bir çox məsələləri asanlıqla həll etmək olar. Demək olar ki, dünya dövlətlərində müxtəlif institutların elektron vasitələrə qoşulması tamamlanmış və ya tamamlanmaq üzrədir. Bu dövlətin idarə edilməsi sahəsində müəyyən üstünlüklər versə də, eyni zamanda təhlükəsizlik nöqteyi-nəzərdən müəyyən problemlər yaradıb. Əhalinin elektron vasitələrindən istifadəsi prosesi artan xətlə gedir və yaxın vaxtlarda öz apogeninə çatacaq. Bütün bunlar EİM-in effektiv tətbiqinə şərait yaradır.
Hal-hazırda EİM-in tətbiq sahələrinin bəziləri - geosiyası maraqları olan dövlətlərlə mücadilə sahəsi; ölkə vətəndaşlarının informasiya təminatı sahəsi; müharibə vəziyyətində olan dövlətlərlə mücadilə sahəsi; beynəlxalq iqtisadi-siyasi, hərbi-mədəni layihələrə təsir sahəsi - özlərində bir çox məsələləri saxlayır. Bu məqalə ümumi xarakter daşıdığı üçün, biz bunların yalnız birini - «müharibə vəziyyətində olan dövlətlərlə mücadilə sahəsi»ni bir qədər araşdıraq.
Fikirlərimizi daha aydın izah etmək üçün ABŞ-ın İraqla bağlı apardığı EİM-in bəzi görünən elementlərini nəzərdən keçirək:
İraq müharibəsi vaxtı İraqın Avropa və Amerikadan aldığı bir çox yüksək elektron silahlar yararsız vəziyyətə düşdü. Məsələn, Fransanın «Mirac» təyyarələri havaya qalxmaqdan «boyun qaçırdılar»…
Birincisi, İraq müharibəsindən dərhal sonra İraqla bağlı informasiya və dezinformasiya dünya KİV-nin aparıcı mövzusu oldu. İraq rejimi dünya ictimaiyyətinə antidemokratik, antihumanist kimi təqdim olunmaqla yanaşı, İraqın hərbi potensialı haqda (nüvə, kimyəvi, bioloji silahları və bu silahların daşıyıcıları haqda) bir çox hallarda dezinformasiya xarakterli məlumatlar kağız və elektron KİV-lərin aparıcı mövzusuna çevrildi.
Bu məlumatların inandırıcı olması üçün ABŞ özünün müxtəlif strateji-analitik mərkəzlərindən geniş istifadə etdi. Bu mərkəzlərin səyləri nəticəsində həqiqətə uyğun olmayan məlumatlar həqiqət donu geydi.
KİV-də (əsasən elektron KİV-də) gedən EİM İraq rej iminin məhvinin zəruriliyi ilə bağlı ictimai sifariş yaratdı. Bu sifarişin təkrar emal olunub, süni şəkildə yayımlanması ictimai sifarişi daha da gücləndirdi.
İraq rej iminin bütün gizli bank hesabları ABŞ-ın hakerləri tərəfindən müəyyən olundu. Bu gizli hesablar haqda məlumatların məxfi olmasına baxmayaraq, bu hesablar və ordakı maliyyə dövriyyələri haqda bilgilər ələ keçirildi. Müharibə ərəfəsində bu hesablar donduruldu.
İraq rej iminin diplomatik yazışmaları, sənədləri, gizli layihələri və s. uyğun olaraq nəzarətə götürüldü. Bu məlumatlar müharibə ərəfəsində və sonra ABŞ hərbi kəşfiyat diversiya qrupları tərəfindən geniş istifadə olundu.
İraqda etnik, dini-məzhəbi qarşıdurmanın əsası məhz müharibədən xeyli əvvəl başlamışdı. Düşmən mövqedə duran etnik, dini-məzhəbi psevdo-İraq resursları yaradıldı və mövcud olanlar maliyyələşdirildi. İraq cəmiyyətinin ciddi şəkildə parçalanma prosesi məhz belə elektron vasitələrin yaranmasından sonra daha da gücləndi. ABŞ bu sahələrə maliyyə ayırmasını heç gizlətmir də.
Bununla yanaşı, ABŞ-ın İraq əleyhinə apardığı EİM-nin görünməyən elementlərinin olması mümkündür.
ABŞ İraqı EİM sahəsində tam məğlub edəndən sonra, öz hərbi əməliyyatlarına başladı. Bunlar EİM-in nə qədər ciddi bir məsələ olduğunu göstərmək üçün kifayətdir. EİM-in çox ucuz başa gəlməsi hətta kiçik və zəif bir dövlətin ciddi EİM layihəsini realizə etməsinə imkan verir. Bu layihənin realizasiya üçün ən əsas problemi mütəxəssis problemidir. Azərbaycanın bu sahədə kifayət qədər kadrlarının olmasını nəzərə alaraq əminliklə deyə bilərik ki, Azərbaycan EİM layihəsini tam realizə etmək iqtidarındadır.
Azərbaycanda EİM-in vəziyyəti
Şimali Azərbaycan uzun illər SSRİ-nin tərkibində olduğu üçün onun informasiya müdafiəsini sovet dövləti təmin edirdi. SSRİ-nin dağılması (ABŞ EİM sahəsində SSRİ-yə tam qələbə çalandan sonra), Azərbaycanın müstəqillik əldə edəndən sonra EİM böyük bir problem kimi qabardı. Azərbaycan 1988-ci ildən ermni təcavüzünə məruz qalmışdır. Vətənimizin böyük bir hissəsi işğal olunmuş, on minlərlə vətəndaşımız vəhşicəsinə öldürülmüş, şikəst olmuşdur. Milli tarixi abidələrimiz məhv edilmiş, iqtisadiyyatımıza çoxmilyardlı ziyanlar vurulmuşdur. Bu yaxınlarda Naxçıvanda erməni abidələrilə bağlı Avropa Məhkəməsinin çıxartdığı qərarın tragi-komik, heç bir sağlam düşüncəyə sığmayan, paradoksal hal daşıdığı bizim hamımıza məlumdur. Bu bizim EİM sahəsində ciddi geriliyimizin ölçüsü kimi götürülə bilər. Xocalıda sadist üsullarla şəhid edilmiş vətəndaşlarımızın dünyaya «erməni genosidi» kimi təqdim edilməsini heç kommentariya etmək olmur...
Azərbaycan dövlətinin EİM sahəsində zəruri olan addımları atmamağı nəticəsində biz indi çox ciddi problemlərlə üzləşmişik. Torpaqları gec-tez azad etməliyik. 2-ci Qarabağ savaşının başlaması gündəmdədir. Bu vətən müharibəsinin tam qələbəsi yalnız EİM-də tam qələbədən sonra ola bilər. Azərbaycanın EİM sahəsində müəyyən irəliləyişləri olsa da, bu zəruri tələbi ödəmir.
EİM sahəsində bu günə qədər görülmüş işlərin böyük qismi əsasən fərdi xarakter daşıyıb. Azərbaycan vətənpərvərləri öz gücləri daxilində də EİM sahəsində müəyyən işlər görmüşlər. Erməni təbliğat maşınının zərərsizləşdirilməsi istiqamətində bu vətənpərvərlərin yaratdıqları internet resurslar müəyyən rol oynamışlar və bu istiqamətdə Azərbaycana xidmətlərini davam etməkdədirlər. Dövlətin, cəmiyyətin maliyyə və mənəvi dəstəyini almayan Azərbaycan internet resursları fəaliyyətlərində ciddi problemlərlə üzləşirlər. Domen və hostinqin saxlanması üçün illik xərclər 100 ABŞ dolları və daha yuxarı olur. Bəzi hallarda Azərbaycan vətənpərvərləri bu xərclərin öhdəsindən belə gələ bilmirlər. Misal üçün, http://armenianlies.com (erməni yalanları) saytına baxmaq olar. Bu saytın domen hostinq xərcləri ödənmədiyi üçün satışa çıxarılmış və ermənilər tərəfindən alınmışdır. İndi orada ləyaqətsiz məlumatlar yerləşdirilir. Mən burada bu resursların yaradılması, aparılması üzrə xərclərin adını çəkmirəm. Çünki Azərbaycana xidmət edən həqiqi vətənpərvər zəhmətinin müqabilində haqq istəmir. Birinci olaraq ona Azərbaycan resursunun domen hostinq xərclərində yardım etmək kifayətdir.
Son illər Azərbaycan dövlət strukturlarının EİM-in ayrı-yrı elementlərinə maraqları artmışdır. Amma bu strukturların fəaliyyəti daha çox ekstensiv xarakter daşıyır. Erməni terroru və təcavüzü ilə bağlı yüksək zövqlə tərtib olunmuş kitabların, SD-disklərin buraxılması dövlət strukturlarının son vaxtlar gördüyü əsas işlərdəndir. Amma bu ənənəvi üsullarla, hətta bu üsullara 1000 dəfə artıq maliyyə vəsaiti buraxılsa belə, nəticədə ciddi fərq etməyəcək. Bu İM-in ekstensiv formasıdır və tezliklə belə üsullardan əl çəkmək lazımdır.
Peyklə yayımlanan televiziya sahəsində də işlər qənaətbəxş deyil. ANS televiziyasından başqa Azərbaycan teleşirkətləri imkanlarından istifadə etmirlər. Ölkənin içərisinə və xaricinə daha çox əyləncə xarakteri daşıyan verilişlər yayımlanır. Elə bil 20% torpağımız işğal olunmayıb, insanlarımız cəbhə xəttində şəhid edilmir, ümumiyyətlə erməni təcavüzü yoxdur?! Özlərini özəl teleşirkət bilən televiziya sahiblərinin yadına salmaq istəyirik ki, onlar birinci növbədə azərbaycanlıdırlar və Azərbaycanın maraqları onların fəaliyyətinin ana xətti olmalıdır. Yoxsa bu teleşirkətlərin fəaliyyətinin məqsədi xalqın əxlaqının pozulmasına yardım etmək və millətimizi manqurtlaşdırmaqdır?! Son vaxtlar digər teleşirkətlərdə müəyyən işlər görməyə başlayıblar, amma bu çox azdır, onların fəaliyyətlərini genişləndirmələri zəruridir. Peyk imkanlı teleşirkətlər qlobal yayım xarakter daşıdığı üçün EİM-lə bağlı zəruri dövlət nəzarəti mexanizminin yaradılmasına ehtiyac var.
EİM-lə bağlı Azərbaycanda görüləsi zəruri işlər
EİM-lə bağlı zəruri layihələrin hazırlanması və yerinə yetirilməsi vaxtı çoxdan çatıb. İlk növbədə EİM sahəsində strateji layihələrin hazırlanması və bu işlərə ümumi rəbərliyi öz üzərinə götürəcək yeni dövlət strukturunun tezliklə yaradılması və fəaliyyəti zəruridir. Yaradılması vacib olan dövlət strukturu aşağıdakı sahələrdə - geosiyası maraqları olan dövlətlərlə mücadilə sahəsi; ölkə vətəndaşlarının informasiya təminatı sahəsi; beynəlxalq iqtisadi-siyasi, hərbi-mədəni layihələrə təsir sahəsi,fəaliyyət göstərməlidir.
Amma belə strukturun təcili yaradılması üçün ölkə prezidentinin şəxsən bu işi nəzarətə götürməsi vacibdir. Əks təqdirdə, EİM layihəsi dövlətin bürokratik aparatında it-bata düşəcək, ya da konyektur maraqlar əsasında həll olunacaq. Bu isə Azərbaycanın real EİM əldə etmək imkanlarını sıfıra bərabər edəcək.
Dünyada mövcud təcrübəni araşdırsaq, onun 2 müstəvidə: dövlət və ictimai müstəvilərdə fəaliyyətini görə bilərik. EİM-ə nəzarət edəcək dövlət strukturu hər iki müstəvidə vahid layihələrin hazırlanması və yerinə yetirilməsinə nəzarətlə yanaşı, vətənpərvər mövqedən çıxış edən hüquqi şəxslərə maddi-texniki yardım etmək məqsədilə yaradılmalıdır.
Bu strukturu yaradarkən kadrların seçilməsi məsələsi önə çəkilməlidir. Korporativ maraqlar əsasında yaradılmış struktur Azərbaycan üçün vacib olan bir məsələyə deyil, tamam başqa məqsədlərə xidmət edə bilər. Müstəqillik əldə edəndən sonra keçən illərdə ölkədə baş verən bir çox hadisələr bunu deməyə əsas verir.