Elçin Mehrəliyev
Qarabağla bağlı
şifahi və yazılı ədəbi nümunələrin
meydana gəlməsinə dair
Ta əzəldən mövzu seçimində və oların işlənməsində milli, irqi və dini ayrıseçkiliyə yol verməmək, hansı xalqa, məmləkətə məxsus olmasından asılı olmayaraq insana, təbiətə torpağa sevgi hissləri aşılamaq, yüksək əxlaqi keyfiyyətləri təbliğ etmək, xeyri alqışlayıb şəri lənətləmək, xalqları birliyə, dinc, sakit, yaradıcı həyat və fəaliyyətə çağırmaq xüsusiyyətləri ilə kökü tarixin çox-çox dərinliklərinə gedib çatan, məhz bu kök üstə, yeni-yeni ədəbi nəsillərin poetik söz ətirli nəfəsindən güc alaraq sülh göyərçini kimi qanadlanan milli ədəbiyyatımız daim humanist vüsəti və tərbiyəedici gücü ilə fərqlənmiş, sözün həqiqi mənasında öz “ədəb” və “ədib” adına başucalığı gətirmişdir.
Milli bədii düşüncəmizi sözün magik gücünə idealist inam başlanğıcı ilə bədii-estetik tərbiyə gücünə realist inam qərarlığı arasındakı uzun bir məsafədə faktın və hadisənin zahiri görüntüsü deyil, daxili mahiyyəti ciddi məşğul etmiş, obrazlı desək, həyat materialından bədii təhlil yolu ilə insan şüurunu və qəlbini zəhərləmək üçün deyil, əksinə onlara şəfa vermək, nurlandırmaq məqsədilə istifadə edilmişdir ki, bu da ədəbiyyatımızın başlıca amal və istiqamətini müəyyən etmişdir.
Qeyd etdiyimiz mühüm xüsusiyyət uzun illərdir ki, milli ədəbiyyatımızda işlənməkdə olan Qarabağ mövzusuna münasibətdə də üzə çıxır. Azərbaycanın ən qədim və tarixən inkişaf etmiş ərazilərindən olan Qarabağ istər zəngin maddi və mənəvi mədəniyyəti, istər əsrarəngiz təbii gözəllikləri, istərsə də milli maraqların, ictimai-siyasi mübarizələrin, hərbi münaqişə və müharibələrin bilavasitə mərkəzi meydanına çevrilmə gerçəklikləri ilə həm də söz-sənət adamlarının diqqətini cəlb etmiş, milli ədəbiyyatımızın başlıca tədqiqat obyektlərindən birinə çevrilmişdir.
Artıq 20 ilə yaxındır Qarabağda və onun ətrafında baş verən qanlı hadisələr-Azərbaycan torpaqlarına fasiləsiz erməni təcavüzü nəticəsində isə Qarabağ mövzusu daha da aktuallaşmış, cəmiyyətdə başlıca problem səviyyəsinə yüksəlmişdir. Lakin nə əvvəllər, nə də indi ədəbiyyatımız bu mövzudan bəhs edərkən bir milləti digər millətin üstünə qaldırmaq niyyəti güdməmişdir. Əksinə o, milli hüquq və azadlıqlarımız uğrunda mübarizəyə səsləməklə yanaşı, xəyanət və xudpəsəndliyn, zülm və irticanın, təcavüz və ekspansionizmin sonu olmadığına inandırmağa çalışmış, yolunu azmışları doğru yola səsləmişdir.
Qarabağ mövzusunun Azərbaycan ədəbiyyatında təşəkkül tarixi və inkişaf mərhələləri bu mövzunun ümumiyyətlə Azərbaycanın ictimai-siyasi və sosial-mədəni həyatı ilə ayrılmaz surətdə sıx bağlı olduğunu, milli ədəbiyyatımızın bilavasitə Qarabağ mövzusu vasitəsilə yeni-yeni bədii meyl və keyfiyyət xüsusiyyətlərinə yiyələnərək inkişaf etdiyini əks etdirir. Bununla belə, mövzunun təşəkkülü ilə bağlı ədəbi-tarixi materialların qıtlığı problemi danılmazdır ki, bu da ümumən Azərbaycan ədəbi-tarixi prosesinin tədqiqi vəziyyəti və bu istiqamətdə sistemli tədqiqata zaman-zaman göstərilən neqativ təsirlərlə əlaqədardır. Əvvəla, qədim dövrlər üçün yazılı ədəbiyyatımızın, xüsusən də nəsrimizin yozxsulluğu haqqındakı mülahizələrin “buzu” hələ də tamamilə sındırılıb-əridilməmişdir.
Belə ki, “Avesta”dan sonra miladın VII yüzilliyinə qədər ədəbiyyat tariximizdə müəyyən bir boşluq görünür. On üç yüzillik boyu Azərbaycan xalqının bədii yaradıcılıqla məşğul olmadığını söyləmək isə doğru olmazdı... Alban-Aran mədəniyyəti və ədəbiyyatı da hələlik az tədqiq olunmuşdur. Ərəblərin Azərbaycanı işğal etməsi və islamiyyətin burada yayılmasından sonrakı ilk əsrlərin ədəbiyyatı da əsasən itib-batmışdır. VII yüzilliyin sonu, VIII yüzilliyin əvvələrində Mədinədə yaşamış Azərbaycan şairlərinin əsərlərindən qalan kiçik nümunələrin özü xoş bir təsadüf nəticəsində elm aləminə bəlli olmuşdur. X-XI yüzilliklərdə yaşayan və ərəbcə yazan bəzi şair və alimlərin adı və əsərlərindən örnəklər də təsadüflər nəticəsində günümüzə qədər gəlib çıxmışdır.
Bu sahədəki mövcud vəziyyət “ilk anadilli sənət abidəmiz”lə də bağlı mübahisələrə rəvac verir: “Həmişə deyərdik ki, Azərbaycan yazılı ədəbiyyatının başlanğıcı Həsənoğluya və onun iki şerinə möhtac ola bilməz. Bu dil bir xalq dili kimi, Həsənoğludan min il əvvəl formalaşıb, onun müasir dilimizin bütün quruluş modellərini mühafizə edən “Kitabi-Dədə Qorqud” kimi əzəmətli abidəsi var... Amma görünür ki,. tarix özü, zaman özü bizdən ağıllı və tədbirlidir, insan əməyinin izsiz yox olmasına imkan vermir. Həsənoğlunun ardınca “Dastani-Əhməd Hərami” məsnəvisi tapıldı... Bununla belə, Q.Kazımovun qeyd etdiyi kimi, bu ədəbi nümunə də “o qədər kamil, o qədər məzmunlu, ana dilində o qədər yüksək keyfiyyətdə yazılmışdır ki, onu da təşəkkül dövrünün abidəsi hesab etmək mümkün deyil.
Bu əsər də uzun inkişaf yolunda olan, səlisləşmiş normaya düşmüş, mühüm ənənələri olan bir ədəbiyyatın, bir ədəbi dilin nümunəsidir”. Habelə ədəbiyyat tarixçilərimiz IX-X əsrlərə mənsub Bələzurinin “Ölkələrin fəthi”, İbn Xordabehişin “Yollar və ölkələr”, Yəqubinin “Ölkələrin kitabı”, Əl-Kufinin “Fəthlər kitabı”, Ət-Təbərinin “Peyğəmbərlərin və hökmdarların tarixi”, İbn-Rustanın “Nəfis daş-qaşlar kitabı”, İbn-Hövqəlin “Ölkələr və yollar kitabı”, XI əsrə mənsub Mahmud Kaşğarinin “Divani-lüğətit-türk” və s. kimi ədəbi faktlara istinad edərək ədəbiyyatımızın yalnız ərəb, fars dillərində yox, həm də doğma dilimizdə inkişaf etməsi qənaətlərində də tamamilə haqlıdırlar.
Ikincisi, Azərbaycanda türklüyün qədimliyini və Şərq mədəniyyətinin inkişafında böyük tarixi rolunu inkar məqsədilə bu və ya digər qüvvələr tərəfindən aparılan təxribatlar heç vaxt səngiməmiş, xalqımıza məxsus qədim ədəbi örnəklər qəsdən it-bata salınmış, bu günümüzə gəlib çatan nümunələrin isə yenidən nəşr edilib yayılmasına və tədqiqinə birmənalı surətdə qadağalar qoyulmuşdur. Bu işdə kommunist ideologiyası və sovet vətənpərvərliyi dövründə xüsusi fəallıq göstərilmiş, xalqımızın mənşəyi probleminin tarixi həqiqətə uyğun surətdə araşdırılmasına ciddi maneələr törədilmişdir.
Bu səbəbdən uzun illər əvvəlki eraların (Əşkanilərin tarixi, Manna və Midiya yüzillikləri, Urartu, Gilzan, Hurri, Savir, Kutti, Lullubi, Kasi, Kaspi, Uti, Elam, Şumer, minillikləri...) mif, folklor və sənət-ədəbiyyat sahəsində ədəbi təcrübəsi öyrənilməmiş qalmışdır. O cümlədən, Qarabağın V-X əsrlər dövrü üçün ən mötəbər istinad mənbəyi kimi qiymətləndirilən M.Kalankatuklunun “Albaniya tarixi” əsəri bir neçə dəfə erməni, rus və digər xarici dillərə tərcümə edilib nəşr olunduğu və hər dəfə də üzərində qərəzli düzəlişlər edilib dolaşıqlığa salındığı halda (belə uydurma və qondarma xarakterli düzəlişlərin bəziləri haqqında akademik Z.Bünyadovun “Müqəddimə”sində məlumat verilmişdir-E.M.), əsər bizim xalqa yalnız müstəqillik əldə etdikdən sonra -1993-cü ildə çatdırılmışdır.
Beləliklə də, şifahi abidələrimizdə tarixi və etnoqrafik kök və xüsusiyyətlərin öyrənilməsi, folklor və ilkin yazılı örnəklərimizin zaman koordinatlarının müəyyən edilməsi məsələləri qaranlıq qalmışdır. Bundan istifadə edən erməni falsifikatorları isə Qarabağda “köklü keçmişlərini” həm də söz yaddaşına köçürüb təsdiq etməyə çalışmışlar. Lakin minilliklərin keçidlərindən, addamaclarından adlandıqca türkə düşmənçilik sindromu tarixi faktları silməklə, itirməklə, təhriflə məşğul olub milli keçmişimizin sərvətlərini məhv etmiş olsa da, folklor dilimiz, milli ruhmuzun folklorla yaşantısı alınmaz bir qala kimi öz bakirəliyini qoruyub saxlaya bilmişdir. Zənnimizcə, Qarabağın zor gücünə istilası hərbi-təcavüz faktının arxasında da. Ilk növbədə, etnos-sənət-mənəviyyat vəhdəti, bu vəhdətdən doğan sədaqətin, ilqarın pozulmazlığı dayanır.
Bədii sözdə, etnik yaddaşda sənədləşən düşüncə və mənəviyyat, folklor, dil, adət-ənənə özəllikləri olmasaydı, Qarabağı işğal etməyə, zor gücünə özününküləşdirməyə də ehtiyac yaranmazdı. Hər halda tarix bir daha göstərdi ki, Azərbaycana təcavüz, Qarabağın vahid candan qopardılması qəsdi öncə etnomənəvi dəyərlərimizə, qədim maddi və mənəvi mədəniyyət örnəklərimizə qəsd və təcavüzdən başlanmışdır. sYeri gəlmişkən, qeyd etməliyik ki, “Qarabağ ” anlayışının meydana gəlmə tarixi barədəki mülahizələr də yekdil deyil və bu səbəbdən mübahisəlidir. Bir sıra mənbələrdən aydın olur ki, artıq XII-XIII əsrlərdə Qarabağ adı məşhurlaşaraq yazılı ədəbiyyata düşmüşdür.
Lakin tədqiqatçıların istinad etdikləri “ilk yazılı məlumat”ların onların özünə də inandırıcı görünmədiyi aydınlaşır. Məsələn, R.Göyüşov mülahizəsində davam edərək yazır: ”Bu heç də o demək deyildir ki, “Qarabağ” sözü XII-XIV əsrlərdə yaranmışdır. Çox güman ki, o uzun müddət şifahi surətdə geniş xalq kütlələri arasında işləndikdən sonra yazılı ədəbiyyata düşmüşdür”. Başqa müəlliflər, məsələn, A.A.Bakıxanov Babək hərəkatının ilk dəfə Qarabağda başlandığını, R.Yüzbaşov VII-XVII əsrlərdə Qarabağ adlı mühüm bir şəhərin mövcud olduğunu, İran Azərbaycanından Kiçik Qafqaza gedən böyük ticarət yolunun məhz bu şəhərdən keçdiyini bildirmişlər.
Baharlı məsələyə 1888-ci ildə bir qədər ümumi şəkildə aydınlıq gətirməyə çalışmışdır: “Şuşa qalası qədim deyil, 150 və ya 160 ildir ki, bina olub... Belə ki, bəndə 80 təliqə üzü ki, böyük Xəlifənin dəftərxanasında var və keçən padşahlardan verilib və təliqələrin tarixi 600 il, 500 il, 400 il, 300 il olur... O təliqələrdə Qarabağ və Şirvan və Gəncə və Bərdə yazılıbdır... Amma məlum deyil ki, şəhər imiş və yain ki, mahalın adıdır. Və bir də ki, mahala Aran deyirlər”. “Qarabağ” sözünün etimoloji kökünün ibtidai azərbaycanlının od və su ilə bağlı ilk inamı ilə əlaqələndirilməsi və “Böyük müqəddəs bağ” mənasını verməsi barədəki mülahizələr də maraq doğurur.
Qeydlərdən belə nəticəyə gəlmək olar ki, bu gün Qarabağ ətrafında gedən əsassız münaqişə və mübahisələrə bəhanə verən səbəblərdən biri bu qədim diyarın tarixi keçmişinin və mədəniyyətinin vaxtında yetərincə öyrənilməməsi və əsil həqiqətlərin ortaya qoyulmaması ilə əlaqədardır. O cümlədən, Qarabağ mövzusunun ədəbiyyatımızda təşəkkülü və inkişafı mərhələlərinin tədqiqi məsələləri yetərincə araşdırılmamışdır.
Qədim dövr qalıqlarının araşdırılması və sənətin mənşəyinə dair nəzəriyyələr isə regionallıq xüsusiyyətlərini özündə qoruyub saxlamış folklor nümunələri vasitəsi ilə Albaniya-Aran-Qarabağ mövzusunun Azərbaycan ədəbiyyatında təşəkkül tarixinin daha uzaq keçmişimiz və tarixi mədəniyyətimizlə sıx bağlı olması barədə fikir söyləməyə əsas verir. Bu bağlılıq, ilk növbədə, Qarabağın maddi və mənəvi mədəniyyətinə dair etnik irsin zənginliyi dəlil-sübutundan irəli gəlir.
Qarabağın maddi-mədəniyyət irsini tədqiq edib tarix mənbələrə əsaslanan tədqiqatçılar onun bütün komponentləri ilə Azərbaycan xalqına məxsus olduğunu təsdiq edirlər. Habelə Atropaten və Albaniya dövlətləri zamanında Azərbaycan ədəbiyyatı yeni müvəffəqiyyətlər qazanmışdır. Bunu bərdəli Dəvdəyin bizə gəlib çatan yeganə yaradıcılıq nümunəsinin-Girdıman sahibi Cavanşirin ölümü münasibətilə yazdığı nəğmə-ağının poetik xüsusiyyətləri də təsdiq edir.