Əli Məsimli
Qarabağın işğalının iqtisadi nəticələri
Azərbaycanın zaman-zaman torpaq itkilərinə, humanitar fəlakətə və böyük dağıntılara məruz qalması xeyli dərəcədə böyük dövlətlərin yaşadığımız Qafqaz regionu uğrunda mübarizəsinin bilavasitə və dolayı nəticəsidir. Eyni zamanda yüz ildən artıqdır ki, bir sıra dövlətlərin xalqımıza qarşı yeritdiyi məkrli siyasətin çox təhlükəli alətinə çevrilmiş ermənilər Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” xülyasını yürütməyə çalışırlar. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri bağlanıldıqdan sonra ermənilərin kütləvi surətdə Azərbaycan ərazilərinə yerləşdirilməsinə, Qafqazda ermənilərin sayının süni surətdə artırılmasına, regionun etnik mənzərəsinin dəyişdirilməsinə və “erməni məsələsinin” qızışdırılmasına başlanılmışdır. Həmin siyasət Sovet Hakimiyyəti illərində də ermənilərə həm yeni ərazilərin verilməsi, həm də azərbaycanlıların öz ata-baba torpaqlarından çıxarılması formasında davam etdirilmişdir.
Nəticədə, əgər 1918-ci ildə Ermənistan Respublikasının yaradılması elan olunarkən ərazisi cəmi 9,8 min km2 təşkil edirdisə, sonradan müxtəlif üsullarla Azərbaycan torpaqlarının Ermənistana verilməsi hesabına onun ərazisi üç dəfə artırılaraq 30 min km2 -ə çatdırılmışdır. Bundan sonra azərbaycanlıların 1948 - 1953-cü illərdə Ermənistandan çıxarılması və 1988-ci ildə isə kütləvi qırğınlarla müşayət olunan qovulma prosesi başlanmışdır. Bu sahədə aparılan tədqiqatlar göstərir ki, öz ata-baba torpaqlarından qovulan azərbaycanlılar həm çoxsaylı insan, həm də böyük maddi, əmlak və maliyyə itkilərinə məruz qalmışdır.
Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsi prosesi başa çatdıqdan sonra Azərbaycanın əzəli torpağı olan Qarabağın işğalı prosesi başlanmışdır. Ermənistan Rusiyanın yaxından iştirakı ilə Dağlıq Qarabağı və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan kimi 7 rayonu işğal etmişdir. Rəsmi sənədlərdə Ermənistanın işğal etdiyi ərazilər 20 faizə qədər göstərilsə də, işğal zonasına yaxın yaşayış məntəqələrində normal həyat şəraiti və təsərrüfat işlərini aparmaq imkanlarının olmadığını nəzərə almaqla, hazırda Azərbaycan ərazisinin 25 faizə qədəri erməni təcavüzünün nəticələrini öz üzərində hiss etməkdədir.
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər Azərbaycan üçün hər şeydən əvvəl böyük insan itkiləri və iztirabları ilə müşayət olunan humanitar fəlakət səviyyəsində ciddi problemlər yaratmışdır. Təcavüz nəticəsində 20 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, 100 min nəfər yaralanmış, 50 mindən çox adam əlil olmuş, 5 minə yaxın insan isə əsir və itkin düşmüşdür. Azərbaycanlıların əsrlər boyu yaşadıqları Ermənistan ərazisindən və işğal edilmiş torpaqlardan 1 milyondan artıq soydaşımız qovulmuş, qaçqın və məcburi köçkün həyatı sürməyə məhkum edilmişdir.
Məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımız arasında yoxsulluq, işsizlik, xəstəlik, uşaq ölümü, yetim uşaqlar problemi və sair hallar daha yüksəkdir. Ermənistanın təcavüzünün nəticələrindən biri kimi Azərbaycan əhalisinin demoqrafik strukturunda ciddi problemlər yaranıb. Buna baxmayaraq beynəlxalq təşkilatlar qaçqın və məcburi köçkün taleyi yaşamağa məhkum olunmuş insanlara humanitar yardımı ilbəil azaldaraq heç dərəcəsinə endirmişlər. Ona görə də hökumət Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəldilmiş Dövlət Proqramının dolğun şəkildə həyata keçirilməsi istiqamətində səylərini artırmalıdır.
Tədqiqatlar göstərir ki, işğal nəticəsində Azərbaycana ciddi maddi ziyan dəymışdir. Ermənistanın işğal etdiyi ərazilərdə 900-ə yaxın yaşayış məntəqəsi, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 131 minə yaxın ev, 1025 məktəb, 798 səhiyyə obyekti təcavüzün qurbanı olmuşdur. Bundan əlavə 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, 1200 km irriqasiya sistemi işğalçıların əlinə keçmişdir. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılmışdır. Qarabağ müharibəsinə qədər Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədəri işğal edilmiş və normal təsərrüfat fəaliyyətinin aparılması mümkün olmayan işğal zonalarına yaxın ərazilərdə istehsal olunmuşdur.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətində mədəni irsimizin dağıdılması xüsusi yer tutur. Bunun nəticəsidir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın tarixi-mədəni sərvətlərinə də böyük ziyan dəymişdir. Hesablamalara görə 927 kitabxana, 100-dən artıq arxeoloji abidə, həmçinin 454 tarixi abidə və muzey, 40 mindən artıq muzey eksponatı erməni təcavüzünün qurbanı olmuşdur.
İşğal olunmuş ərazilərdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su mənbələri vardır. Ermənilər işğal etdiyi ərazilərdə bu qiymətli sərvətləri amansızcasına dağıdır, Ermənistana daşıyir, daşınması mümkün olmayanları isə yandırmaqla ekologiyaya ciddi ziyan vururlar.
Artıq beynəlxalq səviyyəli mötəbər sənədlərdə və hesabatlarda acıqca göstərilir ki, ermənilər işğal edilmiş Azərbaycan ərazilərindən narkotik maddələrin yetişdirilməsi və tranziti üçün istifadə edir. Bu o deməkdir ki, narkotik maddələrin dövriyyəsindən əldə edilən pullar Azərbaycana qarşı yönəldilmiş təcavüzkar separatizmin maliyyələşdirilməsində mühüm rol oynayır. Ona görə də beynəlxalq təşkilatların bu məsələyə ciddi yanaşması tələb edilməlidir.
Bütün bunlar Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində vurulan ziyanın və təhlükələrin miqyaslarının nə qədər böyük olduğunu əyani şəkildə nümayiş etdirir. İlkin hesablamalara görə işğal nəticəsində Azərbaycan öz iqtisadi potensialının 16 faizini itirmiş və ölkəyə 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Oğurlanmış və məhv edilmiş tarixi-mədəni sərvətlərimizin dəyərini isə pulla qiymətləndirmək mümkün deyildir. Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
Beynəlxalq hüquqda terrorçuluq və zorakılığa qarşı mübarizəyə dair bir sıra beynəlxalq aktlar mövcuddur. Xocalı şəhərində törədilmiş müdhiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəlir. Lakin bunların heç biri erməni işğalçılarına tətbiq edilmədiyindən cəzasızlıq şəraiti onları Azərbaycan ərazisində cinayətkar fəaliyyətini genişləndirməyə sövq etdirir.
Bu özünü Azərbaycan ərazilərinin işğalı ilə bağlı beynəlxalq təşkilatların fəaliyyətindəki çatışmazlıqlar və işğalın nəticələrinin aradan qaldırılmasının reallaşma mexanizminin olmamasında daha aydın göstərir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.
Bu özünü işğal zonalarında Azərbaycan izini itirmək üçün Şuşanın və digər tarixi Azərbaycan şəhərlərinin görkəmini dəyişdirmək, mədəni irsimizə edilən qəsd, işğal olunmuş ərazilərdə geniş miqyaslı yanğınlar törətmək və qiymətli sərvətləri talan etmək və sair istiqamətlərdə daha qabarıq göstərir. İşğal olunmuş ərazilərdəki meşələrdəki qiymətli ağaclar kəsilib satılır. İşğal altındakı yaşayış məntəqələrindəki tikililərin xeyli hissəsi dağıdılır və tikinti materialı kimi Ermənistana daşınır. İşğal zonasında qalmış faydalı qazıntıların istismarı ildən-ilə genişləndirilir. Bir sıra ölkələrin şirkətləri beynəlxalq konvensiyaların hamı tərəfindən gözlənilməli olan təməl prinsiplərini pozaraq bu talançılıqda iştirak edirlər. Kanadanın First Dynasty Mines (FDM) şirkəti işğal olunmuş Azərbaycan ərazisində Kəlbəcərin “Söyüdlü” qızıl yatağının istismarı ilə məşğuldur. Həmin yatağın qızıl ehtiyatları 40 tona qədər qiymətləndirilir. Yatağın 73 faizi, yəni orada olan qızılın 29,2 tonu işğal olunmuş Kəlbəcər ərazisinə düşür.
Bir sıra mənbələrin verdiyi məlumatlara görə First Dynasty Mines (FDM) şirkəti “Söyüdlü” yatağından 2003-cü ildə 2 ton, 2004-cü ildə 2,5 ton, 2005-ci ildə 3 tondan, 2006-cı ildə isə 5 tondan artıq qızıl çıxarıb. İşğal olunmuş ərazilərin sərvətlərinin talan edilməsi beynəlxalq hüquq normalarına və konvensiyalarına ziddir. Bu talançılığa göz yumulması, Azərbaycan tərəfinə qızılın hazırkı qiymətləri ilə götürüldükdə 600 milyon ABŞ dollarından artıq ziyan vurulması deməkdir. Ona görə də bu məsələ ilə bağlı beynəlxalq konvensiyalara uyğun surətdə məhkəmə iddiası qaldırılmalı və Ermənistanın talançılıq siyasətinə son qoyulmalıdır.
Bütün bunlar göstərir ki, Qarabağı azad etmək və azad yaşamaq istəyiriksə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpasına dair xüsusi proqram hazırlanmalı və həyata keçirilməlidir. Qarabağın işğalından sonra keçən illər ərzində aparılan sosioloji sorğularda Azərbaycan xalqı Qarabağı həmişə bir nömrəli problemi kimi önə çəkmişdir. Deməli, Azərbaycanın mənəvi səfərbərlik sahəsində potensialı çox güclüdür. Ona görə də bütün qüvvələr səfərbər olunmalı və ondan səmərəli istifadə olunması istiqamətində sistemli iş aparılmalıdır.
Azərbaycanda demokratik hüquq dövləti və vətəndaş cəmiyyətinin formalaşdırılması, insan haqlarının qorunması istiqamətində əsaslı islahatlar həyata keçirilməli və bu əsasda beynəlxalq aləmdə Azərbaycanın imicində müsbət dəyişikliklərə nail olunmalıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzünü ört-basdır etməkdən ötrü dünyaya yaydığı yalançı erməni təbliğatının ifşa edilməsi istiqamətində işlərə sistem xarakteri verilməklə gücləndirilməlidir. Bütün vasitələrdən istifadə edərək beynəlxalq ictimaiyyətə çatdırılmalıdır ki, Ermənistanın işğalçılıq siyasəti Cənubi Qafqazın Avropaya inteqrasiyasına mane olur, təkcə region üçün yox, bütün dünya üçün sülh və sabitliyə təhlükə yaradır.
Son illər müdafiə xərclərinin artırılması istiqamətində görülən işlər davam etdirilməli, həmin vəsaitdən məqsədyönlü istifadənin etibarlı mexanizmi yaradılmalı, ordunun maddi-texniki və maliyyə təminatı müasir tələblər səviyyəsinə çatdırılmalıdır. Hərbi-sənaye kompleksinin inkişafını sürətləndirməkdən ötrü maddi-texniki, maliyyə, elmi-texniki, intellektual, təşkilati və stimullaşdırıcı tədbirlər gücləndirilməlidir.
Ölkədə hərbi vətənpərvərlik ruhunun və hərbi-psixoloji hazırlığın gücləndirilməsi istiqamətində geniş miqyaslı iş aparılmalıdır. Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi məsələsində dünya azərbaycanlılarının aktiv mövqeyi ortaya qoyulmalıdır. Diplomatik fəaliyyətin müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində məqsədyönlü iş aparılmalı və Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq müstəvisində haqlı olaraq öz xeyrimizə dəyişdirilməsinə və Ermənistanın Azərbaycana qarşı törətdiklərinin terror kimi qiymətləndirilməsinə nail olunmalıdır.
Bu işdə beynəlxalq məhkəmə praktikasından səmərəli istifadə edilməlidir. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı azərbaycanlılara qarşı törədilmiş vandalizm aktları, xüsusən Xocalı faciəsi beynəlxalq səviyyəyə qaldırılmalı və soyqırımı kimi tanınmasına nail olunmalıdır. Beynəlxalq hüquq normalarından çıxış etməklə yanaşı, güclü iqtisadiyyat – güclü ordu tandemindən səmərəli istifadə etməklə düşmən fakt qarşısında qoyulmalı və işğal olunmuş torpaqlardan çıxmağa məcbur edilməlidir.