Fəzail İbrahimli
Sovet Rusiyasının xarici siyasətində “Qarabağ oyunu”
(XX əsrin 20-ci illəri)
Məlumdur ki, Azərbaycan Xalq Cumhuriyyətinin qarşılaşdığı ən çətin problemlərdən biri Qarabağ məsələsi idi. Çətinliklə də olsa AXC bu problemi həll edə bildi. Belə ki, 1919-cu ilin aprelində Andronikin quldur dəstəsi Azərbaycandan qovuldu, Dağlıq Qarabağ ermənilərinin Şuşada keçirilən VII qurultayında (1919-cu il avqust) AXC hökuməti ermənilər tərəfindən rəsmən tanındı. 1920-ci ilin əvvəllərində Paris sülh konfransı da AXC-nin Qarabağ üzərində hakimiyyətini tanıdı və təsdiqlədi. Bu hadisə Sovet Rusiyasını ciddi narahat etdi və “Azərbaycan məsələsi” Rusiyanın xarici siyasətində mühüm yer tutdu.
1920-ci il martın 17-də Qafqaz Cəbhəsinin hərbi inqilab Şurasına Leninin göndərdiyi teleqramda Bakının işğal olunması açıq-aydın tələb edildi.
Azərbaycana hücumun hazırlandığı vaxtda Moskvaya gəlmiş erməni nümayəndələri ərazi güzəştləri müqabilində Azərbaycan hökumətini devirmək işinə öz yardımlarını təklif etdilər. Təbii ki, bu təklif nəticəsiz qalmadı. Qeyd etdiyimiz kimi martın 20-də Qarabağda başlanan etrməni qiyamı və Azərbaycan ordusunun Qarabağa cəlb edilməsi bu razılaşmanın nəticəsi idi.
Faktlara nəzər salaq: Aprelin 21-də Qafqaz cəbhəsi komandanlığının XI ordu rəhbəliyinə və Volqa-Xəzər donanmasına, Tuxaçovski, Orconikidze və Zaxarovun imzası ilə göndərilən direktivdə əmr edilirdi ki, aprelin 27-də Azərbaycan sərhədlərini keçib, beş gün ərzində Yalama –Bakı əməliyyatını yerinə yetirsinlər. Aprel ayının 23-də bu direktivdə dəyişiklik edildi və sərəncam verildi ki, XI ordunun son vəzifəsi Bakı quberniyasını deyil, bütün Azərbaycanı ələ keçirməkdir. Bu sərəncam o vaxt verildi ki, Azərbaycanın 40 minlik ordusundan 33 minə qədəri Qarabağ qiyamının yatırılması üçün bu bölgəyə səfərbər edilmişdi. Göründüyü kimi, Bakının XI Ordu tərəfindən müqavimətsiz işğalında Sovet Rusiyasının “Qarabağ oyunu” çox ciddi rol oynadı.
Azərbaycanın bolşevikləşməsi və XI ordunun Azərbaycanda yerləşməsinə baxmayaraq ermənilər Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirdilər.
Azərbaycan ərazisi olan Qarabağa, Naxçıvana, Zəngəzura, və b. bölgələrə erməni təcavüzü davam edirdi. 1920-ci ilin yayında Azərbaycanın siyasi vəziyyətinin mürəkkəbliyindən istifadə edən Ermənistan hökuməti təcavüzü gücləndirdi. Iyunun axırlarında erməni hərbi hissələri Zəngibasarı dağıtdı və Naxçıvana doğru irəlilədi. Lakin türk qoşunu tərəfindən Naxçıvanın nəzarət altına alınması ermənilərin qabağında sipər oldu.
İyulun axırları-avqustun əvvəllərində Ermənistanda məğlub olmuş üsyançıları təqib etmək bəhanəsi altında Ermənistan qoşunları Zəngəzura yenidən hücum etdi və Zəngəzurun böyük bir hissəsini zəbt etdi. Bu vaxtlar Azərbaycanda baş verən üsyanlar XI Orduda elə hiddət yaratmışdı ki, onlar ermənilərin Azərbaycan sərhəddinə təcavüzünə və onların törətdiyi cinayətlərə biganə qalırdı. Səbəb də məlum idi. Ermənilər tərəfindən azərbaycanlılar nə qədər çox sıxışdırılsa, yerli əhalinin XI Orduya itaəti bir o qədər artardı.
Həmçinin Sovet Rusiyasını o torpaqların hansı millətin əlində olması deyil, bütün Qafqazı bolşevik təsirinə salmaq maraqlandırırdı. Məlumdur ki, Azərbaycandan sonra Rusiyanın növbəti hədəfi Ermənistan və Gürcüstan idi. 1920-ci il noyabrın 29-da Ermənistanda “inqilab” baş verdi. Bir gün sonra, yəni noyabrın 30-da AK(b) MK-nın Siyasi və təşkilat bürolarının birgə iclası keçirildi. Iclasda N.Nərimanova xüsusi bəyanat hazırlanması tapşırıldı.
Eyni zamanda bəyanatın əsas prinsipləri də müəyyənləşdirildi. Bu prinsiplərdən birinə əsasən Azərbaycanla Ermənistan arasında sərhəd məsələsinin mövcudluğu inkar edilirdi. Əslində bu o demək idi ki, Azərbaycan Zəngəzurun bir hissəsinin işğalı ilə razılaşır. Bəyanatın digər prinsipinə əsasən Azərbaycan Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyn etmək hüququ verirdi.
1920-ci il dekabrın 1-də elan olunmuş belə bir məsuliyyətsiz bəyanat nəticəsində Azərbaycan ermənilərin işğalı ilə razılaşdı. Lakin ermənilərin və onların havadarlarının iştahası daha böyük idi. Qarabağın Dağlıq hissəsi və Naxçıvan məsələsi gündəlikdə qalırdı. Ermənistan hökuməti Qarabağın dağlıq hissəsinin öz tərkibinə daxil edilməsi məsələsini irəli sürdü. 1921-ci il iyulun 27-də AK(b)P MK özünün siyasi və təşkilat bürosunun birgə iclasında bu məsələyə baxmağa məcbur oldu. Bu dəfə milliyyətcə azərbaycanlı olan kommunistlər birləşərək yekdilliklə Ermənistanın iddialarını rədd etdi.
Lakin RK(b)P-nin Qafqaz bürosu rəhbərliyinin erməni və gürcü çoxluğu Qarabağ məsələsini Ermənistanın xeyrinə həll etmək fikrinə düşdü. 1921-ci il iyulun 4-5-də RK(b)P Qafqaz bürosunun iclasında Qarabağ məsələsi müzakirə edildi. Iclas səs çoxluğu ilə Dağlıq Qarabağı Ermənistan SSR-in tərkibinə daxil etmək haqqında qərar qəbul etdi. Lakin iclasda N.Nərimanovun təkidi ilə Qarabağ məsələsinin Azərbaycan SSR üçün böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq bu məsələnin RK(b)P MK-nin müzakirəsinə keçirilməsi haqqında qərar qəbul edildi.
N.Nərimanov V.İ.Leninə bu məsələ ilə bağlı teleqram vurdu və məktub yazdı. Məktubda deyilirdi: “Əziz Vladimir İliç: Teleqramda göstərdiyimi təkrar etməyə məcburam. Vəziyyət dəhşətlidir. Mərkəz Azərbaycanın, Ermənistanın və Gürcüstanın müstəqilliyini qəbul edib. Indi isə mərkəz Azərbaycanın mübahisəsiz ərazisini Ermənistana verir. Əgər bu ərazi Gürcüstana verilsəydi buna hansısa ictimai-siyasi don geydirmək olardı. Lakin bu ərazinin Ermənistana daşnaklara verilməsi düzəlməyən səhvdir. Bizim oradakı nümayəndəmiz bu məsələ ilə bağlı sizə ətraflı məlumat verəcəkdir ...
Əziz Vladimir İliç, görəsən “Müstəqil Azərbaycan” sözü sizin ağzınızdan çıxmamışdırmı?... Bütün vaxtlar Denikini müdafiə edən Ermənistan müstəqillik, əlavə olaraq ərazi alır. İkili siyasət yeridən Gürcüstan müstəqillik qazanır. Sovet Rusiyasına ilk meyl edən Azərbaycan isə həm müstəqilliyini, həm də ərazisini itirir. Çomilyonlu xalqın hüquq və hissləri ilə zarafat etmək olmaz...Mən qəti bildirirəm: Əgər bizim fikirlərimizə əhəmiyət verməsəniz biz geri çağırılmağımız haqqında məsələ qaldıracağıq. ...Mən sizin diqqətinizə çatdırmaq istəyirəm ki, əgər mərkəz qısa müddətdə daşnak kommunistlərinin iyrənciliyinə son qoymasa bütün müsəlman şərqi bizdən üz döndərəcəkdir”.
Bu sətirlər bolşevik ideyalarının toruna düşmüş Azərbaycan rəhbərinin fəryadı idi. Lakin istefa vermək imkanı olmayan N.Nərimanov Moskvanı Şərqin ondan üz döndərməsi ilə hədələsə də heç bir nəticə əldə edilmədi.
1921-ci il iyulun 5-də MK-nın Qafqaz bürosunun plenumu PK(b)P MK-nın rəyini nəzərə alaraq aşağıdakı qərarı qəbul etdi: “Müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyi, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqəsi əsas götürülərək Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın; ona inzibati mərkəzi muxtar vilayətin Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyatı verilsin”.
1921-ci il sentyabr ayında AK(b)P MK-nın Təşkilat və Siyasi Bürosunun iclasında Qafqaz Bürosundan Dağlıq Qarabağa geniş vilayət Muxtariyyatı verilməsi haqqında məlum qərarına yenidən baxılmasını xahiş edən qətnamə qəbul edildi. 1921-ci il oktyabrında Qarabağın məsul işçilərinin konfransının qəbul etdiyi qərarda deyilirdi ki, Dağlıq Qarabağa ayrıca vilayət Muxtariyyatının verilməsi məqsədəuyğun hesab edilməsin.
Lakin respublikanın bu məsələdə fikri mərkəz üçün həlledici deyildi.
RK(b)P MK-nın Zaqafqaziya ölkə komitəsinin 1923-cü il iyulun 27-28-də keçirilmiş plenumu Q.Orcenikidzenin təzyiqi ilə ultimatumun formasında bir aylıq müddət ərzində Dağlıq Qarabağa vilayət muxtariyyatının verilməsi barədə AK(b)P MK-ya tapşırıq verdi. Həmin qərarı yerinə yetirməyə məcbur olan Azərbaycan MİK “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verdi.
Qarabağın dağlıq hissəsinə muxtariyyat statusunun verilməsi Azərbaycan tərəfindən bu torpaqların ermənilərə məxsus olmasının qismən də olsa etirafı idi. Bu isə Ermənistana və onun himayədarlarına gələcək siyasi oyunlar üçün bir “əlyeri” qoymaq idi. Bu belə də oldu.
Sovetlər İmperiyasının yaranmasında istifadə edilən Qarabağ oyunundan bu imperiyanın dağılması ərəfəsində və sonralar da məharətlə istifadə edildi. Belə ki, Rusiya hərbi qüvvələrinin köməyi ilə Ermənistan silahlı qüvvələri 1992-ci ilin əvvəllərində Dağlıq Qarabağdakı azərbaycanlıları yaşadıqları sonuncu yaşayış məntəqəsini tərk etməyə məcbur etdi. Rusiyanın hərbi qüvvələrinə və Qərb himayədarlarına arxalanan ermənilər Azərbaycanın 20 faiz torpağını işğal etdi və bir milyon insan öz vətənində qaçqına çevrildi. Dünyanın gözü qabağında baş verən bu hadisəyə çox təəssüf ki, böyük dövlətlər susur. Nəinki susurlar, hətta bu hadisədən Azərbaycana qarşı “məkrli niyyətlərinin” həyata keçirilməsi üçün yararlanmağa çalışırlar.