Firdovsi Ağaşirinov
Xocalı soyqırımı və beynəlxalq hüquq
XX əsrdə nəinki Azərbaycan xalqının, hətta dünya ictimaiyyətinin üzləşdiyi ən dəhşətli faciələrdən biri Xocalı soyqırımı oldu. 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Ermənistanın və Dağlıq Qarabağ bölgəsinin erməni silahlı dəstələri və Xankəndində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı mayor Seyran Ohanyanın başçılığı altında (hazırda qondarma “Dağlıq Qarabağ Respublikasının” müdafiə naziridir) Xocalıya hücum etmiş və buranın dinc əhalisinə qarşı soyqırım aktı həyata keçirmişlər. Ermənilərin törətdikləri bu soyqırım nəticəsində:
·613 nəfər öldürülmüş; (63 uşaq, 106 qadın, 70 qoca)
·56 nəfər xüsusi amansızlıqla qətlə yetirilmiş;
·1000 nəfərdən artıq adam yaralanmış və nəticədə əlil olmuş; (eləcədə 76 uşaq)
·8 ailə tamamilə məhv edilmiş;
·25 uşaq hər iki valideynini, 130-u birini itirmiş;
·1275 nəfər əsir götürülmüşdür.
Bütün bu vəhşiliklər nəticəsində 150 nəfərin taleyi hələ də aydın olmamış və qətlə yetirilənlərin cəsədlərini şəhərdən çıxarmaq mümkün olmadığından yalnız 335 meyid dəfn edilmişdir.
Xocalıda baş verən hadisələri bütün dünya ictimaiyyəti ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı kimi tanımalıdır. Çünki soyqırımın bütün obyektiv cəhətlərinə Xocalıda rast gəlmək mümkündür.
Soyqırım hər hansı bir milli, etnik, irqi və ya dini qrupun tam və qismən məhv edilməsi məqsədilə hərəkətlərdə ifadə olunan və aşağıdakı yollarla həyata keçirilən beynəlxalq cinayətdir:
·Bu qrupların üzvlərinin öldürülməsi;
·Onların sağlamlığına ağır zərbə zərər yetirilməsi;
·Uşaqların doğulmasına zorakı əngəllər yaradılması;
·Bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirilməsi;
·Zorla köçürmə;
·Qrupun məhv edilməsinə yönələn şəraitin yaradılması.
Soyqırım cinayəti ilk dəfə olaraq 1948-ci il 9 dekabr BMT Baş Assambleyasının 260 A (III) saylı qətnaməsi ilə beynəlxalq hüquqi status almışdır.
Bunula yanaşı Xocalı hadisələrinə soyqırım kimi qiymət verməyə istinad ediləcək bir çox beynəlxalq hüquq normaları və müqavilələr mövcuddur.
Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (buradan soyqırımı təşkil edən hərəkatlar bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi tövsif olunur).
Beynəlxalq Cinayət TribunalınınYaqoslaviya üzrə Nizamnaməsinin 4-cü maddəsi.
Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsinin 1-ci maddəsi.
Beynəlxalq Cinayət Məhkəməsinin statusunun 6-cı maddəsi.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsi.
AR-Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı.
Bütün bunları nəzərə alaraq “Soyqırım” hüquqi norması cinayət kimi beynəlxalq hüquqa əsasən aşağıdakı hüquqi nəticələri doğurur:
a)Soyqırım cinayəti törətmiş şəxslərin cinayət təqibi və cəzalandırılması qaçılmazdır.
b)Cinayət tərkibi təkcə soyqırım aktının törədilməsi deyil, həm də soyqırım törədilməsi məqsədi ilə sui-qəsd, soyqırım törədilməsinə birbaşa və açıq şəkildə təhrixçilik, soyqırım törədilməsinə qəsd və soyqırımda iştirakdır.
c)Soyqırım törətmiş şəxslərə universal yurisdiksiyanın prinsipləri tətbiq edilməlidir.
d)Soyqırım cinayəti törədilərkən əmrin icrasına istinad etmək məsuliyyətdən azad etmir.
e)Rəhbərlər soyqırım cinayətinin qarşısının alınması üzrə hərəkətləri həyata keçirmədiklərinə görə məsuliyyət daşıyırlar.
f)Soyqırım cinayətlərinə cinayət məsuliyyətinin tətbiqinə cəlbetmə müddəti tətbiq edilmir.
g)Soyqırım cinayətinə münasibətdə qanunun retroatik tətbiqinə yol verilir.
h)Soyqırım cinayəti törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilmələri üçün tələb edən ölkəyə verilməlidir.
Beləliklə Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırım kimi tövsif olunur.
Bunları nəzərə alaraq bütün dəlilləri Azərbaycan dövləti Beynəlxalq Məhkəməyə təqdim etməlidir.
Beynəlxalq məhkəmə isə öz növbəsində:
·Xocalı qətliamını soyqırım kimi tanımalı
·Gətirilən bütün sübutlu faktlar nəticəsində xüsusi qətnamə əsasında bu işlə məşğul olan tribunal yaratmalıdır ki, soyqırım törədən şəxsləri layiqincə cəzalandırsın. Bu mümkün olmazsa Beynəlxalq Tribunal və milli məhkəmə tərəfindən paralel yurisdiksiya qaydalarına uyğun olaraq soyqırımda təksirli bilinənləri mühakimə etməlidir.
Tarixin bu səhifəsində beynəlxalq hüququn ümumtanınmış normaları ilə qorunan İnsan hüquq və azadlıqları kobudcasına pozulmuşdur. Ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər birbaşa olaraq beynəlxalq hüquqa ziddir.
Xocalıda baş verən hadisələrdə azərbaycanlırın təbii hüquqları - xüsusilə yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət hüquqları kəskin şəkildə pozulmuş və tapdanmışdır. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu soyqırımda İnsan hüquq və azadlıqlarını özündə əks etdirən Cenevrə konvensiyası, BMT-nin Baş Məclisinin 10 dekabr 1948 -ci ildə elan olunan İnsan hüquqlarının Ümumi Bəyannaməsinin, "İnsan hüquqlarının ümumi və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının, BMT-nin Mülki və Siyasi hüquqlar haqqında Paktın maddələri ermənilər tərərfindən ciddi şəkildə pozulmuşdur.
Bu hüquqları özündı cəmləşdirən normativ aktların maddələrində göstərilən hüquqlar Xocalı soyqırımında ermənilər tərəfindən ayaq altına salınıb tapdanmışdır. 1948-ci il 10 dekabrda elan olunan BMT-nin Baş Məclisinin İnsan hüquqlarının Ümumi Bəyannaməsinin aşağıdakı maddələri pozulmuşdur:
a)maddə 2: Hər bir şəxs dilindən, dinindən, milliyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdir.
b)maddə 3: Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.
c)maddə 5: İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.
d)maddə 9:Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.
e)maddə 17: Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.
İnsan hüquqlarının Ümumi Bəyannaməsi ilə yanaşı BMT Baş Məclisinin 2200A (XXI) saylı 16 dekabr 1966 -ci il tarixli qətnaməsi ilə qəbul edilən və 1976 -ci il 23 martda qüvvəyə minən BMT-nin Mülki və Siyasi hüquqlar haqqında Paktın da insan hüquqlarını qoruyan maddələri pozulmuşdur:
a)maddə 6: Yaşamaq hüququ hər bir insanın ayrılmaz hüququdur. Bu hüquq qanunla qorunur . Heç kəs özbaşına həyatdan məhrum edilə bilməz.
b)maddə 7: Heç kəs qəddar, insanlıqdan kənar işgəncələrə, yaxud onun ləyaqətini alçaldan davranışa, yaxud cəzaya məruz qalmamalıdır. O cümlədən, heç bir şəxs üzərində onun azad razılığı olmadan tibbi yaxud elmi təcrübə aparıla bilməz.
c)maddə 8 : Heç kəs köləlikdə saxlana bilməz. Köləlik və qul ölkələrini bütün növləri qadağandır.
d)maddə 9: Hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs zorla həbs və yaxud dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən olunmuş əsaslar olmadan və müvafiq prosedurlara əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.
Xocalıda ölən insanların, əlil olanların, əsir götürülüb işgəncə verilənlərin hüquqları pozulmayıbmı?
Bəli kobudcasına pozulub, 1992-ci il 26 fevral tarixində Xocalıda yaşayan Azərbaycan əhalisi ermənilər tərəfindən bu hüquqlardan məhrum edilmiş və ölüm və zorakılığa məruz qalmışlar. Bütün bu faktları nəzərə alaraq Azərbaycan dövləti öz vətəndaşlarının hüquqlarını qorumaq məqsədilə BMT İnsan hüquqkarı Komitəsinə müraciət etməlidir.
Bütün bunlarla yanaşı Xocalıda baş verən soyqırım aktında "İnsan hüquqlarının ümumi və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının da maddələri pozulnmuşdur:
a)maddə 2: Hər bir insanın həyat huququ qanunla mühafizə olunur. Cəzalandırılması qanunla nəzərdə tutulmuş cinayətin törədilməsinə görə məhkəmə tərəfindən çıxarılan ölüm hökmünün icrasından başqa, heç kəs qəsdən həyatdan məhrum edilə bilməz.
b)maddə 3: Heç kəs işgəncələrə, qeyri-insani rəftara və ya ləyaqətini alçaldan cəzaya məruz qalmamalıdır.
c)maddə 4: Heç kəs köləlikdə və ya məcburi vəziyyətdə saxlanılmamalıdır.
d)maddə 5: Hər bir insan azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.
e)maddə 8: Hər bir insan, onun şəxsi və ailə həyatına hörmət edilməsi, mənzil toxunulmazlığı və yazışma sirri hüququna malikdir.
Xocalıda 613 nəfərin ölümü, 1000-dən çox adamın yaralanıb əlil olması, 1500-ə yaxın insanın əsir alınıb işgəncə verilməsi faktları bir mənalı şəkildə konvensiyanın sözü gedən maddələrinə ziddir. Bunu nəzərə alaraq Azərbaycan dövləti İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etməli və bu hüquqları pozan ermənilərin cəzalanmasını tələb etməlidir.
Bugün bizim başımıza gələn bu faciə sabah istənilən bir xalqın başına gələ bilər. Çünki Ermənistan hələ də mövcuddur və öz terrorçuluq ideyalarını yaymaqla məşğuldur. Xristian dövlətləri ermeni terrorunun törətdiyi dəhşətləri və bu terrorun qurbanlarını unudub QONDARMA “Erməni Soyqırımını” yavaş-yavaş tanımağa başladılar. Hətta Fransa kimi humanist ölkə qəti addımlar atdı. Bütün bunlara baxmayaraq Bəşəriyyətə bir daha səslənirəm erməninin TERRORÇU oldugunu unutma, çünki
Tarix heç nəyi unutmur...