Firdovsiyyə Əhmədova
Dağlıq Qarabağın statusu məsələsi:
tarix və müasirlik
Qafqazda erməni dövlətinin yaradılması beynəlxalq qarşıdurma münasibətləri müstəvisində gerçəkliyini tapan məsələ olmuşdur. Azərbaycan dövlətçiliyi, ərazi təhlükəsizliyi baxımından son dərəcə zərərli olan bir güzəşt erməni federasiyasının təşkili üçün İrəvanın onlara siyasi mərkəz olaraq verilməsi oldu. Azərbaycanın tarixi torpaqlarında dövlət əldə etmələrinə qane olmayan ermənilər qonşularına qarşı yeni-yeni iddialarla qanlı mübarizə aparmışlar. Qarabağın dağlıq hissəsində yaşayan ermənilər 1918-ci il iyulun 22-də onun “müstəqilliyini” elan etməyə cəhd göstərdilər.
İyulun 31-də Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski İstanbulda olan Azərbaycan nümayəndə heyətinin sədri Məhəmməd Əmin Rəsulzadəyə yazırdı ki, əgər ermənilər Qarabağa iddia ilə çıxış etsələr, o zaman İrəvan və Qazax qəzasının bir hissəsini onlara güzəştə getməkdən imtina etsin. Ermənilərlə razılaşmaya əsasən, Azərbaycanın digər ərazilərinə iddia etməyəcəkləri şərtilə İrəvanın onlara keçməsi nəinki rəsmiləşdi, bundan əlavə Zəngəzur və digər Azərbaycan torpaqlarını mənimsədiklərinə baxmayaraq, Qarabağla bağlı mütəmadi bəyanatlarla çıxış etmiş, zorakı təcavüzdə davam etmişdilər.
Ermənilərin Ənvər paşaya təqdim etdikləri xəritəyə görə onların iddia sərhədlərinə Sürməli, Naxçıvan, Ahalkələk, Ecmiədzin, İrəvan, Borçalı, Qazax, Qarabağ, Zəngəzur, Ordubad qəzaları daxil edilmişdi.
Xarici hərbi qüvvələrin Azərbaycanda həm də siyasi gücə malik olduqları mərhələlərdə ermənilər Qarabağla bağlı müvafiq mövqe nümayiş etdirmişlər. Osmanlı hərbçilərinin köməyi ilə Bakı Cümhuriyyət hakimiyyəti altına keçdikdən sonra Qarabağda erməni yaraqlılarının türk hakimiyyət nümayəndələrindən əfv diləyərək silahlarını təhvil verməsi müşahidə olunur. Qarabağın şəhər və kəndlərində erməni əhali Azərbaycan qoşunlarını duz-çörəklə qarşılayaraq, Azərbaycan təbəəliyini qəbul edir, silahı könüllü təhvil verir, Azərbaycan hökumət qurumlarının bütün sərəncamlarına tabe olmağa hazır olduqlarını bildirirdilər. Türkiyənin dünya müharibəsində məğlubiyyətindən sonra regionu tərk etmək məcburiyyəti və müttəfiq qoşunlarının komandanı V.Tomsonun başçılığı ilə ingilis hərbçilərinin Cənubi Qafqazda yerləşməsi, Bakıda ingilis hərbi general-qubernatorluğunun yaradılması, xristian həmrəyliyinin yenidən dirçəlməsi ermənilərin mövqeyində özünü biruzə verdi. 1918-ci ilin dekabrında Andronik “ingilislərin Qarabağı onun ixtiyarına verməsi haqqında” şayiə yaymağa başlamışdı. Dekabrın 22-də general V.Tomson bu şayiəni təkzib etmişdi.
Artıq 1918-ci ilin payızından etibarən Qarabağla bağlı xarici qüvvə faktorunun təsiri siyasi müstəvidə özünü göstərir. Siyasi və diplomatik fəaliyyətin işlənilən nəticəni təmin etmək əsasından yetərli olmayacağını bildiklərindən erməni separatçıları azərbaycanlılara qarşı etnik təmizləmə-soyqırım əməliyyatını davam etdirdilər. Əhalisinin kütləvi məhvinin qarşısını almaq məqsədilə Azərbaycan Cümhuriyyətinin Daxili İşlər nazirliyi 1919-cu il yanvarın əvvəllərində Şuşa, Cavanşır, Cəbrayıl və Zəngəzur qəzaları əsasında müvəqqəti general-qubernatorluğun yaradılmasını təklif etdi. Həmin qəzalarda müvəqqəti general-qubernatorluğun yaradılması haqqında Azərbaycan hökuməti 1919-cu il yanvarın 15-də qərar verdi. Xosrov bəy Sultanov yanvarın 29-da general-qubernator təyin olundu.
Xüsusi statuslu inzibati təsisat təcrübəsi tətbiq edildi. Belə bir şəraitdə Ermənistan hökuməti Qarabağın dağlıq hissəsinə açıq iddia ilə çıxış etdi və bu Azərbaycan hökuməti üçün gözlənilməz olsa da, iddianı tamamilə əsassız hesab etmiş, yanvarın 31-də cavab notasında Qarabağın tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirmişdi. Ermənistanın Qarabağ general-qubernatorluğunun yaradılmasına etirazını Azərbaycanın suverenliyinə qəsd, onun daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirdi. 1919-cu ilin əvvəllərindən etibarən Qarabağın yuxarı hissəsi ilə bağlı 2 dövlət Azərbaycan və Ermənistan arasında qarşılıqlı rəsmi müraciətlər forması yaranır.
Rəsmi erməni hökuməti 1919-cu ilin əvvəlində “tarixi hüquq” prinsipinin işə yarayacağını real hesab edir və hökumət hərbi hissələrinin, erməni yaraqlı dəstələrinin zorakı, qanlı qırğınlar törətməklə məqsədyönlü əməllərin qarşısının alınacağından təşvişə düşərək qabaqlayıcı tədbirlər görürdü. Bütün Borçalı ərazisinə iddialarında uğursuzluğa düçar olan erməni hökumətinin Qarabağla bağlı mövqeyinin də tarixi, iqtisadi, etnoqrafik cəhətdən əsassız olduğu Azərbaycan hökumətinin rəsmi etirazında ifadə olunmuşdu. Erməni hökuməti Böyük Britaniyanın Qafqazdakı hərbi qüvvələrinin rəsmilərinə (Uorkerə, Tomsona və d.) müraciətlə Azərbaycana təzyiqi artırmağa çalışsa da, bütün cəhdləri nəticəsiz qaldı. Polkovnik Şatelvort Şuşaya gedərək ermənilərin Azərbaycan Cümhuriyyəti hökumətinə tabe olmasını tələb etmişdi.
Bununla belə ermənilər separatçılıq fəaliyyətini davam etdirdilər. 1919-cu il aprelin sonunda keçirdikləri qurultayda Qarabağ general-qubernatorunun hakimiyyətini tanımaqdan imtina etmişdilər. Belə qərarların qəbul olunmasında Ermənistan hökuməti və onun Dağlıq Qarabağdakı nümayəndələrinin pozuculuq fəaliyyəti mühüm rol oynayırdı. Qafqaz respublikaları arasında meydana çıxan ərazi mübahisələrini ilk dəfə olaraq xarici vasitəçilərə çözmək təcrübəsi yarandı. Əsasən Böyük Britaniya və ABŞ-ın fəal müdaxiləsi, xüsusi layihələrlə çıxış etmək nümunələri bəllidir. General Tomson 1919-cu il mayın 5-də bildirmişdi ki, separatçı şəxslərin sürgün edilməsi haqqında sərəncam vermişdir.
İyunun 5-də qatı erməni irticaçıları ingilis komandanlığının nümayəndələrinin müşayiəti ilə Şuşadan Tiflisə sürgün edildi. İyunun 6-da Şuşanın ermənilər yaşayan hissəsində keçirilən mitinqdə ermənilər Azərbaycan hökumətini tanıdıqlarını bildirdilər. Ermənilər general-qubernatorluğun fəaliyyət prinsiplərini qəbul edərək müzakirələr aparmağa başlamışdılar. 1919-cu il avqustun 15-də ermənilər Azərbaycan hökuməti ilə saziş imzalayaraq ermənilərin yaşadığı ərazilərin Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdilər. Qarabağ ermənilərinə “mədəni təyini-müqəddərat” nəzərdə tutulurdu. Qeyd etmək lazımdır ki, o dövrdə də Şuşaya xaricilər hər hansısa təşkilatların nümayəndələri qismində Azərbaycan hökumətinin məlumatı olmadan, yerli hökumət orqanlarına heç bir mandat təqdim etmədən səfər edirdilər. Dağlıq Qarabağ ermənilərinin Azərbaycan hakimiyyətini tanımasından sonra amerikanların müvafiq sənəd təqdim etmədən Qarabağa gəlişinə Azərbaycan XİN etiraz münasibətini bildirmişdir.
1919-cu ilin yazında ermənilər yenidən ərazi mübadiləsi prinsipi üzrə sövdələşmə cəhdi göstərirdilər. 1918-ci ilin yazında İrəvan bölgəsinə sahib olmaq niyyətilə Qarabağa iddia etmədikləri şərtilə Azərbaycan tərəfi ilə razılaşdıqları halda, bir il sonra həmin Qarabağı bir daha Azərbaycanınkı hesab etmək müqabilində Şərur-Naxçıvan ərazisinin Ermənistana keçməsini rəsmiləşdirmək zəmini hazırlayırdılar. Ermənistan hökuməti Azərbaycan torpaqlarına iddiasını həyata keçirmək üçün silahlı hərbi müdaxilə ilə yanaşı, pul vəsaiti sərf edilməsinə də xüsusi fikir verirdi. 1919-cu ilin sonlarında Ermənistan hökuməti Dağlıq Qarabağın “azad edilməsi” üçün 19 milyon manat pul ayırmışdı.
Beynəlxalq ictimaiyyəti zorakı ilhaq niyyətindən yayındırmaq istəyərək Ermənistan tərəfi (rəsmi və qeyri-rəsmi səviyyədə) “münaqişəni” (özləri tərəfindən yaradılmış) Azərbaycan ermənilərinin öz müqəddəratını təyin etmək iradəsi kimi qələmə verir. Eyni iddia ilə Gürcüstan ermənilərinin separat fəaliyyətini həmin dövlətin daxili işi, yəni oradakı ermənilərin öz iradəsini sərbəst təsbit etmək məzmununda dəyərləndirmək kursu nümayiş etdirirlər. Ermənistan Respublikası qonşu dövlətlərin ərazilərində kompakt yaşayan (bu nəticənin tarixən necə formalaşmasından asılı olmayaraq) ermənilərin milli təyini-müqəddərat hüququnu əldə bayraq etməklə (formal dəstəkləmək, əslində isə tarixi və çağdaş təcrübədən bilindiyi kimi rəvac verməklə) ətrafında müstəqil yaxud yarımmüstəqil erməni dövlət qurumları zolağı yaratmaqla sonradan ilhaq prosesini reallaşdırmaq imkanı qazanmış olur.
Hazırkı konkret mərhələdə Dağlıq Qarabağ məkanı çərçivəsində münaqişə yaradılması və iddianın vahid hədəfə istiqamətlənməsi də ənənəvi erməni taktiki gedişlərindəndir. “Dağlıq Qarabağ münaqişəsi”nin Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti tarixindən kənarda çözələnməsi obyektiv məzmun daşıya bilməz. Məhz bu baxımdan müttəfiq dövlətlərin Cənubi Qafqazdakı Ali Komisarına nota göndərən Azərbaycanın XİN-i F.Xoyski yalnız Qarabağ rayonunda olmuş hadislərin Cənubi Qafqazda baş vermiş hadislərdən əlaqəsiz tədqiq edilməsini yalnış saymış, düzgün tədbirlər görülməsi ilə nəticələnməyəcəyini və qanlı hadisələrin təkrarlanacağından xəbərdar etmişdi.
XX yüzilliyin sonlarında yenidən Dağlıq Qarabağ iddiası zəminində qanlı hadisələr gedişatında Ermənistanda qalmış azərbaycanlıların son nəfərinədək əzəli yurdlarından zorakılıqla qovulması beynəlxalq səviyyədə diqqətdən kənarda saxlanılır. Ermənistanda (öz əzəli torpaqlarında) daha geniş coğrafiyada əsrlərlə kompakt yaşamış azərbaycanlıların vətənlərinə qayıdıb muxtar idarəçilik statusu ilə təmin edilməsi isə ümumiyyətlə danışıqlar prosesinin predmeti deyildir.
Ermənistan-Azərbaycan münaqışəsinin son mərhələsi prosesinin tərkib hissəsi olduğu halda bu məsələ beynəlxalq vasitəçilərin diqqətini “cəlb etmir”. Dağlıq Qarabağın statusu ilə bağlı ermənilər tərəfindən zəbt edilmiş ətraf Azərbaycan torpaqlarının (həm də Dağlıq Qarabağın Ermənistan Respublikası ilə ərazi bağlılığını geniş ərazidə təmin edən) təhlükəsizlik zolağı kimi təqdim edilməsi Ermənistanın təcavüzkar tərəf kimi etirafıdır. Kütləvi qırğınlar, zorakılıqlar ilə Azərbaycan torpaqlarını ələ keçirən erməni tərəfinə münaqişənin beynəlxalq arenada müzakirəsi sərfəlidir: məsələnin Azərbaycanın daxili işi olaraq həlli variantından daha üstün nəticələrə nail olmaq və bu mərhələdə problemin beynəlxalq normalara müvafiq tərzdə, yəni sivil qaydada həlli müstəvisində Azərbaycanın hərb etmək imkanının qarşısını almaq, həm də qanlı, qəddar davranışdan sonra beynəlxalq hüquq normalarına etimadlı imic yaratmaq.
Hazırda “Dağlıq Qarabağ münaqişəsi”nin sülh yolu ilə həlli variantlarından ərazi bütövlüyünün toxunulmazlığı və öz müqəddəratını təyin etmək prinsiplərinin ziddiyyəti müzakirəyə cəlb edilmişdir.
Dağlıq Qarabağın statusu ilə bağlı referenduma razılıq verməsi Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi yönündə Ermənistan üçün real kompensasiya kimi ATƏT-in Minsk Qrupu tərəfindən bəyan edilmiş təklif oldu. Münaqişənin həlli, daha dəqiqi Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsi təklifi Azərbaycan cəmiyyətində birmənalı qarşılanmadı. Rəsmi və qeyri-rəsmi qurumların, şəxslərin əksqütblü mülahizələri ümumilikdə problemin çözülməsinə təsir edə biləcək potensial gücün mövcudluğunu bir daha təsbit edir.
Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtar statusunun, formasından asılı olmayaraq, Azərbaycanın bütün ərazisi üzrə referendumun keçirilməsi ilə müəyyənləşdirilməsini yeganə yol bilib, Prezidentin yaxud hakimiyyət qurumlarının səlahiyyəti səviyyəsində muxtariyyətin yaradılmasını qeyri-məqbul hesab etmək bölgənin ilkin muxtar statusu ilə bağlı tarixi sənədlərlə ziddiyyət təşkil edir. Belə ki, 1921-23-cü illərdə Dağlıq Qarabağın erməni hissəsinin müqəddəratı ilə bağlı müzakirələrdə verilən qərarlar hakimiyyət qurumları, yaxud partiya orqanları tərəfindən həyata keçirilirdi. 1923-cü ilin iyulun 7-də isə məhz Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır.
Referndum yolu ilə yaradılmamış bir muxtariyyətin hazırkı zamanda hansl forma və məzmunda müzakirə etmək mümkündür. Referendum mexanizminə qarşı çıxmağı qəbahət saymaq düzgün deyildir. Hakimiyyət orqanının qərarı ilə yaradılmış, sonralar hakimiyyət orqanı tərəfindən ləğv edilmiş bir muxtar bölgə idarəçiliyinə ali hakimiyyət qurumu tərəfindən ifadə oluna bilər. Demokratik idarəçilik prinsiplərini nəzərə alaraq, mövcud konstitusiyanı əsas bilərək Azərbaycan xalqının, öz dövlətinin tərkib hissəsi olmuş bir ərazinin müqəddəratı ilə bağlı qəti rəyini referendum vasitəsi ilə bəyan etməsi normal qarşılana bilər. Amma referendum keçirilməsinin forma variantları bu prosesi lüzumsuz edir.İndiki versiyaları təhlil etməzdən öncə məhz bu məsələ ilə bağlı tarixə diqqət edək. Sovetlər dönəmində bölgənin iki Qafqaz cümhuriyyəti arasında sövdələşmə predmeti olmasından tutmuş statusun müəyyənləşdirilməsi üçün rəsmi müzakirələr keçirilməsi də daxil olmaqla tarixi təcrübədən nəticə çıxartmaq imkanı vardır.
Sovet Rusiyasının Azərbaycan ərazisində hərbi təcavüzündən sonra bolşeviklər “müstəqil respublikalar oyununu” dayandırmağı vacib sayırdı. Sovet muxtariyyətinin “elastikliyi” prinsipi milli-dövlət quruculuğu üçün geniş imkanlar açırdı. “Elastik muxtariyyət” formalarından biri də DQMV gerçəkliyi oldu. Bu ərazi 1920-ci ildə Rusiyanın bolşevik rəhbərliyi ilə aparılan danışıqlar zamanı bütün variantlarda Azərbaycan üçün saxlanılıbdır. Qarabağ məsələsinin yüksək rəsmi səviyyədə müzakirəsi Qarabağın yuxarı hissəsinə müxtariyyət verilməsi ilə nəticələndi, muxtar vilayətin inzibati mərkəzi Şuşa şəhəri olamlı idi. RK (b)P MK Qafqaz bürosu plenumunun 5 iyul 1921-ci il tarixli qərarını “Dağlıq Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsi üçün” yeganə “hüquqi əsas” kimi göstərən çağdaş erməni siyasətçilərinin çoxminillik Azərbaycan tarixinə, mədəniyyətinə nəzər salmadan belə, ən azından 1805-ci il Kürəkçay müqaviləsini yada salmaları kifayətdir. 1921-ci il iyulun 4-də Qarabağın statusu ilə bağlı plebissit keçirilməsi formaları da müzakirə olunmuşdur.
Ermənilər və onların mövqeyini dəstəkləyənlər plebissitin Qarabağ azərbaycanlılarının iştirakı olmadan yalnız ermənilərin arasında keçirilməsinin tərəfdarı idilər. Qarabağ ermənilərinin say azlığı səbəbindən bu mövqedən çıxış edirdilər. Azərbaycan tərəfi isə 1921-ci ildə Qarabağda bütün erməni və azərbaycanlı əhalisinin iştirakı ilə sorğu keçirilməsinə tərəfdar çıxaraq sorğunun yalnız Dağlıq Qarabağın erməniləri arasında keçirilməsini rədd etmişdir. 1923-cü ildən geniş muxtariyyət almış, ermənilərin say və nüfuz artımının gücləndiyi regionda separatçılığın növbəti dəfə baş qaldırması, azərbaycanlılara münasibətdə etnik təmizləmə siyasəti və “təhlükəsizlik zolağı” adı ilə Azərbaycanın daha 7 rayonunun zəbt edilməsi, Xocalı faciəsinin törədilməsi, işğal əraziləri hesabına Ermənistana ilhaqa nail olunması referendumun hansı nəticəni ortaya qoyacağının 100%-lik məlum göstəricisini bəlli edir.
1989-cu ildə mövcud SSRİ konstitusiyasına, beynəlxalq normalara zidd olaraq DQMV Azərbaycana tabeçilikdən çıxarılaraq Xüsusi İdarəetmə Komitəsi (XİT) adlı, birbaşa Federasiya Mərkəzinə tabe qurumun nəzarətinə verildi. Dağlıq Qarabağdan azərbaycanlıların təmizlənməsi başa çatdırıldı. Növbəti mərhələ DQMV-nin Ermənistana ilhaqı və XİT-in ləğv edilməsi idi. Bu ssenarinin ilkin variantı 1920-ci ildə də irəli sürülmüşdü: “Bakı vasitəsilə Rusiyaya” qatılmaq. Azərbaycan tabeçiliyndən çıxdıqdan sonra Ermənistana verilməsi asan reallaşa bilərdi.
Öz müqəddəratını təyin etmək prinsipi heç də onun ən yüksək pillədə həllinin mütləq “himayəçi” dövlətə ərazi bağlılığının təmin olunması demək deyildir.
Dağlıq Qarabağla bağlı irəli sürülən prinsiplərin tətbiqinə tərəflərin mövqeyi, mənafeyinə müvafiq məzmun daşıyacaqdır. Regionun hərbisizləşdirilməsi, referendum, Dağlıq Qarabağın müvəqqəti statusu prinsipi, sülh məramlı qüvvələrin yerləşdirilməsi, birgə komissiyanın yaradılması, zor və hədələrdən imtina etmək və s. 1918-1923-cü illər arasında məhz Qarabağın dağlıq hissəsi ilə bağlı hallandırılmış, müvafiq qərarlar qəbulu ilə nəticələnmiş prinsiplərdir. Son 90 il ərzində irəli sürülmüş bu prinsiplər fərqli, mərhələlərlə təkrarlanan zəngin təsnifatı ortaya qoyur. Tarixi tətbiq olunmuş prinsiplərin eyni regiona, oxşar motivə söykənərək aid edilməsi hadisələrin sonrakı gedişatını və nəticələrini proqnozlaşdırmaq baxımından diqqətə alınmalı amildir.