Güntəkin Nəcəfli
Qarabağ xanlığı ərazisində erməni dövləti
yaratmaq məqsədilə tərtib edilən layihələr
XVIII əsrin 60-70-ci illərində yaranmış gərgin beynəlxalq vəziyyətdən və Rusiyanın yardımından yararlanan, istər Rusiya ərazisində, istərsə də xaricdə yaşayan ermənilər Azərbaycan torpaqları hesabına “erməni dövləti” yaradılması üçün müxtəlif layihələr işləyib hazırlamağa başladılar. Bu layihələrin əksəriyyətində Qarabağ xanlığı ərazisində erməni dövləti yaradılması planlaşdırılırdı.
Nadir şah Əfşarın öldürülməsindən (1747) sonra Qarabağın xristian məlikləri “Otuzikili” tayfa birliyinin başçısı, yerli Cavanşir tayfasından olan Sarıcalılı Pənah xana tabe oldular... Qarabağ xanlığı paytaxtı Pənah xan tərəfindən 1751-ci ildə tikilmiş Pənahabad qalası (Şuşa) olmaqla, tezliklə Azərbaycan xanlıqları arasında ən güclü xanlıqlardan birinə çevrildi [Petruşevskiy İ.P. Oçerki po istorii feodalnıx otnoşeniy v Azerbaydjane i Armenii XVI-naçale XIX vv. L.1949,s.136].
Qarabağ xanlığının ərazisində xristian mənşəli məliklərin olması onu başqa xanlıqlardan fərqləndirirdi. Rusiya dövlətinin himayə etdiyi bu məliklər hələ Pənah xanın dövründən başlayaraq bir tərəfdən xanlıq daxilində mərkəzləşməyə mane olur, digər tərəfdən xaricdən Qarabağ xanlığına qarşı basqınların təşkilinə və həyata keçirilməsinə kömək etməklə Qarabağ xanlığının müstəqilliyini sarsıtmağa çalışırdılar [əlavə məlumat üçün bax: Mirzə Adıgözəl bəy. Qarabağnamə, // “Qarabağnamələr”, I kitab, Bakı, 1989, s.36-37].
Ermənilər Azərbaycan torpaqlarına, o cümlədən Qarabağ xanlığına ərazi iddiasını gerçəkləşdirmək, bu torpaqlar hesabına “erməni dövləti” yaradılması ideyasını həyata keçirmək üçün müxtəlif layihələr işləyib hazırlayır və Rusiya hakimiyyət orqanlarına təqdim edirdilər. Hələ, I Pyotr dövründən Rusiyada bir sıra imtiyazlar əldə edən erməni varlıları, tacirləri regionun müxtəlif yerlərində kök salaraq özlərinə yeni-yeni məskənlər yaradır, iş yerləri açır və s. imkanlar əldə edirdilər. Onlar özgə torpaqlarında erməni dövləti yaradılması üçün öz “ideoloqlarını” hər cür maddi vəsaitlə təmin edirdilər.
XVIII əsrin 60-cı illərində Həmədanda yaşayan erməni ideoloqu İosif Emin gürcü çarı II İraklinin hakimiyyəti altında “Birləşmiş erməni-gürcü dövlətinin yaradılması” layihəsi ilə çıxış etdi. Bu layihədə “erməni dövlətçiliyinin yeganə qalıqları” adlandırılan Qarabağın xristian məliklərinə xüsusi diqqət yetirilir, onların II İraklinin hakimiyyəti altında birləşməsi ideyası irəli sürülür və Avropa nümunəsində birləşmiş erməni-gürcü ordusu təşkil etmək nəzərdə tutulurdu [Armeno-russkie otnoşenie vXVIII veke, 1760-1800 qq. t.IV, c.II, Erevan, 1990. dok.1 10].
Bu planın İngiltərənin böyük marağına səbəb olacağına ümid edən erməni ideoloqu İngiltərə hökumətini faktiki idarə edən nazir Uliyam Pittlə görüşərək layihəsini ona təqdim edə bilir. Lakin ingilis hökuməti onun siyasi layihəsini müdafiə etmədi. Erməni tarixçisi C.Ananyan etiraf edir ki, bu dövrdə İngiltərənin Türkiyə və İran ilə müttəfiqlik əlaqələrinin saxlanılması zəruri idi, buna görə də İngiltərə ermənilərə görə bu dövlətlərin maraqlarını tapdalaya bilməzdi [Ananyan C.A. Armenskiy prosvetitel İosif Emin.// Novae i noveyşoe istorie, 1998, 11,s.154].
`Avropa dövlətinin yardımından əlini üzən erməni ideoloqu öz sələfi İsrail Ori kimi çıxış yolunu yalnız Rusiyada gördü. İ.Emin 1761-ci ilin noyabrında Rusiyanın Şərqdə fəal siyasətinin tərəfdarı olan kansler Vorontsovla görüşərək layihəni Rusiya hakimiyyət orqanlarına təqdim edə bildi. Hətta xəstə yatan imperatriçə (I Yelizaveta-G.N.): “Cənubi Qafqazda erməni dövlətinin olması xüsusilə, Türkiyə ilə müharibə şəraitində Rusiya üçün böyük əhəmiyyət kəsb edərdi”-fikrini söyləyərək bu layihəni rəğbətlə qarşılamışdı. Layihədə irəli sürülən ideyaları reallaşdırmaq məqsədi ilə İ.Emin kansler Voronsovun xüsusi təqdimatı ilə gürcü çarı II İraklinin yanına göndərildi [Ananyan C.A. Göstərilən əsəri,s.156].
1763-cü ilin yazında Tiflisə gəlib çıxan İ.Emin Kartli-Kaxeti çarı II İrakli, İmeretiya çarı Salamonla danışıqlar aparmış. Həmçinin Qanzasar (Alban) patriarxı, Qarabağın bir neçə xristian məliyi və qərbdəki ermənilərlə (Azərbaycanın İrəvan bölgəsində yaşayan azsaylı ermənilərdən söhbət gedir-G.N.) ilə əlaqə yarada bilsə də [Armeno-russkie otnoşenie...., 1760-1800 qq., dok. 1 10] ciddi nəticə əldə edə bilməmişdi.
XVIII əsrin 60-cı illərinin sonlarından başlayaraq Rusiyanın mərkəzlərinə, Moskva və Peterburqa köçən varlı ermənilər (Lazarev, Kampanov, Manuçarov, Sarafov və b.) bu şəhərlərdə məskunlaşaraq özlərinə iri torpaq mülkləri əldə edir, manufakturalar inşa etdirir, hətta bəziləri zadəgan rütbəsi alırdılar. “Müstəqil erməni dövləti” yaratmaq xülyasını düşünən bu ermənilər “Ücmüədzim katalikosu və Qarabağın xristian məlikləri ilə Rusiya hakimiyyət dairələri arasında vasitəçi rolunu oynayırdılar” [İoannsen A.R. Rossie i armenskoe osvoboditelnoe dvijenie v80-x q. XVIII veke. Erevan. 1947.s.19-20].
Bundan əlavə, uzaq Hindistanda yaşayan digər bir erməni ideoloqu Ş.Şaamiryan da Ücmüədzim katalikosu Simona göndərdiyi müraciətində hər şeydən əvvəl “gürcü çarı II İrakli ilə Qarabağ məliklərinin birliyinə nail olmağın zəruriliyini” qeyd edirdi. Bundan əlavə, Ş.Şaamiryan Cənubi Qafqazda yaşayan ermənilərin sayının az olduğunu bildiyindən Alban katalikosunu və Qarabağın xristian məliklərini də bu mübarizəyə hazırlamağa və bu işin həyata keçirilməsində ermənilərə yardım edə biləcək yeganə qüvvənin Rusiya olduğunu bildiyi üçün mübarizəyə başlamazdan əvvəl II Yekaterinaya müraciət etməyi tövsiyyə edirdi [İoannisen A.R. Rossie i Armenskoe.., s. 150-151].
Daha bir məsələyə diqqət yetirmək lazımdır: əksər erməni ideoloqları arzusunda olduqları “erməni dövləti”nin yaradılmasında məhz Kartli-Kaxeti çarlığının rolunu əsas götürürlər. Bu bir daha təsdiq edir ki, o dövrdə Azərbaycanın qərb torpaqlarında yaşayan ermənilər say etibarı ilə azlıq təşkil etdiyindən bölgədə “erməni dövləti” yaradılması ideyası sosial-iqtisadi və milli zəminə söykənmirdi. Məhz bu səbəbdən də erməni ideoloqları ermənilərin gürcülərlə birləşməsi ideyasını irəli sürür və əməli tədbirlərə başlamaq üşün Rusiya hakim dairələrini saxta məlumatlarla şirnikləndirirdilər. Məhz belə məlumatların nəticəsində 1780-ci il yanvarın 24-də Moskvadan Həştərxana göndərilən V.A. Suvorov burada Azərbaycan və İran ərazisi, xüsusilə Qarabağ və İrəvana gedən yollar, yaşayış məntəqələri və s. haqqında ətraflı məlumatlar toplayırdı [İonnisen A.R. Rossie i armenskoe asvobod..., s. 28].
Əslində Azərbaycanın qərb torpaqlarına, o cümlədən Qarabağ xanlığının ərazisinə olan ərazi iddiaları dövrün sənədlərini məharətlə saxtalaşdırmağı bacaran erməni “tarixçiləri” tərəfindən uydurularaq Rusiya və digər xarici tarixşünaslığa yol tapan, tarixi gerçəkliyi əks etdirməyən qondarma ideyalardan başqa bir şey deyildir.
M.Q.Nersisyanın ümumi redaktəsi ilə tərtib olunan “Erməni-rus əlaqələri”nin IV cildində nəşr olunmuş bu sənədin heç bir yerində erməni məlikləri və ya “erməni ərazisi” ifadələri işlənmədiyi halda, erməni müəllifi A.R.İoannisyan həmin sənədi şərh edərkən heç bir tarixi fakta əsaslanmadan məlikləri erməni, söhbət gedən əraziləri isə Ermənistan adlandırmışdır [Armeno-russkie otnoşenie...,t.IV, c..II, dok.1 92,s.155-156]. Məqsəd aydındır, dövrün sənədlərini saxtalaşdırmaqdan çəkinməyən “müəllif” qeyd olunan dövrdə məhz həmin ərazlərinin sakinlərinin erməni olduğunu “sübuta yetirməyə” və bunu ictimaiyyətin beyninə yetirməyə çalışmışdı.
1768-1774-cü illərdə baş vermiş Rusiya-Türkiyə savaşının birincinin qələbəsi ilə qurtarması və Rusiyanın özü üçün əlverişli olan kiçik Qaynarca sülhünün (1774, iyul) imzalanmasından sonra Şərq siyasəti yenidən fəallaşdı. Bu müqaviləyə əsasən Rusiya Qara dənizdə ticarət donanması saxlamaq hüququ aldı, Krım osmanlılardan asılı olmayan bitərəf dövlət elan edildi. Osmanlı imperiyası Cənubi Qafqazda fəal siyasət yeritmək imkanından məhrum olaraq ilk dəfə müsəlmanlarla məskunlaşmış ərazini güzəştə getmək məcburiyyətində qaldı.
Əlverişli beynəlxalq vəziyyətdən yararlanan ermənilər öz məkirli ideyalarını reallaşdırmaq üçün müxtəlif vasitələrlə Rusiyanın hakimiyyət orqanları ilə yaxınlaşmağa çalışırdılar. İvan Lazarev Rusiyadakı erməni arxiyepiskopu İosif Arqutinski ilə yaxın əlaqələrə malik olmuş, müxtəlif vasitələrlə Rusiya hakimiyyət dairələrində yüksək nüfuza malik şəxslərin, o cümlədən knyaz Q.A.Potyomkinin, general A.V.Suvorovun, kansler A.A.Bezborodkonun etimadını qazanmış və bundan istifadə edərək “Rusiyanın köməyi və protektoratlığı altında erməni dövləti yaradılması” ideyasını irəli sürmüşdü. (Armeno-russkie otnoşenie... 1760-1800 qq., dok.88).
Bundan əlavə, 1780-cı il yanvarın 10-da İvan Lazarevin Rusiyanın yuxarı dairələri ilə olan görüşündə erməni ideoloqu A.V.Suvorova “Ermənistannın siyasi vəziyəti və erməni dövlətinin bərpası haqqında tədbirlər” adlanan “məruzə qeydləri”ni təqdim etdi. Bu görüşdə “Böyük Ermənistan”ın bəpası və İrəvanda ayrıca erməni dövləti yaradılması haqqında ideyalarla bərabər həmçinin, uydurma bir xəritə tərtib edərək “qədim erməni əraziləri” adı ilə knyaz Q.A.Potyomkinə təqdim edilmişdi (Armeno-russkie otnoşenie...1760-1800qq., dok. 88). Erməni tarixçiləri bu xəritənin İ.Lazarev və İ.Arqutinski tərəfindən A.V.Suvorova təqdim olunduğunu qeyd etməklə yanaşı, həmin xəritənin sonunda A.V.Suvorovun imzasının qoyulmasını hakim dairələrinin “erməni məsələsi”nə necə ciddi yanaşdığını, “Rusiyanın protektoratlığı altında erməni dövlətinin bərpası məsələsinə” ürəkdən can yandırdığını iddia edirlər (Yenə orada, s. 7).
Görünür, həmişə öz işğalçı siyasətlərini başqa xalqın problemləri üzərində həll etməyə öyrənmiş Rusiya hakim dairələri bu dəfə də əlverişli kartdan-Qarabağda xan ilə məliklər arasındakı münaqişələrdən istifadə etməyə can atır və I Pyotrun dövründə özünü doğrultmuş olan müsəlman dövlətlərinin tərkibində yaşayan xristianları “himayə etmək” adlı ənənəvi siyasətini davam etdirirdi. Bu fürsətdən yararlanan erməni ideoloqları isə Rusiya hakimiyyət orqanlarını hər iki tərəfə sərf edəcək qeyri-obyektiv məlumatlarla təmin edirdi. Yuxarıda qeyd etdiyimiz “İvan Lazarevin qeydləri”ni (arxiv Akademii Nauk SSSR, f. 99, 13, “Bumaqi qeroe Suvorova 1780-1783qq. v bıtnosti eqo v Astarxani ideoloji na kubani, o Persii ideoloji Kavkaze”, 11. 59-64; İoanissen A.R.Rosse i armenskoe osvobod..., s. 23) şərh edən erməni tarixçisi A.İoanisyan tarixi qərəzli şəkildə saxtalaşdıraraq Qarabağı “Ermənistan”ın bir hissəsi kimi qələmə verməkdən çəkinməyərək yazır: “Sənəddə qeyd olunur ki, Ermənistanın artıq neçə əsrdən bəri dövlətçilikdən məhrum olmasına baxmayaraq, qarabağlılar indi də müstəqildilər və imkan yetişən kimi “Ermənistan dövləti” asanlıqla bərpa oluna bilər.
Əgər, imperatriçənin himayəsilə aramızdan bir rəhbər təyin edilsə kifayətdir ki, ilk vaxtda o, Dərbənddə möhkəmlənə bilər və əgər Şamaxı və Gəncəni tutmaq üçün ona yardım göstərilərsə, şübhəsiz ki, Qarabağ və Sığnaqdan onlara çoxlu adam qoşula bilər. Böyük miqdarda qoşunla İrəvan və digər şəhərləri asanlıqla ələ keçirmək olar. Bunun üçün ilkin sığınacaq və 2-3 minlik qoşunu saxlamaq üçün iki illik xərc lazımdır. Bütün bu vilayətlər ələ keçirildikdən sonra isə erməni “rəhbəri” bu vilayətlərin gəlirləri hesabına xeyli qoşun saxlaya bilər. Lakin, gələcəkdə də milli orduya lazımi hərbi bilikləri öyrətmək üçün rəhbərin sərəncamında bir qədər rus piyadası, həmçinin topçular olmalıdır.
Bütün bu nailiyyətləri asanlıqla həyata keçirmək olar və bu nəinki Rusiyanın şöhrətini artırar, həm də Türkiyə və İrana böyük zərbə olar, çünki gələcəkdə Ermənistan öz sərhədlərini genişləndirdikdən sonra öz gəlirləri hesabına 15-25 minlik qoşun saxlaya bilər. Türklərə və hər hansı birisinə qarşı müharibə təqdirində isə 60 mindən çox ordu çıxara bilər” (Ioannisən A.R.Rossie i armenskoe osvobod..., s. 23-24).
XVIII əsrin II yarısında Rusiyada “ermnəi dövlətini bərpa etmək planları”nın hazırlandığı bir dövrdə digər bir planı-yeni yaradılacaq “Ermənistan dövlətinin” hansı formada olması barədə layihəni Hindistan ermənisi Şaamir Şaamiryan tərtib etmişdir. Bu plana görə “yaradılacaq müstəqil erməni dövlətinin başında erməni çarı durmalı; dövlətinin Peterburqda daimi nümayəndəliyi olmalı; Rusiya ilə ömürlük müqavilə imzalanmalı; Ermənistanın təhlükəsizliyini təmin etmək üçün 6 minlik rus qarnizonu 20 il müddətinə Ermənistanda qalmalı” idi [İstorie armenskoqo naroda /pod. red. M.Q.Nersisena/, s. 173 /].
70-ci illərdə Şaamiryan tərəfindən Ücmüədzim katalikosu Simona göndərilən müraciətlərdə “Ermənistanın azad edilməsi uğrunda mübarizənin fəaliyyət proqramı” öz əksini tapmışdı. Burada hər şeydən əvvəl “gürcü çarı II İrakli ilə Qarabağ məliklərinin birliyinə nail olmağın zəruriliyi” qeyd olunurdu. Sonra isə II Yekaterinaya “xüsusi müraciətin yazılması” təklif edilirdi. Bununla yanaşı, Ücmüədzim katalikosuna “erməni əhalisinin sayının dəqiqləşdirilməsi, “azadlıq mübarizəsinin” maliyələşdirilməsi, kilsəyə toplanan vəsaitlə üsyana hazırlaşmaq üçün hərbi təlimlər keçirilməsi” tövsiyə olunurdu. Erməni ideoloqu eyni vaxtda həm də, Qarabağın xristian məlikləri ilə də yazışmalar aparırdı.
O, Alban katalikosu İosifə də Ücmüədzim katalikosuna təbliğ etdiyi ideyalarının əks olunduğu məktubu ilə bərabər müxtəlif odlu silahlar və özünün “Yeni kitab”ını göndərmişdi [İoannisen A.R.Rossie i armenskoe osvobod..., s.150-151]. Göründüyü kimi, Ş.Şaamiryan Cənubi Qafqazda yaşayan ermənilərin sayının az olduğunu bildiyindən Alban katalikosunu və Qarabağın 5 xristian məliklərini də bu mübarizəyə hazırlayır və bu işin həyata keçirilməsində ermənilərə yardım edə biləcək yeganə qüvvənin Rusiya olduğunu bildiyi üçün mübarizəyə başlamazdan əvvəl II Yekaterinaya müraciət etməyi tövsiyyə edirdi.
Erməni ideoloqu Ş.Şaamiryan yeni Ücmüədzim katalikosunun vasitəsi ilə 1784, 1785-ci illərdə Qarabağ məlikləri və Gürcü çarı II Irakli ilə əlaqədar saxlamış, onlara öz “planları”nı, “əsərləri”ni və hətta özü tərəfindən tərtib olunmuş uydurma “Ermənistan xəritəsi”ni də göndərmişdi [İoannisen A.R. Rossie i armenskoe osvobod..., s. 152].
Göründüyü kimi, İ.Arqutinskidən fərqli olaraq Ş,Şaamiryan “gələcək Ermənistanın” Rusiyadan asılılığını yalnız xərac verməkdə görürdü. Lakin, onların hər ikisini eyni fikir birləşdirirdi. İ.Arqutinski kimi Şaamiryan da “ermənilərə dövlət yaratmaq” ideyasını yalnız Rusiya hakim dairələrinin yardımı ilə Azərbaycan torpaqlarının zəbt olunması hesabına həyata keçəcəyini əsas götürürdü. Hər iki layihə Rusiyanın Şərqə doğru irəliləməsi nəticəsində “erməni məsələsi”nin siyasi fəallıq qazandığı bir dövrdə ortaya çıxmışdı.İ.Arqutinskinin tərtib etdiyi layihə Rusiya siyasətinin məqsəd və vəzifələri ilə ziddiyyət təşkil etmədiyindən Rusiya hakim dairələri tərəfindən daha münasib qarşılanmışdı. Hər iki layihənin mətnindən bəlli olur ki, Rusiya diplomatiyası qarşıya qoyulan məqsədi həyata keçirməyə nail olmayacağı təqdirdə, yəni Rusiyanın köməyi olmadan oyuncaq “erməni dövləti”nin yaradılması reallaşa bilməzdi.
Erməni keşişi Q.A.Potyomkinə məktubunda [ÜQADA, Qosarxiv, Razred XV, dok. 1149,1.1. 195-196; İonnisen A.R.Rossie i armenskoe osvobod..., s. 120] qeyd edirdi ki, “əgər İbrahim xan imperatriçanın himayəsini qəbul etsə, məliklər Rusiya himayəsinə, xüsusilə ayrıca surətdə qəbul olunsunlar və yalnız II İraklidən asılı olaraq müstəqil olsunlar”. Göründüyü kimi, İ.Arqutinski artıq rus qoşunlarının gəlməsinə şübhə ilə yanaşırdı. Bundan əlavə erməni müəllifi A.İoannisyanın özünün etiraf etdiyi kimi, erməni keşişi həmçinin, “İbrahimxəlil xanın Rusiyaya müraciətini eşidib Rusiya hakim dairələrinin erməniləri unudaraq Qarabağ xanı ilə müqavilə bağlayacağından qorxurdu. Buna görə də o, artıq bir il əvvəlki kimi çox iri əraziyə malik olan “Böyük Ermənistan dövləti” (Azərbaycan, həm də Osmanlı torpaqları hesabına-G.N.) yaratmaq barədə geniş planlar irəli sürmür, yalnız “Ararat çarlığı” (İrəvan bölgəsini nəzərdə tuturlar-G.N) adlandırdığı erməni dövləti yaradılması planını təklif edirdi” [Yenə orada].
Lakin, Rusiya-Türkiyə savaşının (1787-1791) başlanması XVIII əsrin ikinci yarısında Rusiya imperiyasının Cənubi Qafqazda fəal müstəmləkəçi siyasətini axıra qədər reallaşdıra bilməsinə imkan verməmiş, Azərbaycan torpaqları, o cümlədən Qarabağ xanlığı ərazisində “erməni dövləti” yaratmaq məqsədilə tərtib olunan layihələr kağız üzərində qalmışdı.