İlhamə Hüseynova
Erməni təcavüzü və Qarabağ
XIX əsrin ikinci yarısından başlayaraq erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, türk və Azərbaycan xalqlarına qarşı düşmənçilik ruhunda tərbiyə edilmişdir. Erməni “alimlərinin” səyləri ilə dədə-baba torpaqlarımızın tarixi saxtalaşdırılmış, adları dıyişdirilmiş, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparmışdır. Soydaşlarımıza qarşı törədilmiş kütləvi qırğınlar, 1905-1906-cı illər, 1918-1920-ci illər, 1948-1953-cü illər və 1988-1994-cü illərdə baş vermiş hadisələr erməni millətçi dairələri və onları himayə edən böyük dövlətlərin mürtəce qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı aparılmış etnik düşmənçilik siyasətinin nəticəsi idi.
Azərbaycanlıların soyqırımı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Gəncədə, Lənkəranda və digər yerlərdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Həmin ərazilərdə dinc əhali kütləvi şəkildə məhv edilmiş, kəndlər yandırılmış, milli abidələr dağıdılmış və yandırılmışdır. Son aylarda Qubada təsadüf nəticəsində aşkar olunan kütləvi qəbirstanlıq 1918-ci ildə törədilən erməni vəhşiliyinin bariz nümunəsidir.
Ötən əsrin 80-cı illərinin sonlarında da yaranmış şəraitdən əlverişli istifadə edən erməni millətçiləri Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün əvvəlcə Ermənistan Respublikası əzəli sakinləri olan yüz minlərlə azərbaycanlıların dədə-baba yurdlarından zorla departasiyasını başa çatdırmış, sonra isə ölkəmizə qarşı açıq silahlı təcavüzə başlamışlar.
Artıq 19 ildir ki, elan olunmamış işğalçılıq müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 20%-i zəbt olunmuş, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkünə çevrilmiş, on minlərlə adam həlak olmuşdur. Lakin buna baxmayaraq Azərbaycan dövləti Ermənistan Respublikasının təcavüzünün nəticələrini sülh yolu ilə aradan qaldırılmasına çalışır. Ermənistanla Azərbaycan arasında cəbhə xəttində atəşkəs rejiminin mövcudluğuna baxmayaraq, hər gün silah səsləri eşidilir, onlarla əsgər və dinc əhali qətlə yetirilir, əkin və meşə sahələri yandırılır.
Ermənistan öz işğalçı siyasətini davam etdirərək Azərbaycan torpaqlarının bugünədək işğaldan azad etməməsi, erməni hərbçiləri tərəfindən cəbhə bölgələrində atəşkəsin mütəmadi surətdə pozulması nəinki Cənubi Qafqaz üçün bütün dünyada təhlükə mənbəyi kimi qalır. Dünyada terrorçuluq sahəsində böyük təcrübəyə malik olan ermənilər tərəfindən işğal olunmuş ərazilərdə terrorçuluğun 4 istiqaməti üzrə fəaliyyət göstərirlər: 1. Nüvə terroru; 2. Bioloji terror; 3. Kimyəvi terror; 4. Kompyuter terroru. Milli sərvətlərimizin talan olunmasını (qızıl ehtiyatlarının, mineral ehtiyatların, meşələrin) isə xüsusilə qeyd etməliyik.
Çox təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamələrin, ATƏT-in və digər beynəlxalq təşkilatların müvafiq qərarlarının həyata keçirilməsi indiyə kimi təmin edilməmiş, Minsk qrupunun fəaliyyəti ona bəslənilən ümidləri doğrultmamışdır. Həmsədrlər tərəfindən məsələyə konkret yanaşılmır, işğalçı öz adı ilə çağrılmır və proseslərin gedişində “ikili standartlara” yol verilir.
Bunun nəticəsində Ermənistan işğalçıları və qondarma Dağlıq Qarabağ separatçıları sərbəst surətdə öz çirkin işləri ilə məşğul olur, münaqişənin həlli illərlə əsassız olaraq yubadılır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, habelə bir milyondan çox qaçqın və məcburi köçkünlərinin pozulmuş hüquqları təmin edilmir.