İlqar Niftəliyev
Erməni sovet tarixşünaslığında Azərbaycan-erməni münasibətləri
tarixinin saxtalaşdırılması
XX əsrin 80-ci illərində Azərbaycan SSR-də və ümumiyyətlə Sovetlər İttifaqında milli zəmində baş qaldırmış münaqişələr vaxtilə yasaq qoyulmuş tarixi mövzuların araşdırılmasını aktuallaşdırdı. Bu təsadüfi deyildi, çünki, “kommunizm” qurulduğu bir ölkədə, onun milli siyasəti ayrı-ayrı xalqların milli şüurunun inkişafına deyil, yeni bir vahid tarixi birliyin-sovet xalqının yaranmasına yönəlmişdir ki, burada da hər hansı millətlərarası ziddiyyətlərdən, münaqişələrdən söz gedə bilməzdi. Sovet tarixşünaslığında milli münasibətlər məsələsinə “Lenin milli siyasətinin qələbəsi”, “sarsılmaz xalqlar dostluğu”, “vahid sovet ailəsi” nöqteyi-nəzərindən baxılırdı.
Qələmə alınan əsərlər ilk baxışdan tarixi sənədlər və materiallarla zəngin olsalar da, onların Kommunist partiyasının sifarişlərinə müvafiq surətdə təhlil edilməsi səmərəli elmi axtarışlar aparılmasına imkan verməmişdir. Nəticədə tariximizin bir çox vacib məqamlarına, o cümlədən Azərbaycan-erməni münasibətlərinin tarixinə aydınlıq gətirilməmiş, tarixi hadisələrin izahı, şərhi saxtalaşdırılmış, araşdırmalarda tarixi həqiqətdən çox ideologiyaya üstünlük verilmişdir. Sovet erməni tarixşünaslığında erməni xalqının tarixi aşağıdakı istiqamətlərdə verilirdi: 1. kafirlərin (müsəlmanların) əhatəsində olan “əzabkeş” bir xristian xalqın obrazı yaradılırdı; 2. bu xalqın “qədimliyi” müxtəlif saxta mənbələrlə əsaslandırılırdı; 3. 1915-ci il qondarma “soyqırım” məsələsi qabardılırdı; 4. ermənilərin şüurunda düşmən türk və tarixi rus-erməni dostluğu haqqında fikir formalaşdırılırdı; 5. “Böyük Ermənistan dövlətini bərpa etmək” ideyası gündəmə gətirilirdi.
Azərbaycan və erməni xalqlarının qədim və orta əsrlər tarixinə dair yazılmış əsərlər bir-birinə çox bənzəyirdi. Müəlliflər sovet tarix elmində mövcud olan hakim konsepsiyaya əsasən hər iki xalqın xarici işğalçılara (romalılara, farslara, ərəblərə, monqollara, osmanlılara) və daxili zülmkarlara qarşı mübarizədə vahid cəbhədə mübarizə apardıqlarını sübut etməyə çalışmışdılar. Erməni müəllifləri həmin hadisələrin nəticəsi kimi bütün əsərlərində tarixi faktları təhrif edərək guya erməni torpaqlarının Şərqi və Qərbi Ermənistana bölünməsini sübut etməyə cəhd edirdilər. Bu fikir erməni tarixçilərinin əsərlərinin ana xəttini təşkil edirdi.
Digər tərəfdən həmin müəlliflər tarixi faktları saxtalaşdıraraq Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin tərkibində yerli inzibati-ərazi vahidi kimi yaradılmış və deetnizasiyaya məruz qalmış beş alban xristian məlikliyinin siyasi rolunu şişirtməyə, hər bir məlikliyi az qala “erməni millidövlətçiliyi”nin nümunəsi, “əsrlər boyu erməni dövlətçililiyi ənənələrini qoruyub saxlayan, yaşadan” qurum kimi təqdim etməyə və eyni zamanda erməni əhalisini tarixi Qarabağ ərazisinin yerli sakinləri olduğunu sübut etməyə çalışırdılar. Bu müəlliflər Qarabağ və İrəvan torpaqlarını erməni əhalisinin əsas hissəsinin cəmləndiyi “tarixi Ermənistan ərazisi” adlandırmaqla yanaşı, Qarabağ ərazisində olan xristian məlikləri “faktiki olaraq müstəqil hakimlər, öz ərazilərində tam ixtiyar sahibi, özlərinə məxsus hərbi qüvvəyə malik knyazlıqlar” kimi təsvir etmişdilər.
XIX əsrin əvvəllərində Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğal olunmasına erməni sovet tarixşünaslığında “nicat yolu”, “könüllü birləşmə ” kimi ifadələrlə bəraət qazandırılırdı. Erməni tarixçiləri Qarabağ xanlığı ilə Rusiya arasında 1805-ci il mayın 14-də Kürəkçay müqaviləsinin bağlanması faktını və onun məzmununu gizlətməyə çalışmışdılar. Bu təsadüfi deyildi, çünki həmin müqavilə ilə Rusiya birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul etmişdir, ən əsası isə Qarabağ xanı İbrahim xan müqavilədə Şuşalı və Qarabağlı İbrahim xan kimi göstərilmişdir. Bununla bərabər müqavilədə nə məlikliklər, nə də ermənilər haqqında bir kəlmə belə söylənilməmişdir.
Eyni saxta üsullardan istifadə edən erməni müəllifləri əsərlərində Azərbaycanın Qərb torpaqlarının (İrəvan xanlığının, indiki Ermənistan respublikası) Rusiya tərəfindən işğalı faktını Şərqi Ermənistanın ona könüllü birləşməsi kimi qələmə verirdilər, 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsinin XV maddəsinin mahiyyətini isə tamamilə gizlədirdilər. Beləliklə ermənilərin XIX əsrin əvvəllərində İrandan və Türkiyədən Şimali Azərbaycanın tarixi torpaqları olan Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarına kütləvi köçürülməsi və həmin torpaqlara sonrakı iddiaları ya işıqlandırılmamış, ya da bu məsələlərə sovet elmi konsepsiyası və sinfi-ideoloji məqsədlər mövqeyindən qiymət verilmişdir.
1905-1906, 1918-1920-ci illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım erməni sovet tarixşünaslığında sinfi mübarizə, daşnakların və müsavatçıların öz xalqlarına qarşı düşmən münasibəti kimi işıqlandırılmışdır. Bu hadisələrlə bağlı baş verən ictimai və siyasi proseslərin mahiyyəti təhrif olunmuş, onlara dair faktlar və sənədlər tədqiqatçılardan gizlədilmiş, tariximizə böhtanlar atılmış, mühacir və xarici tədqiqatçıların bu mövzuda axtarışlarına “burjua saxtalaşdırıcıları” damğaları vurulmuşdu.
Sovet etməni tarixşünaslığı, “Böyük Ermənistan” və onun əsas daşıyıcısı olan “Daşnaksütun” partiyasının siyasətinin yedəyində gedən, nəzəri-ideoloji təminatçı rolunu oynayırdı. Erməni tarixçiləri Azərbaycan-erməni münasibətlərinə Rusiya-Türkiyə, Ermənistan-Türkiyə tarixi münasibətləri prizmasından baxırdılar. Onlar Ermənistanda Sovet hakimiyyətinin qurulması, Türkiyə və Rusiya ilə əlaqədar problemlərə həsr etdikləri əsərlərdə Naxçıvan, Zəngəzur, Qarabağ bölgələrinin tarixinə dair bəzi məsələləri öz tarixləri kimi qələmə vermişdilər. Ermənilərin bu ərazilərə olan iddialarını pərdələmək üçün həmin müəlliflər Qarabağı, Naxçıvanı, Zəngəzuru Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” kimi təqdim edirdilər, lakin mübahisənin təşəbbüskarı kim olduğunu gizlətməyə çalışırdılar (S.Xarmandaryan, Q.Qaloyan).
Bu isə ermənilərin mənafe və məqsədlərindən doğan bir çox tarixi faktların və həqiqətlərin saxtalaşdırılmasına gətirib çıxarmışdır. Məsələn, bir qrup sovet erməni tarixçisi (S.Aqayan, H.Barseqyan, S.Kakapetyan, Q.Qaloyan) Naxçıvanda, Zəngəzurda, Şərur-Dərələyəzdə və Qərbi Azərbaycanın digər bölgələrində azərbaycanlıların qırğınlarının təşkilatçıları olan Andronik, Dro, Ncdenin əməllərini müxtəlif elmi və siyasi ibarələrlə ötr-basdır etməyə çalışmış, tarixi həqiqətləri saxtalaşdırmışdılar. M.Şaqinyan Qarabağ və Zəngəzuru, Z.Balayan isə Naxçıvan və Qarabağı öz əsərlərində tarixi erməni əraziləri kimi qələmə vermişdilər.
XX əsrin 80-ci illərinin sonundan başlayaraq ermənilərin növbəti dəfə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində olan ərazi iddiaları fonunda Ermənistanda yazılan əsər və məqalələrin əsas istiqamətlərini aşağıdakılar təşkil edirdi: 1)Dağlıq Qarabağa ermənilərin iddialarının tarixi nöqteyi-nəzərdən əsaslandırılması 2)Andronik və digərlərinin erməni xalqının tarixində “qəhrəman” kimi yaddaşlarda möhkəmləndirilməsi 3)Zəngəzurun Ermənistana verilməsinin tarixi ədalətin bərpası kimi qiymətləndirilməsi və bu zəmində Naxçıvana dair yeni ərazi iddialarının qanuniliyi tam aşkar şəkildə ifadə olunmuşdur.
Ermənistan tarixşünaslığında sovet dövründə yazılan əsərlərin təhlili zamanı bir sıra qeyd ediləsi məqamlar müşahidə olunur. Totalitar sovet siyasi sistemi şəraitində formalaşmasına baxmayaraq, erməni tarixşünaslığı dövrün yaratdığı qadağalara məhəl qoymayaraq qondarma erməni ümummilli ideyasına –“Böyük Ermənistan” ideyasına xidmət etmişdir. Sovet tarixşünaslığı ilə mühacirət qütbdən olan tədqiqatların istiqamətləri, məzmununa və nəticələrinə görə bir-biri ilə ziddiyyət təşkil etdikləri halda, bunu Ermənistan tarixşünaslığının müvafiq qütbləri haqqında demək olmaz. Burada hər iki qütb, demək olar ki, eyni hədəfə vurmuş, yəni “Böyük Ermənistan” ideyasına xidmət etmişdilər.