İsmayıl Musa
Azərbaycanın Zəngəzur mahalının Ermənistana
verilməsi prosesi
Ermənistan Zəngəzura dair iddialarını reallaşdırmaq məqsədilə 1920-ci ilin payızında tədbirlər görməyə başladı. Tarixi ərazilərimizlə siyasi alver xəttini tutan Rusiya və Azərbaycan “rəhbərliyi”nin ifrat beynəlmiləlçiliyini, onun sovetləşdirmə adı altında həyata keçirilən yenidən işğal ilə Cənubi Qafqazın hamıdan əvvəl razılaşmasını və s. qiymətləndirmədən öz siyasətini yürütməkdə, ermənipərəst mövqedən çıxış etməkdə israrlı oldu.
Azərbaycanın Şura hökuməti RSFSR ilə hərbi-iqtisadi ittifaq haqqında müqavilə (30.XI.1920) bağlayarkən birgə sosializm quruculuğu, Sovet Rusiyası rəhbərliyinin təzyiqi və s. mülahizələri əsas tutmaqla yanaşı həm də öz ərazisinin bütövlüyünün təmin olunmasına da ümid bəsləmişdi. O mübahisəli məsələləri həll etmək üçün bir sıra yeni təkliflər irəli sürmüşdü.
Bunlarla paralel surətdə Sovet Rusiyası ilə Ermənistan arasında müqavilənin layihəsi hazırlanırdı. Bir sıra diplomatik sənədlərin də sübuta yetirlidiyi kimi, həmin danışıqlarda söhbət gedən layihədə Azərbaycanın milli-dövlət mənafelərinə ciddi qəsdlər edilərək onun tarixi torpaqları olan Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi planlaşdırıldı. Bu zaman Rusiya hökuməti Q.Orconikidzenin belə bir müddəasından çıxış edirdi ki, “...məlum siyasi şəraitdə Ermənistan bizə lazım ola bilər”.
Həmin fikirləri sovet rəhbərliyi tərəfindən mərhələ-mərhələ ortalığa atılan və regionda həyata keçirilən bu şüarlar da (əvvəlcə “Yalnız Sovet hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü təmin edə bilər”, sonra isə “Yalnız Sovet hakimiyəti Zəngəzuru Ermənistana qaytara və Azərbaycanı Qarabağa muxtariyyat verməyə məcbur edə bilər”) təsdiqləyir.
İrəvandakı danışıqlar tərəfləri gələcək sülh müqaviləsini tanımağa məcbur edən protokolun imzalanması ilə qurtardı. Həmin sazişlə də Ermənistan Qarabağdan imtina etməli, ancaq Zəngəzur və Naxşıvanı almalı idi. Göründüyü kimi, işlər İ.Stalinin “Azərbaycanın fatehi” adlandırdığı Q.Orconikidzenin “əvvəlcə Naxşıvanla Zəngəzurun Ermənistana keçməsinə nail olmaq və sonra da Azərbaycanı Dağlıq Qarabağa muxtariyyat verməyə vadar etmək” planına uyğun gedirdi. Doğrudur, AK(b)P MK Siyasi Bürosu və RK(b)P MK Qafqaz Bürosunun İ.Stalin, Q.Orconikidze, Qabrielyan, B.Leqran, Ə.Qarayev və b. iştiraki ilə keçirilən birgə iclasında (4.XI.1920) Rusiya ilə Ermənistan arasındakı müqavilənin şərtlərinə toxunularkən belə bir qərar qəbul edilmişdi: “Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi haqqında təklif olunan maddə nə siyasi, nə də strateji cəhətdən sərfəli deyildir və yalnız lap son halda baş tuta bilər”.
İ.Stalinin Bakıda AK(b)P MK və Bakı komitəsinin birgə plenumunda-RK(b)MK Qafqaz Bürosu, Azərbaycan İnqilab Komitəsi, Bakı Soveti və s. birgə iclasında (9.XI.1920) “Zəngəzur məsələsi”nin müzakirəsi zamanı söylədiyi aşağıdakı sözlər də fikrimizə əsas ola bilər: əgər Zəngəzur və Naxçıvanın kimə məxsus olmasını bilmək istəyirlərsə, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, orada Sovet hökuməti yaranarsa vermək olar. Onun belə bir mövqeyini bir sıra digər mülahizələrlə yanaşı, həm də “Mən Azərbaycanın müstəqilliyinin tərəfdarı deyiləm. Kommunistlərin bir hissəsinin digərindən müstəqilliyi ola bilməz” kimi məkrli və eyni zamanda cəfəng tezislə izah etmək mümkündür.
Zəngəzurun bir hissəsinin Ermənistana verilməsində aşağıdakı iclasın da böyük “xidməti” olmuşdur. AK(b)P MK Siyasi və Təşkilat bürolarının bu birgə iclasının (30.XI.1920) qəbul etdiyi “tarixi” qərarlara aydınlıq gətirmək məqsədilə orada iştirak edənlərin tərkibinə də mütləq diqqət yetirilməlidir. Q.Orconikidze, Sarkis (S.Ter-Danielyan), Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov və b. iclasda 3-cü məsələ kimi “Ermənistan İnqilab Komitəsinin Ermənistanda Sovet hakimiyyətinin elan olunması haqqında teleqramı” müzakirə edilmiş və geniş bir qərar çıxarılmışdı.
Həmin qərarın “v” bəndində yazılırdı: Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir. İclasın və qərarın, demək olar ki, başlıca məqsədi onun mərkəzi bəndində (“q”) öz əksini tapmışdı. Orada deyilirdi ki, Zəngəzur və Naxçıvan Ermənistana keçir. Digər bəndlərdə isə yazılırdı: d) Qarabağın dağlıq hissəsinə öz müqəddaratını təyin etmək hüququ verilir; e) Sovet Azərbaycanı Sovet Ermənistanı ilə qırılmaz hərbi və təsərrüfat ittifaqı bağlayır (o cümlədən, neft haqqında göstərilsin). “J” və “İ” bəndlərində isə N.Nərimanova bütün bunlar barədə Bəyanat hazırlamaq və onu Bakı Sovetinin plenumunda elan etmək tapşırılırdı.
Zəngəzurun ermənilərə verilməsi, əslində isə “bağışlanması” istiqamətində daha bir addım 1920-ci il dekabrın 1-də atıldı. Həmin gün Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə keçirilən, təntənəli “tarixi” iclasında N.Nəimanov Bəyanatla çıxış etdi. “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın-kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir (Seçdirmə bizimdir-İ.M.); Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanın qoşunları isə buradan çıxarılırlar”. Burada daha sonra qeyd edilirdi ki, Sovet Azərbaycanı malik olduğu tükənməz sərvətlərin-neft, kerosin və digər məhsulların qapılarını Sovet Ermənistanı üçün geniş açır.
Bu Bəyaqnatla Azərbaycan torpaqlarının Ermənistana verilməsi (“bağlanması”) ilə bağlı bəzi mövqe və mülahizələri də bilmək maraqlı və faydalı olardı. Bakı Sovetinin həmin iclasının yekdilliklə qəbul olunan qətnaməsində “Nərimanovun Bəyanatı”nın tamamilə bəyənildiyi bildirilir və onun “...Ermənistanla müsəlman dünyası arasındakı çoxəsrlik düşmənçilik və qanlı müharibələri birdəfəlik aradan qaldırmaqla Güney Qafqaz və bütün Şərq xalqlarının tarixində yeni səhifə (?!-İ.M.) açdığı qeyd edilirdi”.
Çoxlu arxiv sənədlərinin də təsdiqlədiyi kimi, torpaqlarımızın parçalanması və paylanmasında əsas rol oynayanlardan biri olan İ.Stalin bu hadisəni belə “izah” etmişdi: “Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağın (Bəyanatın məzmunu Yuxarı Qarabağla bağlı burada da təhrif edilmişdir-İ.M.) Sovet Ermənistanına verilməsini elan edir”.
Bakı Sovetinin həmin iclasındakı çıxışında “əzabkeş erməni xalqının” (onun ifadəsidir-İ.M.) Sovet hakimiyyətinin bayrağı altına gəlməsini alqışlayan Q.Orconikidze bu bəyanatı “bəşəriyyət tarixində nümunəsi olmayan mühüm əhəmiyyətli (?!-İ.M.) tarixi akt” kimi qiymətləndirmişdi. Həmin çıxışında o, Azərbaycanın strateji bölgələrinin əhəmiyyətini azaldaraq demişdi:
“Zəngəzur, Naxçıvan və Qarabağ ruslar üçün heç nə deməkdir. Zəngəzur məhsulsuz dağlardır, taxılı yox, suyu yox, Naxçıvan bataqlıq və malyariyadan başqa bir şey deyildir, Qarabağda da heç nə yoxdur. Və budur yoldaş Nərimanov deyir: “Onları özünüzə götürün. Bu məhsulsuz torpaqları Ermənistan üçün götürün”. Sanki Sovet Azərbaycanı artıq yükdən xilas olur” (Seçdirmə bizimdir-İ.M.).
Q.Orconikidze elə həmin gün PK(b)P MK Qafqaz Bürosunun üzvü-erməni kommunistlərinin liderlərindən biri olan Nazaretyana məlum Bəyanat barədə xəbər yetirdikdə o, “mətbuatda bərəkallah azərbaycanlılar”- deyə car çəkməyə başlayacağıq cavabını vermişdi. Q.Orconikidze 1920-ci il dekabrın 2-də Bakıda verdiyi məlumatda V.Leninə və İ.Stalinə “Azərbaycan artıq dünən Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağın (sonuncuya dair fikir yenə də təhrif edilir-İ.M.) Sovet Ermənistanına verilməsini rəsmən bəyan etmişdir” xəbərini çatdırmışdı.
Bu kimi “qanunauyğun” fikirlərlə yanaşı, o vaxt Azərbaycan torpaqlarının ermənilərə verilməsinin (“bağışlanmasının”) həmin dövrdə və gələcəkdəki acı nəticələrini dərk edənlər və buna qarşı çıxanlar da az olmamışdı. M.Rəsulzadə yazırdı: “Ermənistanda dəxi bolşevik hökuməti təsis edər-etməz rus siyasəti Nəriman bəyin səxavətkar ağzı ilə iki gün əvvəl müdafiə eylədiyi Zəngəzur ilə Naxçıvan qəzasını təntənəli bir sürətdə Ermənistana hədiyyə etdi”.
Azərbaycan rəhbərliyinin az öncə sədalanan beynəlmiləlçi güzəştləri və ilkin sazişlə (10.VIII.1920) hədəfə alınanlar RSFSR-lə Sovet Ermənistanı arasındakı hərbi-siyasi müqavilə (2.XII.1920) ilə möhkəmləndirildi və gerçəkləşdirildi. Həmin sazişin 3-cü maddəsində yazılırdı ki, Rusiya Sovet hökuməti İrəvan quberniyasının.... (Naxçıvan və çevrəsindəki torpaqlar nəzərdə tutulur-İ.M.), Zəngəzur qəzasının Ermənistan SSR ərazisinin tərkibinə daxil olmasını mübahisəsiz tanıyır. Bunula da Rusiya-Ermənistan münasibətlərində mühüm önəmə malik olan məsələlərdən ən başlıcası-Azərbaycan torpaqları ətrafındakı növbəti sövdələşmə o mərhələ üçün bu şəkildə yekunlaşdırıldı.