Məryəm Oruclu
Dağlıq Qarabağ probleminin həllində
Rusiya faktorunun rolu
Post-sovet məkanında ən uzun sürən konflikt olan Qarabağ prbleminin həlli perspektivi görünməyən sonsuzluğa qədər uzanır. 13 ildən çox tərəflər arasında atəşkəs elan edilməsinə, o cümlədən, münaqişə tərəflərinin beynəlxalq vasitəçilərin çoxsaylı səylərinə baxmayaraq problem həll olunmamış qalır. Ən acınacaqlı isə bu münaqişənin “dondurulmuş münaqişələr” siyahısına daxil edilməsidir. Fakt odur ki, mövcud şəraitdə Qarabağ münaqişəsinin həlli üsulunun tapılması cəhdləri heç bir nəticə vermir. Əlbəttə ki, münaqişənin həllinə Azərbaycanın durumundan irəli gələn çox müxtəlif faktorlar öz təsirini göstərir. Bu faktorlar sırasında Rusiya faktoru önəmli yer tutur.
Qeyd edək ki, Ermənistan-Azərbaycan konfliktinin həlli ilə əlaqədar əsas təsir vasitəsi məhz Rusiyanın əlindədir. Artıq danılmaz faktdır ki, Azərbaycanda daxili ictimai-siyasi vəziyyəti Rusiya qədər qarışdıra biləcək ikinci dövlət yoxdur. Müxtəlif dövrlərdə vaxtaşırı olaraq Azərbaycanın Şimal və Cənub bölgələrində separatçı hərəkətlərin qızışdırılması, Rusiyada çörək pulu qazanmağa məcbur olan çoxsaylı soydaşlarımızın taleyi ilə bağlı edilən manipulyasiyalar, vizalı gediş-gəlişin tətbiqi və bu kimi digər hərəkətlər Rusiyanın zaman-zaman Azərbaycana etdiyi təzyiqlərin yalnız bir qismidir.
ABŞ-da baş verən 11 sentyabr terror olayınadək Rusiya ümid edridi ki, post-sovet məkanı hələ uzun müddət onun nüfuz dairəsində qalacaq. Lakin 11 sentyabr hadisələrindən sonra ABŞ hərbi bazalarını dünyanın müxtəlif ölkələrinə, o cümlədən, post-sovet məkanına yaymağa başladı. Amerikanın fəallaşması fonunda Rusiya öz maraqlarına ciddi təhlükə hiss edərək, narahat olmağa başladı. Rusiyanın sərt etirazlarına baxmayaraq Amerika Mərkəzi Asiyada öz hərbi bazalarını yerləşdirdi, Yuqoslaviyanı parçaladı, Əfqanıstan və İraqa hərbi qüvvələr çıxardı. İran məsələsində də Amerikanın Rusiyaya məhəl qoymayacağı aydın görünür. Amerika həm də post-sovet məkanında Ukraynaya, Gürcüstana və s. dəstək verməklə bu bölgələrdə də möhkəmlənmək niyyətini gizlətmir. Belə vəziyyətdə Rusiya başa düşür ki, itirilmiş mövqelərini, xüsusilə Qafqazda qaytarmaq onun üçün vacibdir.
Lakin bir tərəfdən Amerikanın timsalında demokratiyanın Qafqaz sərhədlərinə yaxınlaşması, digər tərəfdən isə Rusiyanın ənənəvi imperiya ambisiyalarının yeni formada ortaya çıxması Qafqazda vəziyyəti xeyli mürəkkəbləşdirir. NATO-da Qafqaz və Orta Asiya regionları üzrə xüsusi səlahiyyətli nümayəndə postunun yaradılması və bu vəzifəyə ABŞ Dövlət Departamentinin keçmiş müşaviri Robert Saymonsun təyin edilməsi Qafqaz regionunun Amerika üçün strateji əhəmiyyətinin ön plana keçdiyini göstərir. Digər tərəfdən Rusiyanın baş Qərargah rəisi Yuri Baluyevskinin ölkə sərhədlərindən kənarda “terrorçuların bazalarına preventiv zərbə” endiriləcəyi barədə xəbərdarlığı regionda maraqları toqquşan hər iki superdövlətin narahatlığından xəbər verir.
Tarixən isə Qafqazda möhkəmlənmək üçün Rusiyanın əlində əsas vasitə ermənilər olub. İndiki dövrdə də Rusiya kənardan təsir vasitələrini əlində saxlayaraq, Dağlıq Qarabağla bağlı prosesləri Ermənistan vasitəsilə istiqamətləndirir. Məhz bunun nəticəsində cəmiyyətdə belə fikir mövcuddur ki, ümumiyyətlə Rusiya Dağlıq Qarabağ məsələsinin həllinin əlehinədir. Çünki Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar hər hansı həll modelinin reallaşması Ermənistan və Azərbaycanın Rusiyanın əlindən çıxması demək olardı.
Təsadüfi deyil ki, indiyə qədər münaqişənin həlli ilə əlaqədar hazırlanan həll variantları Rusiyanın yaxından iştirakı ilə hazırlanıb. Bu həll variantları elə hazırlanıb ki, tərəflər bunları qəbul etməsinlər və problem həll olunmamış qalsın. Çünki bu münqişənin həlli deyil, həll olnmaması Rusiyanın maraqlarına tam uyğundur. Müşahidələr də göstərir ki, Qafqazda qeyri-sabitliyin yaranmasında ən maraqlı dövlət Rusiyadır. Çünki Rusiya belə vəziyyətdən istifadə edərək öz iqtisadi maraqlarını təmin etməyə çalışır, neftin qiymətinin yüksək həddə çatmasından, silah alverindən kifayət qədər yararlanmaq imkanı əldə edir.
Digər tərəfdən Rusiya öz hərbi bazalarının Azərbaycanda bərpa olunmasının çətin olduğunu başa düşərək burada möhkəmlənmək üçün başqa vasitələrdən istifadə etməyə çalışır. Münqişənin həlli ilə əlaqədar Rusiyanın müxtəlif dövrlərdə etdiyi təşəbbüslərin əsas məqsədi hansı yolla olursa-olsun rus qoşunlarının Azərbaycana qaytarılmasından ibarətdir. Rusiya bunu daha çox “sülhməramlı qüvvələr” adı altında həyata keçirməyə çalışır. Rusiyanın müxtəlif dövrlərdə etdiyi digər təşəbbüslər kimi, 2004-cü ilin sentyabrında Astanada V.Putinin vasitəçiliyi və təşəbbüsü ilə keçirilən İ.Əliyev-R.Köçəryan görüşü də bilavasitə bunun nəticəsi olaraq meydana gəldi. Bu görüşdə V.Putinin Dağlıq Qarabağla əlaqədar müzakirəyə təqdim etdiyi planın mahiyyəti ondan ibarətdir ki, Ermənistan öz qoşunlarını Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərdən çıxarır, əvəzində isə Dağlıq Qarabağın statusuna dair Azərbaycan və Qarabağda referendum keçirilir.
Təsadüfi deyil ki, Rusiyanın həmdsədr olduğu ATƏT-in Minsk qrupunun 8 illik fasilədən sonra münaqişənin həlli ilə əlaqədar irəli sürdüyü dördüncü həll modeli, yəni “Çərçivə sazişi” adlanan sənəd (2006-cı il) də Azərbaycanın ərazi bütövlüyünü referenduma çıxmağı tövsiyyə edir. Əslində bu sənəd Azərbaycanı 2 müstəqil dövlətə bölmək xəttini təklif edir. “Çərçivə sazişi” modelinə görə, Ermənistan Azərbaycanın işğal olunmuş 5 rayonunu qaytarır və bu ərazilərdə sülhməramlı qüvvələr yerləşdirilir. Dağlıq Qarabağın statusu məsələsi həll olunur, sonra isə Kəlbəcər və Laçın taleyi müəyyənləşir. Dağlıq Qarabağın statusu məsələsi isə orada referendum yolu ilə müəyyənləşir.
1989-cu ilə qədər Dağlıq Qarabağda yaşayan azərbaycanlıların belə, referendumda iştirak etməsi sual altındadır. Qeyd edək ki, hətta azərbaycanlıların da referendumda iştirakı ermənilərin qələbəsini əngəlləyə bilmir. Çünki 1989-cu ilə qədər Dağlıq Qarabağda 145 min erməni və 45 min azərbaycanlı yaşayırdı. Ona görə də ermənilərin bu şərtə razılıq verməsi belə vəziyyətin Azərbaycanın xeyrinə dəyişəcəyini vəd etmir. Azərbaycanın bu şərtlər daxilində referenduma razılıq verməsi onun üçün çox təhlükəli nəticələrə gətirib çıxara bilər.
Əlbəttə ki, Rusiya bu referendumalrın necə nəticələnəcəyini çox yaxşı dərk edir. Yəni Rusiya bilir ki, Azərbaycan əhalisi Dağlıq Qarabağın müstəqilliyinin və ya Ermənistana birləşdirilməsinin əlehinə, Dağlıq Qarabağın erməni əhalisi isə bunun əksinə səs verəcək. Bu təşəbbüsdə əsas məqsəd rus qoşunlarının “sülhməramlı qüvvələr” adı altında münaqişə bölgəsində, yəni Azərbaycanın ərazisində yerləşdirməkdən ibarətdir. Bu isə rus qoşunlarının Azərbaycana qaytarılması deməkdir.
Getdikcə daha da aydın olur ki, Rusiya rəsmi Bakıdan sülhməramlı qüvvələr statusu ilə öz qoşunlarını Dağlıq Qarabağda yerləşdirmək üçün mandat əldə etmək istəyir. Rusiya hətta Azərbaycana BMT-nin mandatı ilə gəlmək istəyir. Lakin digər tərəfdən Rusiya rəsmləri başa düşürlər ki, qlobal-strateji baxımdan region çoxdan Amerikanın təsiri altındadır. Məlumdur ki, neft-qaz, qoşunların yerləşdirilməsi kimi məsələlər Amerikanın təsir dairəsindədir. Buna görə də Rusiya güclü rus oliqarxları vasitəsi ilə Azərbaycanda böyük biznes əlaqələri qurmağa çalışır ki, külli miqdarda pul qazansınlar.
Ona görə də bir çox ekspertlərin qənaətinə görə, Azərbaycan Rusiyanın təsir dairəsindən uzaqlaşmaq üçün düşünülmüş şəkildə NATO-ya getməli və ABŞ-ın partnyoru olmalıdır. Çünki Azərbaycanın Amerika ilə ümumi neft biznesi və strateji maraqları var. Əks təqdirdə Azərbaycan Rusiyanın təsir dairəsində olacaq.
Rusiya isə Azərbaycanın sənayesini, neft sektorunu, bütün təbii ehtiyatlarını özəlləşdirəcək.
Nəticədə aydın olur ki, Qafqaz regionunda Rusiyanın hər hansı şəkildə nüfuzunun artması Ermənistan-Azərbaycan münaqişəsinin həllini, daha dəqiq desək, Azərbaycanın xeyrinə həlli ehtimalını heçə endirir.