Namiq Musalı
XVII əsrdə Qarabağ bəylərbəyliyində
yaşayıb-yaratmış üç tarixçi haqqında
Tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş Qarabağ vilayəti ölkəmizin hərbi-siyasi və ictimai-iqtisadi tarixində mühüm yer tutmaqla yanaşı, elmi-mədəni inkişaf prosesinə də öz töhfələrini vermiş, bu vilayətdə doğulub boya-başa çatmış şəxslər arasından xeyli sayda görkəmli şairlər, ədiblər, mütəfəkkirlər, elm adamları, o cümlədən də tarixçilər çıxmışlar. Hazırki məqaləmizdə XVII əsrdə Qarabağ bəylərbəyliyi ərazisində yaşayıb-yaratmış üç tarixçidən və onların əsərlərindən bəhs edəcəyik. Bu tarixçilərdən ilk ikisi mənşəcə isfahanlı olsalar da, onların ömür yolu Qarabağla bağlı olmuş və öz əsərlərində tariximizə dair dəyərli məlumatlar vermişlər. Üçüncü müəllif isə Azərbaycan türklərinin qacar tayfasındandır. Bu müəlliflərin hər üçü öz tarixi əsərlərini farsca qələmə almışlar.
Haqqında söhbət açacağımız ilk şəxs “Əfzəlüt-təvarix” (“Tarixlərin ən fəzilətlisi”) əsərinin müəllifi Fəzli ibn Zeynalabdin ibn Ruhullah əl-Xuzani əl-İsfahanidir. O, özünün yazdığı kimi, türk torpağı olan Gəncə və Qarabağda boya-başa çatmış, hələ uşaq vaxtlarından tarixlə maraqlanmağa başlamış [9,s.869] və bir neçə il Şəkidə yaşamışdır. Öz əsərini Bərdə və Arran hakimi Peykər xan Qacarın yanında xidmət edərkən, hələ h.1022-ci (m.1613-14) ildə yazmağa başlayan Fəzli h.1026-cı (m.1617) ildə I Şah Abbas Gəncə yaxınlığında yerləşən Danki adlı yerdə qışlaq edərkən onunla görüşmüş və şahdan bu salnaməni davam etdirmək barədə göstəriş almışdır[6,s.39]. O, bu əsər üzərində 15 ildən çox müddətdə çalışmışdır. Əsərin müqəddiməsindən bəlli olur ki, “Əfzəlüt-təvarix” əsəri üç cilddən ibarət olmuşdur. I cilddə əvvəlcə Səfəvilərin əcdadlarının fəaliyyəti və XV əsr sülalələrinin tarixi şərh edilir, sonra isə türk təqvimi əsasında I Şah İsmayılın (1501-1524) hakimiyyət illərindən bəhs olunur.
II cild üç dəftərdən ibarətdir və I Şah Təhmasibin (1524-1576), II Şah İsmayılın (1576-1577) və Məhəmməd Xudabəndənin (1578-1587) hakimiyyətləri dövrünə həsr olunmuşdur. III cild isə I Şah Abbasın (1587-1629) hakimiyyəti zamanının tarixini əhatə edir [9,s.869-870]. “Əfzəlüt-təvarix” tariximizə dair faktiki məlumatlarla zəngindir və burada bir sıra mühüm sənədlərin surətləri verilmişdir [6,s.40-44]. Əsərdə Qarabağın tarixinə xüsusi diqqət yetirilib. Təsadüfi deyildir ki, əslən fars olan müəllif açıq-aşkar Qarabağın türk torpağı olduğunu bəyan edir [9,s.869]. Onun bu qeydi Qarabağın Azərbaycan türklərinin qədim yurdu olduğunu bir daha təsbit edir və erməni tarixçilərinin saxta iddialarını heçə endirir.
Bundan əlavə, Fəzlinin salnaməsindən bəlli olur ki, XVI əsrin 40-cı illərində Azərbaycan Səfəvilər dövlətinin tərkibində Qarabağ bəylərbəyliyi mövcud idi və bu bəylərbəyliyin başında qacar tayfasından olan Gökcə sultan dayanırdı [6,s.41,43.] Biz “Qarabağ dünən, bu gün və sabah” mövzusunda hələ ötən il təşkil edilmiş V konfransın materiallarında çap olunmuş məqaləmizdə məşhur alman tarixçisi K.M.Rohrbornun Qarabağ bəylərbəyliyinin yaradılmasını 1554-cü ilə aid etmək fikrinə qarşı çıxmış və Səfəvi dövrünün anonim bir mənbəyinə əsaslanaraq, Qarabağ bəylərbəyliyinin bundan çox əvvəllər, I Şah İsmayılın hakimiyyətinin ilk dönəmlərində yaradıldığını göstərmişdik. Bizim qənaətimiz belədir ki, Azərbaycan Səfəvilər dövlətinin tərkibində qacar tayfasının rəhbərlik etdiyi Qarabağ bəylərbəyliyi XVI əsrin I yarısında da mövcud olmuşdur [5,s.165-169]. “Əfzəlüt-təvarix” də Gökcə sultan Qacarın Qarabağ bəylərbəyisi olması ilə əlaqədar verilmiş fakt bizim bu fikrimizi təsdiq edir.
Bu vaxtadək salnamənin əlyazmasının I cildinin İngiltərədəki Eton kollecinin kitabxanasında, II cildinin Şah Təhmasibin hakimiyyətindən bəhs edən hissəsinin isə Britaniya muzeyində mühafizə olunduğu məlum olsa da, əsərin II cildinin sonrakı hissələrinin və III cildinin əlyazmaları aşkara çıxarılmamışdı [9,s.870]. “Əfzəlüt-təvarix”in ilk iki cildinin məlum nüsxələri hələ ötən əsrin 70-ci illərindən Azərbaycan tarixşünaslığında bəlli olsa da, bu vaxtadək salnamənin üçüncü cildinin əlyazmasının mövcudluğu barədə respublikamızın elmi ictimaiyyətində heç bir məlumat olmamışdır [1,s.298]. Lakin son zamanlarda ingilis alimləri Kembric şəhərində yerləşən “Christ's College” təhsil müəssisəsinin köhnə kitablar saxlanan fondundan “Əfzəlüt-təvarix”in III cildinin əlyazmasını üzə çıxarmışlar. Məlum olmuşdur ki, həmin əlyazma 150 ildən artıq müddətdə sözügedən kollecin kitabxanasına məxsus olsa da, kataloqlara daxil edilməmiş və heç kim tərəfindən tədqiq olunmamışdır.
I Şah Abbasın 40 ildən artıq sürmüş hakimiyyəti dövrü barədə müfəssəl məlumat verən bu cild tariximiz üçün son dərəcə önəmlidir. Çünki onun müəllifi Azərbaycanda yaşamış, öz əsərini bizim ölkəmizdə yazmış və bilavasitə şahid olduğu hadisələri qələmə almışdır. Əlyazmanın haşiyələrinə yazılmış qeyd və düzəlişlərdən belə anlaşılır ki, bu əlyazma müəllifin öz avtoqraf nüsxəsidir. Bu isə həmin mənbənin dəyərini daha da artırır. Əsərin bu son cildinin yeni üzə çıxarılmış əlyazması ilk iki cildin məlum olan əlyazmalarının faksimileləri ilə birlikdə C.Melvelin redaktəsi və A.H.Mortonla S.Abrahamsın ön sözü ilə “David Brown” kitab ştrkəti tərəfindən elektron variantda yayına hazırlanmışdır [3].
XVII əsrdə Qarabağ mühiti ilə bağlı olan digər bir tarixçi Məhəmməd Məsum ibn Xacəgi isfahanidir.O, h.995-ci (m.1585-86) ildə Azərbaycanın Qarabağ vilayətində ziyalı ailəsində anadan olmuş və hələ uşaq yaşlarında atasından yazıb-oxumağı öyrənmişdir. Bir müddət Azərbaycanda vergiyığan işləmiş Məhəmməd Məsum daha sonra I Şah Abbasın İsfahandakı sarayında qulluq etməyə başlamışdır. O, orada əvvəlcə şah dəvələrinin nəzarətçisi, sonra baş mehtər vəzifələrində çalışmış, daha sonra isə maliyyə idarəsində işləmişdir. H. 1047(m.1637-38)-ci ildə Şah Abbasın nəvəsi və varisi Şah Səfi (1629-42) Kirmanşah əyalətinin Takubustan kəndində olarkən, Məhəmməd Məsumu yanına çağıraraq öz saray tarixçisi təyin etmiş və ona öz hakimiyyətinin tarixini yazmaq barədə göstəriş vermişdi. II Şah Abbas (1642-1666) hakimiyyətə gəldikdən sonra o, saray qulluğundan azad edilsə də, h.1056-cı (m.1646-47) ildə öz doğulduğu vilayətə, yəni Qarabağa ezam olunmuş və Qarabağ bəylərbəyisi Mürtəzaqulu xan Ziyadoğlu Qacarın vəziri təyin edilmişdi. Məhəmməd Məsum ömrünü Qarabağda başa vurmuşdu [8,s.15-18].
Onun Şah Səfinin göstərişi ilə yazmağa başladığı “Xülasətüs-siyər” (“Tərcümeyi-hal xülasəsi”) əsəri h.1047-1056-cı (m.1637/38-1646/47) illər arasında yazılıb sona çatdırılmışdır. Əsərin İranın Məşhəd şəhərindəki Astan-i Qüds kitabxanasında, Almaniyanın Münhen kitabxanasında, Tehranın Malik və Məclis kitabxanalarında və Rusiyanın Sankt-Peterburq şəhərinin Saltıkov-Şedrin adına kitabxanasında mühafizə edilən beş əlyazma nüsxəsi vardır. [8,s.8-9]. Əsər 14 fəsildən ibarətdir. Ilk 12 fəsildə müəllif türk təqviminə əsasən Şah Səfinin hakimiyyət illərində baş vermiş hadisələri xronoloji ardıcıllıqla, ilbəil şərh edir. Hər bir ilin hadisələri Novruz bayramı ilə başlayır.
Nədənsə, salnamədə h. 1043-cü ilin hadisələrinə fəsil ayrılmamışdır. 13-cü fəsil müəllifin özü haqqında, 14-cü fəsil isə Qarabağ bəylərbəyiləri olmuş Ziyadoğlular nəslinin tarixi və Gəncə şəhərinin vəziyyəti barəsindədir [8,s.12-14]. Bu əsərdə Şah Səfi dövrünün dolğun mənzərəsi yaradılmış, Qarabağın, Gəncənin və Ziyadoğlular nəslinin tarixi ilə bağlı dəyərli məlumatlar verilmişdir. Sözügedən salnamənin Münhen nüsxəsi hələ 1978-ci ildə Gerhard Rettelbax tərəfindən almanca tərcümə olunaraq Berlində nəşr edilmişdir. Məşhəd və Münxen nüsxələri əsasında əsərin elmi-tənqidi mətni türk mənşəli İran alimi İrəc Əfşar tərəfindən Tehranda nəşr edilmişdir [4]. Rus tarixçisi İ.K.Pavlova “Xülasətüs-siyər” əsəri əsasında monoqrafiya yazmışdır[8].
Qarabağ bəylərbəyliyində yaşamış XVII əsr tarixçilərindən biri də həyatı və yaradıcılığı bu vaxtadək ölkəmizdə tədqiq olnmamış Hacı Məhəmmədqulu Qacardır. Öz şərhinə əsasən, o, türk dünyasının (Türküstanın) böyük şəhərlərindən olan Gəncə şəhərində hərbçi ailəsində doğulmuşdur.[7,s.26]. Səfəvilər zamanında Gəncə şəhəri Qarabağ bəylərbəyliyinin mərkəzi hesab olunurdu və qacar tayfası bəylərbəyliyin idarə edilməsində ən önəmli rola malik idi. Hacı Məhəmmədqulu Qacarın ata-babaları nəsillikcə Gəncədə yaşayıb Səfəvi ordusunda xidmət etmişlər.
Müəllifin özü də hərbçi olmuşdur. O, uzun müddət hərbçiliklə məşğul olması səbəbindən təhsilinə az vaxt ayıra bilsə də, bəzi tarixi kitabları mütaliə etmiş və tarixi əsər yazmaq həvəsinə düşmüşdür [7,s.26]. 1097-ci (1685/86) ildə o, müsəlman tarixinə dair 23 fəsildən ibarət olan “Lübbül-lübab” (“Seçilmişlərin cövhəri”) adlı əsərini qələmə almışdır. Əsərin günümüzə qədər iki əlyazma nüsxəsi gəlib çıxmışdır [9,s.443]. Tehran Universitetinin Ədəbiyyat İnsitutunda saxlanan nüsxə [2,s.32-33] nöqsanlı olsa da, Londondakı Britaniya Muzeyində mühafizə edilən əlyazma nüsxəsi [7,s.26-27] bütöv və mükəmməldir.
“Lübbül-lübab” aşağıdakı fəsillərə bölünür: 1. On dörd məsumun, yəni Məhəmməd Peyğəmbərin (s), onun qızı Həzrəti Fatimə xanımın və on iki imamın həyatı; 2. Xilafətdə hökmranlıq etmiş ilk üç şəxsin (Əbu Bəkr, Ömər, Osman) hakimiyyəti; 3. Əməvilər sülaləsi; 4. Abbasilər sülaləsi; 5. Səffarilər sülaləsi; 6. Samanilər; 7. Tahirilər; 8. Qəznəvilər; 9. Qurilər; 10. Büveyhilər; 11. Səlcuqilər; 12. Xarəzmşahlar; 13. Atabəylər; 14. İsmaililər; 15. Kirman Qaraxitayları; 16. Çingiz xan və onun xələfləri; 17. Sərbədarlar; 18. Teymur və onun xələfləri; 19. Qaraqoyunlular və Ağqoyunlular; 20. IV Məhəmmədədək (1648-1687) Rum sultanları; 21. Şahibəydən (Məhəmməd Şeybani xan nəzərdə tutulur-N.M) Əbdüllətif xanın ölümünə qədər, yəni 1500-1552-ci illərdə özbək xanları; 22. I Şah Ismayıldan I Şah Abbasın h.1038-ci (m.1629-cu) ildə ölümünədək Səfəvilərin tarixi; 23. 220 şairin həyat və yaradıcılıqları haqqında qısa məlumatlar [7,s.26-27].
Haqqında söz açdığımız bu üç salnaməçinin hər biri XVII əsrdə Azərbaycanın eimi-mədəni mühitinə öz töhfələrini vermiş şəxslərdirlər. Bir tərəfdən onların salnaməçilik sahəsindəki fəaliyyətlərinin araşdırılması Azərbaycanda tarix elminin inkişafı prosesini daha dolğun formada izləməyə imkan verirsə, digər tərəfdən də onların əsərlərinin geniş şəkildə tədqiqata cəlb olunması tariximizə dair yeni faktların aşkarlanmasına yardımçı olur.