Nazim Məmmədov

 DQMV-də sənayenin bərpa və inkişafi

 (1946-1950-ci illər)

Müharibə Azərbaycanın hər yerinə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan DQMV-nin bütün təsərrüfatına çox ağır zərbə vurdu. 1945-ci ildə vilayət sənayesində ümumi məhsul istehsalı 1940-cı illə müqayisədə təxminən 22 faiz aşağı düşmüşdü. Müvafiq illərdə ipək parça istehsalı 120 min m2-dən 93,6 min m2-ə, xam ipək 98 tondan 76,4 tona, pendir istehsalı 61 tondan 48 tona, şərab istehsalı 40000 dkl-dən 3120 dkl-ə, konyak istehsalı 1000 dkl-dən 780 dekletrə, taxta şalban 1300 m3-dən, 1014 m3-ə, əhəng 120 tondan 94 tona, mebel istehsalı 26 min manatdan 20 min manata enmişdi. Müharibə illərində DQMV-də istehlak malları istehsalı kəskin surətdə aşağı düşmüşdü. 1945-ci ildə 1940-cı ilə nisbətən pambıq istehsalı 2,4 dəfə azalmış, əkin sahəsi 4 min hektardan 1,2 min hektara enmişdi. Barama istehsalı 114 tondan 72 tona, yun istehsalı 109 tondan 85 tona qədər azalmışdı. DQMV- 1940-cı ildən 1945-ci ilin sonunadək iribuynuzlu mal-qaranın sayı 87,6 min başdan 78,5 min başa, davarların sayı isə 160,4 min başdan 140,2 min başa enmişdi2. Kənd təsərrüfatının maddi texniki bazası xeyli zəifləmişdi.

1940-cı ildə Azərbaycanda əhalinin sayı 3304,1 min nəfər, o cümlədən bundan 151 min nəfəri DQMV-nin əhalisi idi. Müharibəyə səfərbər edilməsi ilə bağlı əhalinin sayı 1945-ci ildə 17,65 faiz azalmışdı. Müharibə dövründə Dağlıq Qarabağda fəhlə və qulluqçuların bacarıqlı və işlək hissəsinin ön cəbhəyə səfərbər edilməsi ilə əlaqədar onların sayı 15 faiz aşağı düşmüşdü. Faşizm üzərində qələbədən sonra Respublikamızda xalq təsərrüfatı bərpa olunmağa başlandı. SSRİ Dövlət Müdafiə Komitəsinin 26 may 1945-ci il «Silah istehsalının azaldılması ilə əlaqədar olaraq sənayeni yenidən qurmaq sahəsində tədbirlər haqqında»kı qərarından sonra Azərbaycanda sənayenin bərpası və inkişafı üçün mühüm tədbirlər görüldü. Belə ki, müharibə qurtardıqdan sonra müəssisələrdə 8 saatlıq iş günü və illik məzuniyyətlər bərpa edildi.

Həmçinin 1945-ci il dekabrın 1-dən başlayaraq müharibə illərində istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsinə başlandı.

Sənaye və kənd təsərrüfatını müharibədən əvvəlki səviyyəyə çatdırmaq məqsədilə Azərbaycan SSR Ali Sovetinin 1946-cı il martın 18-dək keçirilmiş birinci sessiyasında 1946-1950-ci illəri əhatə edən dördüncü beşillik plan qəbul edildi.

1945-ci illər sonlarında Azərbaycan XKS qərarı əsasında xalq təsərrüfatının inkişaf etdirmək məqsədilə DQMV-nin ümumi büdcəsi 41 milyon 294 min manat məbləğində təsdiq edilmişdir ki, bu da 1944-cü illə müqayisədə 12,2 faiz çox idi.

DQMV-də dördüncü beşillik planda sənayenin bərpa və inkişaf üçün aşağıdakı tapşırıqların yerinə yetirilməsi planlaşdırılmışdı. 1950-ci ildə DQMV-nin sənayesi: 600 min kərpic, 800 min tikinti daşı, 1300 ton əhəng, 1 milyon 200 min ədəd kirəmid, 300 min kubmetr taxta, 18500 kubmetr odun, 28 min metr pambıq parça, 548 min metr ipək parça, 3,1 min kvadrat metr xalça, 60 min cüt ayaqqabı, 200 min cüt corab, 48 min ədəd trikotaj üst paltarı, 80 min ədəd trikotaj alt paltarı, 51 min ton yağ, 100 ton qənnadı malı, 110 dekaletr üzüm şərabı, 20 ton metal qab-qacaq və 1600 ədəd araba verməli idi. Planda həmçinin, mövcud mexaniki emalatxana əsasında mexaniki zavod tikilməsi nəzərdə tutulmuşdu. Dağlıq Qarabağda tikiləcək həmin zavodun 3 sexi mexaniki, tökmə və avtomabil təmiri sexləri – 1950-ci ilin sonunda başa çatdırılmalı və sonrakı beşilliklərdə yeni sexlər yaradılmalı idi.

Bünövrəsi 1945-ci ilin ortalarından qoyulan Xankəndi ağac emalı fabriki qısa bir müddətdə başa çatdırılmalı idi. Həmçinin sonralar DQMV-nin mərkəzinə çevrilmiş Xankəndi şəhərində yeni əhəng zavodu, kirəmid kərpic zavodu, faner sexi, «Qarabağ Çaxır Tresti» üçün şərab anbarı və yeni mətbəə binası tikmək planlaşdırılmışdır. DQMV-nin sənaye işçiləri qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi üçün bütün güclərini səfərbər etməyə başladılar. Vilayətdəki rezin sənayesi, yağ pendir sənayesi, tikinti ləvazimatı, meşə emalı, toxuculuq, tikiş, gön-dəri, yeyinti və başqa sənaye müəssisələri 1946-cı ildə Bakıdan gətirilmiş avadanlıqlar hesabına yenidən qurularaq təmir olundu. Artıq 1947-ci ildə DQMV-də sənayenin ayrı-ayrı sahələrində xeyli irəliləmələr diqqəti cəlb edirdi. Bu isə öz növbəsində Azərbaycan hökümətinin bölgəyə olan xüsusi diqqətindən irəli gəlirdi.

Dağlıq Qarabağda inkişaf etmiş sənaye sahələrindən biri ipək emalı sənayesi idi. Qarabağ ipək emalı sənayesi 1947-ci ildə planı 121,3 faiz yerinə yetirmişlər. 1950-ci ildə isə Dağlıq Qarabağ ipəkçiləri mərkəzə məlumat verib planı artıqlaması ilə və vaxtından əvvəl yerinə yetirməsi haqda məlumat vermişdilər. Əgər 1940-cı ildə Qarabağ ipək kombinatı dövlətə 98 ton xam ipək vermişdilərsə 1950-ci ildə bu rəqəm 120 tona çatmışdır. Həmçinin müvafiq illərdə ipək parça istehsalı 120 min kvadrat metrdən 163 min kvadrat metrədək artmışdır.

DQMV-nin sənayesi əsasən kənd təsərrüfatı xammalı emal edir. Vilayətin sənaye məhsulunun yarıdan çoxunu yeyinti sənayesi, əsasən şərabçılıq verir. 1946-1950-ci illərdə dövlətimizin bölgəyə ayırdığı vəsait hesabına vilayətdə şərab-spirt sənayesi də sürətlə inkişaf edib genişlənirdi. Burada fəaliyyət göstərən konyak spirt zavodu, şərab və konyak zavodları, spirtsiz içkilər zavodu, likor zavodu və başqa zavodlar 1946-cı ildə yenidən qurularaq başa çatdırılmışdır. Həmin zavodlar əsasında yaradılmış «karvintrest» müəssisələrinin gücü ildən-ilə artırılmışdır.

«Karvintrest»in buraxdığı məhsulların tam olmayan siyahısı adi şərab, şirin şərab, konyak, spirt-rektifikat, tut spirti, üzüm spirti, texniki spirt, bəhməz, meyvə suları, turşaşirin içkilər, qazlı su və sair bu kimi məhsullar DQMV-də spirt sənayesinin nə qədər güclü inkişaf etdiyini göstərir. DQMV- 1946-1950-ci illərdə spirt-şərab sənayesinin inkişafını aşağıdakı rəqəmlərdən də görmək olar. Belə ki, 1940-cı ildə vilayətdə 40 min dkl. şərab istehsal edilmişdirsə, 1950-ci ildə şərab istehsalı 4 dəfədən çox artaraq 165 dkl. olmuşdur. Həmçinin müvafiq illərdə konyak istehsalı 1000 dkl-dən artıb 6000 dkl-ə çatmışdır.

1946-1950-ci illərdə DQMV-də tikinti ləvazimatı sənayesi də genişlənirdi. Kərpic, kirəmit, əhəng və mexaniki təmir zavodlarının məhsullarından təkcə vilayətin ərazisində deyil qonşu rayonlarda da istifadə olunurdu. Bəhs edilən dövrdə DQMV-də iki böyük müəssisə yaradıldı. Bunlardan biri ağac emalı fabriki idi ki, həmin fabrik vilayət əhalisinin mebelə olan ehtiyacını tam ödəyirdi. Əgər 1940-cı ildə DQMV- 26 min manatlıq mebel istehsal edilmişdirsə, 1950-ci ildə bu göstərici 173 min manata çatmışdır. Eyni zamanda taxta zavodunun da işə düşməsi tikintinin inkişafına təkan verdi. Bölgədə taxta şalban istehsalı 1940-cı ildə 1,3 min kubmetrdən, 1950-ci ildə 2 min kubmetrədək yüksəlmişdi.

DQMV-də yerli sənayenin daha böyük sürətlə inkişafı üçün hər cür şərait mövcud idi. Bu, ilk növbədə Azərbaycan hökümətinin bölgəni yeni texnika və ixtisaslı kadrlarla təmin etməsi, ayrılan vəsaitin miqdlarının ildən-ilə artırılması ilə bağlı idisə, digər tərəfdən bölgədə bir sıra mədən yataqlarının tapılması ilə əlaqədar idi. 1946-1950-ci illər ərzində DQMV-də çox böyük miqdarda mərmər, sement, İslandiya şpatı, litoqrafiya daşları, gil, təbaşir və sair yataqlar aşkar edilmiş və yerli sənayenin inkişafına təkan vermişdir. Dağlıq Qarabağ sənət kooperasiyası 100 çeşiddə məhsul buraxırdı. Yerli meşə materiallarından, cır meyvələrdən və sair istifadə əsasında külli miqdarda çoxişlənən mallar istehsal olunurdu.

Təsadüfi deyildir ki, DQMV-nin sənət kooperasiyası ittifaqının müəssisələri araba və kirəmid istehsalı cəhətdən 1950-ci ilin göstəricilərinə görə Azərbaycanda birinci yeri tutmuşdur.

1946-1950-ci illər ərzində DQMV-də yeni artellər, tikinti materialları, saxsı qab, trikotaj mallar, corab, ayaqqabı, mebel, şirniyyat və sair istehsal edən emalatxanalar açılmışdır. Bəhs edilən dövr ərzində vilayətdə sənət və əlillər kooperasiyasının buraxdığı məhsullar 8,5 dəfə, fəhlələrin sayı isə 25 dəfə artmışdır. Burda fəaliyyət göstərən mexaniki zavod isə ildən ilə böyüyərək vilayətin kolxoz və müəssisələrinin ehtiyaclarını ödəyirdi. Digər sənaye sahələrindən olan xalça toxunması, yağ-pendir sənayesi, asfalt-beton istehsalı və çörək zavodunun da işində böyük irəliləyişlər diqqəti cəlb edirdi. Təkcə pendir istehsalındakı artım 1940-ci ildəki 61 tona qarşı 1950-ci ildə 113 tona çatmışdır.

1950-ci ildə 1940-cı illə müqayisədə DQMV-də sənayenin necə inkişaf etdiyini aşağıdakı cədvəldən də aydın görmək olar:

Cədvəl № 2

Sıra №-si

Məhsulun növləri

Ölçü vahidi

1940

1950

1

İpək parça

min m2

120

163

2

Xam ipək

ton

98

120

3

Pendir və brınza

ton

61

113

4

Şərab

min dkltr.

40

165

5

Konyak

min dkltr.

1

6

6

Taxta-şalban

min m3

1,3

2,0

7

Mebel

min manat

26

173

8

Ağac materialları

m3

1,3

2,0

9

Əhəng

ton

1222

1313

10

Kərpic

min ədəd

172

729

11

Kirəmid

min kub metr

43

49,5

12

Yonulmuş daş

min kub metr

46,8

42,7

13

Elektrik enerjisi

min kub metr

1514

4669

Beləliklə bəhs edilən illərdə Azərbaycan hökümətinin DQMV-nə yaxından qayğısı nəticəsində sənayenin bütün sahələri inkişaf edir və qarşıya qoyulan vəzifələr vaxtında və artıqlaması ilə yerinə yetirilirdi. Nəticədə 1940-cı ilə nisbətən 1950-ci ildə DQMV-də sənaye məhsulu istehsalı 74 faiz artmışdır ki, bu da ümumi Azərbaycan üzrə olan orta göstəricidən 69 faiz, Naxçıvan Muxtar Respublikasının orta göstəricilərindən 30 faiz çox demək idi. Lakin aparılan tədqiqatlar nəticəsində məlum olur ki, vilayət rəhbərliyi yeni sənaye sahələrinin yaradılmasında ikili mövqe tutmuşdular. Təəssüflə qeyd etmək lazımdır ki, uzun illər Qarabağımızın, sonralar isə DQMV-nin mərkəzi olmuş Şuşada 1946-1950-ci illər ərzində bir dənə də olsun müəssisə açılmamışdır. Xankəndində, Hadrudda, Xocavənddə, Ağdərədə, Əskəranda açılan yeni sənaye sahələri isə ermənilərin daha çox məskunlaşdıqları ərazilərdə yaradılmışdır.