Salidə Şərifova
Mahirə Abdullanın
“Əvvəl axır” romanı haqqında
Abdullayeva Mahirə Gəncalı qızının qələmə aldığı “Əvvəl axır” romanı strukturca üç hissədən ibarətdir- “Narkoman”, “Agah” və “Ağdərədən üzübəri”. Romanın ayrı-ayrı hissələri sosial-siyasi varlığın müxtəlif problemlərinə həsr edilsə belə, onların sujet xətlərinin əlaqəliyi, bəzi obrazların eyniliyi “Narkoman”, “Agah” və “Ağdərədən üzübəri”nin bir nəsr əsərinin komponentləri olmasını qeyd etməyə əsas verir. Bununla yanaşı bu həssələri birləşdirən ən vacib amil onların erməni vəhşiliklərinə qarşı etirazıdır, bu müharibənin törətdiyi fəlakətlər, üzüntülər, dağıntılar, ən başlıcası onun mənfi nəticələrinin ardıcıl açıqlanmasıdır.
“Əvvəl axır” romanında üçlük sujet xəttində də öz əksini tapmış olur. Əsərin əvvəllərində qurban ətindən üç payın ayrılması vasitəsilə müəllif romandakı hadisələri Mətinin, Mehracın və Rövşənin həyat yolları ətrafında baş verməsinə işarə edir. Qonşudan gələn qurban ətini “kimə nə çatdığı ilə maraqlanmadan payını səliqə-sahman ilə yeyib, indi yanını yerə verib, iri sapma stəkandan çayı hortladaraq içən” Xaliqin etinasızlığı əsərdə hadisələri qabaqlayır. Belə ki, əsərin sonluğunda Mətinin, Mehracın, həmçinin Rövşənin başının yarılmasının verilməsi bu gənclərə cəmiyyət tərəfindən yetirilməyən diqqətin və dəstəyin nəticəsidir.
“Əvvəl axır” romanı əsas və ikinci dərəcəli qəhrəmanların çoxluğu ilə seçilir. “Gözükölgəli” Mətin, “talesiz” Mehrac, həmçinin “Vətən həsrəti ilə pörşələnən” Rövşən əsərin əsas qəhrəmanlarıdırlar. Əsərdə bu əsas obrazlarla yanaşı digər obrazların məharətlə qələmə alınması diqqətdən qaçmır. Həmin obrazların bu problemə ortaq olduqlarını müşahidə edirik. Həyatın çirkabında boğulan Arzu, hisslərinə hakim olmayan və Arzudan heç də fərqlənməyən Qönçə, həyatın hər ağır üzünü görmüş Nazpəri, Nazpərinin körpə oğlunu oğurlamış və bu günahın cavabını almış Andra, ailəsinə qiymət qoymayan Xaliq, özünün pak ölümü ilə yaddaşlara həkk olunan Gülyanaq və digər surətlər müəllif tərəfindən incəliklə işlənilərək oxucuların mühakiməsinə təqdim edilməsi ilə maraq kəsb edir.
Əsərdə Xədicə obrazı maraq doğurur. Xədicə romandakı digər qadınlardan özünün sadiqliyi, etibarı, isməti, qeyrəti ilə seçilir. Xədicə kimi qadınların təsvir edilməsi cəmiyyətimizdə milli dəyərlərin məhv olmadığına, müasirliyimizin çətinliklərinə baxmayaraq saf və təmiz münasibətlərin mümkün olmasına müəllif ümidini əks etdirir.
Romanda ata-oğul Xaliq və Mətinin obrazlarının müqayisəsi xüsusi maraq doğurur. Ata-babalarımızın dediyi “ot kökü üstə bitər” deyimi sanki Mətinə aid idi. On dörd yaşlı oğlan atası Xaliq kimi hisslərini toparlaya bilməmişdir. Xaliqin erməni axçisi Haykanuşdan Əsli-Asya adlı bic dünyaya gəlmiş qızı erməni keşişi Qriqorinin qızına çevrilir. Mətin də atası Xaliq kimi dünyaya bilmədən bic övlad gətirir.
“Əvvəl axır” romanının problematikası əsasən iki mövzunu əhatə edir:
-Azərbaycanın Dağlıq Qarabağ və digər rayonlarının işğalı və bunun siyasi-ictimai nəticələri;
-müasir cəmiyyətimizdə sosial ədalətsizlik və onun insanların talelərinə təsiri.
“Əvvəl axır” romanında azərbaycanlıların və ermənilərin milli şüurunun fərqlərinin açıqlanmasına xüsusi diqqət yetirilir. Ermənilərin mənfur əməllərini, yəni XX əsrin əvvəllərində törətdikləri vəhşilikləri unutmayan ağsaqqalların övladlarının ermənilərlə kirvəlik etməsini göstərməklə müəllif Sovet İmperiyasının uzun müddət işğalında olmuş Azərbaycanda milli yaddaşın silinməsinin təhlükəli nəticələrinə oxucuların diqqətini cəlb edir. Ermənilərlə kirvəlik edən və milli tarixin qanlı səhifələrini unudan azərbaycanlıların olması ürəkləri ağrıdan bir üslubla qələmə alınmışdır: “dünyagörmüş kişinin dalağı sancırdı, qocalar ötən əsrin əvvəlində ermənilərin törətdiyi qanlı qırğınları unutmamışdılar. Sovet hökuməti qamqalaq evcik kimi dağıldığı vaxtdan ürəklərində mürgüləyən təşviş oyanmışdı”. Ermənilərlə kirvəlik əlaqəsi saxlamış Xaliqin ermənilər haqqında dedikləri maraq doğurur: “Ermənilər qudurublar, Qarabağ davası edirlər, müharibə ola bilər. Ermənistandan Bakıya çoxlu qaçqın gəlib, burunları, qulaqları kəsilib...”
Ermənilərin XX əsrin əvvəllərində azərbaycanlılara qarşı apardıqları müharibədə uğradıqları məğlubiyyətlə barışmadıqları və azərbaycanlılara qarşı kinlə böyüdükləri, qisas hissi ilə yaşadıqları müəllif tərəfindən qələmə alınaraq oxucuya çatdırılır. Aronun dili ilə ermənilərin milli şüurunda türklər və azərbaycanlılara qarşı nifrətin artıq dərin kök buraxması açıqlanır: “Keçmişdə türklər ana-babamın alnını yabayla deşib, içinə torpaq doldurublar ki, gözü torpaqdan doysun. O vaxt gəlib, babam bir türk kəndinin adamlarının əl-ayaqlarını bir-birlərinə çataqlatdırıb diri-diri çaya tökdürübmüş.Babamın acığını çıxıram”. Totalitar kommunist rejimi dövründə dolayı yollarla çıxış yolu tapan ermənilərin nifrəti və qəddarlığı zəifləyən Moskvanın dəstəyi ilə irimiqyaslı xarakter almış və Azərbaycanın bir hissəsinin işğalı ilə nəticələnmişdir. Bu məqamda, ermənilərin ağcaqanadla müqayisəsi də əsərdə maraqlı və yaddaqalan epizodlardan birinə çevrilmişdir. Bu müqayisə erməni millətçiliyinin mahiyyətini gözümüzdə canlandırır: “...bir az gün dönən kimi ağcaqanadlar evə doluşub erməni arvadları kimi qurbanlarının üstündə vay-şivən qoparacaqdılar. Gərək əvvəldən qapı-pəncərəni açıq qoymayasan, odur, qırılmış ermənilər torpağa ağcaqanad kimi topa-topa daraşıblar, indi bir-bir öldürüb məhv etməlisən, hiş-kişlə bayıra çıxan deyillər”. Bu müqayisə əsərin digər bir hissəsində də öz əksini tapmışdır: “Ermənini də, bizi də Tanrı yaratmışdı, əgər haqq tərəfində idisə, niyə onları at milçəyi, sağalmaz azar kimi eləcə canımıza salmışdı”.
“Əvvəl axır” romanında Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər rayonlarının işğalı zamanı rus əsgərlərinin iştirak etməsi olayları da öz əksini tapmışdır. Erməni yaraqlılarının mənfur əməllərinə rus muzdluları tərəfindən yardım edilməsi faktı müəllif tərəfindən işıqlandırılır. Bu baxımdan ermənilərə Sovet İmperiyasının Qızıl Ordusunun kömək etməsi əsərdə çılpaqlığı ilə açıqlanmışdır. Iki azyaşlı uşaqların-azərbaycanlı Mətinin və erməni dığası Xaçikin danışığında bu amil açıqlanır: “Xaçik Mətinin gözləri ilə kəndi nişan aldığını görmüşdü, bu, heç xoşuna gəlmirdi.
-Hara baxırsan belə?
-Bu adamlar kimdi qaynaşır kənddə? Yas-zad düşüb?
Xaçikin dodaqları lovğalıqdan qabardı.
-Ruslardır, qonaq gəliblər.
-Ruslardan qonaq olar? Yalan danışma.
-Yox, yox, yaxşı adamdılar, hətta xalam oğluna avtomat atmağı da öyrədirlər. Bir kərə də mənə verdilər. Artıq atmağı bilirəm”. Daha bir fakt da ermənilərin rus ordusu ilə birlikdə Azərbaycan torpaqlarını zəbt etmək niyyəti ilə həyata keçiriləsi planlarını reallaşdırmaq üçün atacaqları addımları gözümüzdə canlandırır: “...müharibə olacaq, ermənilərin qan düşməni türklərdən olub-qalanların, qırılanların qisası alınacaq”.
Erməni millətçiliyinin uydurma tezislərə əsaslanması əsərdə erməni meyidinin ortada qalması epizodu vasitəsilə göstərilir. Bu cür bədii priyomla müəllif ermənilərin Cənubi Qafqazda gəlmə olduqlarını oxuculara çatdırır-torpaq gəlmə olan erməniləri “qəbul etmir”: “...Yolun ortasında qalmış yiyəsiz erməni meyidinin sümüklərinə isə çölün ac çaqqalı da yaxın getmirdi. Köpək oğlu erməninin sümüyü də insan sümüyü deyildi, zəhərli idi. Kəndin təsadüfən ora-bura keçən it-pişikləri onu yaxşıca murdarlamış, ...qalağına çevirmişdilər. ...əyri sümükləri ağaran erməni seçim qarşısında qalsaydı, yenə bu taleyə inciməzdi. Çürüsün, murdarlansın, təki türk torpağında ölsün, türkün bir qarış torpağını tutmaq da qəhrəmanlıqdır, “yazıq” erməninin gömülməyə torpağı yox idi”.
Gəlməlik erməni millətinin şüuruna önəmli təsir göstərir. Belə ki, tarixi Azərbaycan torpaqlarında məskunlaşmış ermənilərin milli şüurunda qorxu kompleksi kök buraxmışdır. Ermənistanın rəsmi sənədlərini və dövlət xadimlərinin çıxışlarını nəzərdən keçirsək görmək olar ki, ermənilər azərbaycanlılar və türklərdən vahimələnirlər. Erməni dığası Xaçikin ermənilərlə azərbaycanlıların niyə düşmən olması haqqında öz-özünə verdiyi suallar da maraq doğurur. Onun türklərin niyə pis adam adlandırılması sualına cavab axtarması, ermənilərin guya türklər tərəfindən qırılmalarını ağlına sığışdırmayan erməni balasının düşüncələri bu baxımdan diqqəti cəlb edir. Belə ki, nənəsinin birinci ərinin, yəni öz anasının atası, babasının türk olması bu balaca erməni dığasını fikirləşməyə vadar edir. Müəllifin istifadə etdiyi ədəbi priyom maraq doğurur. Xaçikin “türk pis idi, nənəsi niyə ona ərə getmişdi, nədən onu xatırlayanda həsrətlə köks ötürürdü?” kimi düşüncələri bir daha bizləri fikirləşməyə vadar edir.
Qorxu, vahimə erməni milli şüurunda qüsurluq sindromunu yaradaraq, bu etnik qrupun daxilində cəmləşmiş mənfi duyğuların üzə çıxarmasına şərait yaratmış olur. Nəticədə, erməni millətçiliyi azərbaycanlılara və digər xalqlara qarşı törədilən bütün qəddar və cinayətkar hərəkətlərə bəraət qazandırır. Faktiki olaraq, erməni millətçiliyi öz faşist mahiyyətini bununla açıqlayır.
Bu konteksdə əsərdə əsir düşmüş azərbaycanlıların əsir düşmələrinin təsviri maraqlıdır. Belə ki, alman natsistləri kimi erməni millətçiləri işə qadir olmasından asılı olaraq əsirləri iki hissəyə bölürlər. Işə qadir olmayan soydaşlarımız əziyyətlə qətlə yetirilir, digərləri isə qul qismində Ermənistana aparılır: “...kəndin ortasında bizim əsgərləri görmüş, aşağı düşüb düz onların yanına gəlmiş, doğma görkəmində olan ermənilərə əsir düşmüşdülər. Qaça bilməyənlər yerlərindəcə güllələnmiş, cavanları kolxoz anbarına yığıb qıfıllamış, qapıya keşikçi qoymuşdular. Xankəndinə aparıb nökərçiliyə verəcək, yüzillik acıqlarını çıxacaqdılar”. Erməni quldarlığın qəddarlığı və insanlığı erməni yaraqlısı Arakelin dili ilə oxuculara çatdırılır: “...Buna bax ey, arvad belə olar, aparıb komandirə peşkəş edəcəyəm, qoy ayaqlarını yusun, gecələr canını qızdırsın. Bəlkə başı qarışıb, bizi izləməsin, qoysun qumarımızı oynayaq. Bunları da yeməkxanada işlədərik. Birini anamgilə verəcəyəm, mal-qaraya baxsın. Hələ canı suludur. Onsuz da nənəm imkan verməz dədəm bununla gözunun qurdunu öldürsün. Bir zülmü dədəm edəcək, yüz zülmü nənəm”.
“Əvvəl axır” romanında Azərbaycana qarşı müharibənin döyüş meydanında aparılması ilə yanaşı, gənclərimizin əxlaqsız həyata sövq edilməsi vasitəsilə aparılması xüsusi vurğulanır. Belə ki, romanda əksini tapmış azərbaycan gənclərinin narkotik maddələrin qəbul edilməsinə məqsədyönlü sövq olunması gerçəkliyimizin ən dəhşətli təhlükələrindən biridir. Misal kimi qeyd etmək olar ki. rəsmi satistikaya görə respublikamıza narkotik maddələrin “idxalı”nda Azərbaycanın milli azadlıq hərəkatından çəkinən İran aparıcı mövqe əldə edə bilmişdir. Romanın “Narkoman” bölməsində erməni dığası Xaçikin Mətini narkotikə öyrətməsini təsvir etməklə müəllif soydaşlarımızı düşünməyə çağırır: “Al dadına bax, bu ayrı şeydir, sən deyənlərdən deyil. Con dayı verib, bir günə bəs edir, əsl kayfdır”. Mətinin Xaçik tərəfindən bilərəkdən narkomana çevrilməsi milli fəlakət kimi dəyərləndirilməlidir.
Mətinin narkomanlığa uğraması vasitəsilə müəllif cəmiyyətimizdə milli dəyərlərin qorunması probleminə toxunur. Mahirə Abdulla rus zabiti Vasyanın dili ilə geniş türk ailəsinə mənsub azərbaycanlıların milli dəyərlərin qorunması sahəsində üzləşdiyi problemlərin qlobal xarakter daşımasını və bütün türk dünyasını əhatə etməsini vurğulayır. Bu baxımdan, romanda rus zabiti Vasyanın azərbaycanlıların daxili xüsusiyyətləri və keçmişi barədə düşüncələri maraq doğurur: “Onun üçün azərbaycanlı ölümün, qəflətin, cəzanın, dözümsüzlüyün, aclığın, əsirliyin adı olan çeçenlərin özü idi. Düzdür, azərbaycanlılar ilk baxışdan çeçenlərdən fağır, ağır görünürdülər, amma yəqin onları tərpədən yox idi. Çeçen də türk idi, müsəlman idi. Türk onun üçün nəfəsini içinə çəkib, gərginlikdən donub qalmış, yatmış əjdahaya, divə bənzəyirdi. Nə qədər nəfəsini saxlaya bilərdi? Bir gün ağzını açacaqdı, alovlar zəbanə çəkib düşmənləri külə döndərəcəkdi. Sonra külün üstündə nəhəng ləpirlər qoyub dərin mağaralara yatmağa gedəcəkdi. Yenə bayırda nə baş verəcəyindən xəbərsiz olacaqdı. Hər dəfə ayılanda türklərin sonuncu dənizə qeyrət yürüşləri başlanırdı. Lakin mənzilə çatanda qələbə badəsini axıradək başına çəkmiş bu divin, əjdahanın yenə şöhrətdən başı gicəllənəcək, sonuncu dənizin dəli dalğalarının harayını eşitmək, qumlu sahillərin, fəth edilmiş torpaqların sahibi olmaq həmişəki kimi kənarda, yanında kor çaqqal kimi gözləyənlərə qismət olurdu”.
Diqqətəlayiq haldır ki, müəllif milli dəyərlərin qorunması problemini ordu quruculuğu sahəsində əldə edilən nailiyyətlərlə əlaqələndirir. “Əvvəl axır” romanında dövlətçiliyin və suverenitetin təmin edilməsində milli ordunun rolunun açıqlanmasına xüsusi diqqət yetirilir. Mahirə Abdulla milli ordu quruculuğunda yaranan ziddiyyətlərə xüsusi diqqətlə yanaşır. Mətindən fərqli olaraq, sənət məktəbində peşə öyrənən Rövşənin hərbi döyüşlərə can atması və burada gördüyü reallıqlar özünün əksini tapmışdır. Ordu sıralarındakı nizamsızlıq açıqlanır: “Əsgərlər dağınıq idilər, Rövşən də, elə çoxu da döyüş texnikasını bilmirdi, tətiyi çəkməyi təzəcə öyrənirdilər. Ağdərə mühasirəsindən sağ çıxmayan əsgərlərdən sonra bütün orduda boşluq yaranmışdı, boşluq həm də ürəklərdə, başlarda idi”.
Əsərdə cəbhədə bir ayağını qıçdan aşağı itirmiş Rövşənə məmurların etinasızlığı özlüyündə iki dünyagörüşün qarşıdurmasını əks etdirir: bir tərəfdən, Vətən məhəbbəti ilə yaşayan Rövşənin dünyagörüşü, digər tərəfdən isə simasızlaşdırılmış məmur düşüncəsi. Romanda bu qarşıdurmada bürokrat mexanizmi üstün gəlir: dövlətin məcburetmə mexanizminə güvənən məmurlar şəxsi maraqlarını Vətənə olan sevgilərindən üstün tuturlar. Döyüşlər zamanı aparılan kəşfiyyat əməliyyatı zamanı ayağını itirmiş Rövşənə Müdafiə Nazirliyində “cavan, balacaboy, eni-boyu bilinməyən kişi”nin “nə bilim, bəlkə qaçanda qıçın minaya düşüb? Vuruşmusunuz, bəs hanı torpaqlar, niyə erməni oturub orada?” deməsi sadalanan iki düşüncə arasındakı fərqləri açıqlayır. Romanın “Ağdərədən üzübəri” bölməsində asayişi qorumağa borclu olan polis əməkdaşları tərəfindən Rövşənin başının yarılmasının ürəkağrısı ilə qələmə alınması diqqəti cəlb edir. Vətən uğrunda döyüşməkdənsə, yaraşıqlı, rahat kobinetlərdə oturub göstəriş verən bir məmurun Rövşənə qarşı bu kimi ittihamlar irəli sürməsi, polis əməkdaşlarının isə ona əl qaldırmaları oxucuları erməni işğalçılarına qarşı vuruşmuş soydaşlarımıza qarşı göstərilən münasibət barədə düşünməyə sövq edir.
Ilk baxışdan Mətinin narkomanlığa uğraması və Vətən uğrunda döyüşlərdə iştirak etmiş Rövşənə qarşı laqeyd münasibət arasında əlaqə gözə çarpmır. Lakin, bu iki hadisələr daxili məntiqinə görə əlaqəlidir. Belə ki, Rövşən kimi döyüşçülərə qarşı etinasızlıq cəmiyyətdə ümumbəşəri və milli dəyərlərin silinməsinə, gənclərdə milli hissin məhv olmasına əlverişli şərait yaradır. Nəticədə, ümummilli problemlərin, o cümlədən Dağlıq Qarabağın və digər rayonların işğaldan azad edilməsi probleminin həllinə dair inam azalır: “Qarabağsız hamımız dilənçiyik... Qarabağsız şilik, şikəstik, dilənçiyik, fağırıq, mağmunq... Ay dədənizə lənət, Qarabağı verənlər!” Qarabağın qəsdən verilməsi amilinə toxunan Xədicənin fikirləri də bu baxımdan maraqlıdır. Xədicənin Rövşəni Müdafiə Nazirliyinə getməsində suçlandıraraq “...Qarabağı özləri verib, özləri alacaqlar? Gülməli söhbətdir” deməsi hamımızı bu problem ətrafında düşünməyə vadar edir.
Bununla belə, “Əvvəl axır” romanında Dağlıq Qarabağın və digər rayonların işğaldan azad edilməsinə çağırış səslənir. Müəllif, milli dirçəlişi və milli dövlətçiliyin inkişafını işğal edilmiş ərazilərdə Azərbaycan suverenitetinin bərpa edilməsindən asılı olmasını xüsusi vurğulayır: “Müharibədə uduzmuş ölkə-təkərləri çıxarılmış arabaydı, nə dayandığı yerdə yaxşı durur, nə də yol gedə bilirdi, ləngərlənib içindəkiləri yerə tökməyə, xışmalamağa çalışırdı, əzilib birrəngli, birtərkibli boz kütləyə çevrilmək hər kəsin, hər anın qisməti ola bilərdi. Müharibə-təbii fəlakət idi, yaxşıya, pisə, gözələ, çirkinə baxmırdı. Hamıya öz damğasını basırdı. Bəzisi qaçıb qurtarmağa müvəffəq olsa da, övladları, nəsli-kökü bir gün onunla üzləşirdi”.
Sosial ədalətsizlik və onun insanların talelərinə təsiri Mahirə Abdullanın “Əvvəl axır” romanının problematikasında önəmli yer tutur. Bu baxımdan, əsərdə sosial ziddiyyətlərin qurbanına çevrilmiş insanların qələmə alınması maraqlıdır. Romanda mənəviyyatsız həyat tərzi sürən Arzu kimi azərbaycanlı qadınlarının təsviri ağır da olsa günümüzün reallığı kimi səslənir. Evdə oturub arvadı Arzuya şəhərə pul qazanmaq üçün göndərən kişinin xanımı bundan artıq ola da bilməz. Tanımadığı Bahadur adlı bir kişinin təklifini qəbul edən Arzunun özünə haqq qazandırması ağlabatan deyil. Özünün ləyaqətinə qiymət qoymayan qadının surəti qısa epizodlarla təsvir edilsə də çılpaqlığı ilə tam açıqlandığını müşahidə edirik. Üç uşaq anası olan Arzunun Bahadurun “qadını”na çevrilməsi ilə cəmiyyətdəki mövqeyi dəyişildimi? Əksinə, olan mənliyi də ayaqlar altına atıldı. Yazıçının qeyd etdiyi kimi Arzu “...yazıq olan-oyuncağa çevrilən, əzilən, mənliyi, ləyaqəti təhqir olunan, kobud kişilərin rəftarından, ürək açmayan, istək-filan nəzərə alınmayan, yalnız tələbata, vərdişə çevrilmiş münasibətlərdən bezən, boşluğa və heçliyə yuvarlanan, getdikcə dərinləşən uçurumdan çıxış yolu tapmayıb ümidsizləşən, abırsızlaşan qadınlar”ı əks etdirir.
Son illərdə Azərbaycandan xeyli soydaşlarımız ailələrini dolandırmaq üçün MDB və digər ölkələrə işləməyə getməyə məcbur olurlar. Gercəkliyimizə xas olan miqrasiya probleminə toxunan müəllif bu proseslərin ailə münasibətlərinə göstərdiyi təsirin aşıqlanmasına çalışır. Əsərdə Rusiyaya pul qazanmağa getmiş olan ərləri tərəfindən atılan qadınların talelərinin açıqlanması da diqqəti cəlb edir. Lakin müəllifin gəldiyi qənaət qaneedici deyil. Belə ki, yazıçının “Qız evdə qalanda təmiz, soyuq bulaq kimi çağlayır, ərə gedəndə qızmar ocağa dönür, odunu almaq, göz önündə, yanında saxlamaq lazımdır, özünü də, başqalarını da qovurub qarsmasın.
Təzə gəlini toydan sonra qoyub getmək böyük günahdır. Quru taxıl zəmisinin ortasında ocaq çatmaqdır. Yağı ocağın üstünə töküb üzünü ona tutmaqdır” və s. deyimlərin qələmə alınması heç də bir-iki ilin gəlini olan Qönçəyə imkan vermir ki, ismətini, qeyrətini atıb ərli qadın ola-ola on dörd yaşlı bir uşağın qucağnda ehtirasını söndürsün.
Mahirə Abdullanın ailə münasibətlərinin durumuna marağı, onların insan taleyini müəyyənləşdirən amil olmasından irəli gəlir. Əsərin “Agah” adlı hissəsində düzgün qurulmamış ailə münasibətlərinin insanın taleyini sındıran faktor kimi çıxış etməsi göstərilir. Bu baxımdan, Nazpərinin ağır həyatının müəyyən hissələrinin işıqlandırılaraq oxucuya çatdırılması öz-özlüyündə maraq doğurur.Yaşadığı ailədəki haqsızlıqdan zinhara gəlmiş “kənddə ikinci adam” hesab edilən briqadir Nağının qızı Nazpərinin çoban olan “şivərək bədənli Qacay”a qoşulub qaçması onun ağrılı həyatının davamı kimi açıqlanır. “Yağışdan çıxıb yağmura düşən” Nazpərinin bu səhvi törətməsində ana evini zəli kimi sümürən, “fikri-zikri dağar qarınlı ərinin qoynuna girib doğmaq, siçovul kimi harada nə gördü, dartıb yuvasına gətirmək” olan bacını, qızının qayğısına qalmayan ananı səbəbkar kimi görmək mümkündür. Nazpərinin bu addımı atmasına “...dədəsinin kəsilməyən qışqırığı, anasının deyintisi, bacısının donqultusu, bacısı uşaqlarının zıqqıltısı” vadar etməsi müəllif tərəfindən oxucunun gözündə canlandırılır. Əsərdə Nazpərinin körpə oğlunun qaraçı dəstəsindən olan Andra tərəfindən oğurlanması faktı da qələmə alınır. “Əvvəl necə başlayır, Axır da elə gətirir” kimi qeyd edən yazıçı Nazpərinin iztirablarla dolu həyatında atası evindəki mövcud ədalətsizliyin təsirini tam açıqlayır.
Üç hissədən ibarət (“Narkoman”, “Agah”, “Ağdərədən üzübəri”) “Əvvəl axır” romanının “müharibə qurtarmamışdı. Hər yerdə müharibə gedirdi...” sonluğu ilə bitməsi Azərbaycan xalqını erməni quldurlarının apardıqları soyqırıma qarşı həmişə hazır olmağı və bu mənfur məxluqlar üzərində zəfər çalmağın çağırışı kimi qəbul edilməlidir. Romanı oxuyarkən bir daha bu nəticəyə gəlirik ki, Qarabağ müharibəsinin özü faciədir. Qarabağ müharibəsi insanın heç bir şeylə əvəz oluna bilməyən həyatına, təbiətə, insanın qurub yaratdığı cəmiyyətə, bir sözlə bəşəriyyətə qarşı yönəldilmiş cinayət kimi qiymətləndirilməlidir. Bu baxımdan “Əvvəl axır” romanı “Qarabağ romanı” janrın kamil nümunəsi kimi qəbul edilməlidir. Bununla belə, romanın müxtəlif hissələrində ikinci dərəcəli qəhrəmanların adlarında çaşqınlıq mövcuddur. Belə ki, çoban Qiyas romanın digər bir yerində Qaçay kimi təqdim olunur, qaraçı Zaxarın anası Nona kimi təqdim edildiyi ilə yanaşı həmçinin Ada (Ada arvad) kimi təqdim edilir. (“Nonanın falının düzgünlüyünə şübhə yox idi” və ya “Adanın dalağı sancmışdır”).