Salidə Şərifova
Rusiya və rus hərbçi obrazı Azərbaycan ədəbiyyatında
Rusiyaya münasibət və rus, xüsusilə də rus hərbçisi obrazlarının Azərbaycan ədəbiyyatında əksi maraq doğura biləcək mövzulardan biridir. Belə ki, bu obrazların bədii əsərlərdə təsvirini dövrün tələbi kimi meydana çıxdığını müşahidə edirik. Bu tip əsərlərdə yazarların zəmanənin nəbzini tutmağa nail olduqlarını və dövrün aktual problemlərini əsərlərinin əsas məğzinə çevirdiklərini müşahidə edirik. Bu əsərlərdən Əlibala Hacızadənin “Möcüzə”, Ağarəhim Rəhimovun “İkili dünyam”, Elçin Mehrəliyevin “Doxsanıncı illər”, Fazil Günayın “Qara qan”, Nüşabə Məmmədlinin “Zəngulə”, Mahirə Abdullanın “Əvvəl axır”, Elza Mollayevanın “Əsir ürəklərin fəryadı”, Nigar Qarayevanın “Daş hasar” romanları, Əlisəfa Azayevin “Əsgər anası”, Kərim Dünyamalının “Qana boyanmış illər”, Novruz Rəhimovun “Qara qatar” povestlərini göstərmək olar.
Bu əsərlərdə təsvir olunmuş rus hərbçilərinin (rus zabiti və əsgəri) obrazlarının açıqlanmasına xüsusi diqqət yetirmək vacibdir. Sovet İmperiyasının Qızıl Ordusunun ermənilərə kömək etməsi müasir ədəbiyyatımızda çılpaqlığı ilə açıqlanır. Onu da qeyd etmək lazımdır ki, rus hərbçilərinin (rus zabiti və əsgəri) obrazlarına münasibət birmənalı olmamışdır.
Müasir romanlarımızda Rusiyanın apardığı siyasi kursuna və onların iştirak etdiyi tarixi olaylara yazıçılar tərəfindən real qiymət verilməsi faktı onların Azərbaycanı işğal etmək istəyi kimi dəyərləndirilməlidir. Kərim Dünyamalının “Qana boyanmış illər” povestində XVIII-XIX əsrlərdə çar Rusiyasının Azərbaycana qarşı apardığı siyasi mübarizəsi açıqlanır: “məhz Rus-İran müharibələrindən sonra, çar Rusiyasının tərkibinə qatılmış Qafqaz Azərbaycanının adı 1809-cu ildən xəritələrdən və rəsmi sənədlərdən silinib, azəri türkləri olan əhalisi “tatar” adlandırılmışdı.” Bu müharibənin vurduğu zərbələr Azərbaycandan yan keçmədiyi bir daha Kərim Dünyamalı tərəfindən açıqlanır: “Türkmənçay müqaviləsindən sonra İrandan 30 mindən çox, Ədirmə sülhündən sonra isə Türkiyədən 80 min erməni ailəsi Azərbaycanın ən münbit və strateji cəhətdən əhəmiyyətli olan ərazilərdə yerləşdirildi. Rus çarı tərəfindən uzaqgörənliklə, düşünülmüş formada yerinə yetirilmiş bu köçürmələr Azərbaycanda ermənilər tərəfindən törədiləcək qanlı qırğınların bünövrəsini qoymuş oldu.
Bununla da Türkiyəyə və tük dünyasına qarşı gizli-aşkar mübarizə gücləndirildi”. Kərim Dünyamalının bu povestində 1725-ci ildə yazılmış və 1738-ci ildə elan edilmış I Pyotrun vəsiyyətinin verilməsi diqqəti cəlb edən maraqlı tarixi faktlardan biridir: “Rusiya dövlətinin o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya-Avropa xəzinələrinin açarı olan İstanbul olsun. İstanbula sahib olan şah dünyada ilahi şah olacaqdır. Bu məqsədi həyata keçirmək üçün həmişə Türkiyə ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımıdr. Bu işdə sunni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və basılmaz ordudur.
Əgər bu ölkələrdə müsəlmanlar göz açıb, hüquqlarını qansalar, o bizə böyük ziyan olar. Islam əqidəsini Asiyadan uzaqlaşdırmaq, xristian dini əqidəsini və mədəniyyətini orada ciddi təbliğ edib yaymaq zəruridir”. Fazil Günayın “Qara qan” romanında da XVIII-XIX əsrlərdə çar Rusiyasının apardığı siyasətə toxunulur: “...son iki yüz ildə erməniləri Qafqaza gətirib cəm edən, yerli əhalinin sıxışdırıb, onları indiki Ermənistan respublikası ərazisində, Qarabağda, Gəncəbasarda yerləşdirən Rusiya dövləti olmuşdur. Bu, tarixi faktdır. Rusiya Qafqazı işğal etdikdən sonra ona Türkiyə və İranla öz arasında bufer xətti lazım idi. Buna görə də erməniləri İranın, Türkiyənin içərilərindən Qafqaza köçürdülər. Ermənilərinsə öz maraqları vardır: Rusiyanın vasitəsilə öz dövlətlərini qurmaq! Bu razılaşmalar hələ I Pyotrun çarlığı dövründə olmuşdur”.
Milli şüurun formalaşmasında yazarlarımızın təsiri danılmaz bir faktdır. Belə ki, istər müasir, istəsə də klassik yazarlarımızın yaradıcılıqları bu yöndə əvəzsiz xidmət göstərmələri ilə tarixi yaddaşlarda özlərinə məxsus yer tutmuşlar. Bu baxımdan Azərbaycan ədibi Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı diqqəti cəlb edir. Ədibin Çar Rusiyası, Azərbaycan Xalq Cumhuriyyəti və Sovetlər imperiyasına təsadüf etmiş yaradıcılığında xalqın aktuallıq kəsb edən probleminə toxunulmuşdur. Yusif Vəzir “Ermənistan və biz”, “Əfkari-ümumiyyə”, “On beş gün Ermənistanda” məqalələrində Rusiyanın o dövrdə apardığı siyasi kursu real tarixi faktlarla canlandırması ilə maraq kəsb edir. “Əfkari-ümumiyyə” başlığında ədib yazır: “Hankı millət yaşamaq istərsə, öz dərdini söyləməlidir, səsini çıxarmalıdır. Səsini çıxarmağı bilməyən və bağırmağı bacarmayan millət həmişə əzilər. Səs vasitəsi də qəzetlər və məcmuələrdir. Qonşularımızdan bağırmaları ilə məşhur ermənidir. Bu millət dərdini və tələbini bildirməkdə böyük istedad sahibidir.
Dünyada elə bir qəzetə yoxdur ki, erməni məsələsini yazmasın. Bundan başqa özlərinə məxsus bir çox qəzetə və məcmuələri var. Müharibə əsnasında Moskvada rus dilində “Armyanski vestnik” məcmuəsi verilirdi. Bu məcmuə başdan-başa erməniliyi təqdir və tərvic (işə salma) etmək ilə məşğul idi. Məcmuənin fikri ermənini ən mədəni bir millət şəklində Avropaya tanıtmaq idi”.
Rus ordusunun adından istifadə edilməsi kimi tarixi faktları yazarların nəzərindən qaçmamış, bu mövzunu əsərlərinin sujet xəttinə daxil etmişlər. Sevimli yazıçımız Əlibala Hacızadənin “Möcüzə” romanında bu fakt özünün çılpaqlığı ilə əksini tapması baxımından diqqəti cəlb edir. Əsərdə xalqın qanlı tarixi yaddaşına çevrilmiş 20 yanvar gecəsi geniş təhlil obyektinə çevrilmişdir. Yazıçı 20 yanvar gecəsi qırğınında ermənilərlə yanaşı rus ordusunun zabit və əsgərlərinin iştirakını ürək ağrısı ilə qələmə alaraq oxucusuna çatdırmağa müvəffəq olur. Ermənilərin silahsız və günahsız Azərbaycan xalqının üstünə göndərilməsində Mərkəzin rəhbərlik etdiyini müəllif inandırıcı şəkildə qələmə alır. Azərbaycan xalqını ermənilərin qıracağını bilən Rus İmperiyası onlardan hazırlanmış dəstəni Bakıya silahsız insanların üstünə göndərmişdi.
Yazarların əsərlərində “böyük qardaş” və rus hərbiçilərinin obrazının müqayisəli şəkildə əksi də maraq dairəsindədir. Məsələn, A.Rəhimovun “Ikili dünyam” romanındakı Yusifin oğlu Valeriylə dialoqu bu baxımdan maraq kəsb edir. “Böyük qardaş”ın apardığı siyasi kurs Yusifin dili ilə gözlərimizdə canlandırılır: “...onu bilməlisən ki, Ermənistanla Azərbaycan arasındakı milli münaqişələri yaradan Moskvadı. Kremlin şovinist, mənfur niyyətli, səbatsız siyasətbazlarıdı. Onların “Yenidənqurma”, “Aşkarlıq”, “Demokratiya” pərdəsi altında SSRİ adlanan nəhəng imperiyanı dağıtmaq niyyətidir. “Dağlıq Qarabağ” kartı ortaya atılır. Onların irəli sürdükləri məkrli siyasətlə, yüz ildən artıq tarixi olan “Daşnaq-sütyün” partiyasının yeritdiyi “Böyük Ermənistan” yaratmaq xülyası ilə ermənilərin qaysaqlanmış yaralarının üstü açılır. Ermənilərin düşüncə tərzi dəyişdirilir, qanlarına zəhər qatılır.
Əlverişli şəraitdə özünə kök salan və sürətlə inkişaf edən bu ideya əvvəl Ermənistana, sonra da bütün dünyada yaşayan ermənilərə ötürülür. Daxildə və xaricdəki dayaqları zəiflədikcə, nüfuzu azaldıqca Sovet imperiyası Azərbaycandan çəkinməyə başlayır. Çünki Azərbaycan Şərqin qapısıdır. Kremlin səbatsız siyasətçiləri həm Ermənistanda, həm də Azərbaycanda öz dayaqlarını möhkəmləndirmək üçün bəzi vəzifəbazları, satqınları şirnikdirib əllərində saxlayırlar. Onlar vasitəsilə millətlər arasındakı münasibətləri kəskinləşdirirlər. Beləliklə də hər iki xalq arasına qırğınlar salırlar. Hazırda Ermənistanda fəaliyyət göstərən Sovet Ordusu bu çirkin siyasətdən kənarda deyil. Əksinə, o, Ermənistanı qızışdırıcı və himayəedici mövqedə dayanıb. Rus hərbçiləri olmasa, ermənilər Azərbaycana heç vaxt belə təsir göstərə bilməzlər. Pərdələnən Sovet Ordusu ilə erməni quldur dəstələri Azərbaycana qarşı birgə əməliyyat planı həyata keçirirlər”.
“Böyük qardaş”ın apardığı bu siyasi kursun əsas problemləri yazarlar tərəfindən əsərlərində açıqlanaraq oxuculara çatdırılır. Ağarəhim Rəhimov “İkili dünyam” romanında Valerinin General Aleksandr Fyodoroviç Şatalova ünvanladığı “Ermənistan da, Azərbaycan da SSRİ adlanan nəhəng bir dövlətin tərkibində olduğu halda Kremlin bu iki qonşu xalqlar arasına nifaq salmaqda məqsədi nədir?” sualına generalın cavabı qaranlıq məqamlara aydınlıq gətirir: “Bilirsən ki, SSRİ artıq dağılır. Azərbaycan şərqin qapısıdır. O, özünün müstəqilliyini, suverenliyini tələb edir. Onun zəngin yeraltı və yerüstü sərvətləri var. Kreml bu imkanı itirmək istəmir. Onu da bilirsən ki, şimali azərbaycanın müstəqillik, suverenlik qazanması qonşu İran dövləti üçün də gec-tez qorxuludur.
Cənublular şımallılarla birləşmək ideyasını qaldıra bilərlər. Belə olduqda Qafqazda Azərbaycan nəhəng bir dövlətə çevrilə bilər. Onda gec-tez İran da, Rusiya da, elə Qafqaz xalqları da onlarla hesablaşmalı olacaqlar. Bu nə Kreml, nə Tehran, nə Yerevan, nə də başqa xalqlar üçün faydalıdar. Onu da bilməlisən ki, Ermənistan Moskvanın Qafqazdakı dayağıdır. Daha dəqiq desək, Qafqazda vuran qoludur, əl altısıdır. Kreml ermənilər vasitəsilə Qafqazda bütün istəklərinə nail ola bilir. Ona görə də Moskva Yerevanla bir növ müttəfiqdir. Ermənistanın Qafqazda istədiyi kimi fəaliyyəti Moskvasız mümkün deyil”.
“Böyük qardaş”ın İmperiya daxilində olan millətlər arasında ayrıseçkiliyi məhz onların erməni yaraqlılarının mənfur əməllərinə yardım etmələri ilə açıqlanır. Müasir bədii nümunələrimizdə ermənilərə yardım edən rus hərbiçilərinin (rus zabit və əsgərləri) köməyi tam real faktlara əsaslanaraq əksini tapmışdır. Belə ki, tək heç bir şeyə qadir olmayan, yalnız qeyri-insani hərəkətlər törətməyə qadir olan erməni yaraqlılarının rus ordusuna güvənməsi bu baxımdan səbəbsiz deyildir. Rus ordusunun adı altında bəşəri cinayətlər törətmiş ermənilərin ruslardan silah və yardım alması faktları artıq məlum tarixi faktlardan biridir. Məsələn, Elza Mollayevanın qələmə aldığı “Əsir ürəklərin fəryadı” romanında ermənilərin döyüşləri soyğunçuluq və talançılıq məqsədilə aparılmasına toxunulmuş, düşmən yaraqlıları arasında əcnəbilərin, o cümlədən zəncilərin və rusların olması xüsusi vurğulanmışdır. Döyüş zonalarına ezamiyyətə göndərilmiş jurnalistlərin (Şahin və Tahirin) dialoqunda bunları müşahidə edirik: “Qarabağda sürünən ikinci və üçüncü əsgəri iri planda götür. Erməni əfisirinə zəhər verən rus kərtənkələləri. Bu ruslar olmasa, çoxdan ermənilərin başı əzilmişdi”.
Nüşabə Məmmədlinin “Zəngulə” əsərində də bu kimi faktların qələmə alınması diqqətdən yayınmır. Bu əsərdə erməni separatçılığının sovet imperializmi ilə əlaqələrinin əks etdirilməsinə xüsusi diqqət yetirilmişdır. Elza Mollayevanın qələmə aldığı “Əsir ürəklərin fəryadı” əsərindən fərqli olaraq, “Zəngulə” romanında keçmiş Qızıl Ordunun əsgərlərinin dili ilə onların ermənilərə yardım etməsinin Qarabağ üzərində gedən döyüşlərin nəticəsində təsiri açıqlanır: “Əsas əziyyəti biz çəkmişik, unutmayın, hələ qabaqda Ağdam kimi ən çox qorxduğunuz nəhəng rayon var. Qorxmursunuz ki, çəkilib oturarıq öz yerimizdə, ağdamlılar sizi qarışqa kimi əzərlər”. Nüşabə Məmmədlinin “Zəngulə əsərində” ermənilərə rus ordusunun yardım etməsini əsir düşmüş azərbaycanlının dilindən də eşidirik: “...elə bilirsiniz ermənilər bizə bav gələ bilər? Onlara uruslar kömək eliyir dayna. Yoxsa biz həm çoxuq, həm də gücdüyük. Biz ciyarrıyıq ey, ciyarrı, qorxaq döyülük. Heç eşitməmisiniz, erməni qan gördü, şalvarın batırdı. Onnar uruslara, xariclərə güvənməsə, heşnə eliyə bilməzlər. Dızqağın, qorxağın biridilər”.
Elçin Mehrəliyevin “Doxsanıncı illər” romanında rus Ordusunun erməni yaraqlılarına yardım etməsi erməni surəti ilə açıqlanır. Romandakı erməni Samvel azərbaycanlıların qeyrətinə, mərdliyinə bələd olduğunu boynuna alsa da, özününkülərin azərbaycanlılarla təkbaşına bacarmayacağını yaxşı bilsə də, arxayındır ki, bu kənddə yaşayanların nə tankı var, nə topu. Ermənilər tək yox, rusun köməyi ilə, onun topuynan, tankıynan bu silahsız adamlara qan udduracaq. Samvel həyasız bir riyakarlıqla azərbaycanlılara “...mən deyirəm qirğın olacaq. O qaniçənlər tək deyillər, rusun topuynan, tankıynan gələcəklər” deməsi əsərdə bu faktı açıqlayan amillərdən biridir. Nigar Qarayevanın “Daş hasar” romanında da rus hərbçilərinin ermənilərə yardım etməsi faktına toxunulduğunu müşahidə edirik: “onu heç vaxt unutma ki, bu ermənilərin dalında duranlar çoxdu, ruslardan tutmuş az qala dünyanın yarısı onları müdafiə edir.”
Bu bədii əsərlərdə rus hərbiçiləri ilə erməni yaraqlıları arasında müqayisə aparılması da mühüm amil kimi diqqəti cəlb edir. Fazil Günayın “Qara qan” romanında rus hərbiçilərinin (rus zabit və əsgərləri) arasında apardığı müqayisə aktuallıq kəsb edir. Fazil Günay erməni separatçılarının daxili aləmini açmağa nail olur: “...hər millətin canilərinin öz öldürmək üsulu var. Ruslarda bu iş üçün balta dəbdədir. Azərbaycanlılar bıçaqla işləyirlər. Hər ikisi öldürücü zərbə vurduqdan sonra qurbanlarını tərk edirlər. Erməni canilərində isə bu əksinədir. Onlar can verən, ölmüş qurbanlarına qarşı vəhşilikdən həzz alırlar”.
Rus hərbiçilərinin erməni yaraqlıları ilə müttəfiq olmalarına baxmayaraq onlara etibar etmədiklərini yazıçılarımız qələmə almış olduqları əsərlərində onların dili ilə açmağa nail olmuşlar. Fazil Günayın “Qara qan” romanında rus hərbçisi İvanın azərbaycanlı qızı Aysuya dedikləri fikirlərində ermənilərin ikiüzlüyü, xainliyi gostərilməklə yanaşı onlara inanmadıqları və etibar etmədikləri də açıqlanır: “...cəbhə xəttində hər şey ola bilər: snayper gülləsi, uzaqvuran topların mərmisi, havadan atılan bomba... Amma məni qorxudan arxadan atıla biləcək güllədir. Elə bilirsiniz mən bu ermənilərə inanıram? Lazım gəlsə məni aradan götürmək onlar üçün bir qurtum su içmək kimi asandır.”
Bütün bu ziddiyyətli məqamlara baxmayaraq rus hərbiçilərinin peşimançılıq çəkmələri faktlarının Azərbaycan ədəbiyyatında açıqlanması maraq doğurur. Fazil Günay “Qara qan” romanında ermənilərə hərbi yardım edən rus hərbçilərinə toxunaraq onların daxili aləmlərini qələmə almış, rus hərbçilərinin bu vəhşiliklərdə fəal iştirakçı olduqlarını göstərməklə yanaşı, etdikləri hərəkətlərə görə rus hərbçisinin mənən əzab çəkdiyini və baş verən siyasi olaylara qarışa bilmədiyini reallıqla əks etdirə bilmişdir: “Çox həqiqətləri dayandırmaqla bağlı cınqırını belə çıxara bilməzdi. Onu əlli-əyaqlı yox edərdilər... Ermənilərin dinc əhaliyə divan tutması barədə rəislərinə gözü ilə gördüyü dəqiq məlumatlar verməkdən başqa onun əlindən bir şey gəlmirdi. Hər dəfə bu məlumatlarla yanaşı azərbaycanlı əsirlərin rusları da bu cinayətlərin şərikli hesab etməyini yazıb göndərmişdi”.
Ağarəhim Rəhimovun “İkili dünyam” romanında erməni yaraqlılarının “Dənizdən-dənizə Ermənistan” riyakar planlarının realizə edilməsinə və Rusiyanın yeritdiyi siyasətə rus zabitlərinin etirazları da maraq doğuran amillərdəndir. Romanda Kapitan İvan Kiselyovun bu məsələyə öz etirazını bildirməsi diqqətdən yayınmır: “...Biz hərbiçiyik. Əmrləri sözsüz yerinə yetirməliyik. Ancaq istəməzdim ki, Rusiya belə məkrli siyasət yeritsin. Pis odur ki, indiki halda çoxlu günahsız adamlar qırılır. Qanlar axıdılır. Özü də ölənlərin çoxu uşaqlardı, qız-gəlinlərdi, qocalardı, bir sözlə, imkansız əli yalın xalqdı...”
Qələmə alınmış müasir bədii nümunələrimizdə rus hərbçilərinin (rus zabiti və əsgəri) dili ilə Azərbaycan xalqının, türkün böyüklüyü, əzəmətliyi, qırılmazlığı, mətinliyi kimi milli xarakterlərin təsdiqləndiyini də müşahidə edirik. Mahirə Abdullanın “Əvvəl axır” romanında Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər rayonların işğalı zamanı rus hərbçilərinin (rus zabiti və əsgəri) iştirak etməsi olayları əksini tapmışdır. Mahirə Abdullanın “Əvvəl axır” əsərində rus zabiti Vasyanın dili ilə geniş türk ailəsinə aid azərbaycanlıların milli dəyərlərin qorunması sahəsində üzləşdiyi problemlərin qlobal xarakter daşımasını və bütün türk dünyasını əhatə etməsini vurğuladığının şahidi oluruq. Bu baxımdan, romanda rus zabiti Vasyanın azərbaycanlıların daxili xüsusiyyətləri və keçmişi barədə düşüncələri maraq doğurur: “Onun üçün azərbaycanlı ölümün, qəflətin, cəzanın, dözümsüzlüyün, aclığın, əsirliyin adı olan çeçenlərin özü idi.
Düzdür, azərbaycanlılar ilk baxışdan çeçenlərdən fağır, ağır görünürdülər, amma yəqin onları tərpədən yox idi. Çeçen də türk idi, müsəlman idi. Türk onun üçün nəfəsini içinə çəkib, gərginlikdən donub qalmış, yatmış əjdahaya, divə bənzəyirdi. Nə qədər nəfəsini saxlaya bilərdi? Bir gün ağzını açacaqdı, alovlar zəbanə çəkib düşmənləri külə döndərəcəkdi. Sonra külün üstündə nəhəng ləpirlər qoyub dərin mağaralara yatmağa gedəcəkdi. Yenə bayırda nə baş verəcəyindən xəbərsiz olacaqdı. Hər dəfə ayılanda türklərin sonuncu dənizə qeyrət yürüşləri başlanırdı. Lakin mənzilə çatanda qələbə badəsini axıradək başına çəkmiş bu divin, əjdahanın yenə şöhrətdən başı gicəllənəcək, sonuncu dənizin dəli dalğalarının harayını eşitmək, qumlu sahillərin, fəth edilmiş, torpaqların sahibi olmaq həmişəki kimi kənarda, yanında kor çaqqal kimi gözləyənlərə qismət olurdu”.
Ağarəhim Rəhimovun “Ikili dünyam” romanında adi bir çilingərin dili ilə erməni və rusların həmrəy olmalarının təsvir edilməsi yazıçının istifadə etdiyi maraqlı ədəbi priyomlardan biridir: “Tarixən biz ermənilər siz ruslarla həmişə həmrəy olmuşuq. Müttəfiqiq. Həmişə də belə olacağıq. Rusların Qafqazda dayaq nöqtəsi ermənilər, ermənilərin də arxası ruslar olub. Bu birlik ermənilərə xoşbəxtlik gətiribş Yoxsa, bu türklər ermənilərə qan uddurardılar”.
A.Rəhimovun “Ikili dünyam” əsərində erməni mayoru Sarkisyanın dili ilə rusların onlarla müttəfiq olması faktı açıqlanaraq oxucuya çatdırılır: “Bizim planımıza görə, döyüşə girəcək Azərbaycan hərbi hissəsinə mənim komandanlıq etdiyim hərbi hissə kiçik zərbə endirib geri çəkiləcək. Biz çəkildikcə Azərbaycan hərbi hissəsi sağ və sol cinahlarına güvənərək hücuma keçəcək, bizə tərəf iki-üç kilometr irəliləyəcəklər. Bundan sonra bizim sag cinahda olan rus hərbçiləri atəş açacaqlar”. Bu romanda Şuşamızı ələ keçirmək istəyən ermənilərin planlarına rus hərbçiləri yardım etməsi açıqlığı və reallığı ilə erməni polkovniki Zori Babayanın dili ilə əks etdirlir: “... Mənim fikrimcə, rus hərbi birləşməsi Güllücə, onun sağ cinahında muzdlu hərbi bölməsi Kəpənəkli, sol cinahında erməni hərbi hissəsi Qaraçala kəndinə hücuma keçsin”.
Əlisəfa Azayevin “Əsgər anası” povestində rus hərbçilərinin (rus zabiti və əsgəri) heç də işğalçı olmadıqları və humanist prinsiplərə sahib olduqları da açıqlanır. Onun bu əsərində Azərbaycanın işğal olunmuş ərazisində azərbaycanlı qocaya heç nə etməmələri, sadəcə olaraq dedikləri fikirlər bu mənzərəni gözümüzdə canlandırır. Şuşanın işğalı probleminə toxunan yazıçının mövqeyi də diqqətdən kənarda qalmır. Əsərdə söylənilənlər hadisənin mahiyyətini açıqlamağa yardımçı olur: “... Şuşanın əldən verildiyini eşidəndə yer-göy başıma fırlandı. Deməsinə görə bir balaca əmanəti, pulu varmış, orada qalıbmış. Düz üz tutur Şuşaya tərəf... Hə, and içir ki, yolda bir nəfər erməniyə rast gəlməyib. Qarşısına üç rus əsgəri çıxıb. Onlar da qocanı xeyli töhmətləyiblər. Deyiblər ki, siz tərəfdən bir səs salan olsa, heç olmasa biz də bir bəhanə edib qaçarıq. Çıxıb gedərik burdan”.
Son dövrlərdə qələmə alınmış müasir romanlarımızda Azərbaycan suvereniteti və təbii sərvətləri uğrunda aparılan mübarızələr də geniş əksini tapmışdır. Romanlarımızda Milli dirçəlişimizə xələl gətirəcək amillərin açıqlanmasına toxunulması faktı diqqətləri cəlb edir. Məsələn, Ağarəhim Rəhimovun “İkili dünyam” romanında bu problemlərin açıqlanması diqqətdən yayınmır. Romanda kapitan İvan Kiselyovun dili ilə Rusiyanın Azərbaycana qarşı yürütdüyü siyasət açıqlanır. Bu açıqlamadakı real faktlar böyük əhəmiyyət kəsb edir: “Azərbaycan iki hissəyə bölünüb. Cənubi Azərbaycan İranın, şimali Azərbaycan rusların əsarətindədir. Azərbaycanın geniş ərazisi, zəngin sərvətləri var. Bilirsən ki, Azərbaycanda indi güclü milli oyanış gedir. İki yerə parçalanmış bu xalq birləşərsə, Şərqdə güclü bir dövlət yarada bilər. Ona görə də bu nə ruslara, nə də İrana faydalı olar. Bunun üçün Azərbaycan daim nəzarətdə saxlanılmalıdı.
Ruslar bu respublikanı əldən vermək istəmirlər. Bura bir başa müdaxilə etməyi də özlərinə sığışdırmır. Qorxurlar ki, beynəlxalq aləmdə az-çox olan nüfuzlarını da itirsinlər. Bu Rusiya üçün rüsvayçılıq olar. Bunun üçün erməniləri irəli itələyir, özləri pərdələnmiş şəkildə Azərbaycana “qulaqburması” verirlər”. Bu romanda komandir müavini baş letytenant Nikita Pavloviç Panfilovun dedikləri də bütün bu deyilənləri təsdiqləyir: “... Bu müharibə süni şəkildə törədilib. Azərbaycanın iqtisadiyyatı üçün Şərq də, Qərb də maraqlıdır. Rusiya isə bu xammal bənbəyini-Azərbaycanı əlində saxlaya bilmədi. Rusiya səhvini indi başa düşüb. Çalışır ki, nəyin bahasına olursa olsun səhvini düzəltsin. Artıq gecdir. Uğursuz siyasət nəticəsində Rusiya Qafqazda da nüfuzdan düşür. Ona görə də Rusiya Qarabağ kartını ortaya atıb. Ermənistanı şirnikdirib Azərbaycanın üstünə salıb”.
Göründüyü kimi, XX yüzilliyin əvvəlləri və sonları bəşəriyyətin gözləri qarşısında baş vermiş vəhşiliklərin, ermənilər tərəfindən törədilmiş cinayətlərin və onlara yardımda bulunmuş rus ordusunun zabit və əsgərlərin əməllərinin milli yaddaşlarda qoruyub saxlamaq iqtidarına malik olan bədii nümunələrin qələmə alınması artıq zəruriyyətə çevrilmişdir.