Sədyar Ramazanov
Qarabağ məsələsi ideoloji mübarizə müstəvisində
Dünyada daha çox gözə çarpan iki düşərgə mövcud idi. Birincisi, Sovet düşərgəsi, ikincisi başda Amerika-İngiltərə cütlüyü olmaqla kapitalist düşərgəsi və onların mənafeyini güdən hərbi qurumlar. Bu düşərgələr bir-birinə qarşı hərbi qarşıdurmadan çəkinərək öz nüfuz dairələrini genişləndirmək üçün (başqa dövlətlərin əraziləri hesabına) daha çox ideoloji, psixoloji (soyuq müharibə) mübarizə metodlarına üstünlük verirdilər.
Müxtəlif zamanlarda imperiyalar hakim sinfin mənafeyini qorumaq üçün dövrünə uyğun psixoloji və ideoloji metodlardan istifadə ediblər. Bu metodları “soyuq müharibədə” silah növü də adlandırmaq olar. Sovet dövrünün bu silahları artıq sizlərə tanışdır. Kapitalist düşərgəsinin bəzi gözəçarpan ideoloji və psixoloji silah növlərini sadalamaq istərdim. Psixoloji silah növlərindən:
-Pulla, hakimiyyətə gətirməklə və s. kimi vasitələrlə ələ almaq, şirnikləndirmək;
-Müxtəlif təbliğat vasitələri (mətbuata təsir, kinofilmlər, qrantlar) hesabına ictimai fikri öyrənərək öz məqsədləri naminə istifadə etmək, reklam və s. bu silah növlərindən çox sadalamaq olar. Mən bir nümunə çəkmək istərdim. Adi bir diş pastasının, yaxud sabunun tez satılması üçün yarıçılpaq qadın bədənindən istifadə olunur. Bu kimlərinsə cibinə çoxlu pul gətirir, kimlərdəsə şəhvət hisslərini gücləndirir. Sadaladıqlarımı ümumiləşdirsək psixoloji silah növləri insan hissləri ilə-şəhvət, qorxu, həyəcan, qəzəb, vətənpərvərlik və s. hisslərlə öz məqsədləri naminə oynamaq deməkdir.
İdeoloji silah növləri
Bu silah növünü isə insan psixologiyasından istifadə edərək həyata keçirilə biləcək “qlobal tədbirlər planı” adlandırmaq da olar. Bu da birinci növbədə hakim sinfin mənafeyinə xidmət edir.
Qərb düşərgəsində bu ideoloji silah növlərindən:
-demikratiya, aşkarlıq, insan hüquqlrı və s.;
-çoxpartiyalılıq-müxtəlif ideyalarla, pulla, və s. vasitələrlə hakimiyyət uğrunda mübarizədə öz istəklərinə cavab verənləri hakimiyyətə gətirmək. Müxtəlif rəngli inqilabları da bura aid etmək olar;
-Milli azadlıq hərəkatları;
-Milli azlıqların hüquqlarının müdafiəsi;
-Millətlərarası münaqişələri öyrənərək lazımi məqamda onları alovlandırmaq;
-Dinlərarası (müsəlman-xristian), təriqətlərarası (sünnü-şiə) münaqişə yaratmaq və onları alovlandırmaq;
- Qloballaşma və başqa metodlardan geniş istifadə olunur.
Hakimiyyətə gələn Qorbaçov və onun yaxın ətrafı tərəfindən “demokratiya”, aşkarlıq, yenidənqurma, bir qədər gizli formada isə “müsəlman-xristian”, islam ekstremizmi kimi silahlar işə düşdü. Bu sosialist və kapitalist düşərgəsində gedən “soyuq müharibənin” (ideoloji müharibənin) açıq təzahürləri idi. Qarbaçovun yürütdüyü siyasət Qərbin planlaşdırdığı bir siyasət olaraq, onların dünyaya tam hakim olmaq iddialarından irəli gəlirdi.
Belə bir vaxtda Azərbaycanda Milli Azadlıq hərəkatı (Qərbə meyillilik şərti ilə), Ermənistanda isə (həm də Qarabağda) “Milli azlıqların hüquqlarının müdafiəsi” ideoloji silahları işə düşdü (müsəlman-xristian, islam ekstremizmi ideoloji silahları tətbiq edilməklə). Bu “ideoloji silahlar” əsasında Qərbdən dəstək alan “Daşnak” partiyası Qarbaçov və onun ideoloqları tərəfindən müdafiə olunan erməni millətçiləri ilə birgə Sovet Ordusunun köməyi ilə Azərbaycanda “20 yanvar” və “Xocalı soyqırımı”nı törətdilər. Bu soyqırımlara isə təbii ki, Qərbin insan haqları üzrə müdafiəçiləri göz yumacaqdılar. Ona görə yox ki, Qərbdə erməni lobbisi güclüdür, sadəcə olaraq “Daşnak” partiyası sovet imperiyasına, Türkiyəyə qarşı bir ideoloji silahdır. Bir çox hadisələr tarixçilər tərəfindən araşdırılmaq əvəzinə ideoloqlar tərəfindən ideoloji silah kimi istifadə olunur.
Azərbaycanda isə hakimiyyətə gəlmək istəyən qüvvələrdə Qərbə meyillilik hissi (güc mərkəzinə meyillilik) nəzərə çarpırdı. Zaqafqaziyanı tam nüfuz dairəsinə salmaq Qərbin strateji marağıdır.
Enerji resursları ilə bağlı başlayan proseslər Rusiyaya, İrana, İraqa və güclənməkdə olan Türkiyəyə qarşı (baxmayaraq ki, NATO-nun üzvüdür) yeni bir ideoloji və srateji cəbhənin açılması deməkdir.
Zaqafqaziyada Qərbin getdikcə güclənən təsirinə qarşı durmaq, strateji cəbhənin yaranmasına imkan verməmək uğrunda mübarizədə Rusiyanın maraqları həm İranın, həm də Türkiyənin maraqları ilə üst-üstə düşürdü.
Azərbaycan ideoloji və silahlı münqişələr ocağına çevrilmişdi. Qərbə inteqrasiya modelini əsas götürən hakimiyyətdə təmsil olunan Azərbaycan demokratları baş verən hadisələrə vaxtında qiymət verə bilmədiklərindən çətin vəziyyətə düşdülər.
Özlərinə qarşı (özünü qoruma instinkti) strateji cəbhənin açılmasına imkan vermək istəməyən İranla Rusiyanın birgə məsləhətləşməsi əsasında ölkənin cənubu İranın (Talış-Muğan respublikası), şimalı isə Rusiyanın (“Sadval” ləzgi təşkilatı) təsir dairəsinə salındı.
Bu vaxt “Daşnak” partiyası və erməni millətçiləri həm Qərbdən (Qərbin Ermənistanı öz nəzarətinə almaq istəyi), həm də Rusiya və İrandan (hər iki dövlətin Ermənistanı Rusiyanın nəzarətində saxlamaq istəyi) yararlanırdı və Qarabağın getdikcə daha çox əraziləri işğal altına düşürdü.
Ölkəni belə bir vəziyyətdən çıxarmaq üçün xalq arasında böyük nüfuza malik, insanların arzu və istəklərini başa düşən, qlobal güc mərkəzlərində (sosialist və kapitalist düşərgələrində) ideoloji və psixoloji silah növlərindən xəbərdar olan, bu silah növləri tətbiq olunmaqla təşkil olunan hücumları zərərsizləşdirməyi bacaran, bəşəri ideyalar daşıyıcısı, uzaqgörən, psixoloq, sosioloq, ideoloq və siyasətçi kimi peşələri yaxşı bilən şəxsə ehtiyac duyulurdu. Regiondakı o vaxtki durumu nəzərə alsaq belə keyfiyyətlərə malik bir şəxsin hakimiyyətə gəlməsi real görünmürdü. Ancaq bu möcüzə baş verdi. H.Əliyevin hakimiyyətə qayıdışı reallıqla uzlaşan bir möcüzə oldu (Bunu ancaq tanrının istəyi adlandırmaq olar). Deməli Qarbaçov və onun ideoloqları tərəfindən təqiblərə məruz qalan H.Əliyev yox, məhz onun daşıdığı şəxsi keyfiyyətlər idi.
Hakimiyyətə qayıdan H.Əliyevin yaranmış vəziyyətdən çıxış yolunda əsas üç prinsip nəzərə çarpırdı.
1.Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və tətbiqi.
2.İqtisadi quruculuq işləri.
3.Ordu quruculuğu.
Bu mövcud vəziyyətdən yeganə çıxış yolu idi. Azərbaycanın Şimalında və Cənubunda vəziyyəti sabitləşdirərək Qarabağ bölgəsində müvəqqəti atəşkəsə nail oldu. Bu onun götürdüyü strateji xəttin bəşəri və insani keyfiyyətlərinə əsaslanırdı.
Təəssüf ki, bu şəxsiyyətin vəfatından sonra onun şəxsiyyətinə pərəstiş amili gücləndirilərək götürdüyü strateji xəttin istiqamətləri dəyişdirildi.
Bu H.Əliyev strategiyasına qarşı düşünülmüş pərdəarxası bir oyun oldu, yoxsa buraxılan bir səhv, buna da tarix cavab verəcək.
İndi də H.Əliyevin götürdüyü strateji kursun dəyişən istiqamətlərinə nəzər salaq.
1.Azərbaycançılıq ideologiyasının öyrənilməsi əvəzinə Avropa standartlarına uyğunlaşaraq Qərbə inteqrasiya.
2.İqtisadi quruculuq əvəzinə özünü kapitalistləşdirmə metodologiyası.
3.Ordu quruculuğu əvəzinə (Azərbaycançılıq ideologiyası baxımından)
-NATO standartlarına uyğunlaşma (bir vaxtlar rus standartlarına uyğunlaşmışdıq).
Əl ağacı hec də yerimək demək deyil, bu sadəcə olaraq yerimək qüsuru üçün bir vasitədir. Deməli güclü ordu, güclü iqtisadiyyat məqsədə çatmaq naminə vasitə ola bilər, ideologiya ola bilməz.
Azərbaycançılıq (insani, bəşəri, şərq) ideologiyasından uzaq olan “balanslaşdırma” siyasəti bütün hallarda iflasa uğramalıdır, necə ki, uğrayır. Eyni zamanda toqquşan tərəflərin maraqlarını qane etməyə çalışmaq qeyri-mümkündür.
Dünyada güclü ideoloji müharibə gedir. Bu gün insanlıq özünü, öz tarixi keçmişini axtarır. Bəşəriyyəti tək qütblü dünyaya çevirmək, kapitalizm ideologiyası ətrafında “qloballaşdırmaq” qeyri mümkündür. Bu artıq Rusiya-Amerika (sosialist-kapitalist düşərgələrin) qarşıdurması deyil. Bu kapitalizm və insanlıq (şərq) ideologiyalarının toqquşmasıdır ki, burada da insanlıq ideologiyasının qalib gələcəyi mütləqdir.
Sovet quruluşunun dağılması prosesində Azərbaycana çox böyük zərbələr dəydi. Kapitalizm quruluşunun da dağılmasının əlamətlərini görürük. Dünyanın hər yerində, Rusiyada, Qərbin özündə və s. yerlərdə Şərq ideologiyasına (insanlığa) meyillilik getdikcə güclənir. Belə bir vaxtda kimlərəsə tərəf inteqrasiya prosesləri böyük fəlakətlər törədə bilər. Təəssüf ki, bu ideoloji müharibədə Azərbaycan tərəfi çox zəif təsir bağışlayır.
Böyük aktyorluq məharəti nümayiş etdirən, yorulub əldən düşən Avropa standartlarına uyğunlaşıb Qərbə inteqrasiya edən Azərbaycanın bir çox siyasətçi və ideoloqları bu dəfə “qloballaşma” oyununa girməli olacaqlar.
İndiki zamanda Şərq ideologiyasının qaynaq mənbəyi olan Azərbaycançılıq ideologiyasını bilməmək, onu öyrənməmək və tətbiq etməmək, sadəcə olaraq bu ideoloji müharibədə uduzmaq deməkdir ki, bu da artıq göz qabağındadır. Bu müharibəni güclü ideoloqlar aparmaq əvəzinə biz güclü ordu, güclü iqtisadiyyatımızla qürrələnirik.
Ideoloji cəbhədə uduzaraq (müxtəlif tərəflərə inteqrasiya, hansı ki, heç biri özünü doğrultmayacaq) silahlı qarşıdurmada üstünlük qazanmağın mümkünsüz olduğunu da başa düşməliyik.
Azərbaycan ziyalısı bir ideologiya ətrafında cəmləşə bilər ki, bu da Azərbaycançılıq (insanlıq, Şərq ideologiyasının türkçülüyün qaynaq mənbəyi) ideologiyasıdır. Bu cəhətdən də Azərbaycan dünyanın ən varlı və zəngin ölkəsidir (öz tarixi keçmişi və şəxsiyyətlərinə görə).
Gizli “sülh” yaxud “gizli müharibə” planı
Gizli “sülh” yaxud “gizli müharibə” planıları təklif oluna bilər. Bu planlar birinci növbədə “qloballaşdırma” siyasəti yürüdən, dünyaya kapitalizm ideologiyası ilə tam sahib çıxmaq istəyən Qərbin (Amerika-İngiltərə cütlüyü) tam istək və arzularından xəbər verir, həm də Azərbaycan hakim dairələrinin istəyi ilə üst-üstə düşə bilər (iqtisadi siyasətlərinə nəzər salsaq, özünü kapitalistləşdirmə metodu ilə kapitalizm qurmaq istəyi). Bu xalqın istək və arzuları ilə uzlaşmayan planlardır. Eyni zamanda Azərbaycana “Bütöv Azərbaycan” ideyası (şirnikləşdirmək, İranı parçalamaq, enerji resurslarına tam nəzarət, Rusiyaya, Türkiyəyə qarşı strateji cəbhə və s.), Ermənistana isə Böyük Ermənistan (Azərbaycana, Rusiyaya, Türkiyəyə qarşı və s.) ideyasi təklif oluna bilər. Təbii ki, bölgədə “sülhməramlılarını” da yerləşdirmək istəyəcəklər. (Bu “sülhməramlıların” da İraqda necə sabitlik törətdiklərini yaxşı görürük). Qərbin bu istəyinə qarşı İran da, Rusiya da, Türkiyə də müqavimət göstərəcək (özünü qoruma instinkti). Deməli Azərbaycan hər an münaqişələr ocağına çevrilmək təhlükəsindədir.
Yaranmış vəziyyətdən çıxış yolları
1.Azərbaycançılıq (Şərq) ideologiyasının öyrənilməsi, təbliği və tətbiqi.
2.Dünyada, regionda gedən ideoloji müharibədə ictimai siyasi prosesləri nəzərə alaraq Azərbaycançılıq (Şərq) ideologiyasını bilən ziyalılardan (iqtidarda, müxalifətdə, ictimai təşkilatlarda və s. harada təmsil olunmasından asılı olmayaraq) xalqı, dövlətçiliyi ideoloji və psixoloji hücumlardan (müxtəlif kinofilmlər, verilişlər, qrantlar hesabına həyata keçirilən müxtəlif layihələr, iqtidardaxili çəkişmələr, müxalifət-iqtidar qarşıdurması, müxtəlif dövlətlərin hakim dairələri tərəfindən olan ideoloji və psixoloji hücumları zərərsizləşdirmək, müxtəlif rəngli bayraqlar (narıncı, yaşıl və s.) altında inqilabi çağırışlara münasibət bildirmək və s.) kimi hallara qarşı zərurətdən doğan ideoloji cəbhəni formalaşdırmaq.
3.Azərbaycançılıq (bəşəri, insani, Şərq ideologiyasını) bilən ziyalılar tərəfindən “Qarabağa və digər işğal olunmuş yurdlara qayıdış” proqramının hazırlanması və zərurətdən yaranan “müdafiə tədbirləri” planının tərtib olunması. Şərq ideologiyasını bilən Qarabağ ziyalılarının bu işə cəlb olunmasını xüsusi ilə qeyd etmək istərdim.
Əgər hər hansı gizli danışıqlarla “Sülh” yaxud “müharibə” planı təklif olunacaqsa məhz bu ziyalılar tərəfindən araşdırılmalıdır.
Azərbaycançılıq ideologiyası nə deməkdir?
1.Bu, Şərq və türkçülük ideologiyasının qaynaq mənbəyi olan, insanlıq, bəşəri prinsiplərə əsaslanan ideologiyadır.
2.Bu, ideologiya səni-yaradana- Vahid güc mərkəzinə, mütləq gücə-Tanrıya doğru yönəlməyin deməkdir.
3.Bu ideologiya özünü tanımaq, həyatın mənasını anlayaraq can qorxusu, mal-mülk itirmək, vəzifə itirmək qorxusu və s. hisslər yaşayanlar üçün ölüm nədir?, şəhidlik nədir? Suallarına aydınlıq gətirmək deməkdir.
4.Azərbaycançılıq ideologiyası Azərbaycanın tarixi keçmişi, xalq yaradıcılığı, muğamı, aşıq sənəti və s. deməkdir.
5.Bu ideologiya nə islamiyyətdir, nə də xristianlıq, nə indiuzimdir, nə də budduizm, bununla belə bütün bəşəri dinləri özündə cəmləşdirir.
6.Bu ideologiya milliyyətçilikdən uzaq olan Hegel, Borkin, Homer, Hun, Aristotel, Sokrat, Hipokrat və digərlərinin qəlbinə hakim kəsilən bir ideologiyadır.
7.Bu ideologiya Cavanşiri, Babəki, Oğuz xanı, Tomirisi, Şah İsmayılı, Pənah xanı, Cavad xanı və yüzlərlə Azərbaycanın igid oğul və qızlarını Əzrailə meydan oxuyaraq ölümün gözünə dik baxmağa vadar edən inamdır.
8.Bu ideologiya dünya şöhrəti qazanmış dahi söz ustadları Xətib Təbrizi, Bəhmənyar, Qətran Təbrizi, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, Fələki Şirvani, Mücirəddin Beyləqani, Nəsrəddin Tusi, İmaməddin Nəsimi, Rəhməti Təbrizi, Məhəmməd Fizuli, Aşıq Ələsgər, Aşıq Qurbani, A.A.Bakıxanov, M.P.Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, Şəhriyar, H.Cavid, Ə.Vahid kimi yüzlərlə Azərbaycanın oğul və qızlarının düşüncə tərzidir. Deməli bu yurdun “Azərbaycan” adlandırması təsadüfi deyil.
9.Nəhayət, Azərbaycançılıq ideologiyası “Azərbaycan” sözündə və üç rəngli bayrağında həkk olunub (əgər aydınlıq gətirə bilsək!?)
Azərbaycançılıq ideologiyasının əsasları
Bu gün insanlıq özünü, öz tarixi keçmişini, öz yaradanını axtarır. Şərq ideologiyasına meyillilik getdikcə güclənir. Ciddi seçim qarşısında qalmışıq:
1.Qəbul etməliyik ki, ya əcdadlarımız həqiqətən meymun olub, sürü halında şüursuz formada yaşayıblar və biz getdikcə şüur cəhətdən inkişaf edirik (Ç.Darvin nəzəriyyəsi və onun tərəfdarları).
2.Bizi yaradan uca tanrı və 4 ünsür (od, su, torpaq, hava) anlayışı. Mən burada ilahi şəxsiyyət, dahi filosof Nizami Gəncəvinin “Sirlər Xəzinəsi”nin açarı olan məşhur bir rübaisini xatırlamaqla cavab vermək istərdim.
On namə yazdı Tanrı, doqquz fələk altında,
Altı yön, yeddi ulduz, səkkiz behişt açanda.
Üç ruhdan, dörd ünsürdən, beş duyğudan sənintək,
Bir kimsə yaratdımı məgər iki cahanda
On namə-beş hiss üzvü:-gözlər, qulaqlar, burun, dil, dəri. Beş fəaliyyət üzvü: nitq üzvü, ayağlar, əllər, anus və cinsiyyət üzvü.
Doqquz fələk:-iki göz, iki qulaq, iki burun deşiyi, ağız anus və cinsiyyət üzvləri.
Altı yön:-altı cəhət: sağ, sol, aşağı, yuxarı, ön, arxa.
Yeddi ulduz-insana və bütün canlılara təsir göstərən əsas planetlər: Günəş, Ay, Merkuri, Venera, Mars, Yupiter, Saturn
Üç ruh-üç incə element: ağıl, dərrakə və yalançı “Mən”.
Dörd ünsür-hava, od, su, torpaq.
Beş duyğu-eşitmə, görmə, iy bilmə, dad bilmə, təmas.
İki cahan-maddi və ruhi dünya
Bu rübainin açılması ilə biz özümüzü tanıyaraq Azərbaycançılıq (Şərq) ideologiyasının nə olduğunu dərk edəcəyik.
Mən bu yazını peyğəmbərlərimizin (ə.s) bir ifadəsi ilə bitirmək istərdim
Özünü tanıyan Allahını da tanıyar.
Şəhid ruhlarına bir daha dərin hörmət və ehtiramımı bildirirəm.